İslam tarixiMəqalələr

Öz dilini dünyaya tanıtdırmış türk – Mahmud Kaşğari

(Birinci hissə)

Müsəlman mədəniyyətinin böyük simaları

Mahmud Kaşğarinin bir neçə missiyası (məqsədi) olub. O, Kaşğarda doğulub və boya-başa çatıb. İndi bu şəhər Çinin ən qərb tərəfdəki əyalətində – Sintszyanda yerləşir. XX əsrdə uzun müddət Tyan-Şan dağları boyunca yerləşən bu məntəqə Çin ilə Sovet İttifaqı arasında sərhəd zonası sayılıb. XI əsrdə burada İslam, buddizm və köçəri animizmi (heyvanlara pərəstiş) bir-biri ilə çulğaşmışdı. Mahmud Kaşğari mömin müsəlman olduğu üçün 1072-ci ildə zəifləmək üzrə olan xilafətin paytaxtı Bağdada köçdü. Bu amillər onun birinci missiyasının formalaşmasına təsir etmişdi.

Kaşğari bundan bir neçə il əvvəl də Bağdada səfər etmişdi. Hamı bilirdi ki, xəlifə hətta qoruyub-saxlaya bildiyi öz məhdud hakimiyyətinə görə də ətrafındakı türklərə borcludur. 719-cu ildə Abbasi hakimləri öz ömrünün sonunu yaşamaqda olan Əməvi xilafətini ələ keçirmək üçün Orta Asiyaya soxulduqları zamandan bəri türk xalqları İslam siyasətində aparıcı rol oynayırdı. Əsgərlərin bir çoxu və bəzi sərkərdələr Mərv və Nişapur yaxınlığındakı kəndlərin yetirməsi idilər. Sonrakı illərdə xəlifələr Buxara və Nişapur bazarlarında türk kölələri alırdılar ki, onların hesabına ordunun sayını artırsınlar. Xəlifələrə, onları tez-tez baş verən saray sui-qəsdlərindən, üsyan və çevrilişlərdən qoruya biləcək qüvvələr etibarlı lazım idi. Həm kölə, həm də azad vətəndaş olan çoxlu türk xilafətin yüksək dairələrinə yol tapırdı. 900-cu illərin əvvəllərində məlum oldu ki, xəlifələr milliyyətcə ərəb olsalar da, Bağdadın mədəniyyəti Orta Asiya və İrandan olan farsların təsiri altında formalaşır, xilafətdə real hakimiyyət isə Orta Asiyalı türklərin əlində cəmləşib.

Bu cür “vəzifə bölgüsü” demək olar ki, bütün müsəlman dünyasında mövcud idi. Qərb tərəfdə – Misirdəki Fatimi dövləti get-gedə daha çox öz türk kölələrinin (məmlüklərin) nəzarəti altına düşürdü; elə onlar da axırda hakimiyyəti ələ keçirdilər. Hətta Buxaranın müstəqil düşünən hakimləri də öz əsarətləri altında olan türklərdən asılı vəziyyətə düşürdülər; çünki onlar olmadan öz ordularını qura bilmirdilər. Samani dövlət xadimləri “vəzifə pilləkəni” sistemini yaratmışdılar. Bu pilləkənlə türk kölə mehtər vəzifəsindən sarayda ən yüksək məqamlara kimi yüksələ bilərdi. Romanın “cursuz honorum” (şərəf yolu) sistemindən fərqli olaraq, bu sosial pilləkən əyanlar üçün deyil, kölələr üçün nəzərdə tutulmuşdu. Elə Samanilər sülaləsinin hakimiyyətdən devrilməsi (1002-1004) də dövlət daxilindəki bu dəyişikliklərin, eləcə də, xarici təzyiqin (şərqdə güclənməkdə olan türk mənşəli Qaraxanilər dövləti tərəfindən) nəticəsində baş verdi.

Orta Asiyada və ümumilikdə bütün müsəlman dünyasında müxtəlif türk tayfaları nəhəng qüvvəyə malik olsa da, qəribədir ki, yerli əhali türklərə qarşı müsbət münasibət bəsləmirdi. Bağdadda türklərin əksəriyyəti ayrıca məhəllələrdə yaşayırdı. Şəhər əhalisinin çoxunu təşkil edən farslar, ərəblər və başqaları türkləri hiyləgər və təhlükəli hesab edirdilər. Harada qarışıqlıq yaranırdısa (belə hallar tez-tez baş verirdi), bunu türk mənşəli qiyamçıların və quldurların etdiyini söyləyirdilər. Bağdadda bir çoxları üçün “türk” və “cinayətkar” sözləri eyni məna kəsb edirdi.

