MəqalələrQuran

Qurani-Kərimdə adı çəkilən canlılar

Qurani-Kərim qiyamətə kimi öz aktuallığını itirməyən, bəşəriyyəti həqiqətə doğru hidayət edən bir kitabdır. Bu müqəddəs kitabdakı mənalar öz əhatə dairəsinin genişliyi, obraz zənginliyi və təsir gücü ilə insanı heyrətə salır. Maraqlı mövzulardan biri də Qurani-Kərimdə hansı canlıların (heyvanların) adının çəkilməsidir. Allahın Kitabını vərəqlədikcə, onun səhifələrində 25 canlının adının çəkildiyinin şahidi oluruq.

Bu canlılardan bəziləri müəyyən hadisələrin əsas və ya köməkçi qəhrəmanı olmaq etibarilə, həmin hadisənin əhatəli və təsirli şəkildə təsvir olunmasına yardım göstərir. Bəzi canlılar isə süjet xəttindən kənar, müstəqil şəkildə təqdim edilir; bunun məqsədi insanlara ibrət vermək, hər hansı mühüm mesajı ötürməkdir. Canlılar öz quruluşları, ölçüləri, fəaliyyətləri ilə bəşərə dərs verir və Allahın ayəti (əlaməti, nişanəsi) olaraq çıxış edirlər. Qurani-Kərimin bir neçə surəsi də canlıların adını daşıyır: “Nəml” (qarışqa), “Nəhl” (arı), “Ənkəbut” (hörümçək), “Bəqərə” (inək), “Fil”, “Adiyat” (iti qaçan atlar), “Ənam” (ev heyvanları).

1. Şanapipik (hüdhüd quşu).

Həzrət Süleyman Peyğəmbərlə (ə) bağlı bir qissədə şanapipik Səba diyarından və oranın məlikəsi Bilqeysdən (Bəlqisdən) həzrətə xəbər gətirir: “Sonra (Süleyman) quşları yoxlayıb dedi: “Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?” (Nəml, 20).

2. Bildirçin (səlva).

Bəni-İsrail xalqı Həzrət Musa Peyğəmbərin (ə) başçılığı altında vəd olunmuş Kənan torpağına qayıdarkən səhrada dolaşdığı müddət boyunca Allah-Taala onlara səmadan iki cür möcüzəvi qida – mənn (halva) və bildirçin endirdi. Quranda həmin hadisə bu şəkildə xatırlanır: “Ey İsrail oğulları! Sizi düşməninizdən (Fironun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini vəd buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik!” (Taha, 80).

3. Qarğa.

Həzrət Adəm Peyğəmbərin (ə) oğlu Qabil qardaşı Habili öldürdükdən sonra onun cəsədini necə gizlətmək barədə düşünərkən Allah bir qarğanın vasitəsilə ona dərs verir. Qabilin gözü qarşısında iki qarğa dalaşır, qarğalardan biri o birini dimdiyi ilə vurub öldürür, sonra yerdə bir çuxur qazıyıb ölü qarğanın cəmdəyini ora atır və üstünü torpaqlayır. Qabil bu hadisəni seyr etdikdən sonra qəbir qazıyıb qardaşını dəfn edir. Beləcə, yer üzündə ilk insan dəfnini bəşərə qarğa öyrədir: “Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu” (Maidə, 31).

4. Arı.

Arı Allahın yer üzündə nişanələrindən biri, öz həyatı, Allaha itaəti ilə insanlara öyüd verən məxluqudur: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal)” (Nəhl, 68). Qeyd edək ki, bu ayənin yer aldığı 16-cı surənin adının tərcüməsi “arı” deməkdir.

5. Kəpənək.

Allah-Taala qiyamət günündə insanların dəhşətini təsvir etmək üçün onları hər tərəfə səpələnən kəpənəklərə bənzədir: “O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək” (Qariə, 4).

6. Ağcaqanad.

Qurani-Kərimdə ağcaqanad ən xırda həşəratlardan biri olmaq etibarilə Allahın qüdrətinin bir nişanəsi kimi xatırlanır: “Əlbətdə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz…” (Bəqərə, 26).

7. Milçək.

Müşriklərin inandıqları Allahdan başqa xəyali tanrılar milçəyə bənzər xırda bir məxluqu yaratmağa da acizdirlər “Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!” (Həcc, 73).

8-10. Çəyirtkə.

Bit-birə və qurbağa. Quranda bu canlıların adı Firon qövmünə Allahın göndərdiyi bəlaların sırasında çəkilir: “Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və bit-birə, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular” (Əraf, 133). Çəyirtkənin adına daha bir dəfə də, qiyamət səhnəsinin təsvirində rast gəlirik: “Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar” (Qəmər, 7).

11. Qarışqa.

Bu zəhmətkeş canlı Həzrət Süleymanın (ə) qoşununun hərəkəti zamanı özünü müdafiə etməyi bacaran bir varlıq kimi təqdim edilir: “Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!” (Nəml, 18). Qeyd edək ki, bu ayənin yr aldığı surənin adı da ərəb dilində “qarışqa” deməkdir.

12. Hörümçək.

Ən zərif məfhumlardan biri olan hörümçək toru Quranda Allahdan başqasına arxayın olmağın və imansız həyat sürməyin timsalı kimi göstərilir: “Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!” (Ənkəbut, 41). Bu surə də öz adını həmin canlının – höümçəyin adından götürüb.

