Dualarımızın müstəcab olması üçün nə edək?

Dua bəndənin Allahla söhbəti sayıldığı üçün bəndə öz duasını elə bir şəkildə təqdim etməlidir ki, qarşı tərəf – Allah bunu qəbul etsin. Söhbət o zaman mənalı olar ki, hər iki tərəfin istəyinə və marağına uyğun olsun. Insan dua vasitəsilə öz istəyini Allaha çatdırır və bu yolla təmənnasının ödəniləcəyini umur.
Amma duasının eşidilməsi və qəbul olunması üçün təkcə bu kifayət etməz. Duanın istər forması, istər vaxtı və şəraiti, istərsə də dua edənin mənəvi vəziyyəti elə olmalıdır ki, Allahla söhbət etmək ləyaqətini daşısın. Əks halda, həmin duanın qəbul edilmə ehtimalı çox aşağı olar.
Etdiyi duanın müstəcab olmasını istəyən adam «Bismillahir-Rəhmanir-Rəhim» cümləsi ilə duaya başlamalıdır. «Bismillah» – Allahla bəndənin rabitəsinin açarıdır. Allah öz kəlamını (Quranı) bu cümlə ilə başlayıb, insanlara da hər bir işi bu cümlə ilə başlamağı tövsiyə edib.
Hədislərdə deyilir ki, bismillahsız görülən iş naqis və bərəkətsiz olar. Həzrət Mühəmməd Peyğəmbər (s) buyururdu ki, əvvəlində «Bismillahir-Rəhmanir-Rəhim» deyilən dua rədd edilməz (Allah tərəfindən cavabsız qoyulmaz).
Duanın məşhur formalarından biri də budur ki, əvvəldə Allaha həmdü-səna edilsin. Fatihə surəsində də bunun şahidi oluruq. Bəndə «bizi doğru yola yönəlt» şəklində öz istəklərini Allaha çatdırmazdan əvvəl bir neçə ayədə Ona həmdü-səna edir, Onu gözəl adları ilə öyür. Imam Cəfər Sadiq (ə) buyururdu ki, əvvəlində həmd olmayan dua yarımçıq və qüsurludur.
Duadan əvvəl və sonra Peyğəmbərə və Əhli-beytinə salavat söyləmək də bəyənilən əməllərdən sayılır. Özü də diqqət yetirmək lazımdır ki, Həzrət Mühəmməd Peyğəmbərə (s) salavat söyləyərkən mütləq Onun Əhli-beytini də bura aid etmək lazımdır. Çünki Peyğəmbər buyurub ki, Ona yarımçıq salavat göndərməyək. Yarımçıq salavatın səbəbini soruşanlara cavab vermişdi ki, yarımçıq salavat – Əhli-beyti yad etmədən yalnız Peyğəmbərin özünə salavat söyləməkdir.
Imam Sadiq (ə) bunu nəzərdə tutaraq buyurub: «Hər kimin Allahdan istəyi olsa, duanı Mühəmməd (s) və Ali-Mühəmmədə (ə) salavatla başlasın, bununla da qurtarsın. Allah çox kəramətlidir, bir şeyin hər iki ucunu qəbul edərsə, ortasını da mütləq qəbul edər, geri qaytarmaz». Hədisdə buna işarə edilir ki, Peyğəmbərə və nəslinə göndərilən bütün salavatları Allah qəbul edər və salavat deyən şəxsə savab yazar.
Əgər duanın əvvəlində və axırında salavat söyləsək, Allah bunun xatirinə duanın özünü də müstəcab edər.
Imam Sadiqə (ə) mənsub başqa bir hədisdə deyilir ki, Həzrət Mühəmmədə (s) və nəslinə salavat göndərməyincə duanın Allah dərgahına qalxmasının qarşısı alınar.
Duadan əvvəl gözəl şəkildə dəstəmaz alıb iki rükət namaz qılmaq da tövsiyə edilib. Təsadüfi deyil ki, dünya və axirət istəklərini əhatə edən duaların bir çoxunu ya namazdan sonra, ya da namazın içində (qünutda ya səcdədə) söyləmək təkid edilib. Namaz zamanı rüku və səcdələri bir qədər uzatmaq da bəyənilir.