Böyük şəhərlərin türk əhalisini qəzəbləndirən bu idi ki, niyə yerli sakinlər onların dilini öyrənmək istəmirlər. Çox güman ki, bazarda meyvə alveri ilə məşğul olanlar türk dilində bir neçə söz öyrənə bilmişdilər, amma əyanlar qətiyyən belə deyildilər. Onlar niyə də türk dilini öyrənməli idilər? Həm fars, həm də ərəb dilli əyanlar bu fikirdə idilər ki, türk dili yalnız hərbçilərə və kasıb kəndlilərə lazımdır, alimlərə, şairlərə, mütəfəkkir insanlara yox. Onlar türkləri siyasətçi qismində çətinliklə qəbul edir, dövlətin inkişafında onların hər hansı rolunu danırdılar. Kaşğari bunu ən pis münasibət sayırdı və mövcud vəziyyəti dəyişməyi öz qarşısına məqsəd qoymuşdu. Bu məqsədlə o, yenilikçi və cəsur ideyalar irəli sürürdü; bu ideyalara görə sonrakı nəsillər də ona minnətdardır.

Amma ola bilər ki, Kaşğarinin başqa bir məqsədi da var idi. “Ola bilər” deyirik, çünki alim öz yazısında bu məqsədə işarə edən yalnız bir eyham qoyub. Kaşğarinin Bağdada gəlişindən 17 il əvvəl – 1055-ci ildə Səlcuqların çoxsaylı türk ordusu Orta Asiyaya daxil olaraq irəlilədi, xilafət torpaqlarını fəth edib, xəlifəni özündən asılı vəziyyətə saldı. Səlcuqlar özlərini mömin müsəlman sayırdılar. Xəlifəyə də onların xilafəti şiəlik əqidəsindən təmizləmək niyyətini yalnız alqışlamaq qalırdı. Hakimlər istər-istəməz öz yeni türk ağalarına ehtiram göstərməli idilər. Xəlifə mütiliklə öz qızını türk (Səlcuq) sultanına ərə verərək onu “şərqin və qərbin hökmdarı” adlandırdı…
(yazı şərqşünas S.F.Starrın “İtirilmiş Maariflənmə: ərəb fütuhatından Teymurləngin dövrünə kimi Mərkəzi Asiyanın qızıl əsri” kitabının əsasında hazırlanmışdır)

(İkinci hissə)

Müsəlman türk dünyasının ən məşhur dilçi alimi

Müsəlman mədəniyyətinin böyük simaları

Xilafətin davam etməkdə olan tənəzzül mərhələsi orta yaşlı, istedadlı və səyahət etməyi sevən Kaşğari üçün gözəl imkanlar açırdı. O, əsas türk dillərində olduğu kimi, ərəb və fars dillərində də sərbəst danışırdı. Kaşğari öz əsərində eyham vurmuşdu ki, kitabı xəlifəyə ithaf edərkən qarşıda açılan perspektiv imkanlarından xəbərdar idi; – o xəlifə ki, qəlbində əmirəlmöminin (möminlərin hakimi) olaraq qalsa da, faktiki olaraq, “dünya hökmdarının köməkçisi” statusuna enmiş, yəni Mahmud Kaşğari kimi bir türkün (sultanın) təbəəsinə çevrilmişdi.

Onun planı bundan ibarət idi: xəlifəni və onun arxasında dayanan ərəblərlə farsları buna məcbur etmək ki, türk dilini öyrənməyin və türk mədəniyyəti ilə tanış olmağın zamanının gəlib-çatdığını etiraf etsinlər. Uzun illər boyunca türklərə qarşı yönəlmiş bir düşüncəni inkar etmək cəhdi üzərində qurulsa da, bu ideya, şübhəsiz, uğurlu oldu. Kaşğari öz oxucularını bu ideya ilə cırnatmaqla kifayətlənmir, onlara türk dillərini öyrənmək, bu dillərin daşıyıcılarının mədəniyyəti ilə tanış olmaq istiqamətində praktiki plan təqdim edirdi. Bu plan əsasında o, yalnız ayrı-ayrı söz və ifadələrdən deyil, həm də bütün türk dünyasına məxsus atalar sözləri, məsəllər, poeziya nümunələri və xalq müdrikliyinin zərrələrindən ibarət türk-ərəb lüğətini yazdı. Bütün bunlar orijinal türk dillərində, ərəb hərfləri ilə yazıldı və sonra ərəb dilinə tərcümə edildi. Bundan əlavə, Kaşğari öz əsərini müxtəlif türk tayfaları və onların adət-ənənələri barədə kiçik hekayələrlə bəzədi, hətta oxucunu hər tayfanın məskunlaşdığı yerlə tanış etmək üçün xəritə də tərtib etdi.

