İslam tarixiMəqalələr

“Ümmətin alimi” ləqəbli səhabə – Abdullah ibn Abbas

(Birinci hissə)

Abdullah ibn Abbas Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi oğludur. Atası Abbas ibn Əbdülmüttəlib, Peyğəmbərin (s) atası Abdullahla atabir-anaayrı qardaş idi. Əllamə Məclisi “Bihar əl-ənvar” kitabında İbn Şəhraşubun “Mənaqib” əsərinə istinadən yazır ki, Əbdülmüttəlibin 10 oğlu və 7 qızı vardı; yəni Həzrət Mühəmməd Peyğəmbərin (s) 9 əmisi və 7 bibisi vardı. Əbdülmütəlibin oğullarının adları bunlardır: Haris, Zübeyr, Həcl (digər adı Ğeydaq), Zirar (digər adı Nofəl), Müqəvvəm, Əbu Ləhəb (əsil adı Əbdül-Üzza), Abdullah (Peyğəmbərin atası), Əbu Talib (İmam Əlinin (ə) atası), Həmzə və Abbas. (Əllamə Məclisi daha sonra Peyğəmbərin (s) əmilərinin sayı barədə fərqli fikirlərin olduğunu da yazır və həmin variantları qeyd edir). Bu qardaşların hər biri Əbdülmütəlibin fərqli qadınlarla izdivacından doğulmuşdu; yalnız Abdullahla Əbu Talibin anası eyni qadın idi (Əmr qızı Fatimə). Peyğəmbərin (s) bəzi əmiləri kiçik yaşlarında ikən vəfat etmiş, bəzilərinin nəsli qalmamışdı. Peyğəmbərin (s) dörd əmisinin nəsli davam etmişdir: Əbu Talib, Həmzə, Abbas və Əbu Ləhəb.

Abbas həm də Əbdülmüttəlibin ən kiçik oğlu sayılır. Belə ki, Abbasla Həzrət Mühəmməd Peyğəmbər (s) əmi-qardaşoğlu olsalar da, aralarında cüzi yaş fərqi vardı. Abbasın o həzrətdən 3-4 yaş böyük olduğunu yazırlar. Bir gün ondan: “Sən daha böyüksən, yoxsa Allahın Rəsulu?” deyə soruşulduqda, belə cavab vermişdi: “O, məndən böyükdür, amma mən ondan əvvəl doğulmuşam”. Bu cümlədən görünür ki, Abbas hörmət məqsədi ilə Peyğəmbəri (s) özündən böyük adlandırır, daha doğrusu, o həzrəti özündən kiçik saymağı ədəbsizlik kimi qəbul edirdi. Peyğəmbərin (s) əmiləri arasında ən gec vəfat edən də Abbasdır.

Abdullah ibn Abbasın anası Ümmül-fəzl künyəli Lübabə bint Haris adlı qadın olmuşdur. Lübabə böyük ərəb qəbilələrindən olan Həvazin qəbiləsinə mənsub idi. Həvazin ilə Qüreyş tayfasının soykökləri Həzrət İsmayıl Peyğəmbərin (ə) nəslindən olan Müzərdə birləşirdi. (Müzər Həzrət Mühəmməd Peyğəmbərin (s) 17-ci nəsildən ulu əcdadı sayılır).

Abdullah ibn Abbas ana tərəfdən digər vasitələrlə də Peyğəmbərə (s) və digər məşhur səhabələrə qohum olmuşdur. Belə ki, Lübabənin atabir bacısı Meymunə bint Haris sonralar Həzrət Mühəmməd Peyğəmbərin (s) izdivacına daxil olmuşdu. Onun anabir, amma ataayrı bacısı Zeynəb bint Xüzeymə də Peyğəmbərin (s) həyat yoldaşlarından biri olmaq şərəfini qazanmışdı. Beləliklə, Abbas İslam Peyğəmbərinin həm əmisinin oğlu, həm də baldızının oğlu sayılırdı.

