İslam tarixiMəqalələr

İmam Əlinin (ə) bəzi məşhur ləqəbləri

(Birinci hissə)

İmam Əli ibn Əbutalib (ə) həm dini mövzulu tarixi kitablarında, həm də klassik ədəbiyyat nümunələrində bəzi ləqəblərlə xatırlanır.

Bu ləqəbləri oxuduqda və ya eşitdikdə mütləq Həzrət Əlinin (ə) nəzərdə tutulduğu aydınlaşır.
Ləqəblərin bir qismi künyə qismindəndir (Əbülhəsən və Əbu Türab kimi). Bəzi ləqəbləri İmam Əlinin (ə) valideynləri ona qoymuş, bəzilərini həzrət özünə aid etmiş, bəzilərini Peyğəmbər (s) ona vermiş, bəzilərini müasirləri, bəzilərini də sonrakı əsrlərdə yaşayan Əlisevərlər (o cümlədən, şairlər və ədiblər) o həzrətə layiq bilmişlər.

İmam Əlinin (ə) ən məşhur ləqəbləri bunlardır:

Heydər (aslan), Kərrar (hücumu dəfələrlə təkrar edən və qələbəsiz geri dönməyən), Əsədullah (Allahın aslanı), Seyfullah (Allahın qılıncı), Mürtəza (bəyənilmiş), Şahi-mərdan (igidlərin şahı), Əmirəl-möminin (möminlərin əmiri), Siddiq (doğrucul, sədaqətli), Faruq (haqq ilə batil arasında fərq qoyan) və s.

Aşağıda bu ləqəblərin bəziləri haqqında qısa məlumatı diqqətinizə təqdim edirik. Ədalət naminə, bəzi ləqəblərin yaranma tarixi və daşıyıcıları barədə fərqli fikirləri də qeyd edirik.

Əbu Türab

Ərəb dilindən tərcümədə “toz-torpaqlı, üst-başı toza bulaşmış adam” mənasını verir (hərfi mənası “torpağın atası” deməkdir. Ərəb dilində “əbu” künyəsi atalıqdan əlavə, sahiblik, peşə, sevgi və aidiyyat mənalarını da ifadə edir. Məsələn, Əbu Ləhəb künyəsi (hərfi mənası “alovun atası”) alovun içində yanan, alova aid olan mənasını verir. Məşhur səhabə Əbu Hüreyrə isə pişikləri çox sevdiyinə görə Peyğəmbər (s) hərfi mənası “pişiklər atası” olan bu ləqəbi ona vermişdi.

Əbu Türab künyəsi İmam Əliyə (ə) Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən verilmişdi.

Əmmar ibn Yasirdən rəvayət edilir ki, hərbi yürüşlərin birində (hicri ikinci ildə baş vermiş və Məkkə karvanını ələ keçirmək məqsədi ilə baş vermiş Zül-əşirə qəzvəsi olduğunu yazırlar) fasilə zamanı Əmmarla İmam Əli (ə) yerdə uzanıb dincəlirmişlər. Bu zaman Peyğəmbər onların yanına gəlir və pal¬tarı toza bulaşmış Əlini silkələyərək: “Ey Əbu Türab, qalx!” – deyə buyurur. Sonra Peyğəmbər (ə) Əli ibn Əbu Talibə (ə) gələcəkdə necə şəhid olacağı barədə danışır. Əli (ə) şəhadət xəbərini tam razılıqla qarşılayaraq, bu səadətə nə vaxt nail olacağını səbirsizliklə gözlədiyini bildirir.

Bu hadisədən sonra Əbu Türab künyəsi İmam Əlinin (ə) ən məşhur ləqəblərindən birinə çevrilir. Həm Peyğəmbər (c), həm də səhabələr onu çox zaman bu adla çağırardılar. Maraqlıdır ki, sonrakı dövrlərdə Əhli-beytin düşmənləri İmam Əli (ə) haqqında söhbət düşəndə bu künyəni təhqir əlaməti olaraq işlədirdilər. Həmçinin, İmam Əlinin (ə) guya Fatiməyə (ə) qəzəbləndiyi zaman öz başına torpaq tökdüyü və buna görə Əbu Türab adlandığı barədə rəvayət də Əməvi rejiminin uydurmasıdır.