Müstəhəb namazlar içində hacət namazı adlanan bir namaz növü də vardır ki, Allahdan diləyi olan şəxslərdən ötrü nəzərdə tutulub. Hacət namazının müxtəlif cür qılınma qaydaları var. Bir rəvayətə görə, hacət namazı gecəyarısı (cümə gecəsi daha yaxşıdır) iki rükət şəklində qılınır, axırda 70 dəfə bu dua oxunur: «Ya əbsərən-nazirin, ya əsrəəl-hasibin, ya əsməəs-samiin, ya əkrəməl-əkrəmin, ya ərhəmər-rahimin, ya əhkəməl-hakimin».
(«Ey bütün nəzarətçilərdən daha yaxşı görən, ey hamıdan daha tez hesab çəkən, ey bütün eşidənlərdən daha yaxşı eşidən, ey kəramətlilərin ən kəramətlisi, ey mərhəmətlilərin ən mərhəmətlisi, ey hökm edənlər içində ən adalətli hakim!»). Birinci rükətdə Fatihədən sonra üç dəfə ayətül-kürsi, ikinci rükətdə isə Fatihədən sonra İxlas, Fələq və Nas surələrini oxumaq məsləhətdir.
Məsləhətdir ki, adam əvvəlcə 40 nəfər mömindən ötrü dua etsin, sonra öz istəyini dilə gətirsin. Rəvayət edirlər ki, Həzrət Fatimə (ə) həmişə əvvəlcə başqaları üçün, lap axırda da özü üçün dua edərdi. Imam Həsən (ə) səbəbini soruşanda Fatimə (ə) belə cavab verərdi: «Oğlum, əvvəlcə qonşu, sonra ev əhli».
Imam Cəfər Sadiq (ə) Islam Peyğəmbərinin belə buyurduğunu rəvayət edib: «Hər kim mömin kişi və qadınlar üçün xeyir-dua etsə, Allah duada başqaları üçün istədiyi şeyləri onun özünə bəxş edər. Qiyamət günündə bu adam cəhənnəmlik olsa, möminlər deyərlər: «Ey Allah! Bu həmin o adamdır ki, bizim üçün dua edib. Bizim şəfaətimizi ona şamil et!». Allah şəfaətləri qəbul edər və həmin adama cəhənnəmdən nicat verər».
Duanın gizlində yoxsa aşkarda edilməsinə gəlincə, bunların hər ikisini müsbət qarşılayan hədislər var. Imam Riza (ə) bir gizli duanı 70 aşkar duaya bərabər tuturdu. Qurandakı «Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin» (Əraf, 55) ayəsində də bu cür dua etmək məsləhət görülüb.
Amma bununla yanaşı, möminlərin bir yerə toplaşaraq kütləvi şəkildə dua etmələri, bir-birinin duasına amin demələri də Islam müqəddəsləri tərəfindən müsbət qarşılanıb. Imam Sadiq (ə) rəvayət edirdi ki, atası Imam Baqirin (ə) başına kədərli bir hadisə gələndə həyat yoldaşlarını və uşaqların başına yığıb dua edər, onlar da amin söyləyərdilər. Hədislərdə buyurulub ki, dua edənlə amin deyən savabda şərikdirlər.
Duaların müstəcab olduğu vaxtlar və məkanlar haqqında da məsumların kəlamlarında müəyyən qeydlərə rast gəlirik. Məsələn, Imam Cəfər Sadiq (ə) buyururdu ki, dörd vaxtda səmanın qapıları açılar və dualar müstəcab olar: külək əsən zaman, zöhr vaxtı, yağış yağanda və Allah yolunda mömin qanının ilk qətrəsi yerə töküləndə.
Başqa bir hədisdə Imam Sadiq (ə) duaların müstəcab olduğu vaxtları belə xatırladır: vitr namazında, fəcrdən (sübh namazından) sonra, zöhrdən sonra və məğribdən sonra.