Bu işin daha bir çətinliyi də onda idi ki, o zamana kimi bu cür əsərlər yazılmamışdı, Kaşğarinin istifadə edə biləcəyi heç bir model mövcud deyildi. Əlbəttə, ərəb dilində yazıb-yaratmış coğrafiyaşünasların klassik məktəbi vardı. Bu məktəbin ən yaxşı nümayəndələri Kaşğaridən 150 il əvvəl yaşamışdılar (o cümlədən, Orta Asiyalı Əbu Zeyd Bəlxi). Onun coğrafiya haqqında yazdığı kitab (sonradan itmiş və günümüzə kimi gəlib-çatmamışdır) müsəlman dünyasının müxtəlif siyasi quruluşlarını təsvir etmək istəyən ərəblərin arasında geniş yayılmışdı. Bundan əlavə, müxtəlıif lüğətlər də vardı, amma onların heç biri türk dilində deyildi.

Bununla belə, Kaşğari bir məsələdə yenilik tərəfdarı deyildi. O, öz əsərinə daxil etdiyi xəritəni dairəvi formada hazırlamışdı. Bu həndəsi sxem Avropada, ərəb aləmində və Çində hələ də istifadə edilirdi, amma faktiki olaraq köhnəlmiş sayılırdı. Onun yerini iki əsr əvvəl Xarəzmi və müasirlərinin işləyib-hazırladıqları, coğrafi uzunluğu və enliyi göstərən xəritələr tutmuşdu. Düzdür, Kaşğarinin xəritəsi köhnəlmiş sayıla bilər, lakin o, ilk şəxs idi ki, bu xəritədən müəyyən etnik və linqvistik qrupların məskunlaşmasını göstərmək məqsədi ilə istifadə etmiş, həmin qruplara məxsus dil və şivələrin lüğətini ona əlavə etmiş, daha sonra onların poeziyasından və hikmətli sözlərindən ən gözəl nümunələri təqdim etmişdi. Bütün bunlar bir kitabda toplanmışdı.

“Divanu lüğət əl-türk” üzrə mütəxəssis, isveçrəli alim Andreas Kaploni qeyd edir ki, Kaşğarinin məqsədi yalnız dillərin sadə təsvirindən ibarət deyildi. Öz əsərində o, bu dilləri öyrənməyin “açarını” vermək istəyirdi. Bu, ona bənzəyir ki, bu gün kimsə bir dərslik çərçivəsində yalnız fransız və ya ispan dilinin deyil, bütün roman dillərinin öyrənilməsi üçün bilikləri verməyi öz qarşısına məqsəd qoymuş olsun. Kaşğari öz doğma dilindən (xaqan və ya qaraxan dili – qədim uyğur türk ədəbi dilinə yaxın olan dil) başlayır. Kaploni bunu belə izah edir: “Bir dildən başqa dilə keçmək üçün Kaşğari öz oxucuna fonetik və morfoloji qaydalar təqdim edir, bu qaydaların istisna hallarını, yəni bu və ya digər tayfanın işlətdiyi sözləri göstərir. O, vurğulayır ki, bütün bu qaydaları və misalları yadda saxlayan oxucu türk dillər qrupuna aid olan istənilən dili anlaya bilər”.

Kaşğari öz əsərini təvazökarlıqdan uzaq olan bu fikirlə başlayır ki, bu cür çətin işin öhdəsindən yalnız o gələ bilərdi: “Mən türk şəhərlərini və çöllərini gəzdim, onların şivələrini və ədəbiyyatını öyrəndim. Mən türklərin arasında ən bəlağətli, öz fikrini ən aydın ifadə edə bilən, ən savadlı, əsil-nəsəb baxımından ən nəcabətli, nizə atmaqda ən mahir şəxslərdən biriyəm. Mən bütün tayfaların şivələrini mükəmməl şəkildə bilirəm və bunları zərif bir ardıcıllıqla düzmüşəm”.

