İohann Volfhanq Höte: “Quran – kitabların kitabıdır”
İohann Volfhanq Hötenin yaradıcılığı XVIII əsrin sonları – XIX əsrin əvvəllərindəki Almaniyanın milli mədəniyyətində ən mühüm yerlərdən birini tutur. Şairin həyat yolunu və ədəbi irsini öyrənən bir çox tədqiqatçılar etiraf edirlər ki, onun fəlsəfi, ədəbi və elmi əsərlərinin almanlar üçün əhəmiyyəti, ingilislər üçün Şekspirin, ruslar üçün Puşkinin əsərlərinin əhəmiyyəti qədər böyükdür.
Hötenin həyat kredosunu müəyyən edən sübutlar sırasına onun öz dostlarına və yaxınlarına yazdığı məktublar, eləcə də, 1771-72-ci illər arasında mütaliə etdiyi müqəddəs Quranın və məşhur sufi şair Hafiz Şirazinin “Divan”ının güclü təsiri altında qələmə aldığı “Qərb-Şərq Divanı” adlı silsilə şeirlər aiddir.
Höte nümayişkaranə şəkildə özünü müsəlman adlandırmasa da, onun bir çox əsərlərində İslama və bu dinin ilahi-mənəvi dəyərlərinə isti münasibəti aydın sezilməkdədir. Maraqlıdır ki, Hötenin dünya, varlığın mahiyyəti, bəşəriliklə ilahiliyin nisbəti barədə təsəvvürləri həmin problemlərə İslamın baxış tərzi ilə xeyli üst-üstə düşür. Höte müsəlman idimi? Bu sualın cavabını yalnız Allah bilir. Lakin dəqiq məlumdur ki, o, müqəddəs Quranı – ilahi vəhy, Həzrəti Muhəmmədi (s) – Allahın peyğəmbəri kimi qəbul edirdi.
1995-ci ildə Veymar şəhərində şeyx Əbdülqadir əl-Murabitin rəhbərliyi altında bir qrup tədqiqatçı alim Hötenin əsərlərini və məktublarını öyrənmiş və sonda şeyx Murabit Hötenin müsəlman olduğu barədə fətva vermişdi. Aşağıdakı məqalədə həmin fətvanın əsaslandırılmasına yardım göstərmiş materialların qısa xülasəsi təqdim olunur.
“Bizim hamımız İslam əqidəsində yaşayırıq”
Hötenin düşüncəsinə görə, insan bütünlükdə ilahi iradəyə, dünyanı xəlq etmiş vahid Yaradanın iradəsinə tabedir. O, insanın mahiyyətini də məhz bu qeydsiz-şərtsiz tabeçilikdə görür və bu duyğunu İslamdakı Allaha təslimçiliklə eyniləşdirirdi. Şair dəfələrlə bildirirdi ki, deyilən mənada onun özü də müsəlmandır. “Qərb-Şərq Divan”ına aid olan şeirlərin birində Höte bu barədə yazırdı (yazıda şeirlərin nəsrlə sərbəst tərcüməsi verilir):
Bu və ya digər bir məsələ barəsində
Öz fikirlərini yeri gəldi-gəlmədi söyləmək nə gülüncdür.
Axı, əgər İslam – Allaha təslim olmaqdırsa,
Bizim hamımız İslam əqidəsində yaşayırıq və bu əqidədə öləcəyik.
Bu konsepsiya bir sıra başqa tarixi sənədlərdə də öz təsdiqini tapır. Höte “Qərb-Şərq Divanı barədə qeyd və oçerklər”də yazır: “Vahid Allaha inam həmişə insanın ruhunu dirçəldir, çünki insanın daxili vəhdətinin meyarı kimi çıxış edir”. Şair Allaha təslimiyyətin və ibadətin üstünlüklərini şövqlə bu cür ifadə edir: “Allahın 99 sifətini əhatə edən adlarını zikr etmək məqsədilə muhəmmədi (yəni müsəlman) təsbehini çevirmək özü-özlüyündə ən gözəl dua növüdür.
