İslam tarixiMəqalələr

Məscid tikdirmiş qadınlar

(Birinci hissə)

İslam tarixi boyunca xeyriyyəçilik ənənəsi ən mühüm fəaliyyət istiqamətlərindən biri olmuşdur. Xeyriyyəçiliyin əsas qollarından biri də dini ibadət ocaqlarının – məscidlərin tikintisi və təmiridir. Dinimizdə məscid tikintisi böyük savaba malik əməl sayılır. İstər Qurani-Kərinmdə, istərsə də mübarək hədislərdə məscid tikməyə və təmir etməyə təşviq edən çoxlu göstərişlər mövcuddur.

Qurani-Kərimdə Allah-Taala məscid binası ucaltmağı möminlərə xas olan sifətlərdən biri kimi təqdim edir: “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər. Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!” (Tövbə, 18). Təfsirə görə, burada məscid tikmək və təmir etmək kimi savab əməllərin yalnız möminlərdən qəbul ediləcəyi nəzərdə tutulur. Hər məscid tikdirən bu savaba çata bilməz, əsil iman sahibləri, öz imanını əməli ilə sübuta yetirən şəxslər bu savaba yiyələnərlər.

Quranın “Kəhf” surəsində Əshabi-kəhfin mağarası üzərində məscid tikdirənlərin misal çəkilməsi də Allahın bu əmələ rəğbətindən xəbər verir.

Məscid tikdirməyin, təmir etdirməyin və məsciddə xidmət etməyin savabı barədə hədislərin sayı çoxdur. Onlardan bir neçəsini misal çəkməklə kifayətlənirik. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: “Hər kim riyakarlıq etmədən (xalis niyyətlə) bir məscid tiksə, Allah ona cənnətdə bir ev verər”. Məsum imamların buyurduğuna görə, bəzən Allah-Taala yer üzündəkilərə bəla göndərmək istəyəndə bir-biri ilə mehribanlıq edən, məscid tikdirən və sübh çağı günahlarının bağışlanmasını diləyən insanların xatirinə bunu etməz, onların hörmətinə öz əzabını yer üzündən uzaqlaşdırar. Məscidlərdə abadlıq və təmir işi aparan şəxslər hətta hədisdə “Allahın qonşuları” adlandırılır: “Allah-Taala qiyamət günündə buyurar: “Qonşularım haradadır?” Mələklər təəccüblə soruşarlar: “Bu şərəfə layiq olanlar kimlərdir?” Allah buyurar: “Məscidləri abad edən şəxslər”.

Əlbəttə, orta əsrlərdə qadınların ictimai fəaliyyət dairəsi kişilərə nisbətən daha məhdud idi. Hər şeydən öncə, məscid tikintisi böyük pul vəsaiti tələb edirdi. Buna baxmayaraq, qadınlar bu sahədə kişilərlə yanaşı fəallıq göstərmiş, onlara müsbət mənada rəqib olmağı bacarmışlar. Cəmiyyətin aşağı təbəqəsinə mənsub qadınlar maddi imkanlarının azlığı üzündən məscidə maddi yardım göstərmək, öz əmlakının bir hissəsini məscidə vəqf etmək, məscid üçün xalça toxumaq kimi xidmətlərlə kifayətlənirdilər. İmkanlı qadınlar – hökmdar və əyan xanımları, saray qadınları, tacirlərin həyat yoldaşları isə daha yüksək səviyyəli layihələrə imza atır, müstəqil şəkildə öz vəsaitləri hesabına məscid (məhəllə miqyasında) və hətta cami (iri cümə məscidi) tikdirirdilər.

İslam tarixində digər xeyriyyə işləri ilə yanaşı məscid də tikdirmiş ilk qadınlardan biri Abbasi xəlifəsi Harun ər-Rəşidin həyat yoldaşı Zibeydə xatundur. Harunun əmisi qızı olan Zibeydə xatun zəkalı, yüksək savada malik, ədəbli və səxavətli bir qadın idi. Özü Quranı əzbər bilirdi, Quran hafizi olan yüz kəniz saxlayırdı. Bu kənizlərin hər biri gün ərzində üç cüz Quran oxuyurdu. Beləcə, sarayda hər gün on dəfə Quran xətm olurdu. Zibeydə xatunun Əhli-beyt tərəfdarı olması barədə ehtimallar mövcuddur.

