Peyğəmbərin uşaqlıq illəri ilə bağlı bir hadisənin izi ilə

(Birinci hissə)
(həzrətin mövludunun ildönümü münasibəti ilə)
Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatı ilə bağlı mübahisə doğuran məqamlardan biri də “şəqqi-sadr” və ya “şərhi-sadr”, yəni “sinənin açılması” hadisəsidir. Peyğəmbərin (s) həyatının uşaqlıq dövründə baş verdiyi iddia olunan bu hadisə bəzi mənbələrdə öz əksini tapsa da, bir sıra həm əqli, həm də nəqli dəlillər vasitəsilə şübhə altına düşür və hətta rədd olunur. Bu məqalədə şərhi-sadr hadisəsinin İslam mənbələrindəki yeri və mötəbərlik dərəcəsi barədə məlumat verəcək, hadisənin həm lehinə, həm də əleyhinə olan əsas dəlilləri araşdırmağa çalışacağıq.
Qeyd edək ki, tarixdən məlum olduğu kimi, Həzrət Mühəmməd Peyğəmbər (s) həyatının ilk beş ilini öz doğma ailəsindən uzaqda, səhralar qoynunda, Bəni-Səd qəbiləsinin içində keçirmişdir. Belə ki, babası Əbdülmüttəlib onu Bəni-Səd qəbiləsindən olan Həlimə adlı qadına həvalə etmişdi. Bu hadisənin səbəbləri və detalları barədə tarix kitablarında ətraflı məlumat verilmişdir.
Peyğəmbərin (s) Həlimə xatuna təhvil verilməsini iki amillə əlaqələndirirlər. Birinci nəzəriyyəyə görə, o zamankı Məkkədə belə bir ənənə vardı ki, yeni doğulan uşaqların daha təmiz havada nəfəs alıb sağlam böyüməsi üçün onları bədəvi ərəb ailələrinə müvəqqəti olaraq təhvil verirdilər. Məkkə şəhərinin ab-havası uşaqlar üçün ziyanlı idi, buna görə də səhra mühiti daha təhlükəsiz və sağlamlığa uyğun sayılırdı.
İkinci səbəb isə o zamankı ərəblərin düşüncə tərzi ilə bağlı idi. Bədəvi ərəblər bəzi cəhətlər baxımından oturaq ərəblərdən üstün sayılırdılar. Ərəblər üçün mühüm amil olan bəlağətli danışmaq, ərəb ədəbiyyatına bələd olmaq, səhranın çətin şəraitində sağ qalmaq vərdişlərini mənimsəmək baxımından bədəvilər daha geniş imkanlara malik idilər. Bədəvilər arasında böyüyüb dil açan uşaq “şəhər uşağı”na nisbətən ərəb dilinin incəliklərinə daha dərindən bələd olur, daha fəsahətli və bəlağətli şəkildə öz fikrini ifadə edə bilirdi.
Bunlardan əlavə, bu adət həm də bədəvi qəbilələr üçün qazanc yeri idi. Şəhərli ailələr öz uçaqlarını həvalə etdikləri ailələrə pul ödəyirdilər.
Həzrət Mühəmməd Peyğəmbər (s) süd anası Həlimənin və onun əri Harisin tərbiyəsi altında iki il qaldı. Anlaşmanın şərtlərinə əsasən, iki il tamam olduqdan sonra Həlimə uşağı Məkkəyə gətirdi, amma onu təhvil vermək əvəzinə israrla xahiş etdi ki, müddəti bir qədər də uzatsınlar. Mühəmməd (s) kimi nəcabətli ailədən olan uşağa analıq etmək onun üçün böyük şərəf idi. Üstəlik, uşaq onların ailəsinə daxil olandan bəri təsərrüfat əvvəlkinə nisbətən xeyli bərəkətli olmuş, mal-qara sürüsünün məhsuldarlığı artmışdı. Həlimə xatunun xahişinə uyğun olaraq, onun Həzrət Mühəmmədə (s) tərbiyə vermə müddəti artırıldı və beləliklə, gələcək peyğəmbər bu ailənin içində 5 yaşına kimi yaşadı. İddiaya görə, haqqında danışılan şərhi-sadr hadisəsi o həzrətin həyatının dördüncü və ya beşinci ilində baş vermişdi. Peyğəmbərin 5 yaşı olarkən bu hadisənin baş verdiyi daha çox qeyd edilir, çünki guya bundan sonra Həlimə xatun uşağın taleyi barədə qorxuya düşmüş və onu nə qədər ki gec deyil, sağ-salamat halda ailəsinə qaytarmaq qərarına gəlmişdi.
