İslam suallarda

Dini kitablarda adı çəkilən Miqdad kim olub?

Miqdad Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabələrindəndir. Ərəbistanın cənubundakı Hazramaut məntəqəsində doğulmuşdu, atasının adı Əmr idi.

Lakin vətənində bir nəfərlə döyüşüb onu ağır yaraladığı üçün qaçıb Məkkəyə gəlmişdi. Məkkədə Əsvəd adlı şəxs onu oğulluğa götürdü.

Buna görə də tarix kitablarında onun adını Miqdad ibn Əsvəd kimi qeyd etmişlər. Miqdad İslamın ilk günlərində iman gətirmişdi, hətta bəzi müəlliflər onu ilk 7 müsəlmandan biri hesab edirlər. Peyğəmbərin hədislərində behiştin həsrətlə gözlədiyi 4 nəfərin sırasında Miqdadın da adına rast gəlirik (İmam Əli (ə), Salman və Əbuzərlə yanaşı).
Miqdadın adı şiə mənbələrində xüsusi ehtiramla çəkilir.

İmamlardan rəvayət edilən hədislərdə bildirilir ki, Miqdad bir an da olsa İmam Əlinin (ə) haqq yolda olduğuna şübhə etməmiş, onu tək buraxmamışdır.

Hətta hədislərin birində “həmin günlərdə Miqdadın qəlbi polad kimi möhkəm idi” deyə buyurulur. İmam Cəfər Sadiq (ə) İslam ümməti içində Miqdadın yerini Qurani-Kərim mətnində “əlif” hərfinin yerinə bənzədirdi.

Miqdad hicri 33-cü ildə (miladi 653/654-cü illər) Mədinə yaxınlığında vəfat etmiş və Bəqi məzarlığında dəfn olunmuşdur.

Daha çox göstər
Back to top button