Yaradana məxsus olan sübuti (yəni mövcud olan) və səlbi (yəni mövcud olmayan) sifətlərin eyni zamanda yad edilməsi Onun mahiyyətinin dərk olunmamasından xəbər verir. Dua edən şəxs heyran və valeh halda Onun iradəsinə tabe olur və aramlıq tapır…”
Elə bu mövqedən çıxış edərək Höte təsadüfləri və sadə uyğunluqları rədd edir. Onun əqidəsinə görə, insanın başına gələn hər bir hadisə – Allahın insana bildirmək istədiyi xüsusi işarələr və ibrətlərdən ibarətdir. Şair 1807-ci ilin noyabrında Reymerə məktubunda yazırdı:
“İnsanlar dərk edə bilmədikləri və xoşbəxtlik anında tam mənası ilə təzahür edən bütün naməlum qüvvələri təsadüf adlandırırlar. Lakin bu, təsadüf deyil. Bu, ən xırda şeydə belə öz böyüklüyünü göstərən və duyulmadan hər yerdə mövcud olan Allahdır”.
Qeybdən işarələr
1813-cü ilin payızında (Höte “Qərb-Şərq Divanı” üzərində işə başlamazdan azacıq əvvəl) bir alman əsgəri onun üçün İspaniyadan Qurani-Kərimin sonuncu – “Nas” surəsi yazılmış qədim bir ərəb əlyazması gətirir. Sonralar Höte öz şərqşünas dostlarının köməyi ilə həmin surəni köçürərək, mənasını anlamağa çalışır. Şair sonralar həmişə bu hadisəni Allahdan göndərilən ilahi əlamət kimi yozurdu.
1814-cü ilin yanvarında baş vermiş daha bir hadisə də Höte üçün ilahi nişanə olur: O, rus ordusunda xidmət edən müsəlman başqırdların camaat namazını müşahidə etmək imkanı qazanır. Namaz Veymardakı protestant gimnaziysında qılınırdı. Namazın müşahidəsi Höteyə çox güclü mənəvi təsir göstərir.
İllər ötdükcə, Hötenin ilahi qəza-qədərə imanı artır və möhkəmlənirdi. O, yazırdı:
Əgər Allah məni balaca bir həşərat kimi yaratsaydı,
Mən yenə insanın qapısında həşərat olardım.
1830-cu il sentyabrın 20-də Tselterə ünvanladığı məktubda Höte öz həyatından təsirli bir nümunəni qeyd edir. Çox yaxın bildiyi bir adamın – Kristiananın ölümündən sonra Höte özünü tamamilə bədbəxt hiss edirdi. Öz tənhalığını məhəbbətlə doldurmağa çalışan şair Marianna fon Villemer adlı qadınla evlənmək qərarına gəlir. Lakin Mariannaya evlənmək təklifi etmək üçün yanına gedərkən, yolda onun mindiyi kareta sınır. Höte bu hadisəni qarşıdakı məqsədə çatmaq üçün inadkarlıq göstərməmək barədə xəbərdarlıq kimi qəbul edir və evlənmək firindən əl çəkir.
Höte məktubu bu ifadələrlə sona çatdırır: “Beləliklə, biz İslamda (İlahi İradəyə tam təslimiyyətdə) qalmalıyıq… Bu sözə heç bir əlavəm yoxdur”.
1831-ci ildə xeyli insanın həyatına son qoymuş vəba xəstəliyi tüğyan etdiyi zaman şair öz dostlarından birinə təsəlli verərək yazırdı: “Burada heç kim heç kəsə məsləhətlə yardım göstərə bilməz; bu məsələdə hər kəs qərarı özü verir. Özümüzü aldatmaq üçün hansı formanı seçsək də, biz İslamda yaşayırıq” (Adel Şopenhauerə məktub, 19 sentyabr 1831-ci il).
Muhəmməd (s) və İsa (ə) – Allahın peyğəmbərləri
Höte inanırdı ki, Allah insanlarla peyğəmbərlər vasitəsilə danışır. 1819-cu ildə Blümentala yazdığı məktubda o, Quranın “İbrahim” surəsinin 4-cü ayəsinə istinad edərək, Həzrəti Muhəmmədin (s) peyğəmbərlik missiyasının doğruluğuna inandığını etiraf edir: “Həqiqətən, Allah Quranda bizə deyir: “Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində danışan göndərdik ki, Allahın əmrlərini onlara izah edə bilsin””.
Bundan daha bir neçə il əvvəl “”Qərb-Şərq Divanı” barədə qeyd və oçerklər”də Höte peyğəmbəri şairdən fərqləndirən cəhətlərdən söz açır və Həzrəti Muhəmmədin (s) peyğəmbərlik missiyasının həqiqiliyini vurğulayırdı: “O, şair deyil, peyğəmbərdir. Onun Quranı – ilahi qanundur, insan tərəfindən əyləncə məqsədilə və ya ümumi maarifi artırmaq üçün yazılmış kitab deyil”.