Şərhi-sadr hadisəsi əksəriyyət etibarilə əhli-sünnə mənbələrində öz əksini tapır, mötəbər şiə mənbələrində bu rəvayətə az rast gəlirik, əksər hallarda isə hadisə xatırlandıqdan sonra sübutlarla inkar edilir. Bu hadisənin qeyd edildiyi əhli-sünnə mənbələri içində mötəbərlik baxımından Səhihi-Müslim, Siyreyi-İbn Hişam və Təbəri tarixi ilk yerlərdə durur. Qeyd edək ki, mənbələrdə hadisə bir neçə dəfə, müəyyən fərqlərlə rəvayət olunmuşdur.
Səhihi-Müslimdə məşhur səhabə Ənəs ibn Malikdən rəvayət edilir ki, balaca Mühəmməd (s) uşaqlarla (süd qardaş və bacıları ilə) çöldə oynadığı zaman vəhy mələyi Cəbrail (ə) ona yaxınlaşmış, tutub yerə yıxmış, sinəsini yararaq ürəyini çıxarmışdı. Sonra mələk ürəyin içindən qara qan laxtasını çıxarıb kənara atmış və demişdi: “Bu qan laxtası sənin qəlbində şeytana aid olan hissə idi” (yəni şeytan qəlbindəki bu qaralıq vasitəsilə səni aldada və sənə hökm edə bilərdi). Daha sonra Cəbrail (ə) Peyğəmbərin (s) ürəyini qızıl teştin içində Zəmzəm suyu ilə yumuş, yenidən sinəsində yerləşdirmişdi.
Uşaqlar bu hadisədən qorxuya düşüb “Mühəmmədi öldürdülər!” deyə qışqıraraq analarının (Həlimə xatunun) yanına qaçdılar. Böyüklər hadisə yerinə gələndə gördülər ki, uşaq rəngi qaçmış və çaşqın haldadır.
Ənəs hadisəni təsvir etdikdən sonra söyləmişdir ki, biz o həzrətin sinəsində həmin çapıq yerini görmüşdük.
Siyreyi-İbn Hişamda Həlimə xatundan nəql olunur ki, bir gün balaca Mühəmməd (s) süd qardaşı ilə çöldə qoyun otarmağa getmişdi. Süd qardaşı qəfildən anasının yanına gəlib deyir ki, iki nəfər ağ geyimli adam bizə yaxınlaşdı, Qüreyşli qardaşımızı yerə yıxdı və sinəsini yardı! Həlimə əri ilə birlikdə hadisə yerinə qaçıb görür ki, Mühəmməd (s) rəngi qaçmış halda durub. Həlimə onu qucaqlayıb nə baş verdiyini soruşur. Uşaq cavab verir ki, ağ paltarlı iki nəfər məni yerə yıxıb sinəmi (qarnımı) yardı, amma onların nə etdiyini və nə axtardığını başa düşmədim.
(İkinci hissə)
Sonralar şərhi-sadr əhvalatı barədə rəvayətlər daha da genişləndirildi. Hətta iddia edildi ki, bu hadisə Peyğəmbərin (s) həyatı boyunca dörd və ya beş dəfə baş vermişdir. İlk dəfə o həzrət üç-beş yaşında ikən, daha sonra on yaşında ikən, besət (peyğəmbərlik verilməsi) anında, merac zamanında həzrətin sinəsi mələk tərəfindən yarılmış və ürəyi qara qan laxtasından təmizlənmişdi. Peyğəmbərlik verildikdən sonrakı zamana aid rəvayətlərə “Səhihi-Buxari”, “əl-Müstədrək əlas-Səhiheyn”, “Müsnədi-İbn Hənbəl”, “Sünəni-Nəsai”, “Sünəni-Tirmizi” və s. kitablarda rast gəlirik. Əhli-sünnə mənbələrində şəqqi-sadr (şərhi-sadr) ilə bağlı bütün rəvayətlərin kökü üç səhabəyə gedib-çıxır: Ənəs ibn Malik, Əbuzər Qiffari və Malik ibn Səsəə.
