İslam tarixindən hikmətli sözlər
Alimlərdən biri yuxuda Peyğəmbəri görüb ondan soruşur ki, niyə keçmiş alimlərin kəşfü kəramətləri çox idi, amma bizim kəramətimiz azdır? Peyğəmbər ona cavab verir: «Ona görə ki, keçmiş alimlər bütün əməlləri iki hissəyə ayırmışdılar: vacib və haram.
Onlar müstəhəbbini də vacib bilir, məkruhla mübahı isə haram sayırdılar. Buna görə də yalnız müstəhəbbi və vacib əməlləri icra edirdilər, qalan işlərin hamısından çəkinirdilər. Siz isə yalnız haram olandan çəkinir, müstəhəbbatı isə icra etmirsiniz. Gördüyünüz işlər yalnız vacib, mübah və məkruh əməllərdir. Ona görə də Allah sizə kəramət əta etmir».
Bir nəfər məşhur sufi Şiblidən soruşdu: «200 dinar pulun zəkatı nə qədərdir?». Şibli həmin adamdan xəbər aldı: «Özündən ötrü soruşursan, yoxsa məndən ötrü?». Sual verən təəccüblə söylədi: «Məgər sənin zəkatınla mənim zəkatım arasında fərq var?». Şibli cavab verdi: «Əgər zəkatı sən versən, 200 dinardan 5 dinar verməlisən. Əgər mən versəm, 200 dinarın hamısını zəkat kimi verərəm».
Ariflərdən biri öz şagirdi ilə birlikdə qayıqda gedirdi. Şagird nəsə ağıllı bir söz deyib ustadın xoşuna gəlmək istəyir.
Bu məqsədlə xeyli fəkirləşdikdən sonra qayığın dibini göstərib deyir:
– İndi ölümlə aramızda cəmi bir taxta parçası qədər məsafə vardır.
Arif ləngimədən ona cavab verir:
– Bir saat əvvəl quruda gəzdiyimiz zaman heç bu məsafə də yox idi.
Harun ər-Rəşidin müasiri olan məşhur arif İbn Səmmak bir gün onun yanına gəlmişdi. Harun var-dövləti, hökuməti ilə fəxr edərək öyünür. Bu zaman içmək üçün onlara su gətirirlər. Harun su qədəhini əli¬nə götürüb içmək istəyəndə İbn Səmmak soruşur: «Ey xəlifə, əgər susuzluqdan ölmək halına gəlib çatsan və bir qurtum suyun əvəzində xilafətin yarısını səndən tələb etsələr, verərsənmi?».
Harun bir az fikirləşib, cavab verir: «Bəli, verərəm». Xəlifə suyu içəndən sonra İbn Səmmak bu sualı verir: «Bəs, əgər içdiyin su mə’dəndə qalsa və çölə çıxmasa, səni müalicə etmək və sudan azad etmək üçün xilafətin o biri yarısını istəsələr, verərsənmi?». Harun yenə deyir: «Əlbəttə, verərəm».
Bu zaman İbn Səmmak söyləyir: «Sənin xilafətinin qiyməti məlum oldu. Xilafət bir qurtum suyun içilməsi və ifraz olunması qədər dəyərə malikdir. Əgər belədirsə, onun uğrunda bu qədər hərislik göstərməyə dəyərmi?!». Bir gün Abbasi xəlifəsi Mənsur Dəvaniqi öz vəziri Rəbi ibn Yunisə dedi: «Əgər ölüm olma¬saydı, dünya nə qədər gözəl olardı!». Rəbi etiraz edib söylədi: «Elə dünyanın bütün xeyrimənfəəti ölümdədir». Xəlifə heyrətlə soruşdu: «Nə danışırsan?». Vəzir izah etdi: «Əgər ölüm olmasaydı, sən bu gün xəlifə olmazdın. (Yəni səndən əvvəlki xəlifə ölməsəydi, hakimiyyət sənə yetişməzdi)».
Şeyx Abbas Qummi, Nəcəfdə təhsil alıb vətəninə qayıtdıqdan sonra bir kitab yazır, amma təvazö üzündən kitabda öz adını qeyd etmir. Kitab nəşr olunduqdan sonra Şeyx Abbasın yaşadığı şəhərdə də camaat tərəfindən oxunmağa başlayır. Məşhur vaizlərdən biri hər gün zöhr namazından əvvəl həmin kitabdan camaat üçün oxuyurmuş. Şeyxin atası da moizələrin daimi dinləyicilərindən imiş.
Bir gün Şeyx Abbasın atası namazdan sonra evə gəlib, oğluna deyir: «Oğlum, arzum budur, kaş sən də çoxlu elm oxuyub minbərə çıxaydın, bu gün mollanın oxuduğu kitabı minbər üstündən camaata oxuyaydın, mən də baxıb səninlə fəxr edəydim». Şeyx Abbas Qumminin təvazökarlığı o qədər idi ki, atasının bu sözündən sonra da kitabın müəllifinin özü olduğunu söyləmir.
Ömər ibn Xəttab axşamlar geyimini dəyişib şəhər içinə çıxır və camaatın evdə nə etməsi ilə maraqlanırdı. Bir axşam o, süd satan bir qadının evinin qapısına gəlir. Qadın öz qızı ilə səhər satmağa aparacağı südü hazırlayırdı. Ömər eşidir ki, ana qızına deyir: «Gəl südə bir az su qataq ki, çox olsun!». Qız cavab verir: «Axı, xəlifə bunu qadağan edib!». Ana: «Gecənin bu aləmində xəlifənin bizdən nə xəbəri var?». Qız etiraz edir: «Əgər xəlifə görmürsə, Allah görür!».
Bu sözlər Ömərin elə xoşuna gəlir ki, oğlu Asimi həmin qızla evləndirir. Yeganə ədalətli Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz də onların qız nəvəsidir.
islam.az