İslam tarixiMəqalələr

İslam dini fiziki məhdudiyyətli şəxslərə hansı münasibətdədir?

(Birinci hissə)

İslam dininin ən çox dəyər verdiyi məfhumlardan biri də insan heysiyyatı və şəxsiyyətidir. Dinimiz heç kimin aşağılanmasına, təhqir olunmasına icazə vermir. Hər kəsin canı, malı, namusu kimi heysiyyatı və ehtiramı da İslamda qorunur.

Bir şəxsi təhqir etmək, qəlbini qırmaq ən böyük günahlardan sayılır. Hətta hədislərdə möminin qəlbi Kəbəyə bərabər və ondan uca tutulur. Bəzi ariflər bu hədislərə əsaslanaraq, bir möminin qəlbini qırmağı Kəbəni dağıtmaqdaqdan daha ağır günah kimi dəyərləndirmişlər.

İslam dini nəinki insanın üzünə təhqir etməyə icazə vermir, hətta onun iştirakı olmadan belə, mənfi xüsusiyyətlərini ifşa etməyi, müzakirəyə çıxarmağı qadağan edir. Buna qeybət deyirlər. Ayə və hədislərdə möminin qeybətini danışmaq ölünün ətini yeməyə bərabər tutulub. Diqqət edin ki, burada hətta mənfi xüsusiyyətlərdən belə, danışmaq istisna edilmir. Bir şəxsin hər hansı xoşagəlməz cəhətlərini, onun özünün razı olmadığı tərzdə müzakirəyə çıxarmaq və adını hallandırmaq da qeybət sayılır. Əgər bir şəxs haqqında onun özünün iştirakı olmadan deyilənlər yalandırsa – iftiradır, doğrudursa – qeybətdir. Bunların hər ikisi günahdır.
Dinimiz təkcə diri insanın deyil, ölünün də ehtiramını saxlamağı əmr edir. Ölünün cəsədini təhqir etmək, qəbrinə hörmətsizlik göstərmək, adını nalayiq şəkildə çəkmək yasaq edilib. Bütün bunlar İslam dininin insan şəxsiyyətinə nə qədər böyük dəyər verdiyinin göstəricisidir.

Dinimizin xüsusi həssaslıqla yanaşdığı təbəqələrdən biri də fiziki cəhətdən qüsuru olan şəxslərdir. Müsəlmanlar bu cür şəxslərə xüsusi qayğı ilə yanaşmalı, onların cəmiyyətdən təcrid olunmalarına, özünə qapanmalarına, özünü artıq və lazımsız biri kimi hiss etmələrinə imkan verməməlidirlər.

Fiziki cəhətdən qüsurlu şəxslər tarixin bütün dönəmlərində mövcud olmuşlar. Ekoloji şərait və texniki vasitələrin artımı nəticəsində əhalinin nöqsanlı təbəqəsinin say çəkisi də getdikcə artır. Statistik göstəricilərı görə, əgər 1970-ci illərdə dünya əhalisinin təqribən 10 faizinin fiziki qüsura malik olduğu qeydə alınmışdısa, 2010-cu ildə bu göstərici 15 faizə yüksəlmişdir.

Təbiidir ki, İslamın ilk dövrlərində (sədrül-İslam), Həzrət Mühəmməd Peyğəmbərin (s) və məsum imamların (ə) zamanında da fiziki cəhətdən qüsurlu şəxslər yaşamışlar. Tarix və rical kitablarında onlarla əlil səhabə haqqında məlumat verilir. İstər şiə, istərsə də əhli-sünnənin hədis məcmuələrində bu səhabələrdən nəql edilmiş yüzlərlə hədis mövcuddur. Maraqlıdır ki, İslam tarixində özünəməxsus yer tutmuş, mühüm hadisələrdə aparıcı rol oynamış, hədis ravisi kimi məşhurlaşmış şəxslərin arasında da fiziki nöqsanı olanların adlarına rast gəlirik.