“Muhəmməd” şeirində Höte peyğəmbərlik missiyası barəsindəki təsəvvürlərini obrazlı dilə çevirməklə, Peyğəmbəri daim artaraq nəhəng mənəvi güc qazanan, genişlənib təntənə ilə okeana – İlahi Qüdrətin simvoluna qovuşan bulağa bənzədir. Peyğəmbərin dini dühası digər insanları – xırda irmaqları öz ardınca aparır. 1816-cı il yanvarın 27-də “Paralipomen”in əlyazasmasında (Paraliromena III, 31 of the “Divan”) şair yazır: “Yaradılmış varlıqların başı Muhəmməddir”.
“Divan”ın daha bir şeirində Höte İsa (ə) barədə xristian anlayışından açıq-aşkar şəkildə imtina edir, vahid Allaha, Muhəmmədlə (s) İsanın (ə) peyğəmbərlik missiyasına inamı bu fikrə qarşı qoyur.
İsa pak-pakizə idi və tək vahid Allaha tapınırdı.
İsanı Allahın özü qədər böyütmək Allahı təhqir edirdi.
Qoy camaat Muhəmmədin bizə qədər ötürüb-çatdırdığı həqiqəti görsün.
O (Muhəmməd), Vahid Allahı dərk etməklə bütün dünyanı tabeçilikdə saxladı.
Bu illər ərzində Höte Şərqin ədəbi və mədəni irsinə qarşı marağını itirməmişdi. 1814-15-ci illərdə İenada “”Qərb-Şərq Divanı” barədə qeyd və oçerklər” üzərində işləyərkən Paulyus, Lorsbax və Kozeqarten kimi şərqşünas professorların rəhbərliyi altında Höte ərəb dlini öyrənirdi. 70 yaşı tamam olan il şair yazırdı ki, o, “peyğəmbərə Quranın nazil edildiyi gecəni (Qədr gecəsi) lazımi şəkildə qeyd etmək” fikrindədir.
Quran əsrlərlə öncə vardımı?
Mən bunları çox da yaxşı anlamıram.
Lakin bir müsəlman kimi hesab edirəm ki,
Quran kitabların kitabıdır.
Höte Qurani-Kərimin dilinin gözəlliyinə və möhtəşəmliyinə, bu kitabın dərin dini və fəlsəfi mənalarına heyran idi. O, ilk növbədə təktanrılıq və aləmin yaradılışı mövzularına daha çox diqqət yetirirdi. Bu, şair tərəfindən Quranın ayrı-ayrı ayələrinin alman dilinə 1771-72-ci illərdə edilmiş tərcümələrindən də görünür (“Bəqərə” surəsi). Höte elə ayələri seçir ki, onlarda təbiət və təbii hadisələr ilahi qanunun əlamətləri kimi təqdim edilir, bir çox təbiət hadisələrində qüdrətli Allahın təkliyinin ifadə edildiyi vurğulanır. Şair yazır ki, biz Allahın böyüklüyünü ən xırda əşyalarda da görməliyik; bunun üçün o, “Bəqərə” surəsinin 26-cı ayəsindəki ağcaqanad misalını göstərir.
Höte həmişə Qurani-Kərimin latın, ingilis, alman və fransız dillərinə edilmiş tərcümələrinin yetərsiz və naqis olduğunu hiss edir, durmadan yeni tərcümələr axtarırdı. O, ərəb dili dərsliklərini, səyahətnamələri, şeirləri, Rumi, Cami, Hafiz, Sədi və Əttarın oricinal əsərlərini, Quran təfsirlərini, fiqh mənbələrini, Muhəmməd Peyğəmbər (s) barədə kitabları səylə oxuyurdu.
P.S. 1832-ci il martın 22-də Höte ölüm yatağında çabalayarkən, bəzi müasirlərinin xatırlatdığı kimi, əli ilə səmada hərflər cızırmış. O zaman ətrafındakılar şairin əlinin hərəkətini izləyərək, öz ikinci adının (Wolfhang) baş hərfini – “W” hərfini yazmaq istədiyini zənn etmişdilər.
Hötenin İslam dininə münasibətini və son nəfəsində şairin ətrafını bürümüş insanların ərəb əlifbasını bilmədiklərini nəzərə alaraq, o zamanlar “W” kimi anlaşılmış hərfin əslində bəlkə də ərəbcə “Allah” kəlməsi olduğunu iddia edənlər də vardır. Əgər deyilənlərə inansaq, şair son nəfəsində də Allahı unutmur və işarə ilə Onun adını zikr edirmiş.
islam.az