Lübabənin özündən kiçik eyniadlı daha bir bacısı vardı. Onları fərqləndirmək üçün İbn Abbasın anasına Lübabət əl-kübra (böyük Lübabə), bacısına isə Lübabət əl-suğra (kiçik Lübabə) deyirlər. Lübabət əl-suğra müsəlmanların Ühüd savaşındakı məğlubiyyətinin səbəbkarlarından biri olmuş, sonralar İslamı qəbul edib sərkərdə kimi tanınmış Xalid ibn Vəlidin anasıdır. Beləliklə, Abdullah ibn Abbasla Xalid ibn Vəlid xalaoğlu idilər.
İbn Abbasın anası Lübabənin daha iki bacısı da məşhur səhabələrin həyat yoldaşları olmuşdur. Belə ki, onun anabir bacılarından biri Əsma bint Ümeys əvvəlcə Əbubəkrə ərə getmiş, onun vəfatından sonra Cəfəri-təyyarın (İmam Əlinin (ə) qardaşının) həyat yoldaşı olmuş, onun da şəhadətindən sonra İmam Əli (ə) ilə ailə qurmuşdu. Daha bir bacısı Səlma bint Ümeys isə Ühüd şəhidi Həmzə ibn Əbdülmüttəlibin (Peyğəmbərin (s) əmisinin) arvadı idi.

Abdullah ibn Abbasın künyəsi Əbul-Abbas, məşhur ləqəbləri “hibr əl-ümmə”, yəni ümmətin alimi və “bəhr”dir (dəniz; elminin dərinliyinə görə ona bu ləqəb verilmişdi). Ərəblər yəhudi alimlərinə, yəni Tövratın üzünü köçürən və şərh edən ilahiyyatçılara “hibr” (və ya “həbr”) deyirdilər, bunun cəm şəkli “əhbar”dır (əvvəl yəhudi dinində olub, sonra İslamı qəbul etmiş səhabə Kəbül-əhbarı yada salaq). Yəhudi alimlərinin Tövrata qarşı diqqətcilliyi və özünü elmə həsr etmələri bu adın müsəlmanlar arasında mənfi yox, məhz müsbət mənada işlənməsinə səbəb olmuşdu. Bunu da nəzərdən qaçırmayaq ki, dini kitablarda ad çəkilmədən yalnız “İbn Abbas” yazıldığı zaman məhz Abdullah ibn Abbas nəzərdə tutulur.

(İkinci hissə)

Abdullah ibn Abbas hicrətdən 3 il əvvəl dünyaya gəlmişdi. O zaman Peyğəmbər (s) də daxil olmaqla bütün müsəlmanlar Məkkə müşrikləri tərəfindən baykot edilib, Şibi-Əbitalibdə, yəni Həzrət Əlinin (ə) atası Əbitalibə məxsus olan və Məkkə kənarında yerləşən məntəqədə təcrid olunmuş şəkildə yaşayırdılar. Abdullah anasının tərbiyəsi, Peyğəmbərin (s) nəzarəti altında böyüdü.

Abdullahın atası Abbasın nə zaman İslamı qəbul etməsi məsələsinə tədqiqatçıların münasibəti fərqlidir. Əhli-sünnə məzhəbində üstün olan rəyə görə, Abbas Məkkə dönəmində iman gətirməmiş, yalnız Bədr savaşından sonra İslamı qəbul etmişdi. Bədr savaşında Abbasın müşriklər tərəfində iştirak etdiyini bu fikrin sübutu kimi göstərirlər.

Şiə inancına görə isə Abbas İslamın ilk dövrlərində iman gətirmiş, lakin Peyğəmbəri (s) daha yaxşı qorumaq imkanını qazanmaq niyyətilə müsəlman olduğunu gizlətmişdi və müşriklərin arasında yaşayırdı. Onun Əqəbə beyətində iştirak etməsi və Peyğəmbərin tərəfindən vəkil kimi danışması da buna sübut ola bilər; Əqəbə beyətində Abbas yəsriblilərə Peyğəmbəri (s) qorumağı tövsiyə etmişdi.