Quran təfsirçilərinin bir qismi Qurani-Kərimin “İnşirah” surəsinin (94-cü surə) ilk ayəsini də bununla əlaqələndirir. Ayədə buyurulur: “Məgər Biz sənin köksünü açıb genişlətmədikmi?!” Həmin təfsirə görə, “köksü açmaq” ifadəsi altında məhz o həzrətin sinəsinin yarılıb təmizlənməsi nəzərdə tutulur.
Şərhi-sadr hadisəsinə qarşı bəzi tədqiqatçılar ciddi iradlar irəli sürmüş, bəziləri də bu iradlara cavab verməyə çalışmışlar. İrəli sürülmüş əsas iradları aşağıda qeyd edirik:
1. Hər şeydən əvvəl, hadisəni təsvir edən rəvayətlər arasında fəqliliklər görünür. Ən əsas fərqlilik hadisənin baş vermə tarixinə aiddir. Belə ki, bəzi rəvayətlərə görə bu hadisə Peyğəmbərin (s) 3 yaşında, bəzilərinə görə isə 5 yaşında baş vermişdir. Bəzi rəvayətlərə görə, Peyğəmbərin (s) Həlimə xatun tərəfindən öz ailəsinə geri qaytarılmasının səbəbi bu hadisə olmuşdur. Amma bəzi müəlliflər uşağın Məkkəyə qaytarılması üçün başqa səbəb qeyd etmişlər (həbəş xristianları o həzrətdəki əlamətləri görmüş və buna görə onu oğurlayıb öz ölkələrinə aparmaq istəmişdilər).
Hadisənin təsvirinə aid digər fərqlər mələklərlə bağlıdır. Mələklərin sayı və bu hadisədə iştirakı müxtəlif şəkillərdə nəql edilib.
2. İnsanın qəlbindəki yaxşılıq və pislik (xeyir və şər) etiqadi və batini məsələdir. Bunu fiziki mənada qəbul etmək yanlışdır. Qəlbdəki çirkinik deyərkən, bunu məcazi mənada anlamaq lazımdır. İnsanın sinəsini yarıb ürəyini çıxarmaqla və ürəyinin içindən qara laxtanı götürməklə həmin insanı mənəvi cəhətdən təmizləmək mümkün deyil. Əgər bu mümkün olsaydı, cərrahi yolla bütün insanları mənəvi baxımdan pak edib məsum varlığa çevirmək olardı. Bu məsələ doğrudursa, deməli, iman və küfr, günah və savab kimi anlayışlar mənəvi deyil, maddi varlıqlardır, onların səviyyəsini fiziki yolla nizamlamaq mümkündür. Aydındır ki, bu düşüncə kökündən yanlış və absurddur.
Qeyd etdiyimiz kimi, bəzi mənbələrə görə, Peyğəmbərin (s) sinəsinin yarılıb qəlbinin təmizlənməsi bir neçə dəfə baş vermiş, hətta o həzrətin meracı zamanı da təkrar olmuşdur. Məgər ürəkdəki çirkinliklər bir dəfə bu üsulla təmizləndikdən sonra yenə yaranır və yenidən həmin prosedura ehtiyac olur?
3. Hadisənin təsvirində mələklərin dilndən rəvayət edilən “bu qan laxtası sənin qəlbində şeytana aid olan hissə idi” cümləsi Quran ayələrinə ziddir. Belə ki, Quran ayələrinə görə, peyğəmbərlərin, Allah dostlarının və möminlərin qəlbləri şeytanların üzünə bağlıdır. Şeytanlar bu şəxslərin ürəyinə yol tapa bilməz. Allah İblisə bu cür müraciət edir:
“Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz” (İsra, 65).
Başqa ayələrdə şeytanlar barədə buyurulur:
“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!” (Nəhl, 99).
Allah tərəfindən lənətə düçar olan İblis belə demişdir:
“Mən də onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!” (Hicr, 40-41).
Bunu da qeyd edək ki, şərhi-sadr əhvaları İslamdan daha çox xristianlığın ruhiyyəsinə uyğundur. Xristianlığa görə, bütün insanlar Həzrət Adəmin (ə) və Həvvanın İblisə aldanma günahını öz ruhlarında daşıyırlar. Hər kəs anadangəlmə olaraq günahkardır. Hətta körpələr doğulduqları an bu günah üzündən ağlayırlar. Yalnız Məryəm oğlu İsa (ə) günahsız doğulmuşdu və bütün insanların günahını öz ölümü ilə yumaq üçün çarmıxa getmişdi. Səhihi-Buxari və Səhihi-Müslimdə bu fikri təsdiq edən hədislərə də rast gəlirik. Bəzi müəlliflərin fikirncə, şərhi-sadr hadisəsini də xristianlar uydurub müsəlmanların arasında yayıblar ki, bu yolla onların əqidəsinə zərbə vursunlar.