13. Balina (naqqa balığı).

Qurani-Kərimdə Həzrət Yunus Peyğəmbərin (ə) qissəsində bu canlının adı çəkilir. Balina Həzrət Yunusu (ə) udmuş, bir müddət qarnında gəzdirmiş və sağ-salamat quruya çıxarmışdı: “(Yunus) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu. Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı, yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı” (Saffat, 142-144).

14. Qoyun.

Qurani-Kərimin “Sad” surəsində Həzrət Davud Peyğəmbərin (ə) yanına gəlmiş və mübahisəli məsələni həll etməsini ondan istəmiş şəxslərin qissəsində qoyunun adı çəkilir və bu canlı həmin şəxslərin mübahisə obyekti olaraq təqdim edilir: “(Onlardan biri dedi: ) “Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır. Belə bir vəziyyətdə: “Onu mənə ver!” – dedi və mübahisədə məni məğlub etdi” (Sad, 23).

15. Keçi.

Müqəddəs kitabda şəriətə görə əti yeyilən ev heyvanları sadalanarkən inək, qoyun və dəvə ilə yanaşı keçi də xatırlanır: “(Allah o heyvanları) səkkiz cüt yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və bir cüt keçi…” (Ənam, 143).

16. İnək.

Quranın eyniadlı 2-ci surəsində (“Bəqərə” surəsi) Həzrət Musa Peyğəbərin (ə) zamanında baş vermiş bir hadisənin təsvirinin gedişində inəyin adına rast gəlirik. Allahın əmri ilə kəsilmiş inək günahsız yerə öldürülmüş bir cavanın qatilini tapmağa vasitə oldu: “Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da:) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi” (Bəqərə, 67).

17. Fil.

Həzrət Mühəmməd Peyğəmbərin (s) doğulduğu il Kəbəni dağıtmaq niyyəti ilə Məkkə üzərinə hücum etmiş və özü ilə zirehli döyüş filləri gətirmiş Əbrəhənin qoşunu Allahın möcüzəsi nəticəsində əbabil quşlarının atdığı daşlarla məhv oldu. Bu hadisə Quranın “Fil” surəsində gözəl şəkildə canlandırılır: “Məgər Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?! Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı. (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!” (Fil, 1-5).

18. Dəvə.

Qurani-Kərimdə dəvə Allah-Taalanın qüdrətinin bir nişanəsi olaraq insanlara göstərilir: “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” (Ğaşiyə, 17). Daha bir ayədə də dəvənin adına rast gəlirik. İri cüssəli heyvan olan dəvənin iynə gözündən keçməsi nə qədər qeyri-mümkün işdirsə, günahkar kafirlərin də cənnətə düşmə ehtimalı o qədər qeyri-mümkündür. Quran bu barədə buyurur: “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!” (Əraf, 40).

19. At.

Həm minik, həm döyüş, həm də yükdaşıma vasitəsi olaraq mühüm əhəmiyyət kəsb edən at Quranda adı çəkilən canlılar sırasındadır. Quranın “Adiyat” surəsində, surənin adının mənasına uyğun olaraq, iti qaçan at ilxısından söz açılır və Allah-Taala bu canlıya bir neçə dəfə ardıcıl olaraq and içir: “And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara. And olsun sübh çağı hücum edən atlara. And olsun o vaxt (və ya o yerdə) toz-duman qopardan atlara. Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara” (Adiyat, 1-5).

20. Uzunqulaq.

Uzunqulaq ən dözümlü yük və minik heyvanı olmaq etibarı ilə diqqətdən kənarda qalmayıb: “Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı O yaratdı…” (Nəhl, 8). Hikmətli Loğmanın nəsihətlərində uzunqulağın səsi ən çirkin səs kimi təsvir edilir: “Yerişində müvazinət gözlə və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 19).

21. İlan.

Həzrət Musa Peyğəmbər (ə) Misir kahinləri ilə mübahisə zamanı əlindəki əsanı yerə atmış və əsa nəhəng ilana dönmüşdü: “(Musa) əsasını (yerə) atan kimi o, dərhal açıq-aşkar bir ilan (əjdəha) oldu” (Şüəra, 32).

22. Meymun.

Quran təbirinə görə Allahın əmrlərini pozmuş və şənbə gününün ehtiramını tapdalamış yəhudi qövmünün bir hissəsi lənətə düçar olaraq meymuna dönmüşdü: “Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik” (Bəqərə, 65).

23. Donuz.

Donuz əti mütləq mənada murdar və haram ətdir, Qurani-Kərim də onu bu şəkildə tanıtdırır: “O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri (yeməyi) qəti haram etmişdir” (Bəqərə, 173).

24. Canavar.

Həzrət Yusifi (ə) quyuya atan qardaşları öz atalarına yalan danışaraq, guya Yusifi (ə) canavar parçaladığını söylədilər: “Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər və dedilər: “Ata! Biz bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!” (Yusif, 16-17).

25. İt.

Quranda adı çəkilən heyvanların siyahısını it tamamlayır. Zalım hökmdarın əlindən qaçaraq mağarada gizlənmiş və 300 il yuxuya getmiş yeddi cavana bir çoban iti də qoşulmuşdu. Qurani-Kərimdə bu barədə buyurulur: “…Onların iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı…” (Kəhf, 18).

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button