Həzrət Əli (ə) dörd yerdə dua etməyə çağırırdı: Quran oxunanda, azan deyiləndə, yağış yağanda, haqq və batil qoşunları toqquşanda. Imam Baqir (ə) adətən zöhr vaxtı ehtiyaclılara sədəqə paylayar, ətir səpib məscidə gedər, orada namaz qılıb dua edərdi. Duaların müstəcab olduğu yerlər barədə dini kitablardakı məlumatlardan aydın olur ki, Allah-təala hər yerdə edilən duaları eşitsə də, bəzi mübarək məkanlarda edilən duaları daha çox bəyənər və tez yerinə yetirər.
Peyğəmbərlərin, imamların, övliya və möminlərin məzarının yanında, müqəddəs ziyarətgahlarda, məscidlərdə edilən dualar daha qiymətlidir. Hətta mömin şəxs öz valideyninin məzarı üstündə dua etsə, tez qəbul olar. Müfəzzəl ibn Ömər və Mühəmməd ibn Müslim hər ikisi müstəqil sənədlərlə Imam Sadiqdən (ə) rəvayət ediblər ki, Imam Əli (ə) buyurub: «Ölülərinizi ziyarət edin; həqiqətən, onlar sizin ziyarətinizə sevinərlər. Sizlərdən hər biri öz ehtiyacını atasının və anasının məzarı yanında istəsin və onların bağışlanması üçün dua etsin».
Bəzi şəxslərin duası Allah dərgahında daha tez müstəcab olar. Istər bu adamlar xeyir-dua etsinlər, istərsə də bəd-dua – onların istəyi Allah tərəfindən razılıqla qarşılanar. Müxtəlif hədislərə görə, müstəcab olan dualara bunlar aiddir:
– Peyğəmbərlərin duası.
– Ədalətli imamların (müsəlmanların rəhbərlərinin) duası.
– Allah yolunda döyüşən əsgərin duası.
– Həccdə olan şəxsin duası.
– Atanın övlad üçün və övladın ata üçün duası. Xüsusilə, atanın övlada qarğışı tez tutar.
– Zülm görmüş məzlumun intiqam duası.
– Oruc tutmuş adamın iftar vaxtına kimi duası.
– Mömin şəxsin öz din qardaşı üçün xeyir-duası (Din qardaşı üçün istədiyinin bir neçə mislini Allah o adamın özünə verər).
Əksinə, aşağıda sadalanan adamların duası Allah dərgahında cavabsız qalar:
– Evdə bekar oturub çörək qazanmaq xatirinə işləməyən və ruzi üçün Allaha dua edən şəxs.
– Sərvətini lazımsız yerlərə xərcləyib müflis olan və Allahdan var-dövlət istəyən adam.
– Şahidsiz borc verən adam (səhlənkarlıq etdiyi üçün duası qəbul olmaz).
– Arvadından narazı qalıb ona qarğış tökən ər. Mələklər ona deyərlər: «Məgər arvadına talaq verə bilmirsənmi?».
*************************************************************************************************************
DUALARIN MÜSTƏCAB OLMASI NİYƏ GECIKIR?
Bəzən duaların qəbul olduğu vaxtın çox gecikdiyinin şahidi oluruq. Çətinliyə düşən adam hey dua edir, amma istəyi o an yox, xeyli sonra həyata keçir. Bu hal bəzən dua edən şəxsdə ümidsizlik və ruh düşkünlüyü yaradır. Insan sanki Allah tərəfindən unudulduğunu, tənha buraxıldığını sanır. Düşünür ki, əgər Allahın yanında qiymətim olsaydı, səsimi tez eşidər, ehtiyacımı tez ödəyərdi.
Amma buna görə narahat olmağa dəyməz. Doğrudur, çətin anlarda duaların qəbulunun gecikməsi insan üçün bəzi psixoloji, mənəvi və maddi ziyanlar yaradır. Amma belə vaxtlarda Allah tərəfindən unudulduğunu düşünmək, duanın icabətinin (müstəcab olmasının) gecikməsini cəza kimi qəbul etmək doğru deyil. Allahın bütün etdikləri hikmətə əsaslanır. Ilk və səthi baxışda bir cür görünən məsələlərin əsl səbəbi tamam başqa cür ola bilər. Cəza kimi anladığımızın əslində mükafat olması, əksinə, mükafat kimi bəyəndiyimizin isə ağır cəza kimi verilməsi mümkündür.