Onun həyat yoldaşı (Abdullahın anası) Lübabə isə İslama dəvətin lap əvvəllərindən aşkar şəkildə müsəlman olmuşdu. Hətta İslam mənbələrində onu Allah Rəsulunun (s) həyat yoldaşı Xədicədən sonra iman gətirmiş ilk qadın adlandırırlar; məlumatlara görə, o, Xədicənin dəvəti ilə İslam dininə gəlmişdi. Buna görə də, həyat yoldaşı Abbasla deyil, müsəlmanlarla birlikdə yaşamış və Şibi-Əbitalibdə onlarla birlikdə qalmışdı. Bununla belə, Peyğəmbər (s) Abbasla Lübabənin kəbinini pozmamışdı. Lübabənin Abbasla nikahda qalması Abbasın imanına bir sübutdur. Çünki Peyğəmbər (s) müsəlman qadını müşrik kişinin nikahında saxlamırdı, şəriətə görə də bu cür kəbin batildir. Peyğəmbər (s) bu məsələdə yaxın qohumlara da güzəşt etmirdi. Tarixdən məlumdur ki, o həzrətin öz qızı Zeynəb iman gətirsə də, əri Əbul-As müşrik olduğu üçün, aralarındakı nikah pozulmuşdu.

Abbas İslam tarixində özünəməxsus rol oynamış və beş əsrdən çox hakimiyyət sürmüş Abbasilər sülaləsinin əcdadıdır. Daha dəqiq desək, Abbasi xəlifələri Abbasın və oğlu Abdullahın nəslindən gəlmişlər. Belə ki, ilk Abbasi xəlifəsi Əbül-Abbas Səffah, Peyğəmbərin (s) əmisi Abbasın nəvəsinin nəvəsi olmuşdur.

Dini mənbələrdə Peyğəmbərin (s) öz əmisi Abbas barədə hörmət və sevgi ifadə edən bəzi hədisləri mövcuddur. Məsələn: “Mənim haqqımı əmim Abbasa ehtiram göstərməklə verin; çünki o, ata-babamın yadigarıdır”. “Kim Abbası incitsə, məni incitmiş kimidir; çünki əmi adamın atasının qardaşıdır” (Bihar əl-ənvar, 22-ci cild, səh. 286). Bəzi tədqiqatçılar bu cür hədislərin (Əllamə Məclisi bunları Şeyx Tusinin “Əmali” kitabından nəql edir) Abbasi xəlifələri zamanında yaradıldığını və Abbasilərin hakimiyyətini dəstəkləmək məqsədi güddüyünü iddia edirlər.
Peyğəmbər (s) Abbas barədə nə qədər sevgi ilə danışmışsa da, onun nəsli barəsində bir o qədər narazılıq və bizarlıq bildirmişdir. O həzrət, Abbasilər sülaləsinin gələcəkdə törədəcəkləri bütün cinayətləri peyğəmbərlik gücü ilə qabaqcadan hiss edirdi (Əhli-beyt imamlarının altısı məhz Abbasi xəlifələrinin əmri ilə zəhərlədilib şəhadətə çatmışdır).

Abbasilər Əməviləri hakimiyyətdən devirmək üçün özlərini Əhli-beytin intiqamçısı kimi göstərir və “Ali-Mühəmmədin rizası (razılığı)” şüarı ilə çıxış edirdilər. Onların məqsədi şiələri öz hərəkatlarına cəlb etmək və hakimiyyətə çatmaq üçün onları alətə çevirmək idi. Əhli-beyt imamları bu məqsədi duyduqları üçün nə özləri Abbasilərin mübarizəsinə qoşuldular, nə də tərəfdarlarına bu icazəni verdilər. Abbasilər hakimiyyəti ələ keçirdikdən sonra bu hakimiyyətin legitimliyini əsaslandırmaq üçün müxtəlif bəhanələr uydurmağa başladılar. Abbasın digər Qüreyşilərdən üstünlüyü barədə qondarma hədislər yaradıldı. Abbasi təbliğatçıları deyirdilər ki, şəriətə görə, bir şəxs rəhmətə gedəndə, onun varisləri ata-anası, övladı, baba-nənəsi, qardaş-bacısı və əmi-dayısı sayılır. Bu təbəqələrdən hansı biri həyatda olmasa, irs növbəti sıraya keçir. Peyğəmbər (s) vəfat edərkən, nə valideynləri, nə baba-nənəsi sağ idi. O həzrətin qardaşı da, oğlu da yox idi. Əmiləri arasında isə yalnız Abbas sağ idi. Beləliklə, Peyğəmbərin (s) xəlifəsi onun yeganə kişi varisi – əmisi Abbas olmalı idi. Lakin Abbasilərin bu əsaslandırması kökündən yanlışdır. Əvvəla, Peyğəmbərdən (s) sonra müsəlmanlar üzərində hakimiyyət irsi şəkildə ötürüləcək məsələ deyildi. İkincisi, o həzrət öz sağlığında Allahın əmrini müsəlmanlara çatdırmış və İmam Əlini (ə) canişin təyin etmişdi (Qədir-Xüm hadisəsi və onlarla mötəbər hədis buna sübutdur).