Zibeydə xatun xilafət ərazisində xeyli xeyriyyə işləri görmüş, məscidlər tikdirmiş, quyular qazdırmış, yollar abad etmişdi. Hicri 186/miladi 802-ci ildə həcc ziyarətində olarkən o, Məkkə camaatının içməli su sarıdan əziyyət çəkdiyini gördü. Şəhərə su uzaqdan arabalarla iri tuluqlarda gətirilirdi. Zibeydə o zamana qədər heç bir kişinin cürət etmədiyi işi öhdəsinə aldı – Məkkəyə su çəkdirdi. Axtarışlardan sonra Məkkədən 10 mil məsafədəki dağların ətəyində şirin su mənbəyi tapıldı. Mühəndislər bu layihənin külli miqdarda xərc tələb etdiyini deyəndə Zibeydə xatun onlara belə cavab verdi: “Əgər hər külüng zərbəsi bir qızıl dinara başa gəlsə belə, ödəməyə hazıram”. Zibeydə xatunun pulu ilə çəkilmiş su xəttindən Məkkə camaatı bir neçə əsr boyunca istifadə etmişdi.

Həmin həcc səfəri zamanı Zibeydə xatun yol boyunca böyük abadlıq və tikinti işləri aparmış, quyular qazdırmış, karvansaralar tikdirmişdi. Tarixi mənbələr xəbər verir ki, Zibeydə xatun Məkkədə, Məscidül-həramın ətrafındakı evləri satın alaraq məscidin ərazisinə qatmış, həmçinin, Məscidül-həram kompleksinin sahəsini böyüdərək orada tikinti işləri aparmışdı. Tam sübuta yetməmiş məlumata görə, Cənubi Azərbaycandakı Təbriz şəhəri də Zibeydə xatunun əmri ilə və onun vəsaiti hesabına salınmışdı.

(İkinci hissə)

Qadınların məscid tikdirmək ənənəsi sonralar da müsəlman dövlətlərində davam etmişdir. Bunun ən bariz nümunələrindən biri Teymuri sülaləsinə mənsub Gövhərşad bəyim adlı xanımdır. Gövhərşad bəyim (1378-1457) Teymurləngin gəlini, yəni Teymurləngin kiçik oğlu Şahrux Mirzənin arvadı idi. Soykökü etibarilə türk tayfalarından birinə mənsub idi. Atası Qiyasəddin “tərxan” fəxri adını daşıyırdı. Bu zadəgan titulunu ona Teymurləng bağışlamışdı. Gövhərşad bəyimini anası Banu Xanzadə bəyim Məşhəddə, İmam Rza (ə) hərəminin yaxınlığında dəfn edilmişdir. Gövhərşad bəyim məşhur Teymuri hökmdarı, həm də görkəmli riyaziyyatçı-astronom, Səmərqənd rəsədxanasının banisi Uluğbəyin anasıdır. Onun digər oğlu da məşhur rəssam və xəttat Baysunqur Mirzədir.
Gövhərşad bəyim Teymurilərin paytaxtı olan Herat şəhərində məscid, xanəgah və mədrəsədən ibarət kompleks tikdirmişdi. Onun özü də həmin kompleksin hüdudları daxilində, sağlığında özü üçün tikdirdiyi məqbərədə dəfn edilmişdir. Gövhərşad bəyim elm və sənəti himayə edir, bununla yanaşı, siyasət işlərinə də qarışırdı. Ərinin və oğullarının üzərində böyük nüfuzu vardı. Elə siyasi nüfuzu səbəbindən təqribən 80 yaşlarında ikən Teymurləngin nəticəsi, yəni Miranşahın nəvəsi Sultan Əbusəidin əmri ilə öldürülmüşdü. Gövhərşad bəyim xalq içində böyük nüfuza malik idi, xeyriyyəçi kimi tanınırdı, kasıblara əl tuturdu.

Onu tarix səhifələrində unudulmaz edən addım Məşhəddə İmam Rzanın (ə) mübarək hərəminə bitişik olan yaraşıqlı məscidi tikdirməsidir. Həmin məscid bu günə kimi Gövhərşad bəyimin adını daşıyır. Rəvayətə görə, Gövhərşad bəyim öz zinət əşyalarını, o cümlədən, çox bahalı almaz boyunbağısını sataraq bu möhtəşəm məscidi tikdirmişdi. Herat məscidi kimi Məşhəddəki məscidin də memarı Qivaməddin Şirazi idi.