Daha sonra o, etiraf edir, bu araşdırmada Allah özü ona yardım etmişdir və onun kitabı “əbədi abidə, ötüb-keçməyən (köhnəlməyən) dəyər” olacaq…
(yazı şərqşünas S.F.Starrın “İtirilmiş Maariflənmə: ərəb fütuhatından Teymurləngin dövrünə kimi Mərkəzi Asiyanın qızıl əsri” kitabının əsasında hazırlanmışdır)

(Üçüncü hissə)

Qurandan və hədislərdən ilham alan dahi türk

Müsəlman mədəniyyətinin böyük simaları

Kaşğari qətiyyən buna şübhə etmirdi ki, köçəri türklərin mədəniyyəti və dəyərləri dünyanı keyfiyyət baxımından yeni bir mərhələyə çıxarmaq üçün (Allah tərəfindən) seçilib. O, öz lüğətinin müqəddiməsində yazırdı: “Türklər zəmanənin hakimidirlər, dünyanı idarə etməyin ipini Allah onların əlinə vermiş, onları digər insanlardan daha yüksəyə ucaltmış, onlara yaxın və sədaqətli olanları gücləndirmiş, haqqa doğru yönəltmişdir”. Türk anlamı altında Kaşğari, əlbəttə ki, atalar sözlərini, xalq ədəbiyyatı nümunələrini, xüsusilə də türk dilini qoruyan, gələcək nəsillərə ötürən sadə kişilər və qadınlar da daxil olmaqla bütün əhalini nəzərdə tuturdu.

Kaşğari ilahi iradəni türk dilini öyrənməyin vacibliyinə sübut kimi gətirirdi. Buxaridən 200 il sonra Kaşğari təntənəli şəkildə elan etdi ki, İmam Buxari və Nişapuri ona Peyğəmbərin əsl hədisini çatdırmışlar. Bu hədisdə Peyğəmbər bəşəriyyəti “türklərin dilini öyrənməyə çağırırdı, çünki onların hakimiyyəti uzunmüddətli olacaq”. Başqa sözlə, türk dilini və türk mədəniyyətini öyrənmək artıq möminin vəzifəsi idi. Daha sonra o, Peyğəmbərin başqa bir hədisini də təqdim edir: “Türklər bütün xalqlardan üstündürlər”. Qaraxani və Səlcuq hökmdarları bu təbliğat addımından çox razı qalmalı idilər.

Bu müqəddimədən sonra Kaşğari lüğətin mətninə keçir. O, kitabı yazmağa başladığı tarixi qeyd etmişdir: 25 yanvar 1072-ci il. Kitab üzərində beş illik yaradıcılıq prosesini nəzərə alsaq, o, öz işini 1072-ci il yanvarın 9-da bitirmişdir. Birinci səhifədən sonuncu səhifəyə kimi Kaşğari öz populist baxış bucağına sadıq qalır, çoxsaylı türk şivələri və mədəniyyətləri arasında heç bir üstünlük fərqi irəli sürmür. Mətbəx, qan qohumluğu, xalq təbabəti kimi etnoqrafik elementlər barədə onun yazılarında dərin hörmət hiss olunur.

Bu mövqeyi qoruyub-saxlamaq çətin deyildi. Çünki Mahmud Kaşğari öz kitabında türklər üzərindəki bütün xarici təsirləri diqqət mərkəzindən kənara atmışdır. Doğrudur, o, Makedoniyalı İsgəndərin Orta Asiyaya hücumu ilə bağlı olan hadisələr üzərində maraqla dayanır, amma nəzərdən qaçırmayaq ki, kitab qələmə alındığı zaman min ildən artıq tarixi olan bu hadisələr türk həyat tərzinə bütünlüklə hopmuşdu. Digər yerlərdə Kaşğari türk tayfalarını xarici təsirdən uzaq şəkildə təsvir edir. Bu nöqteyi-nəzər cəzbedici olduğu qədər də yanlışdır.