(Üçüncü hissə)

Şeyx Səduq rəvayət edir ki, bir gün vəhy mələyi Cəbrail (ə) əyninə qara qəba (üst geyimi) geyinmiş, belinə xəncər bağlamış halda Peyğəmbərə (s) nazil oldu. Həzrət ondan soruşdu: “Ya Cəbrail, bu nə geyimdir?” Cəbrail (ə) cavab verdi: “Bu, sənin əmin Abbasın oğullarının geyimidir” (qara rəng Abbasi xəlifələrinin simvolik rəngi idi). Peyğəmbər həmin yerdən durub Abbasın yanına getdi və ona buyurdu: “Ay əmi! Vay mənim balalarımın halına sənin balalarının zülmündən!” Abbas narahat olub söylədi: “Ey Allahın Rəsulu! İcazə verirsənmi özümü sonsuz edim? (axtalayım)” Həzrət cavab verdi: “Artıq qələm yazdığını yazıb (olan-olub, keçən-keçib)” (Mən la yəhzuruh əl-fəqih, 1-ci cild, səh. 252). Həmin hədis “Bihar əl-ənvar” kitabında da nəql olunub (18-ci cild, səh. 119; 22-ci cild, səh. 291).

Yenə “Bihar əl-ənvar” kitabında yazılıb ki, bir gün Həzrət İmam Zeynülabidin (ə) Abdullah ibn Abbasın barəsində buyurdu: “Bunun belində cəhənnəm alovu üçün yaradılmış əmanət var. Bunun belindən gələnlər müsəlmanları dəstə-dəstə Allahın dinindən döndərəcək, yer üzünü hələ böyüyüb boya-başa çatmamış Peyğəmbər balalarının qanı ilə boyayacaqlar” (24-cü cild, səh. 219).

Peyğəmbərdən (s) sonra Əhli-beyt imamları (ə) da Abbasilərin barəsində tənqidi fikirlər söyləmiş, onların faciəli aqibətindən xəbər vermişlər. Müfəzzəl ibn Müzəyyəd adlı səhabə rəvayət edir ki, İmam Cəfər Sadiqə (ə) dedim: “Onlar (yəni Bəni-Abbas) bir-biri ilə yola getmirlər”. İmam buyurdu: “Sənin onlarla nə işin var?! Onların yaranması haradan, hansı yerdəndirsə, məhvi də həmin yerdən olacaq”. Mərhum Əllamə Məclisi “Bihar əl-ənvar”da bu hədisi şərh edərək yazır ki, İmamın sözlərinin doğruluğu çox-çox sonralar sübuta yetdi. Necə ki, Əbu Müslim Xorasani İran torpağından qalxıb, hərəkata başlamış və Abbasiləri hakimiyyətə gətirmişdi, Hülakular (Elxanilər) də İran torpağından hücum edib, onları devirdilər (Bihar əl-ənvar, 47-ci cild, səh. 154-155).