(məqalədə Rəsuli Məhəllatinin “Analitik İslam tarixindən dərslər” kitabından istifadə edilmişdir)
(Üçüncü hissə)
Yazının ötən bölümlərində Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatı ilə (xüsusilə, uşaqlıq illəri ilə) bağlı “şərhi-sadr” (sinənin yarılması) adlı hadisəyə toxunmuş, onun lehinə və əleyhinə olan dəlillərə qısaca izah vermişdik. Bunu da əlavə edək ki, əgər məsumluq xüsusiyyətinin bu kimi üsullarla əldə edildiyini (və ya edilə bildiyini) qəbul etsək, digər məsumların da həyatında buna bənzər hadisələri axtarmalıyıq. Amma 124 min peyğəmbərin, onların canişinlərinin və 12 imamın həyatı haqqında mövcud məlumatlarda buna oxşar hadisənin izinə rast gəlmirik.
Bəzi alimlər qeyd etdiyimiz iradlara baxmayaraq, şərhi-sadr hadisəsini təsdiq etməkdə davam etmişlər; üstəlik, irəli sürülən iradlara da cavab verməyə çalışmışlar. Suriyalı məşhur şafii alimi, 2013-cü ildə təkfirçilərin Dəməşqdə törətdiyi terror aktı nəticəsində həlak olmuş Şeyx Mühəmməd Səid Ramazan əl-Buti “Fiqhüs-siyrə” kitabında bu məsələyə münasibət bildirərək yazır: “Bu hadisədə ilahi hikmət Allah Rəsulunun bədənindəki şər və pislik nöqtəsini qoparmaq deyildi. Əgər elə olsaydı, bu iradlar düzgün olardı. Çünki əgər pisliklərin mənbəyi və kökü bədən orqanları yaxud orqanizmdəki qan zərrəcikləridirsə, bütün pis adamları bir cərrahi əməliyyatla xeyirxah insana çevirmək olar. Zahirən belə görünür ki, bu hadisənin hikməti peyğəmbərlik məsələsini aşkara çıxarmaq və Allah Rəsulunu uşaqlıq dövründən maddi vasitələrlə ismət (günahsızlıq, məsumluq) və vəhy məqamına hazırlamaq idi. Ta ki bu yolla insanların iman gətirməsi və o həzrətin peyğəmbərliyini təsdiq etməsi daha asan və rahat olsun. Nəticə etibarilə, bu, mənəvi bir təmizlənmə idi, amma maddi və hissi formada təzahür etmişdi…”
Daha sonra müəllif şərhi-sadr hadisəsinin səhih sənədlərlə mötəbər mənbələrdə əks edildiyini (əhli-sünnə baxımından) qeyd edir və bunu həmin hadisəni qəbul etmək üçün yetərli sayır. Alimin fikrincə, rəvayətlərin səhihliyi bu hadisəni simvolik şəkildə yozmağa ehtiyac yaratmır, hətta bu kimi mötəbər hədisləri rədd etmək Allaha olan imanın zəifləməsinə gətirib-çıxara bilər. Əl-Buti yazır ki, hədisin zahiri mənasına etibar etmək kifayətdir, onu digər mənalara yozmaq ümumilikdə hədis dilinin etibardan düşməsinə və lüğət (dilçilik) elminin bir kənara qoyulmasına səbəb olar. Əgər bu hədisi məcazi mənada dəyərləndirsək, digər hədislər də simvolizmə qurban gedə bilər.
Qeyd etdiyimiz kimi, şərhi-sadr hadisəsi zahiri mənası ilə əksər şiə alimləri tərəfindən etibarsız sayılıb, qəbul edənlər də onu rəmzi mənada izah etməyə çalışıblar. Böyük Quran təfsirçisi Əllamə Təbrisi “Məcməül-bəyan” təfsirində yazır ki, bu hadisənin zahiri mənası təşbihə (simvolizəyə) möhtacdır: “Çünki o həzrət hər cür pislikdən və eybdən pak idi, ürəyi və onun içindəki etiqadı su ilə necə pak etmək olar?” Böyük şiə tədqiqatçısı mərhum Seyyid Cəfər Mürtəza Amili də şərhi-sadr barədə rəvayətləri cahiliyyə dövrünün əsatirlərindən və israiliyyatdan hesab edir (“əl-Səhih min əl-siyrət əl-Nəbiyy əl-əzəm”, 2-ci cild).