Mühüm nöqtələrdən biri bundan ibarətdir ki, Peyğəmbər (ə) zamanında yaşamış əlil səhabələrin adları qeyd edilərkən, bir qayda olaraq, onlara bu əlilliyi göstərən ləqəb qoşulmamışdır. Çünki əziz Peyğəmbərimiz (s) fiziki qüsurlu şəxslərin nöqsanını üzə vurmağı, onları bu nöqsanı qabardan ləqəblərlə çağırmağı qadağan edirdi. Dinimizdə şəxsin özünün acığı gələcəyi təqdirdə ona “uzun”, “pota”, “gombul”, “çəpgöz”, “çolaq”, “keçəl”, “kor”, “pəltək”, “dəli” kimi ləqəblər qoşmaq, özü olmadığı zaman belə, onu bu ləqəblərlə adlandırmaq günah sayılır.
Təfsirlərdə qeyd edildiyinə əsasən, Peyğəmbərin (s) bəzi xanımları öz aralarında bir-birini ləqəblə çağırıb məsxərə edirdilər. Məsələn, ümmül-möminin Ümmi-Sələmənin və ya ümmül-möminin Zeynəb bint Xüzeymənin boyu qısa olduğu üçün, ümmül-möminin Aişə ona istehza edib, eyibini üzə vururdu. Peyğəmbər (s) bu hərəkətə görə onları danlamışdı. Hətta bəzi təfsirlərdə “Hücurat” surəsinin 11-ci ayəsinin bu münasibətlə nazil olduğunu yazmışlar: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)” (Hücurat, 11).

(İkinci hissə)

Sonrakı zamanlarda Peyğəmbərin (s) fiziki qüsurlu şəxslərə ləqəb qoşmamaq barədə tövsiyəsi (digər mühüm tövsiyələri kimi) unuduldu və müsəlmanlar bir-birini ləqəblərlə çağırmağa başladılar. Artıq Peyğəmbərdən (s) sonra, İslamın ilk onilliklərindən başlayaraq, tarix kitablarında hökmdar və alimlərin, şair və hədis ravilərinin fiziki qüsurunu göstərən ləqəblərlə adlandırılmasının şahidi oluruq. Məsələn: Ə’vər (təkgöz), Əbrəş (ala-bula), Əqtə (qolu kəsik), Əftəs (burnu kəsik), Əxfəş (xırdagöz), Əsrəm (bəzi dişləri sınmış), Əbrəs (bədənində ağ ləkələr – piqmentlər olan), Ə’məş (gözləri zəif görən), Ə’şa (gecələr görməyən, “toyuq xəstəliyi” olan), Əhvəs (bir gözü o birindən böyük olan), Əş’əs (saçları pırtlaşıq), Əhdəb (qozbel), Əşkəl (gözləri qızarmış), Ə’nəq (uzun boyunlu), Sə’ləb (tülkü), Cahiz (dombagöz), Himar (uzunqulaq), Utruş (kar)¸ Əsəmm (kar), Vərş (pendir) və s.

Lakin məsum imamlarımız bu cür yanlış hərəkətlərə şərait yaratmamağa çalışır, öz davranışları ilə ətrafdakılara nümunə olurdular. Məsələn, İmam Əlinin (ə) ən böyük səhabələrindən biri, Cəməl və Siffeyn döyüşlərinin qəhrəmanı Malik ibn Haris Nəxəi “Əştər”, yəni “gözü yırtıq” ləqəbi ilə məşhurdur. O, Yərmuk savaşında gözündən əlil olduğu üçün bu ləqəbi qazanmışdı. Maraqlıdır ki, İmam Əlinin (ə) Maliklə bağlı buyurduğu kəlamların heç birində onu bu ləqəblə çağırması rastımıza çıxmadı. Həzrət Əli (ə) Maliki istər sağlığında, istərsə də şəhadətindən sonra heç zaman “Əştər” ləqəbi ilə adlandırmamış, yalnız adını söyləmişdir.

İslam dini insanlar arasında onların fiziki vəziyyətlərinə görə ayrı-seçkilik salmır. Hətta Qurani-Kərimin xitabları belə, ya bütün bəşəriyyəti (“ya eyyuhənnas”, yəni ey insanlar), ya da iman gətirənləri (“ya eyyuhəlləzinə amənu”, yəni ey iman gətirmişlər) əhatə edir. Əqidə və əxlaq məsələlərində əqli cəhətdən qüsurlu şəxslər istisna olmaqla, hamı bərabər və eynidir. Əqli cəhətdən nöqsanı olanlar “müstəzəf” kateqoriyasına aid edilir və onlar dərk edə bilmədikləri məsələlərə görə cavabdeh sayılmırlar.