Əbu Türab künyəsinin mənası barədə də fikirlər fərqlidir. Bir rəyə görə, İmam Əli (ə) yerdə uzanıb yatdığı və üst-başı toz-torpağa bulaşdığı üçün Peyğəmbər (s) onu bu adla çağırmışdı. Bəzi rəvayətlərə görə Əbu Türab künyəsində simvolik məna gizlənib. İmam Əli (ə) Allahın yer üzündə höccəti və bir növ, yerin sahibidir (Peyğəmbərdən sonra). Yer üzü höccətsiz qala bilməz. İrfani anlamda yerin öz varlığını davam etdirməsi üçün üzərində mütləq Allahın höccəti olmalıdır. Bəzi alimlər, arif və sufilər Əbu Türab künyəsini məhz bu mənada qəbul etmişlər.

Əmir əl-möminin

Ərəb dilindən tərcüməsi “möminlərin əmiri (başçısı)” deməkdir. Əhli-sünnə rəvayətlərinə görə, bu ləqəb ilk dəfə ikinci xəlifə Ömər ibn Xəttaba verilmişdir. (Birinci xəlifə Əbu Bəkrə “Ey Allah Rəsulu¬nun xəlifəsi” deyə müraciət edirdilər. Ömər də əvvəllər bu ləqəbi daşıyırdı). Rəvayətə görə, o, İraq valisi Müğeyrə ibn Şöbəyə məktub yazıb tələb etmişdi ki, iki nəfər iti zehinli adamı Mədinəyə göndərsin.

Ömər onlardan İraqdakı vəziyyət barədə ətraflı məlumat almaq istəyirdi. Ədiyy ibn Hatəmlə (bu, səxavəti ilə məşhur olan Hatəm Tainin oğlu idi) Ləbid ibn Rəbiəni xəlifənin hüzu¬runa göndərdilər. Onlar Mədinəyə daxil olub Peyğəmbər məscidinə gəldilər, qapıda Əmr ibn Asla görüşüb xahiş etdilər: “Bizi əmir əl-mömininin yanına apar”.

Bu ləqəbi çox bə¬yənən Əmr ibn As gələnlər haqqında xəbər vermək üçün Ömərin yanına gedir və ona: “Salam olsun sənə, ya əmir əl-möminin!” – deyə müraciət edir. O zamandan Öməri bu ləqəblə çağırmağa başlayırlar. Sonrakı raşıdi, Əməvi və Abbasi xəlifələri də “əmir əl-möminin” ləqəbini daşımışlar. Mərkəzi hakımiyyətin tabeçiliyindən çıxıb müstəqillik elan etmiş dövlətlərin başçıları da özlərinə bu ləqəbi götürürdülər. Miladi 1517-ci ildən etibarən xilafətin ləğvinə kimi “əmir əl-mö-minin” ləqəbi Osmanlı sultanlarına məxsus olmuşdur.

Şiə mənbələrində “əmir əl-möminin” ləqə¬binin yalnız İmam Əli ibn Əbu Talibə (ə) aid olduğu təkid edilir.

Hədislərə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) Əli ibn Əbu Talibin (ə) haqqında dəfələrlə “əmir əl-möminin” kəlməsini işlətmiş və onu bu adla müsəlmanlara təqdim etmişdi (Əllamə Əmini. Əl-Ğədir, 8-ci cild, səh. 87). Qədir-Xum hadisəsində də səhabələr Peyğəmbə¬rin (s) tarşırığı ilə Əli ibn Əbu Talibə (ə): “Əs-¬səlamü əleykə ya əmir əl-möminin” – deyə, beyət etmişdilər. Beləliklə, şiə məzhəbinə görə bu ləqəb Ömər ibn Xəttabdan da əvvəl İmam Əliyə (ə) məxsus olmuşdur.