Kaşğarinin türk məişətinə və mədəniyyətinə dərindən baş vurması onun tərəfindən irəli sürülmüş ən mühüm yeniliklərdən biri idi. O, öz kitabına türk dilində uzun poemaları və atalar sözlərini daxil etmişdi, amma oxucunun işini asanlaşdırmaq üçün mətnin əsas hissəsi ərəb dilində verilmişdi. Kaşğari sanki yeni başlayanlar üçün dərslik yazırmış kimi aydın və dəqiq üslubda yazırdı. Bununla yanaşı, bu kitab ekzotik yerlərə səyahətdən təzəcə qayıtmış və sadəlövh, amma savadlı auditoriya ilə ilk təəssüratlarını bölüşən antropoloqun heyranlıq içində qələmə aldığı hesabatı xatırladır. Kaşğari təvazökar davranaraq, yazılarını birinci şəxsin adından yazmaqdan (“mən” sözü işlətməkdən) çəkinir. Bununla belə, kitab boyunca oxuculara bu fikri ardıcıl təlqin edir ki, bütün bu məlumatlar tanınmayan məkanlara səfər etmiş, az öyrənilmiş xalqların içində bir neçə ay yaşamış, hər şeylə maraqlanan etnoqraf və dilçinin (yəni müəllifin) səyləri sayəsində əldə edilmişdir.

Kaşğari öz əsərinə çoxlu sayda atalar sözü və xalq deyimi daxil etmişdir. Məqsəd türk mədəniyyətinin müdriklikdə başqalarından geri qalmadığını oxucuya çatdırmaqdır. Bu nöqteyi-nəzərə atalar sözlərini sübut kimi gətirməklə o, türkləri insanın kamilləşmə imkanları ilə bağlı əsassız illüziyalara inanmayan realist xalq kimi təqdim edir: “Uzunğulağın üstündəki yəhər-yüyən onu ata çevirməz”. “Başqasına pislik edən bunu özünə edir”.
Kaşğariyə görə, türklər yaxşı anlayırdılar ki, dünyada heç nə mübarizəsiz qazanılmır: “Bal toplayan adam arıların sancmasına da dözməlidir”. Onlar mübariz ruhlu idilər, amma mübarizənin nəticəsini də anlayırdılar: “İki dəvənin davasında ölən onların arasında uçan milçək olar”. Hər kəs öz hərəkətlərinə görə cavabdehdir, çünki “hər qoyunu öz ayağından asarlar”. Türklər ciddiyyəti və hər şeyə realist baxışı dəyərləndirirdilər: “Dovşan dağa qəzəblənib, dağın bundan xəbəri yox”.

Türklər biliyin əhəmiyyətinə inanırdılar: “Bilən və bilməyən eyni deyil”. Onlar uzaqgörənliklə davranır və bədbinliyə qapılmırdılar, çünki “tək bir qarğa ilə qış gəlməz”. Ardıcıl zəhmət mütləq öz bəhrəsini verər: “Tez evlənən öz ailəsini böyüdər, yuxudan tez oyanan çox yol qət edər”.

(Dördüncü hissə)

Onun xəritəsində dünyanın mərkəzi türk torpağı idi

Müsəlman mədəniyyətinin böyük simaları

Kaşğarinin xəritəsində Misir, Hindistan, Rusiya və Çinin müasir ərazisini, onların arasında yerləşən torpaqların əksəriyyətini görmək olar. Yaşıl yarımdairə ilə seçilmiş Yaponiyanın təsviri daha çox maraq doğurur. Bu, bizə məlum olan ilk türk xəritəsi olmaqla yanaşı, bu gün də Yaponiyanın təsvir edildiyi ən qədim dünya xəritəsi kimi qəbul olunur.

Mahmud Kaşğarinin seçdiyi format coğrafi uzunluq və en dairələri xətlərinə bölünən xəritələrə nisbətən böyük bir üstünlüyə malik idi: Kaşğarinin xəritəsinin mərkəzi var idi. Ərəb xəritəçəkənləri dairəvi xəritələri çox sevirdilər, çünki dairənin tən ortasında Məkkəni yerləşdirmək mümkün idi. Amma Kaşğari fokus nöqtəsini dəyişdirdi. Onun mövzusu nə İslam aləmi, nə də türklərin dünyası idi; buna görə onun xəritəsində nə Məkkə, nə də Bağdad təsvir edilmişdi. Kaşğari demək olar ki, bütün dünyanı o zamanlar Qaraxanilərin əsas şəhəri olan Balasaqunun başına fırlanan vəziyyətdə təsvir etmişdi. Bu, siyasi cəhətdən düşünülmüş addım idi.