Hədislərin birində İmam Əlinin (ə) də belə buyurduğu rəvayət olunur: “Bəni-Abbasın hakimiyyəti Xorasandan gələcək, Xorasandan da gedəcək” (Reyşəhri. Mövsuət əl-İmam Əli ibn Əbitalib, 11-ci cild, səh. 137).
İmam Əlinin (ə) xilafəti zamanında bir gün Abdullah ibn Abbas zöhr vaxtı camaat namazında iştirak etmədi. Səbəbini soruşanda dedilər ki, Abdullahın oğlu olub, başı qarışıq olduğuna görə namaza gəlməyib. İmam səhabələrini də götürüb, Abdullah ibn Abbasgilə getdi. Körpəni o həzrətə göstərdilər. Həzrət Əli (ə) uşağı qucağına alıb, ona nə ad qoymaq istədiklərini soruşdu. Abdullah cavab verdi: “Ya Əmirəl-möminin, məgər mənə yaraşarmı ad qoymaqda sizi qabaqlayım?” İmam bir xurma tikəsini ağzında çeynəyib körpəyə yedizdirdi, sonra onu atasına qaytarıb belə dedi: “Al hökmdarların atasını! Adını Əli, künyəsini Əbül-Həsən qoydum” (Seyyid Məhəmməd Nəcəfi Yəzdi. Əmirəl-mömininin öngörmələri, səh. 132).

Abdullah ibn Abbasın bir neçə doğma və atabir-anaayrı qardaşı var idi: Fəzl, Təmmam, Küseyr, Qüsəm, Möbəd, Übeydullah, Əbdürrəhman, Haris, Ovn. Qardaşların böyüyü olan Fəzl (o, Abdullahın atabir-anabir qardaşı idi və Abbas onun adı ilə Əbulfəzl künyəsini daşıyırdı) Peyğəmbərin (s) vəfatından sonra dünyasını dəyişmişdi. Onun vəfat tarixi müxtəlif mənbələrdə hicri 11-ci il ilə 18-ci il arasında fərqli şəkillərdə qeyd edilir. Abdullahın anaayrı qardaşları Təmmam ilə Küseyr kənizdən doğulmuşdular. Təmmam İmam Əlinin (ə) zamanında bir müddət Mədinə şəhərinin valisi olmuş, Küseyr isə uzun illər yaşayaraq, Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvanın zamanında dünyadan köçmüşdü. Qüsəm ibn Abbasın Səmərqənd fəthində iştirak etdiyi və oradakı döyüşlərdə şəhadətə çatdığı bildirilir. Abdullahın doğma qardaşlarından biri olan Möbəd Osmanın xilafətinin sonlarında Afrika uğrinda gedən döyüşlərdə şəhid olmuşdu. Əbdürrəhmanın məzarı isə Şamdadır. Göründüyü kimi Abbasın oğullarının məzarları müsəlman torpaqlarının ən ucqar məntəqələrinə səpələnib və bir-birindən çox uzaqda yerləşir. Məşhur alim Kəlbi demişdir ki, dünyada Abbas oğulları kimi elə bir nəsil görmədik ki, məzarları bir-birindən bu qədər uzaq olsun.

Abdullahın özündən kiçik doğma qardaşı Übeydullah tarixdə ziddiyyətli simalardan biri sayılır. Onun İmam Həsənə (ə) xəyanəti barədə bəzi mənbələrdə məlumatlara rast gəlirik. Bu məlumatların səhihliyi bır sıra tədqiqatçılar tərəfindən sual altına salınmaqla yanaşı, həmin məlumatların Abdullaha aid edildiyi və bu zəmində guya Abdullahın İmam Əliyə (ə) xəyanət etməsi barədə məlumatların kitablarda yer aldığı ehtimal olunur. Bu barədə məqalənin növbəti bölümlərində məlumat veriləcək.

(Dördüncü hissə)

Əvvəldə qeyd etdiyimiz kimi, Abdullah ibn Abbas hicrətdən 3 il əvvəl dünyaya gəlmişdi. Beləliklə, o, Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında təqribən 13 il yaşamışdı. Aradakı qohumluq əlaqələri və Abdullahın öyrənməyə olan həvəsi onunla Peyğəmbərin (s) arasında xüsusi bağlılıq yaratmışdı. Allahın Rəsulu (s) onu öz dəvəsinin tərkinə mindirir, ona nəsihət verirdi. Rəvayətə görə, Peyğəmbər (s) onun barəsində belə dua etmişdi: “İlahi, onu dində dərin bilikli et və Qurana məna verməyi ona öyrət! İlahi, ona Quranı öyrət!” (İbn Kəsir. Came əl-məsanid; Səhihi-Buxari).