Əməli (praktiki) vəzifələrə, o cümlədən, ibadətlərə gəlincə, burada da Allah-Taala hər kəsə tutumuna uyğun olaraq vəzifə yükləmişdir. Çünki Allah heç kimə tutumundan artıq yük verməz (Bəqərə, 286). Məsələn, namazı ayaq üstə qıla bilməyənlər oturmuş halda, bunu da edə bilməyənlər uzanmış vəziyyətdə qılmalıdırlar. Fiziki baxımdan gücü çatmayanlar oruc tutmaqdan azaddırlar və s.

Allah-Taala Quranda hətta bəzi fiziki qüsurlara toxunduqda belə, onları adətən, həqiqi mənada deyil, məcazi mənada vurğulayır. Məsələn, Quranda görmə qüsuru barədə söz açılmış 28 ayə vardır. Bunların 18-də məcazi korluqdan, yəni Allaha iman gətirməməkdən, necə deyərlər, qəlb gözünün korluğundan danışılır. Quran iman gətirmyən müşriklər barədə “onlar kar, lal və kordurlar” buyurur (Bəqərə, 18). Yəni haqqı görməz, haqqı eşitməz və haqqı danışmazlar. Ayələrin birində bu məna daha qabarıq şəkildə ifadə edilir: “Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Əraf, 179).

Bəzi ayələrdə fiziki baxımdan korluq qəsd edilsə də, bunların bir qismi dünya həyatı, bir qismi də axirətlə bağlıdır. Dünya həyatı ilə bağlı bir qrup ayələrdə Həzrət Yusifin (ə) ayrılığına ağlayıb gözləri tutulan Yəqub Peyğəmbərdən (ə) və onun şəfa tapmasından danışılır (Yusif surəsi). Daha iki ayədə Həzrət İsaya (ə) korları sağaltmaq kimi möcüzə verildiyi buyurulur (Ali-İmran, 49 və Maidə, 110). Nur surəsinin 61-ci, Fəth surəsinin 17-ci ayələrində isə kor insanın üzürlü olduğu hallar açıqlanır. Allah-Taala möminlə kafiri müqayisə edərkən də korla görən, karla eşidən arasındakı fərqi misal çəkir: “Bu iki tayfanın (kafirlərin və möminlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?” (Hud, 24). Quranın Əbəsə surəsinin əvvəlində təsvir edilən hadisə də kor şəxslə bağlıdır. Bu hadisənin təfsiri barədə fərqli izahlar vardır, hadisənin qəhrəmanı Abdullah ibn Ümmi-Məktum adlı səhabə haqqında növbəti bölümlərdə məlumat veriləcək.

(Üçüncü hissə)

Fiziki məhdudiyyət Allahın cəzasıdırmı?

İnsanların fiziki qüsurlara tutulmasının səbəbi barədə konkret söz demək mümkün deyildir. Çünki şəxslərdən və hadisələrdən asılı olaraq bu səbəblər fərqli ola bilər. Bəzən insanların başına gələn müsibətlər Allahın sınağı kimi qəbul edilməlidir. Quran bu barədə buyurur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (Bəqərə, 155). “Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik” (Ənbiya, 35).

Bəzən isə müsibət, o cümlədən, şikəstlik insanın günahlarının cəzası olaraq verilir: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır” (Şura, 30). Məsumların bəd duası ilə bəzi səhabələrin bəlaya düçar olmaları, o cümlədən, müxtəlif fiziki nöqsanlara tutulmaları buna sübut sayıla bilər.
Bəzən isə hər hansı müsibət Allah tərəfindən insanın günahlarının bağışlanması yaxud böyük bir ziyandan qurtulması üçün verilir. Bu mənada müsibət əslində bir mükafat kimi qəbul edilməlidir. Çünki bu, günahları bağışlatmaq, yaxud ziyandan qurtulmaq üçün bir şansdır. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: “Müsəlmana bir dərd, xəstəlik, kədər, can sıxıntısı verilsə, hətta ayağına tikan batsa, mütləq bu müsibətin əvəzində Allah onun səhv və günahlarını bağışlayar” (Səhihi-Buxari, Mərza kitabı, 1-ci bab; Səhihi-Müslim, Birr kitabı, 14-cü bab).

