Ehsan halal ruzidən olmalıdır hər sədəqə qəbuldurmu?
İslam dinində ən çox bəyənilən və tövsiyə edilən əməllərdən biri də ehsandır. Ehsan bəzilərinin başa düşdüyü kimi, yas məclislərində verilən yemək süfrəsindən ibarət deyil. Ərəb dilindən tərcüməsi «yaxşılıq» mənasını bildirən bu söz daha geniş mənaları ifadə edir.
Müsəlmanın ətrafdakılara hər vasitə ilə – əli, dili, malı ilə yaxşılıq etməsi, onları sevindirməsi, xüsusilə, ehtiyacı olanlara yardım göstərməsi ehsan sayılır. Ehsanın maddi formada – pul, hədiyyə, yemək və s. şəklində olması vacib deyil.
Bəzən elə adamlara rast gəlirik ki, onların maddi yardımdan daha çox mənəvi dəstəyə ehtiyacı olur. Şirin söz və təsəlli axtaran, ən azından dərdini bölüşdürüb yüngülləşmək üçün həmsöhbət gəzən insanlara bir kəlmə xoş söz demək, təbəssüm bəxş etmək, onların sınıq qəlbini ovundurmaq, dərdlərinə şərik olmaq, tənha qalmadıqlarını onlara başa salmaq da ehsanın bir növüdür. Elmi olan öz biliyindən, sərvəti olan əmlakından, bacarığı olan fiziki qüvvəsindən ehsan etməlidir.
Ehsanın ən mühüm şərtlərindən biri halal olmasıdır. Amma çox təəssüf ki, istər keçmişdə, istərsə də hal-hazırda haram yolla pul qazanan insanların ehsan etmə cəhdlərinə ara-sıra rast gəlinir. Allahın bəyənmədiyi bir işlə məşğul olan şəxslər bu yolla topladıqları sərvətin bir hissəsini kasıblara verməklə günahlarını yuduqlarını düşünürlər.
Ticarətdə müştərini aldadan, çəkidə fırıldaqçılıq edən, keyfiyyətsiz malı tərifləyib satan, ucuz malı heç bir ölçüyə sığmayacaq dərəcədə baha qiymətə təklif edən «tacirlər», faizlə sələmə pul verən «bankirlər», qanuni bir işi rüşvətsiz həll etməyən «iş adamları», qanunlardakı boşluqlardan istifadə edib özbaşınalıq törədən «qanunşünaslar», əlini əlinin üstünə qoyub yalnız başqasının (imkanlı adamların və ya beynəlxalq təşkilatların) verdiyi ianələri yerbəyer etməklə məşğul olan «işgüzarlar» hər ilin ya ayın müəyyən günündə xırda bir xeyriyyəçilik edir, göstərdiyi yardımın məbləğindən beşqat artıq pulu bunun reklamına xərcləyirlər.
Bu insanlar unudurlar (ya da unutmağa çalışırlar) ki, ehsan insanın halal yolla əldə etdiyi qazancdan olmalıdır. Yoxsa başqasının haqqını qəsb etməklə, cibinə girməklə pul qazanıb, sonra da pulu xeyriyyəçilik pərdəsi altında zərərçəkənin özünə qaytarmaq nə zamandan ehsan sayılıb? Insan yalnız xərclədiklərinin deyil, həm də qazandıqlarının hesabını Allahın hüzurunda dəqiqliklə verəcək.
Hər qazanılan qəpiyin halallığı araşdırılacaq, yalnız ehsan sayılmağa layiq olan yardımlar qiymətləndiriləcək. Hədislərdə deyilir ki, qiyamət günündə hər kəs haqq divanında bu dörd məsələ barəsində sorğu-sual olunacaq: ömrünü nəyə sərf edib, pulu haradan qazanıb, hara xərcləyib, bir də ki Əhli-beyti sevib ya yox?
Bu yerdə on birinci imam Həsən Əsgəriyə (ə) məxsus olan Quran təfsirindəki bir rəvayəti xatırlamaq yerinə düşər. Imam Həsən Əsgəri (ə) Qurani-kərimin Fatihə surəsi və Bəqərə surəsinin bir neçə ayəsi haqqında qeydlərini öz tərəfdarlarına diktə etmiş və bu qeydlər yazıya alınmışdı.