İbn Abbas Peyğəmbəri (s) diqqətlə izləyir, o həzrətin hədislərini yadda saxlayırdı. Peyğəmbərin (s) vəfatından sonra o, səhabələrdən dərs almağa başladı. Deyirlər ki, Abdullah bir dini məsələni dəqiqliklə öyrənmək üçün 30 səhabədən soruşurdu. Qısa müddət ərzində çalışqanlığı sayəsində o, müsəlmanlar arasında üstün məqam sahibi oldu. Müsəlmanlar İbn Abbasdan dərs almağa başladılar. Abdullah ibn Abbas həftənin günlərində fərqli sahələr üzrə dərs deyirdi. Məsələn, həftənin bir gününü Quran təfsirinə, bir gününü hədislərə, başqa bir günü İslamdan əvvəlki ərəb tarixinə, daha bir günü ərəb ədəbiyyatına ayırmışdı. O, tarix və ədəbiyyat üzrə də dərin bilik sahibi idi. İbn Abbas öz təfsir metodologiyasında cahiliyyə dövrünün ərəb ədəbiyyatı əsasında Quran kəlmələrinə məna vermək praktikasını geniş tətbiq edirdi. İbn Abbasa aid edilən natamam bir Quran təfsiri mövcuddur; bu təfsirdə ayələrin ədəbi özəlliklərinə daha artıq diqqət yetirilir. Qeyd edək ki, təfsir elmindəki müstəsna məqamına görə Abdullah ibn Abbas “tərcüman əl-Quran” ləqəbini qazanmışdı.

İbn Abbas heyrətamiz dərəcədə güclü hafizəyə malik idi. Quran və hədislərdən əlavə, ərəb şairlərinin minlərlə qəsidəsini əzbər bilirdi. Deyilənlərə görə, 80 beytlik qəsidəni bircə dəfə dinləməklə əzbərdən təkrar edirdi. Abdullahın hafizəsi o qədər güclü idi ki, öz beynini yormamaq üçün artıq informasiyalardan uzaq qaçmağa məcbur idi. Hətta ölü üçün növhə deyən qadınların yanından keçəndə əlləri ilə qulaqlarını qapayırdı ki, onların oxuduğu növhələri eşitməklə yaddaşını yükləməsin (Xeyrəddin Zirkili. Əl-Əlam, 4-cü sild, səh. 95).
İbn Abbas xeyli səhabədən hədis rəvayət etmişdir. Amma onun əsas ustadı İmam Əli ibn Əbutalib (ə) idi. Abdullah bu həqiqəti dərk etmişdi ki, Peyğəmbərin (s) barəsində ən düzgün təsəvvürü, sünnənin ən səhih şərhini məhz İmam Əlidən (ə) öyrənmək mümkündür. Abdullah ibn Abbas hələ gənclik illərindən İmam Əliyə (ə) bağlı olmuş, onun imamətini müdafiə etmişdir. Əli (ə) məktəbinin yetirmələri içində Abdullah ibn Abbas xüsusi yer tutur. O, özü deyirdi: “Əli (ə) mənə bilik verib, mənim elmim Əlinin (ə) elmindəndir. Əlinin (ə) elmi ilə müqayisədə bütün səhabələrin elmi yeddi dərya ilə müqayisədə damcı kimidir” (Şeyx Müfid. Əmali, səh. 236). İbn Abbasdan rəvayət edilmiş hədislərdə onun Həzrət Əliyə (ə) və övladlarına məhəbbəti hiss olunur.