Toplum içində yanlış olaraq formalaşmış bir düşüncəyə görə, guya fiziki və ya əqli nöqsanı olan şəxslər öz valideynlərinin günahına görə bu cəzaya Allah tərəfindən düçar edilmişlər. Halbuki, İslam məntiqi bu düşüncəni kökündən rədd edir. İslamda heç kim başqasının əməllərinə görə Allah qarşısında məsuliyyət daşımır. Ata oğula, oğul ataya görə cavabdeh deyildir. Quran ayələrində buyurulur: “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz” (Ənam, 164). “Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz” (Fatir, 18). “Heç bir günahkar başqasının günahına yüklənməz! İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (Nəcm, 38-39).

Allah-Taala o qədər zalım deyildir ki, heç bir günah etməmiş körpəni cəza olaraq anadangəlmə şikəst yaratsın və həmin körpə bu şikəstliyə görə Allah qarşısında günah yükünü daşısın. Allah cəzaya layiq olmayan şəxsə cəza verməz; bu, Onun ədalət sifətindən uzaqdır. Əksinə, bəzi hallarda şikəstliyi cəza yox, mükafat kimi qəbul etmək lazımdır; Allah bu yolla həmin şəxsin axirətdəki aqibətini yüngülləşdirmək və bu dünyada bulaşa biləcəyi bəzi günahlardan onu qorumaq istəmişdir. Bu mükafatı düzgün dəyərləndirmək bacarığı isə insanın özündən asılıdır. Əgər buna şükür etsə, həmin mükafatı həqiqətən qazanmış olar. Əksinə, naşükürlük və asilik etsə, günah sahibi olar.

Bəzən anadangəlmə şikəstliyin səbəbi valideyn olur. Bu, körpənin hüquqlarının pozulması deyil, təbiət qanunlarının təbii icrasının nəticəsidir. Məsələn, hamilə qadın içki içirsə, siqaret çəkirsə, şəriətdə hamilə qadın üçün nəzərdə tutulmuş tövsiyələrə əməl etmirsə, doğulan uşağın nöqsanlı olmasının bilavasitə baiskarı o özüdür. Günahı kənarda axtarmaq lazım deyil. Yaxud hamiləlik zamanı ağır yük qaldırmaq, təhlükəsizlik qaydalarına əməl etməmək təbii ki, uşağın şikəstliyinə gətirib-çıxaracaq. Yeni doğulmuş körpəyə lazımınca nəzarət etməyən, onu özbaşına buraxan, sağlam qidalandırmayan, tibbi qaydalara uyğun şəkildə bəsləməyən ana övladın nöqsanlı olmasına şərait yaradır. Bunlar təbiətin qanunlarıdır və bunlarda qeyri-adilik axtarmaq düzgün deyil. Necə ki, özünü dağdan aşağı atan adam ölsə, günahı başqasında axtarmaq olmaz.

Müharibələr, təbii fəlakətlər zamanı xəsarət alan, iş və təsərrüfat fəaliyyəti zamanı ehtiyatsızlıq üzündən zədələnən insanlar da bunun səbəbini kənarda axtarmalı deyillər. Müharibəyə yola düşən şəxs ölüm və şikəstlik ehtimalını nəzərə almalıdır. Bu işlərin günahkarı Allah deyil. Allah dünyada baş verən hadisələrin axarını təbii qanunların öhdəsinə buraxıb. Bu qanunların mütəmadi pozulması bütün dünyanın nizamının dağılmasına gətirib-çıxara bilər. Ona görə də, təbiətdəki hadisələr müəyyən çərçivələr daxilində öz axarı ilə gedir. Yalnız Allahın hikməti əsasında bəzi istisna hallarda bu qanunların pozulması baş verə bilər; buna möcüzə deyilir. Amma hər addımda möcüzə gözləmək mənasızdır. İnsanın başına gələn və fiziki şikəstliklə nəticələnən əksər hadisələr insanın ya ehtiyatsızlığı, ya arxayınlığı, ya da düşüncəsizliyi üzündən yaranır.

İslam tarixini vərəqlədikcə həm anadangəlmə şikəst doğulmuş, həm də sonradan fiziki qüsur qazanmış məşhur şəxslərə rast gəlirik. Məqalənin növbəti bölümlərində onların bir qismi haqqında məlumat verəcəyik.

allah

(Dördüncü hissə)

Fiziki məhdudiyyətli məşhur səhabələr

İslamın ilk dövrlərində yaşamış fiziki qüsurlu bəzi səhabələrin həyatına nəzər salaq. Bu şəxslərin tarixi rolunu düzgün dəyərləndirmək, Peyğəmbərin (s) onlarla rəftar tərzini izləmək üçün onların yalnız fiziki qüsurlarını qeyd etmək deyil, həyat tarixçəsini də qısaca təsvir etməyi məqsədəuyğun sayırıq.