(İkinci hissə)

Siddiq əl-Əkbər (ən böyük doğrucul)

“Siddiq” sözünün ərəb dilindən tərcüməsi “doğrucul, düzgün danışan, sədaqətli” deməkdir. Qurani-Kərimdə bu söz tək və cəm (“siddiqun”, “siddiqin”) şəklində bir neçə işlənmişdir. Peyğəmbərlərdən Yusif (ə), İbrahim (ə) və İdris (ə) “siddiq” ləqəbi ilə Quranda təsvir edilmişlər (Yusuf, 46: Məryəm, 41 və 56).
“Siddiq” sözü əhli-sünnə mənbələrində birinci xəlifə Əbu Bəkrin ən məşhur ləqəbi kimi göstərilir. Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) meraca gedib qayıtdıqdan sonra bu xəbəri camaata danışdıqda çoxları ona istehza edib güldülər. Amma Əbu Bəkr Peyğəmbərin (s) sözlərini doğru sayaraq təsdiq etdiyi və inandığı üçün müsəlmanlar ona “siddiq” deməyə başladılar. Bəzi alimlər “Zümər” surəsinin 33-cü ayəsini də bununla bağlı təfsir edirlər.

“Səhihi-Buxari”dəki bir rəvayətə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Əbu Bəkr, Ömər və Osmanla birlikdə Ühüd dağına qalxmışdı.

Dağ onların altında silkələndi. Bu zaman Peyğəmbər (s) ayağını yerə çırpıb buyurdu: “Möhkəm dur, ey Ühüd dağı! Sənin üzərində peyğəmbər, siddiq və iki şəhid durublar” (Səhih əl-Buxari, 3686-cı hədis). Burada “siddiq” kəlməsi Əbu Bəkri, “iki şəhid” kəlməsi isə Ömər ibn Xəttabla Osman ibn Affanı ifadə edir (çünki onların hər ikisi sui-qəsd nəticəsində həlak olmuşlar).

Şiə mənbələrində isə “siddiq” ləqəbi Əli ibn Əbu Talibə (ə) aid edilir və bu ləqəbin Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən Ona verildiyi bildirilir. “Bihar əl-ənvar” kitabındakı bəzi rəvayətlərdə bildirilir ki, Əbu Bəkrin xilafətinin başlanğıcında Əli ibn Əbu Talib (ə) “əl-siddiq əl-əkbər” (ən böyük siddiq) və “əl-faruq əl-əzəm” (ən əzəmətli fərqqoyan) ləqəbləri ilə tanınırdı.

Məşhur hədis alimi İbn əl-Əsir “Üsüd əl-ğabə” kitabında Peyğəmbərin (ə) bu hədisini rəvayət edib: “Məndən sonra fitnə baş verəcək. Bu zaman Əli ibn Əbu Talibə tabe olun. O, qiyamət günündə mənimlə ilk görüşəcək və qucaqlaşacaq şəxsdir. O, ən böyük siddiqdir (siddiq əl-əkbər). və bu ümmətin faruqudur; haqla batili bir-birindən ayırır. O, möminlərin başçısıdır” (5-ci cild, səh. 287). Bu hədisi Təbərani də “əl-Möcəm əl-kəbir”də təqdim edib (6-cı cild, səh. 269; 6184-cü hədis).

İbn Əbil-Hədid Şafii “Nəhc əl-bəlağə”yə yazdığı şərhdə İmam Əhməd ibn Hənbələ istinadən Peyğəmbərin (s) bu hədisini təqdim edir: “Siddiqlərin sayı üçdür: şəhərin ucqar nöqtəsindən tələsik gəlib İsanın həvarilərini müdafiə edən Həbib Nəccar, öz imanını gizli saxlayan Ali-Fironun mömini və Əli ibn Əbu Talib. Əli bunların ən üstünüdür” (İbn Əbil-Hədid. Şərh Nəhc əl-bəlağə, 9-cu cild, səh. 172).