Islam müqəddəslərinin hədislərində duaların müstəcab olmasının gecikməsi üçün bir neçə mümkün səbəblər xatırlanır. Məsələn, səbəblərdən biri bundan ibarət ola bilər ki, Allah dua edən bəndənin səsini xoşlayır, onun duasını həmdü-səna kimi dəyərləndirir və buna görə ona savab yazır. Imam Cəfər Sadiq (ə) buyurub ki, Allah dostlarından biri çətinlik zamanı dua edəndə Allah həmin ehtiyacı ödəməyə məmur etdiyi mələyə buyurar: «Bəndəmin istəyini yerinə yetir, amma tələsmə. Mən onun səsini çox xoşlayıram».
Duaların qəbulunun gecikməsi bu səbəbdən də ola bilər: Allah bəndənin ehtiyacını gec ödəməklə və ya heç ödəməməklə istəyir ki, bəndə əziyyət çəkib səbr etsin və savab qazansın. Hədislərin birində deyilir ki, qiyamət günündə Allah bu insana müraciət edər: «Sən mənə kiçik bir məsələ üçün dua etdin, amma mən icabəti yubandırdım. Indi bunun əvəzində sənə qat-qat çox mükafat verirəm». O zaman bəndə arzu edər ki, kaş dünyada onun heç bir duası müstəcab olmayaydı və bütün duaların əvəzi axirətdə veriləydi.
Bəzən isə Allah dua edən şəxsi təhlükədən qorumaq üçün duasını qəbul etmir. Məsələn, adamın istədiyi şey özü də bilmədən onun ziyanına yönələ bilər. Ya da nemət qazandıqdan sonra onu danar, xasiyyətində məğrurluq yaranar, Allaha naşükürlük edər, hətta bu nemətdən günah məqsədlər naminə yararlanar. Təsəvvür edin ki, bir nəfər bahalı bir tüfəngi almaq arzusu ilə yaşayır.
Amma bilmir ki, həmin tüfəngi aldıqdan sonra ehtiyatsızlıq üzündən onunla öz doğma balasını vurub öldürəcək. Ya da kasıb bir adam mal-dövlət sahibi olmaq, vəzifə qazanmaq istəyi ilə alışıb-yanır. Amma bunları əldə edəndən sonra nankor, zalım və simic bir şəxsə çevrilr, özündən zəifləri əzir, haram girdabında batır. Gəlin düşünək, bu nemətlərin əldə edilməsinin nə faydası var? O adamın duasının qəbul edilməsindənsə, istədiyinin üzünə həsrət qalması onun üçün daha yaxşıdır.
Duanın müstəcab olmasının yubanma müddəti barədə rəvayətlərdəki məlumatlar müxtəlifdir. Bir qisim hədislərdə duanın ilk cümə günündə müstəcab olacağı deyilir. Imam Sadiq (ə) buyurub: «Bəzən mömin dua edər, icabəti cümə gününə kimi təxirə salınar». Başqa bir hədisdə Imam Cəfər Sadiq (ə) bəzi duaların edildiyi vaxtdan 20 il sonra qəbula yetə biləcəyini xəbər verib. Bəzən isə duanın müstəcab olması 40 il gözləyə bilər. Məsələn, Həzrət Musa Peyğəmbərin (ə) firon barədə bəd-dua etməsi ilə fironla qoşununun suda batması arasında 40 il müddət keçmişdi. Bəzi hədislərdə isə icabətin gecikmə müddəti üçün konkret vaxt təyin edilməyib və «bir müddət», «gec də olsa» ifadələri işlədilib.
NIYƏ DUALARIMIZ MÜSTƏCAB OLMUR?
