Həqiqətənmi Quranda şairlər məzəmmət olunur?
Qurani-Kərimin surələrindən biri “Şüəra” (Şairlər) adlanır. Həmin surənin son ayələrində buyurulur: “(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!
Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? Və onlar etmədikləri şeyləri deyirlər! Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!” (Şüəra, 224-227).
Göründüyü kimi, bu ayələrdə əvvəlcə şairlər kskin tənqid edilsələr də, daha sonra iman gətirib yaxşı əməllər edən, Allahı çox xatırlayan şairlər istisna olaraq göstərilirlər. Buradan aydın olur ki, tənqid və məzəmmət edilən şairlər imansız, günahkar olanlardır. İslamdan əvvəl – cahiliyyə dövründə ərəblər arasında şeir çox yayılsa da, yazılan şeirlərin əksəriyyəti mənasız idi, çox vaxt günah mövzuları əhatə edirdı.
Şairlkər adətən içki və qumarı, qadınları tərifləyir, öz tayfalarını uzun-uzadı vəsf edir, ləyaqəti olmayan şəxslərə mədhiyyə qoşurdular. Buna görə İslamın ilk dövrlərində şairlərə münasibət tənqidi olmuşdur.
Bununla belə, İslamı qəbul edən, Peyğəmbəri və sonralar imamları mədh edən şairlər bəyənilmişlər. Hətta məsumlar öz hüzurlarında mömin şairlərin şeir oxumasını istəyir və onlara hədiyyə verirdilər.