Bununla belə, qeyd edək ki, şərhi-sadr hədislərinə şiə məzhəbinin “Biharül-ənvar” (Əllamə Məclisi), “Mənaqib” (İbn Şəhraşub) kimi mənbələrində rast gəlirik. Müasir cəfəri alimlərindən Haşim Məruf Hüseyni şərhi-sadr hadisəsini qəbul etməklə yanaşı, ona bu cür məna verir: Şərhi-sadr rəvayətlərinə qarşı irəli sürülən iradlar bu hadisəni tam inkar etmək üçün yetərli deyil. Bu hadisə möcüzələrdən biridir, ağıl onu dərk edə biməsə də, Allahın qüdrətindən kənar deyil. Alimin fikrincə, Peyğəmbərin (s) həyatında bu qəbildən xeyli hadisələr baş verib ki, tədqiqatçılar onları izah etməyə acizdirlər (“Siyrət əl-Mustafa”).
Görkəmli Quran alimi Əllamə Seyyid Mühəmməd Hüseyn Təbatəbai “əl-Mizan” təfsirində şərhi-sadr hadisəsinə tam fərqli izah verir. Əllamə Təbatəbai diqqəti buna yönəldir ki, bəzi şiə mənbələrində bu hadisəni təsvir edən hədislər əhli-sünnə kitablarındakı hədislərdən fərqlənir. Belə ki, məsələn, İbn Şəhraşub hadisəni Həlimə xatunun dilindən bu şəkildə rəvayət edir: “Mən onu (həzrət Mühəmmədi) beş il iki gün bəsləmişəm. Bir gün məndən soruşdu ki, (süd) qardaşlarım hər gün hara gedirlər?” Mən cavab verdim ki, heyvanları otarırlar. Həzrət buyurdu ki, mən də onlarla birlikdə gedəcəyəm. O, qardaşları ilə getdi, mələklər onu dağın başına qaldırıb, orada yuyub pak etdilər. Oğullarım mənim yanıma qaçıb dedilər ki, köməyə gəl, Mühəmmədi oğurlayıblar! Mən gəlib çatanda gördüm ki, onun tərəfdən bir nur göyə ucaldı. Mən onu qucaqlayıb dedim: “Sənin başına nə gəldi?” Cavab verdi: “Kədərlənmə, Allah mənimlədir!” Sonra baş verənləri mənə danışdı. Ondan müşk ətri gəlirdi. Bu hadisədən sonra camaat dedi ki, şeytanlar ona hakim olub! O həzrət özü isə deyirdi ki, mənə heç nə olmayıb, məndən ötrü qorxmayın”.
Əllamə Təbatəbai qeyd edir ki, əgər hadisənin bu şəkildə baş verdiyini qəbul etsək, irəli sürülmüş iddialar öz qüvvəsini itirər. Çünki burada həzrətin maddi (fiziki) mənada təmizlənməsi iddia edilmir. Əllamə Təbaətəbainin fikrincə, bu hadisə də “misal aləmi”nin bir nümunəsi kimi qəbul edilməlidir. Ələst məclisi və aləmi-zərr barədə məqaləmizdə Əllaəminin misal aləmi haqqındakı görüşlərini izah etmişdik. Metafizik aləm də adlandırıla bilən misal aləmi yaşadığımız aləmə paralel şəkildə mövcuddur. Əllaəmə qeyd edir, Peyğəmbər (s) özünün eyb və nöqsanlardan təmizlənməsini misal aləminə məxsus olan simvolik quruluşda müşahidə etmişdir. Necə ki, merac zamanı o həzrətə cənnət və cəhənnəmin görüntüləri də simvolik formada (məcazi və misali şəkildə) göstərilmişdi.
Tədqiqatçı alim Rəsuli Məhəllati bunları qeyd etdikdən sonra Əllamənin bu şərhini Peyğəmbərin (s) meracı zamanı şərhi-sadr baş verməsi haqqındakı rəvaəyətlərə tətbiq etməyi mümkün sayır. Amma Peyğəmbərin (s) uşaqlıq vaxtına aid olan rəvayətləri bu şəkildə şərh etməyi qənaətbəxş hesab etmir.
(məqalədə Rəsuli Məhəllatinin “Analitik İslam tarixindən dərslər” kitabından istifadə edilmişdir).