Gövhərşad məscidinin tikintisi təqribən 13 il davam etmiş və hicri 821-ci (miladi 1418-ci) ildə tamamlanmışdı. İmam Rzanın (ə) mübarək hərəminin cənub hissəsində yerləşən və hərəmin binasına bitişik olan bu məscid geniş sahəyə malikdir. Ümumi sahəsi 9400 kv.metrdən artıq olan məscidin 2800 kv.metrlik həyəti vardır. Gövhərşad bəyim Məşhəd hərəmində iki rəvaq (üstübağlı tikili, qalereya, pasaj) da tikdirmişdir ki, bunlardan biri “hafizlər rəvaqı”, digəri isə “seyidlər rəvaqı” adlanır.

Gövhərşad məscidi həm xaricdən, həm də daxildən bəzəklərlə örtülmüşdü. Xüsusilə, məscidin iri günbəzi kaşı bəzəklərlə incə şəkildə işlənmişdi. Maraqlısı budur ki, məscidin cənub girişində yerləşən, üzərində tikilmə tarixi qeyd edilən kitabə Gövhərşad bəyimin oğlu Baysunqur Mirzə tərəfindən yazılmışdır. Qeyd etdiyimiz kimi, Baysunqur Mirzə bacarıqlı miniatür rəssamı və xəttat idi, xüsusilə, süls xəttində mahir ustadlardan sayılırdı (süls xətti memarlıqda və kitab tərtibatında geniş istifadə edilirdi).

Gövhərşad məscidinin özəlliklərindən biri də onun minbəridir. Təqribən 7.5 metr hündürlüyə malik minbər XIX əsrin əvvəllərində – Fəthəli şah Qacarın dövründə hazırlanmışdır. Qoz və armud ağacından düzəldilmiş minbərdə heç bir dəmir hissəcik yoxdur, mismardan istifadə edilməyib.
Gövhərşad məscidi təqribən 1673-cü ildə zəlzələdən ciddi ziyan görmüşdür. 1911-ci ildə rusların hücumu zamanı məscidin günbəzi toplardan atəşə tutuldu. Dağıntı o qədər ciddi oldu ki, bir neçə ildən sonra günbəzi tamamilə söküb yenidən tikmək qərarına gəldilər.

Səfəvilər və Osmanlılar dövründə də qadınların məscid tikintisi və məscid təsərrüfatının yaradılması (vəqf) sahəsində ciddi uğurları olmuşdur. Səfəvilər dövrünün qadınları əsasən vəqf ənənəsini dirçəltməyə diqqət yetirdikləri halda, Osmanlının saray və zadəgan qadınları məscid tikintisinə daha çox vəsait ayırırdılar. Təsadüfi deyil ki, bu gün də Türkiyə ərazisində qadınların adı ilə bağlı iri məscid kompleksləri mövcuddur.
Artıq XV əsrdə Osmanlı dövlətində qadınlar öz maliyyə vəsaitləri hesabına məhəllə məscidləri və camilər tikdirməyə başlamışlar. Hazırki Türkiyənin müxtəlif bölgələrində mövcud olan, İstanbulda daha çox rast gəlinən həmin ibadət ocaqlarından bəzilərinin adını qeyd edirik:

Sultan I Mehmetin qızı Səlcuq xatun tərəindən 1450-ci ildə Bursada inşa edilmiş Səlcuq xatun camisi,
Bursada Oruc bəyin qızı Sitti xatunun tikdirdiyi cami (1459-60),
Sultan II Mehmet Fatehin həyat yoldaşı, Zülqədəroğulları soyundan olan Sittişah Sultanın Ədirnədə 1482-ci ildə inşa etdirdiyi cami,

Sultan III Muradın anası Nurbanu Validə Sultanın İstanbulun Üsküdar məhəlləsində tikdirdiyi Ətiq Validə Sultan kompleksi (Memar Sinan, XVI əsr),
İstanbulun Üsküdar məhəlləsində Sultan III Əhmədin anası Gülnuş Sultan tərəfindən inşa edilmiş cami (1710),
İstanbulda (Aksaray) Sultan Əbdüləzizin anası Pertevniyal Validə Sultan tərəfindən tikilmiş cami (XIX əsr),
İstanbulda Sultan Əbdülməcidin anası Bəzmialəm Validə Sultan tərəfindən tikintisinə başlanmış məşhur Dolamabağça camisi (XIX əsr) və s.

