Qazı Nurullah Şüştəri kimdir?
Böyük cəfəri alimi Qazı Nurullah Şüştəri (1549-1610) seyyid nəslindəndir, Şüştərdə anadan olmuş, öz dövrünün böyük alimlərindən mükəmməl dini təhsil almışdır. 1584-cü ildə Hindistana səfər etmiş, Böyük Moğol imperiyasının hökmdarı Əkbər şahın zamanında əvvəlcə Aqra, daha sonra Lahor şəhərlərində yaşamış, dini fəaliyyətlə məşğul olmuşdur. Şəriət məhkəməsinin hakimi (qazı) işlədiyinə görə “qazı” kimi tanınırdı. Qazı Nurullah Şüştəri Hindistanda şiə məzhəbini yayan ilk şəxslərdən biri olaraq bu məzhəbin əqidə əsaslarını müdafiə edən “İhqaq əl-həqq”, görkəmli şiə şəxsiyyətlərin həyatından bəhs edən “Məcalisül-möminin” kitablarnın müəllifidir, əsərlərinin bir çoxunu radikal mövqeli əhli-sünnə alimlərə etiraz (rəddiyyə) olaraq qələmə almışdır. Moğol hökmdarı Cahangir şahın zamanında onun şiə məzhəbini təbliğ etməsi və əsli-sünnə əqidəsinə əks mövqedə olması barədə saraya ardıcıl olaraq şikayətlər daxil oldu. Qazılıq fəaliyyətində dörd sünni məzhəbi əsasında hökm etməsinə baxmayaraq, alimi şahın əmri ilə mühakimə edib şallaq cəzasına məhkum etdilər. 70 yaşlı alim qırmanc cəzasına dözməyərək dünyasını dəyişdi (1610). Ölümündən sonra onu “şəhidi-salis”, yəni “üçüncü şəhid” ləqəbi ilə xatırlamağa başladılar (birinci və ikinci şəhid kimi tanınan alimlər də bundan əvvəlki dövrlərdə məzhəb mənsubiyyəti üzündən edam edilmişdilər).