“Sünən İbn Macə”də isə İmam Əlinin (ə) belə buyurduğu rəvayət edilib:

“Mən Allahın bəndəsi və Onun Rəsulunun qardaşıyam. Mən ən böyük siddiqəm. Hər kim məndən sonra bunu söyləsə, o, yalançıdır. Mən camaatdan 7 il əvvəl namaz qılmağa başlamışam” (120-ci hədis).

Mənbələrdə bu mövzuya aid hədislərin sayı çoxdur. Əllamə Əbdülhüseyn Əmini “əl-Ğədir” kitabında Həzrət Əlinin (ə) “əl-siddiq əl-əkbər” ləqəbi ilə tanınması barədə onlarla əhli-sünnə mənbəyindən sübut gətirib (2-ci cild, səh. 312-314).

Faruq

Bu sözün ərəb dilindən tərcüməsi “fərq qoyan, fərqləndirən” deməkdir; haqla batili fərqləndirən və bunların bir-birinə qarışmasına imkan verməyən adam mənasında işlədilir. Bəzi mənbələrdə ikinci xəlifə Ömər ibn Xəttab bu ləqəblə xatırlanır. Ona bu ləqəbin Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən verilməsi haqqında məlumatlar mövcuddur (Üsüd əl-ğabə, 4-cü cild, səh. 57).

Lakin bu ləqəbin Ömər ibn Xəttaba əhli-kitabdan olanlar tərəfindən verildiyi haqqında da qeydlər vardır. Məşhur tarixçi Təbəri ilk dəfə Şam yəhudilərindən birinin Ömərə “ya faruq” deyə müraciət etdiyini yazır (Təbəri tarixi, 2-ci cild, səh. 448, hicri 15-ci ilin hadisələri, Qüdsün fəthi bölümü). İbn Kəsirin “əl-Bidayə və-l-nihayə” əsərində Həzrət Mühəmməd Peyğəmbərin (s) belə bir hədisi verilir: “Cənnətdə bir ağac var. Onun elə bir yarpağı yoxdur ki, üzərində bu cümlə yazılmamış olsun: “La ilahə illəllah, Mühəmmədun rəsulüllah, Əbu Bəkr əl-siddiq, Ömər əl-faruq, Osman zün-nureyn”. Lakin İbn Kəsir bu hədisi verdikdən dərhal sonra onun zəif olduğunu bildirir (10-cu cild, səh. 365-366).

Şiə məzhəbində “faruq” ləqəbi İmam Əli ibn Əbu Talibə (ə) aid edilir və bu ləqəbin Ona Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən verildiyi bildirilir.

Hətta bəzi əhli-sünnə mənbələrində də belə məzmunlu hədislər gözə çarpır. Məsələn, hənəfi məzhəbli məşhur alim Xətib Xarəzmi “əl-Mənaqib” kitabında İslam Peyğəmbərinin (s) belə buyurduğunu rəvayət edib: “Məndən sonra fitnə yaranacaq. O zaman Əli ibn Əbu Talibə tabe olun ki, o, haqla batil arasında fərq qoyandır” (səh. 105, 108-ci hədis). İmam Əli (ə) haqqında Peyğəmbərin (s) bu hədisini əhli-sünnə alimlərindən İbn əl-Əsir (“Üsüd əl-ğabə”, 5-ci cild, səh. 287), Müttəqi Hindi (“Kənz əl-ümmal”, 11-ci cild, səh. 612, 32964-cü hədis), Şeyxülislam Həmmuyi (“Fəraid əl-simteyn”, 1-ci cild, səh. 178) və başqaları da qeyd etmişlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button