Təşriq günləri hansı günlərdir?
Təşriq günləri zilhiccə ayının 11-ci, 12-ci və 13-cü günlərinə deyiliy. Ərəb dilindən tərcüməsi “günün istisində ət qurutmaq” mənasını verir. Keçmişdə hacılar qurban kəsdikləri heyvanın ətini sonrakı günlərdə daşların üstünə sərir və qurudurdular.
Təşriq günlərində hacılar Minada qalmalıdırlar, Minanı tərk etmək olmaz. Həmin günlərdə yerinə yetirilməli yeganə əməl – cəmrələri (şeytanı simvolizə edən sütunları) daşlamaqdır. Təşriq günlərinin hər birində hər üç sütuna 7 daş atılır. Zilhiccənin 12-si günortadan sonra, Günəş batmazdan əvvəl Minanı tərk edib getmək olar. Amma gün batandan sonra Minanı hər kim tərk etsə, gərək mütləq qayıdıb həmin gecəni Minada qalsın, ertəsi gün də (zilhiccənin 13-ü) cəmrələri daşlasın.
Cəfəri, şafii, maliki və hənbəli məzhəblərinə görə, təşriq günlərində Minada qalmaq və cəmrələri daşlamaq vacibdir. Amma hənəfi məzhəbində bu, müstəhəb sayılır.