İbn Abbas özündən sonra böyük tələbələr nəsli yetişdirmişdir. Onun şagirdləri sırasında öz oğlu Əli, azad edilmiş nökəri İkrəmə, Mücahid, Şəbi, İbn Siyrin, Səid ibn Müseyyib, Həsən Bəsri, Tavus, Əta, Abdullah ibn Ömər, Qasim ibn Mühəmməd ibn Əbu Bəkr (İmam Sadiqin ana tərəfdən babası) və başqaları mühüm yer tuturlar.
Peyğəmbərdən (s) sonra hakimiyyət sürmüş xəlifələrin zamanında da Abdullah ibn Abbas sayılıb-seçilən şəxslərdən biri idi. Yaşının azlığına baxmayaraq, onun rəyi ilə hesablaşırdılar. Hətta Ömər ibn Xəttab ona “qocaların içində ən cavanı” deyə müraciət edirdi. Ömərin xilafəti dövründə İbn Abbas onun müşaviri kimi tanınırdı. Xəlifə çətin məsələlərdə həm onun öz rəyini soruşur, həm də onun vasitəsilə Həzrət Əlidən (ə) yardım alırdı.

Osmanın xilafət illərində Abdullah ibn Abbas bir sıra hərbi yürüşlərə qatılmış və fəallıq göstərmişdi. Afrikanın fəthində, eləcə də, Sasanilərlə aparılan döyüşlərdə İbn Abbas müsəlman qoşununun sərkərdələrindən biri idi. O, Osman ibn Affanla digər səhabələr arasında əlaqələndirici rolunu da oynayırdı. Osmanın qətli zamanı Abdullah həcc ziyarətindəki müsəlmanlara başçılıq edirdi. Mədinəyə qayıtdıqdan sonra o, İmam Əliyə (ə) beyət etdi və o həzrətin ən sadiq silahdaşlarından birinə çevrildi.

(Beşinci hissə)

Abdullah həm öz elmi, həm də fiziki gücü ilə Əhli-beytə xidmət edirdi. Cəməl və Siffeyn savaşlarında İmam Əlinin (ə) tərəfində qoşunun ön sıralarında durdu. Siffeyn savaşında o, İraq qüvvələrinə başçılıq edirdi. Həzrət Əli (ə) hər gün güclü pəhləvanlardan birini öz dəstəsi ilə döyüş meydanına yollayırdı. Növbə ilə Malik Əştər, Haşim ibn Ətəbə, Əmmar ibn Yasir, Mühəmməd ibn Hənəfiyyə, Qeys ibn Səd savaş meydanına qədəm qoymuşdular. Belə günlərin birində Abdullah ibn Abbasın dəstəsinin növbəsi çatdı, düşmən tərəfdən onların qarşısına Müaviyənin qardaşı oğlu Vəlid ibn Ətəbə ibn Əbu Süfyan öz döyüşçüləri ilə birlikdə çıxdı. Bu dəfə də İbn Abbas öz igidliyi ilə düşmən sərkərdəsini susdura bildi.

Siffeyn müharibəsi boyunca Abdullah ibn Abbas İmam Əlinin (ə) yanında qərar tutmuşdu və onun ən yaxın məsləhətçilərindən sayılırdı. Peyğəmbərin doğma əmisi oğlu olan Abdullahın qarşı cəbhədə durması Müaviyənin uğur qazanmasına ciddi mane olurdu. Buna görə Müavuyə hər yolla Abdullahı öz tərəfinə çəkməyə çalışır, onun yanına qasidlər göndərirdi. Lakin İbn Abbas bütün şirnikləndirici təkliflərə rədd cavabı verdi və İmama (ə) xəyanət etmədi.

Abdullah Siffeyn savaşının sonlarında Müaviyə tərəfdən ortaya çıxarılmış fitnəni (nizəzlərə Quran vərəqlərini taxmaqla İmamın əsgərlərini çaşqınlığa salmaq və sülhə məcbur etmək addımını) ifşa etmək üçün var gücü ilə çalışdı. İti zehninə görə həkəmeyn (hər iki tərəfdən hakimlər təyin edilməsi) hadisəsində İmam Əlinin (ə) tərəfindən onun hakim olması təklif edilsə də, xəvaric bu təklifi qəbul etmədi, nəticədə həkəmeyn məhz Müaviyənin istədiyi nəticə ilə bitdi. Bundan sonra xəvaric İmam Əlinin (ə) qoşunundan ayrıldı və özünə düşərgə qurub itaətsizlik göstərdi. Həzrət Əli (ə) xəvarici düz yola gətirmək üçün məhz Abdullah ibn Abbası onların yanına göndərdi. İbn Abbasın güclü məntiqi və möhkəm sübutları nəticəsində xəvaricin bir hissəsi təslim oldu, qalanları isə inadkarlığa davam etdi və məsələ müharibə ilə nəticələndi.