(Üçüncü hissə)

Qadınların vəsaiti hesabına tikilmiş məscidlərdən biri Ədirnə şəhərindəki Ayişə Sultan camisidir. Sultan İldırım Bayezidin nəvəsi Ayişə Sultan tərəfindən 1468-ci ildə ucaldılmış bu cami təkgünbəzli və təkminarəlidir.

Türkiyədəki daha bir maraqlı məscid də oxşar ada malikdir. İzmirin tabeliyindəki Mordoğan kəndində yerləşən Ayişə kadın camisi memarlıq üslubu baxımından XIV-XV əsrlərin tikililərini xatırladır. Dildən-dilə gəzən rəvayətə görə, məscid Ayişə adlı gənc qızın adını daşıyır. Ailə qurmadan ağır xəstəlik nəticəsində dünyasını dəyişən qız vəsiyyət edir ki, onun öz əlləri ilə hazırladığı cehiz əşyalarını satıb, puluna məscid tikdirsinlər. Qızın anası vəsiyyətə əməl edib, kənddə məscid tikdirir. Ana rəssamlara sifariş edir ki, qızın öz cehizlik pərdə və paltarlarının üzərinə toxuduğu naxışları məscidin divarlarına həkk etsinlər. Həmin gül-çiçək rəsmləri və naxışlar bu gün də məscid divarlarını bəzəyir. Caminin içində qoyulmuş, yaşı bir neçə yüz ili ötüb-keçən taxta saat hələ də işlək vəziyyətdədir.
XV əsrdən başlayaraq demək olar ki, bütün Osmanlı sultanlarının anaları və xanımları məscid tikdirmişlər. Qadınların məscid inşa etdirməsi Osmanlı sarayında ənənəyə çevrilmiş, hətta yazılmamış qanun şəklini almışdı. Sadəcə məscid binası deyil, külliyyə adlı tikililər kompleksi inşa edilirdi. Külliyyələrə bir qayda olaraq cami, mədrəsə, məktəb (azyaşlı uşaqlar üçün), imarət (xeyriyyə binası), bəzən daha bir neçə köməkçi binalar daxil olurdu. Xüsusilə, paytaxt İstanbulda hakim sülalə qadınlarının adını daşıyan onlarla külliyyə mövcud idi, onlar bu gün də öz funksiyasını qoruyub-saxlamaqda və fəaliyyət göstərməkdə davam edir.

İstanbulun Haseki səmtindəki külliyyə (kompleks) Sultan Süleyman Qanuninin xanımı, “Möhtəşəm yüzil” serialından tanıdığımız Xürrəm Sultan tərəfindən inşa edilmişdir. 1551-ci ildə məşhur Osmanlı memarı Sinanın layihəsi əsasında tikilmiş kompleksə cami, mədrəsə, məktəb, xəstəxana, xeyriyyə binası və bulaq daxildir. Vaxtilə İstanbulun Arvadbazar məhəlləsinə aid olduğu üçün bu məsciddən və ona bitişik binalardan daha çox qadınlar istifadə edirdilər.

Sultan Süleymanla Xürrəm Sultanın qızı Mehrimah Sultan 1566-cı ildə İstanbulun Ədirnəqapı məhəlləsində Memar Sinana möhtəşəm bir kompleks inşa etdirmişdir. Çox yaraşıqlı, təkminarəli camidən, mədrəsə, məktəb, fəvvarə, xeyriyyə binası və hamamdan ibarət olan kompleksə Mehrimah Sultanın vəsaiti hesabına su kəməri də çəkilmişdi. Bu komplekslə bağlı bəzi rəvayətlər də danışılır. Deyilənlərə görə, Memar Sinan Mehrimah Sultana duyduğu gizli sevgini öz yaratdığı memarlıq əsərlərində büruza vermişdir. Məlumdur ki, Sultan Süleyman öz qızı Mehrimahın şərəfinə İstanbulun Üsküdar məhəlləsində məscid tikdirmişdi. Bu məscid Mehrimah Sultanın özünün tikdirdiyi məsciddən bir neçə il əvvəl Sinan tərəfindən layihələndirilmişdi. Memar Sinan məscidlərə elə quruluş vermişdi ki, hər il Mehrimah Sultanın doğum günündə (21 mart) axşam çağı Günəş Ədirnəqapıdakı caminin arxasında batır, Ay isə Üsküdardakı caminin arxasından doğur. Memar bununla Mehrimah Sultanın adına işarə etmişdir (mehr-Günəş, mah-Ay). Bəzi məlumatlara görə, Ədirnəqapıdakı Mehrimah camisi təbii işıqlanma baxımından İstanbuldakı bütün məscidlərdən üstündür.

