İslam suallarda

Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?

Camaat namazı və bu kimi digər şəriət məsələlərində “ədalət” anlayışı şərt sayılır. Belə ki, iqtida edilən imam-camaat ədalətli olmalıdır. Bu kimi məsələlərdə insan ədalətli olmayan şəxsə qəsdən (bilərəkdən) iqtida etsə, namazı batil sayılar. Lakin bir şəxsin ədalətli olub-olmadığını bilmək üçün vasvasılıq etməyə gərək yoxdur. Bəzən ədalət anlayışını az qala məsumluqla eyni bilirlər. Halbuki, ədalətin meyarı – haram əməllərdən uzaq durmaq və vacib əməlləri yerinə yetirməkdir. Bir şəxsin ədalətli olduğunu ya onun zahirini (əməllərini, davranışını) müşahidə etməklə, ya da onu tanıyanların sözü ilə anlamaq olar. Əgər imam-camaatın haram ənəllər etməsi ya vacibatı tərk etməsi barədə məlumat yoxdursa, onu ədalətli saymaq üçün kifayət edər. Hətta əgər camaat namazını qılıb bitirdikdən sonra insan ədalətli bilib iqtida etdiyi şəxsin əslində ədalətli olmadığını öyrənsə, bu halda qıldığı namaz düzgündür. Eləcə də, əgər keşmişdə bir şəxsin ədalətli olduğunu bilirdisə, hazırda da ədalətli olub-olmamasında şəkkə düşsə, ona iqtida edə bilər.

Daha çox göstər
Back to top button