Abdullah ibn Abbas İmam Əlinin (ə) zamanında bir müddət məsul hökumət işində də çalışmış və strateji əhəmiyyətli Bəsrə şəhərinin valisi olmuşdu. Bəsrə İmam Əli (ə) ilə Müaviyənin nüfuz dairələrinin sərhədində yerləşirdi. Müaviyənin əlaltıları tez-tez bu məntəqəyə hücumlar edir, qətlü-qarətlər törədirdilər. Məhz Bəsrə valisi kimi xidmət etdiyi müddət ərzində sonralar İbn Abbasın adı ilə bağlanan və mübahisələrə səbəb olan olaylar baş vermişdi. Bu barədə növbəti bölümdə məlumat veriləcək.

İmam Əlinin (ə) şəhadətindən sonra İbn Abbas bəzilərindən fərqli olaraq, Müaviyənin əlaltısına çevrilmədi. O, hər dəfə imkan düşdükcə Əhli-beytin fəzilətlərini dilə gətirir, imamlara qarşı aparılan təbliğatlara qoşulmurdu. İbn Abbas Həzrət Həsənin (ə) imamətini qəbul etmişdi və ona dərin ehtiram bəsləyirdi. İmam Həsənin (ə) dəfni zamanı baş vermiş xoşagəlməz hadisələr zamanı da Abdullah ibn Abbas fitnəkarlara öz etirazını bildirmişdi.
Müaviyənin ölümündən sonra İbn Abbas bir çoxları kimi Yezidə beyət etmədi. İmam Hüseyn (ə) kufəlilərin dəvət məktubuna cavab olaraq İraq istiqamətində yola düşərkən, İbn Abbas o həzrəti bu yoldan çəkindirməyə çalışdı. Yaşının çoxluğu və gözlərinin zəifləməsi Abdullahın İmam Hüseynə (ə) qoşulmasına mane oldu və həzrətin məsələhəti ilə o, Əhli-beyt üzvlərinin himayəsini öhdəyə aldı.

Kərbəla faciəsindən sonra da İbn Abbas öz amalından dönmədi. O, Həzrət Əlinin (ə) oğlu Mühəmməd ibn Hənəfiyyənin yanında Məkkədə qərar tutdu. İbn Abbas nə Abdullah ibn Zübeyrə, nə də Mərvana beyət etmədi. Abdullah ibn Zübeyr onları zorla beyətə məcbur etmək istədi, hətta tonqalda yandırmaqla hədələdi. İbn Abbasın çağırışı ilə Kufədən gələn silahlı dəstə onları həbsdən azad etdi. Bundan sonra Abdullah ibn Abbas Taif şəhərinə çəkildi. Zaman keçdikcə onun səhhəti zəiflədi, Ərəbistan mühiti üçün xarakterik xəstəlik olaraq gözləri tutuldu. Ömrünün son illərini Taifdə keçirən qocaman səhabə hicri 68-73-ci (miladi 687-692-ci) illər arasında, təqribən 70-75 yaşlarında burada vəfat etdi. Onun cənazə namazını Mühəmməd ibn Hənəfiyyə qıldı. Abdullah ibn Abbasın məzarı Taif şəhərindədir.

Tarixi məlumatlara görə, Abdullah ibn Abbasın 2 qızı, 5 oğlu olmuşdur. Abbas, Mühəmməd, Fəzl və Əbdürrəhman adlı oğullarının nəsli qalmamışdır. Abdullah ibn Abbasın nəsli yalnız kiçik oğlu Əli ibn Abdullah vasitəsilə davam etmişdir. Abbasi xəlifələri də onun nəslindəndirlər (Cəmhərət ənsab əl-ərəb, səh. 17).

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button