Elm üstündür ya mal-dövlət?
On nəfər öz aralarında məsləhət edib qərara gəldilər ki, ayrı-ayrılıqda Həzrət Əlinin (ə) yanına gedib ona eyni sualı versinlər.
Əgər Əli (ə) hamının sualını eyni cür cavablandırsa, deməli, onun elmi azdır və imamətə layiq deyil.
Yox, əgər hər kəsə o birindən fərqli cavab versə, deməli, Peyğəmbərin: “Mən elmin şəhəriyəm, qapısı isə Əlidir” kəlamı doğrudur.
Birinci adam Həzrət Əlinin (ə) yanına gəlib soruşdu: “De görüm, elm daha üstündür ya mal-dövlət?”. Həzrət cavab verdi: “Elm mal-dövlətdən üstündür. Çünki elm peyğəmbərlərin mirasıdır. Mal-dövlət isə fironun, Qarunun və Şəddadın mirasıdır”.
İIkinci adam da gəlib eyni sualı verdi. Əli (ə) onun sualını belə cavablandırdı: “Elm maldan üstündür. Çünki elm səni qoruyar, mal-dövləti isə sən özün qorumalısan”.
Üçüncü adamın sualına imamın cavabı belə oldu: “Elm mal-dövlətdən üstündür. Çünki alimin dostları çox olar, sərvətlinin isə düşməni”.
Dördüncü adam da elmin yoxsa sərvətin üstün olduğunu soruşanda Əli (ə) buyurdu: “Elm sərvətdən üstündür. Çünki elm xərcləndikcə (başqalarına öyrədildikcə) çoxalar, sərvət isə xərcləndikcə azalar”.
Beşinci adam eyni sualla müraciət edəndə Imam belə cavab verdi: “Elm sərvətdən üstündür. Çünki varlı adama paxıl və simic deyirlər. Amma elmli adama ehtiram göstərirlər”.
Altıncı adamın sualının cavabı bu şəkildə oldu: “Elm maldan üstündür. Çünki oğrular malı apara bilərlər, elmi isə heç kim səndən oğurlaya bilməz”.
Yeddinci adam öz sualının cavabında Əlidən (ə) bunu eşitdi: “Elm sərvətdən üstündür. Çünki zaman keçdikcə mal köhnəlir, çürüyür ya paslanır, dəyərdən düşür. Amma elm üçün bu təhlükə yoxdur”.
Səkkizinci adamın cavabı bu şəkildə verildi: “Elm daha yaxşıdır. Çünki mal-dövlət yalnız bu dünyada insanla birlikdə olar və ona xeyir verər. Amma elm isə həm bu dünyada, həm də axirətdə insana fayda gətirər”.
Doqquzuncu şəxsin cavabı da o birilərdən fərqli oldu: “Elm mal-dövlətdən üstündür. Çünki mal-dövlət insanın qəlbini daşlaşdırar, elm isə yumşaldar”.
Nəhayət, onuncu adam elmin yoxsa malın üstün olduğunu soruşanda Həzrət Əli (ə) buyurdu: “Əlbəttə, elm daha üstündür. Çünki mal-dövlət öz sahibinə təkəbbür və mənəm-mənəmlik gətirər, hətta bəzi sərvətlilər allahlıq iddiası edərlər. Amma elm adamı təvazökar və başıaşağı olar”.
Beləcə, Həzrət Əli ibn Əbu Talib (ə) eyni sualın cavabını on fərqli şəkildə verdi.