Fatihə surəsinin 6-cı və 7-si ayələrini («Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların yoluna yox!») şərh edən Imam bildirir ki, «siratəl-müstəqim» (doğru yol) batildən fərqli olan, insanı günaha aparmayan bir yoldur. Hər kim günah bahasına savab qazanıb siratəl-müstəqimdə irəliləmək istəsə, əlbəttə ki, düzgün istiqamətdən azar və batilə yuvarlanar.
Imam Həsən Əsgəri (ə) ulu babası Imam Cəfər Sadiqin (ə) başına gəlmiş bir hadisəni təsvir edir. Imam Sadiqin (ə) yanında bir nəfəri xeyli tərifləyirlər. Imam həmin adamla görüşmək və deyilən sifətlərə malik olub-olmadığını yoxlamaq istəyir. Qiyafəsini dəyişib üzünü örtür və camaatın o adamla görüşdüyü yerə yollanır. Imam öz iti zehni və imamlıq gücü ilə görür ki, o adam heç də deyilən kimi mömin və pak deyil, insanları aldatmaqla, haqdan batilə çevirməklə məşğuldur.
Camaat dağılışdıqdan sonra Imam Sadiq (ə) o adamın arxasınca düşüb onu təqib etməyə başlayır. Görür ki, həmin şəxs çörək dükanına yaxınlaşır, satıcının məşğul olduğunu görüb dükandan iki çörək oğurlayır və çıxır. Sonra bazara gedir, meyvə satanın başının qarışıq olmasından istifadə edib iki ədəd nar oğurlayır. Daha sonra çörəkləri və narları bir xəstə dilənçiyə verir, özü şəhərdən çıxıb səhraya üz tutur. Imam onun yanına gedib niyə belə etdiyinin səbəbini soruşur.
O adam Imamı tanıyıb söyləyir: «Peyğəmbərin nəslindən olsan da, o həzrətin elm və mərifətindən sənə pay düşməyib. Məgər Allahın kitabanda bu ayəni oxumamısan: «Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.
Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz» (Əraf, 160)». Mən iki çörək və iki nar oğurlayanda üst-üstə dörd günah qazandım. Amma onları sədəqə verməklə hərəsinin əvəzinə 10 misli olmaqla 40 savabın sahibi oldum. Deməli, mənim hesabımda 36 savab qalıb».
Imam ona belə cavab verir: «Qurandan xəbəri olmayan sən özünsən! Quranda buyurulub ki, «Allah (ehsanı) yalnız təqvalılardan qəbul edər» (Maidə, 27). Sən iki çörək və iki nar oğurlamaqla 4 günah qazandın. Sonra isə onları öz sahibindən (satıcıdan) icazə almadan özbaşına şəkildə başqasına verdiyin üçün daha dörd günaha sahib oldun. Çünki təqvalı insan oğurluq etməz və başqasının əmlakını onun icazəsi olmadan xərcləməz. Deməli, sənə qalan 8 günah oldu». Həmin adam Imamın sözlərinə qarşı heç bir cavab verə bilməyib sakit durur.
Buna oxşar bir hadisə Imam Əli ibn Əbu Talibin (ə) zamaında da baş vermişdi. Xəbər yayılır ki, Müaviyə Şamda (Diməşqdə) öz hesabına məscid tikdirir. Müaviyənin hakimiyyəti qəsbkarlığa əsaslandığı üçün, İmamən rəyinə görə, onun topladığı sərvət də haram idi.
İmam Əli (ə) Müaviyəyə belə bir şeir yazıb göndərir (bu şeir parçası Həzrət Əliyə (ə) məxsus olan «Divani-Əmirəl-möminin»də mövcuddur; 1090-1092-ci beytlər):
«Eşitdim ki, maliyyat hesabına məscid tikdirirsən.
Allaha həmd olsun ki, bu məqsədə nail ola bilməyəcəksən.
Sən o qadına bənzəyirsən ki, zina ilə qazandığı pula nar alıb sədəqə verir,
Xəyanətlə sədəqəni birləşdirir.
Bəsirət və təqva əhli belə qadına deyər:
«Vay sənin halına! Nə zina et, nə də sədəqə ver!».