Dualarımızın Allah dərgahında qəbul edilməməsinin səbəbləri barədə mövcud məlumatları yekunlaşdıraraq bunları söyləyə bilərik:
a. Bəzən dualarımızın qəbul olmamasının səbəbi Allahı tanımamağımız olur. Imam Cəfər Sadiqdən (ə) bu barədə soruşduqda cavab vermişdi ki, çağırdığınızı (yəni Allahı) tanımadığınız üçün dualarınız qəbul edilmir. Burada Allahı tanımaq o deməkdir ki, insan Allaha tam təvəkkül edərək istəyini Ona bildirsin, duasının eşidiləcəyinə arxayın olsun, şəkk etməsin. Həm də kimə dua etdiyini anlasın və bu işdə məsuliyyətli olsun, ilahi dərgahın qapılarını yersiz arzularla, haram istəklərlə döyməsin.
b. Allah-təala Quranda buyurur: «(Ya Rəsulum!) Bəndələrim məni səndən soruşduqda söylə ki, mən (onlara) yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər» (Bəqərə, 186). Ayədən göründüyü kimi, Allah bizə xəbərdarlıq edir ki, duasının qəbul olmasını istəyən adam gərək Allahın göstərişlərini yerinə yetirsin. Allahın çağırışını qəbul etməyən şəxs necə ümid edə bilər ki, Allah onun çağırışını qəbul edəcək?
Məşhur sufi Ibrahim Ədhəmdən soruşdular ki, niyə biz dua edirik, amma müstəcab olmur? Ibrahim Ədhəm cavab verdi: «Ona görə ki, Allah sizi çağıranda cavab vermirsiniz». Sonra o, aşağıdakı iki ayəni oxudu: «Allah (bəndələrini) əmin-amanlıq yurduna (cənnətə) çağırır və istədiyini doğru yola salır» (Yunus, 25). «Iman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz nemətini onlara artıran da Odur» (Şura, 26).
Rəvayət edirlər ki, bir nəfər Imam Cəfər Sadiqin (ə) yanına gəlib dedi: «Quranda iki ayə var ki, onları həyatda nə qədər axtarmışamsa tapa bilməmişəm». Imam soruşdu: «Hansı ayələrdir?». O adam dedi: «Rəbbiniz buyurdu: «Mənə dua edin, mən də sizin dualarınızı qəbul edim» (Mömin, 60) ayəsi. Biz Allaha dua edirik, amma cavab almırıq». Imam soruşdu: «Sənin fikrincə, Allah öz vədinə xilaf çıxarmı?».
O adam cavab verdi: «Yox». Imam soruşdu: «Bəs, səbəbi nədir ki, dua edirsiniz, amma müstəcab olmur?». O adam dedi: «Səbəbin bilmirəm». Imam buyurdu: «Səbəbini mən sənə deyərəm. Hər kim Allahın əmrlərinə itaət etsə, sonra Onu dua məqsədilə çağırsa, Allah mütləq cavab verər». Sual verən soruşdu: «Allahı dua məqsədilə çağırmaq nədir?». Imam buyurdu: «Duanı Allaha həmdü-səna ilə başlamaq, Allahın nemətlərini xatırlamaq, şükr etmək, sonra Peyğəmbərə salavat göndərmək, öz günahlarını etiraf etmək, Allaha sığınmaq». Sonra Imam soruşdu: «Ikinci ayə hansıdır?». O adam dedi: «Nə xərclərsəniz, Allah əvəzini verər.
O, ruzi verənlərin ən yaxşısıdır» (Səba, 39) ayəsi. Mən öz malımdan ehsan edirəm, amma əvəzi gəlmir». Imam yenə ondan soruşdu: «Allaha iftira atırsan ki, öz vədinə əməl etmir?». Cavab verdi: «Yox». Imam soruşdu: «Bəs, səncə səbəbi nədir ki, verdiyinin əvəzini almırsan?». O adam dedi: «Bilmirəm». Imam buyurdu: «Bil ki, sizlərdən hər kim halal sərvət qazansa və onu halal yerə xərcləsə, hər dirhəminin əvəzi mütləq verilər».