Təcrübəyə söykənən fəaliyyətinə baxmayaraq, Kaşğarinin türklər haqqında təsəvvürü özünü aldatmaq həddinə çatan romantikadan məhrum deyildi. O deyirdi ki, türk yabançı dünyaya (yəni həmin dövrdə fars dünyasına) həddən çox yaxınlaşanda dil və mədəniyyət baxımından özünəməxsusluğunu itirməyə başlayır. Məgər Kaşğarinin öz həyatı elə bu cür kosmopolitizmin bariz nümunəsi deyildimi? O qədim türk dualarını artıq oxumurdu, ərəb dilini bütünlükdə qəbul etmişdi və Samani mədəniyyətini öz canına hopdurmuş bir sülalə ilə ailə bağlılığı qurmuşdu. Zəmanəyə çox uyğunlaşmağı bacaran bu şəxs sanki itirilmiş cənnətin həsrətində idi, sözlərin nəhəng enerjiyə malik olduğu, poeziya və müdrikliyin hökm sürdüyü yerin xiffətini çəkirdi.

Türk mədəniyyətini fəal təbliğ edən Kaşğari qəlbinin dərinliklərində bədbin olaraq qalırdı. Mümkündür ki, o da Firdovsi kimi İslamdan əvvəlki irsin mühüm elementlərinin birdəfəlik məhv olmasından qorxduğu üçün var gücü ilə onları qeydə almaqla məşğul idi. Bu məqsədlə hər ilin konkret heyvanla bağlandığı 12 illik türk təqviminə aid böyük bir ədəbi parçanı öz kitabına daxil etmişdi. Qaraxani və Səlcuq hökmdarlarının qəbul etdikləri müsəlman təqvimi köhnə sistemi əvəz etsə də, köhnə təqvim 12 aylıq müsəlman təqvimi ilə yanaşı hələ istifadə edilirdi və 200 il sonra da monqol torpaqlarında qüvvədə idi.

Kaşğari kitabda özünü həm türklərdən biri və özününkü kimi, həm də onları kənardan öyrənən tədqiqatçı kimi təqdim etməyə çalışırdı. Bəli, o, məğrur türk idi və oxucusuna da bunu unutmaq imkanı vermirdi. Lakin onun türklər haqqında təsəvvürü yaşadığı dövrün kosmopolitizmi ilə qarışmışdı. O, ərəb dilçilərindən və fars əsatir toplayanlarından (Firdovsi də daxil olmaqla) mənimsədiyi üsullardan tərəddüd etmədən istifadə edirdi.
Beləliklə, Kaşğarinin əsəri türklər tərəfindən idarə olunduqlarını yenicə dərk etməyə başlayan fars və ərəb oxucular üçün qələmə alınmış, türklərə aid olan hər şeyi siyasi məqsədlər naminə mədh edən bir kitab təsiri bağışlayır. Çöllərdə apardığı araşdırmalara və şəxsi qənaətinə əsaslanaraq o, oxucunu inandırırdı ki, hər şey yaxşı olacaq və qarşıda onları yeni imkanlar gözləyir. Amma onlar yeni dövrün reallığını dəqiq anlamalıdırlar. Kaşğari iddia edirdi ki, guya Peyğəmbər türk mədəniyyətinin və türklərin üstünlüyünü bəyan edib. Bunu axmaqcasına inkar edən hər kəs “özünü oxlara nişan edəcək”. Başqa sözlə, bu kitabın missiyasını inkar edən istənilən şəxs öləcək!
Bununla yanaşı, Kaşğarinin “Divani-lüğət”i əbədi mədəni dəyərlərə böyük bir ehtiramdır. Kitabın müəllifinə həyat bu qanunu öyrətmişdi ki, heç nə ötəri şeylərdən daha artıq dərəcədə qaları ola bilməz. Əbədi və dəyişkən dəyərlərin qarşıdurması kitabın ana xəttini təşkil edir. Amma bu gərginlik oxucunu mənfi yükləmir, əksinə, kitaba yeni ruh verir, onu yenilikçi etnoqrafik araşdırma çərçivəsindən çıxarır və daha uca səviyyəyə yüksəldir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button