Osmanlı Sultanı III Muradın xanımı Safiyə Sultan tərəfindən tikintisinə başlanmış, amma yarımçıq qalmış, yarım əsrdən sonra Sultan IV Mehmetin anası Xədicə Turhan Sultan tərəfindən inşası tamamlanmış qoşaminarəli Yeni Validə camisi (İstanbul, Eminönü) zəngin arxitektura quruluşuna malikdir.

Azərbaycan üçün də maraq doğuran məscidlərdən biri İstanbuldakı Valide han camisidir. Adından göründüyü kimi mehmanxana kompleksinin daxilində inşa edilmiş bu məscidin tarixi XVII əsrə gedib-çıxır. Osmanlı sarayında sultanın anası “validə” və ya “validə sultan” çağırılırdı. Osmanlı tarixində həm siyasi fəaliyyəti ilə, həm də yeganə qətlə yetitilmiş validə sultan olması ilə məşhurlaşan Köşəm Sultan (sultan IV Muradın anası) İstanbulun Mahmudpaşa məhəlləsində, Çakmakçılar yoxuşunda mehmanxana kompleksi tikdirmişdi. Bu mehmanxana öz zamanında ucuzluğu və yüksək səviyyəli xidməti ilə tanınırdı. Məşhur səyyah Övliya Çələbi buranı böyüklüyünə görə “şəddadi saray” adlandırmışdı. Sonralar Validə hanı zəlzələ və baxımsızlıq üzündən qismən dağıldı.
Validə hanı məscidi hələ orta əsrlərdə xaricdən gələn qonaqların ibadət məkanı sayılırdı. 1950-ci illərdə məscid yenidən həyata qaytarıldı. Məscidin təmiri İran tərəfindən həyata keçirildiyi üçün bura “iranlılar məscidi” kimi məşhurdur. İstanbulda yaşayan azərbaycanlılar və digər cəfəri məzhəbli müsəlmanlar əsasən bu məsciddə ibadət edirlər. Hər il Validə hanı məscidində böyük məhərrəmlik mərasimi keçirilir. Məscidin yerləşdiyi həyətdə və ətrafda xırda dükanlar və atelyelər yerləşir. İbadət zalı məscidin ikinci mərtəbəsindədir, bura 15 pillədən ibarət pilləkənlə qalxırlar. Bəzi məlumatlara görə İstanbulda ilk Quran çapı bu məscidin həyətindəki iranlılar mətbəəsində həyata keçirilmişdi.

(Dördüncü hissə)

Azərbaycan təcrübəsi

Qadınlar tərəfindən məscid tikilməsi ənənəsi Azərbaycanda da uğurla davam etdirilmişdir. Ölkəmizin xeyriyyəçi zadəgan xanımları öz vəsaitləri hesabına yaraşıqlı məscidlər tikdirmiş, bununla da öz adlarını tarixin səhifələrinə əbədi yazmışlar.

XX əsrin əvvəllərində Bakının imkanlı ailələrindən olan Aşurbəylilər nəslinin nümayəndəsi Nabat xanım Xoca bəy qızı Təzəpir məscidinin bünövrəsini qoydu. Hazırda bura Azərbaycanın mərkəzi məscidi sayılır, Qafqaz Müsəlmanları İdarəsi də onun həyətində yerləşir.

Bu yerlərdə XIV əsrin məşhur sufisi Əbu Səid Abdal Bakuvi dəfn edilmişdi. Bakı ətrafında yaşamış Əbu Səidin xanəgahı hələ sağlığında xalq içində məşhur idi. Bu sufi öz kəramətləri ilə tanınırdı. Zəmanənin hakimləri neft quyularından birini ona vəqf etmişdilər, o da quyudan çıxan neftin qazancı ilə dolanır və ehtiyaclılara yardım göstərirdi. A.A.Bakıxanov “Gülüstani-İrəm” kitabında qeyd edib ki, hətta Elxani hökmdarı Sultan Məhəmməd Xudabəndə Ölcaytu bu böyük sufi ilə görüşmüşdü. Bakuvi hərdən ona kiçik hədiyyələr göndərirdi. Sultan onun dolanışığının halal olduğuna tam inanırdı, buna görə göstəriş vermişdi ki, həmin hədiyyələri satıb puluna ondan ötrü kəfən alsınlar və öləndən sonra cənazəsini halal pulla alınmış bu kəfənə büksünlər.