Hədisdən məlum olur ki, duasının qəbul edilməsini istəyən adam Allahın halal-haramını qorumalıdır. Malının bərəkətli olmasını istəyən də gəlirinin və çıxarının halal olmasına diqqət yetirməlidir.
c. Duaların qəbul edilməməsinin bir səbəbi də əmr bil-məruf və nəhy ənil-münkəri (camaatı yaxşı işlərə çağırıb pis işlərdən uzaqlaşdırmağı) tərk etməyimizdir. Imam Əli (ə) son vəsiyyətnaməsində buyururdu: «Əmr bil-məruf və nəhy ənil-münkəri tərk etməyin! Əks halda pisləriniz sizə hakim olarlar. O zaman dua edərsiniz, amma duanız müstəcab olmaz».
ALLAHDAN NƏ ISTƏMƏK MƏSLƏHƏTDIR?
Allahdan nəyi istəmək və nəyi istəməmək barədə tövsiyələrə gəlincə, burada ilk növbədə aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır: Insan gərək haram şeyləri, özünün layiq olmadığı nemətləri Allahdan istəməsin. Başqasının bədbəxtliyi hesabına nəyi isə əldə etmək üçün Allaha yalvarmaq da bəyənilmir. Dua hər kəsin vicdan işidir.
Insan özü müəyyən etməlidir ki, Allahdan dilədiyinə layiqdir, buna haqqı çatır ya yox? Duaları daha çox axirət nemətlərinə, günahların bağışlanmasına, mənəvi fəzilətlərin qazanılmasına (imanlı, elmli və ədalətli olmaq, ibadətə həvəs göstərmək və s.) yönəltmək daha üstün sayılır.
Boş, mənasız dualarla Allahın dərgahını narahat etməyə dəyməz. Həzrət Mühəmməd Peyğəmbər (s) buyururdu ki, ümmətim üçün iki şeydən çox qorxuram: nəfsə tabe olmaqdan və arzulara uymaqdan. Həzrət Əli (ə) ilə isə buyurub: «Hər kim mənasız arzulara düşsə, əməlini zay edər». «Layiq olmadığın şeyə tamah salma».
Ən yaxşı dualar haqqında təsəvvür əldə etmək üçün Qurani-kərimə müraciət etmək yerinə düşər. Quranda Allah-təala mömin bəndələrin etdiyi bəzi duaları xatırladır. Bu dualar haqqında Allahın rəğbətlə söz açması bunu göstərir ki, Allah həmin duaları və onları edən şəxsləri sevir.
Quranda aşağıdakı məzmunlu dualar olan ayələrə rast gəlirik: Allahın dünyada və axirətdə insana yaxşılıq (nemət) verməsi, cəhənnəm əzabından qoruması barədə (Bəqərə, 201); Allahın bizi haqqa şahid olanların cərgəsinə yazması barədə (Ali-Imran, 53); bizi və bizdən əvvəlki mömin qardaşlarımızı bağışlaması barədə (Həşr, 10); günahlarımızı və həddi aşmağımızı bağışlaması, haqq yolda qədəmlərimizi möhkəmlətməsi, kafirlərə qalib gəlmək üçün bizə yardım etməsi haqqında (Ali-Imran, 147); bizə səbr verməsi və bizi müsəlman kimi dünyadan aparması barədə (Əraf, 126); ibadətlərimizi qəbul etməsi haqqında (Bəqərə, 127); gücümüz çatmayan vəzifələri bizə yükləməməsi barədə (Bəqərə, 286); elmimizi artırması haqqında (Ta-Ha, 114); qiyamət günü bizi, valideynlərimizi və möminlərimizi bağışlaması barədə (Ibrahim, 41) və s.
Əlbəttə, çətinliyi olan şəxsin dünya işlərindən ötrü də Allaha dua etməsi normal haldır. Ruzinin artması, çətin bir məsələnin həll olması, xəstənin sağalması, borcun qaytarılması, həbsdə olanın azad edilməsi, ömrün uzun olması və sair məsələlər barədə də Allaha dua etməkdə bəndə tam azaddır.
Bütün bu mövzular barədə Islam müqəddəslərinin – Peyğəmbərin və imamların dilindən rəvayət edilən mötəbər dualar vardır.
islam.az