Əbu Səid Bakuvi haqqa qovuşandan sonra onu Bakıda dəfn etdilər. Zaman keçdikcə məzarın üzərindəki tikili dağılıb-itsə də, yeri unudulmadı. Camaat bura “Xəlifə damı” deyirdi. Məlum olduğu kimi, “xəlifə” həm də təsəvvüf aləmində işlədilən bir sözdür, böyük sufi şeyxlərin canişinlərinə xəlifə deyirdilər. İnsanlar Xəlifə damını pir kimi ziyarət edir, ora nəzir gətirirdilər. XIX əsrin əvvəllərində sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy ziyarətgahı təmir etdirib, burada xudmani məscid tikdirmişdi. Nabat xanım da gələcək məscidin yeri kimi məhz buranı seçdi. Buna görə yeni tikilən məscidə də “Təzəpir” deməyə başladılar, çünki bu təzə məscid köhnə pirin qalıqları üzərində ucaldılmışdı.

Nabat xanım Təzəpir məscidinin tikintisini təkbaşına maliyyələşdirmişdi. Deyilənlərə görə, hətta qardaşı Əjdər bəy də daxil olmaqla Bakının kişi milyonçuları bu böyük layihənin öhdəsindən təkbaşına gələ bilməz deyə, ona öz yardımlarını təklif etmişdilər. Lakin Nabat xanım yardımı qəbul etməyi özünə sığışdırmamış və təkbaşına, öz vəsaiti hesabına bütöv məscidin tikintisini tamamlamışdı. Bəzi məlumatlara görə, vəsaitin əsas hissəsi Nabat xanımın mehriyyəsindən (kəbin pulundan) ibarət idi.

Təzəpir məscidinin tikintisinə 1905-ci ildə, mübarək Məbəs bayramı günündə (Həzrət Mühəmmədə (s) peyğəmbərlik verildiyi gün) başlandı. Nabat xanım Hacı Zeynalabdın Tağıyevə hörmət əlaməti olaraq və onun ixtisasca bənna olduğunu nəzərə alaraq, məscidin ilk daşının qoyulmasını ona həvalə etmişdi. 1914-cü ildə məscidin tikintisi tamamlanarkən, son daşı qoymaq şərəfi də Tağıyevə qismət oldu. Lakin Nabat xanım özü bunu görə bilmədi. Uzun ömür yaşamış Nabat xanım məscidin tikintisinin sona çatmasından iki il qabaq dünyasını dəyişdi. O, xeyriyyəçi kimi məşhur idi, Bakıya şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıbların müalicəsini öz öhdəsinə götürmüşdü. Nabat xanımın tikdirdiyi hamam hər həftənin bir günündə kasıblara təmənnasız xidmət göstərirdi.

Təzəpir məscidinin layihəsi Rusiyada təhsil almış görkəmli Azərbaycan memarı Zivər bəy Əhmədbəyov tərəfindən hazırlandı. Z.Əhmədbəyov bu layihəni hazırlayarkən Şərq dünyasının bir neçə iri ibadət ocağının quruluşundan bəhrələnmişdi. Deyirlər ki, əvvəlcə məscidin qoşa minarələrinin iki eyvanlı olması nəzərdə tutulmuşdu. (Azançının durması üçün nəzərdə tutulan və şərəfə adlanan dairəvi eyvanlar nəzərdə tutulur). Bu minarələr çox hündür olmalı idi. Lakin şəhər qubernatoru məscid minarələrinin Bakıdakı Aleksandr Nevski kilsəsinin günbəzindən hündür olmasına icazə vermədiyinə görə layihəyə dəyişiklik edildi və minarələr bir eyvanlı, nisbətən alçaq formada tikildi.
Təzəpir məscidinin tikintisi Nabat xanım Aşurbəylinin oğlu Hacı Abbasqulu Rzayev tərəfindən başa çatdırıldı. Ana və oğulun məzarları məscidin girişinin qarşısında yerləşir, ibadət üçün məscidə daxil olanlar onların ruhuna dua oxumadan keçmirlər.

Qeyd etmək yerinə düşər ki, Nabat xanımın qardaşı Əjdər bəy Aşurbəyov Bakının digər məşhur məscidini – “Göy məscid” və “Əjdər bəy məscidi” kimi tanınan ibadət ocağını tikdirmişdi. 1912-ci ildə tikintisi tamamlanmış Göy məscidin də layihəsini Zivər bəy Əhmədbəyov vermişdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button