1. Əmr ibn Cəmuh

O, Mədinə əhlindən, Bəni-Sələmə soyundan idi. Öz nəslinin hörmətli şəxslərindən biri sayılırdı, igid döyüşçü və şair təbli idi. Bununla yanaşı, ayaqlarında anadangəlmə qüsur vardı, çətinliklə yeriyirdi.
O zamanlar Ərəbistanda hər bir ailənin öz bütü vardı. Əmr ibn Cəmuh da özünə bahalı taxtadan Mənat adlı büt yondurmuşdu və ona pərəstiş edirdi.

Həzrət Mühəmməd Peyğəmbər (s) hicrətdən bir il əvvəl Müsəb ibn Ümeyr adlı səhabəni Yəsribə (Mədinəyə) göndərdi ki, burada İslam dinini yaysın və əhalini müsəlmanlığa dəvət etsin. Müsəbin sayəsində Yəsrib camaatının çoxusu müsəlman oldu. Əmr ibn Cəmuhun arvadı və üç oğlu da İslamı qəbul etdilər. Şəhərdə az adam bütpərəst əqidəsində qalmışdı, bunlardan biri də Əmr idi. Oğulları öz imanlarını ondan gizli saxlayırdılar.
Nəhayət, bir gün oğullarının müsəlman olduğunu bilən Əmr onlarla söhbət etdi. Oğlu Müsəbdən öyrəndiyi Quran ayələrini Əmrə oxudu. Ayələrə heyran qalan Əmr ibn Cəmuhun qəlbində İslama rəğbət yarandı. Amma o, Mənatdan üz döndərməyə qorxurdu. Oğulları bir gün Mənat bütünü evdən aparıb çirkab suların töküldüyü çuxura tulladılar. Əmr bütü evə gətirib təmizlədi, gecə onun boynundan qılınc asdı ki, özünü müdafiə edə bilsin. Səhər yenə Mənatı zibillikdən tapanda onun heç nəyə qadir olmayan cansız taxta parçası olduğunu dərk etdi. Sonra Müsəbin yanına gəlib kəlmeyi-şəhadəti söylədi və müsəlman oldu.

Bu hadisədən bir müddət sonra Peyğəmbərimiz (s) də Mədinəyə hicrət etdi. Əmr Bədr savaşına qatılmaq istəyirdi, amma oğulları onun topal və yaşlı olduğunu söyləyib, cihada qoşulmasına mane oldular. Ühüd savaşına səfərbərlik elan ediləndə də, Əmrin oğulları onu evdə qoymaq istədilər. Amma bu dəfə Əmr özü Peyğəmbərin (s) hüzuruna gəldi və savaşa qatılmaq istədiyini bildirdi: “Ey Allahın Rəsulu! Oğullarım məni savaşa qatılmağa qoymurlar. Amma mən bu topal ayağımla Cənnətə girmək istəyirəm. Şəhid olsam, bu ayaqlarla cənnətə girə bilərəmmi?” Peyğəmbər (s): “bəli” buyurdu, sonra Əmrin oğullarına dedi: “Onu sərbəst buraxın. Allah ona şəhid məqamını verəcək”.

Ühüd savaşında Əmr misli görünməmiş şücaət göstərdi. Müsəlmanların bir hissəsi döyüş meydanını qoyub qaçsa da, Əmr savaşmaqda davam edirdi. O, döyüşə-döyüşə bu rəcəzi oxuyurdu: “Mən cənnəti istəyirəm!” Həzrət Mühəmməd Peyğəmbər (s) onun şücaətini seyr edib buyurmuşdu: “Ey Əmr! Sənin cənnətdə sağlam ayaqlarla gəzdiyini görürəm”. Ühüd savaşında Əmr ibn Cəmuh öz oğlu Xəlladla, bəzi yaxın qohumları və nökəri ilə birlikdə şəhid oldu. Peyğəmbərimiz (s) əmr verdi ki, Əmr ilə dostu Abdullah Ənsarinin cənazəsini bir qəbirdə dəfn etsinlər (Abdullah məşhur səhabə Cabir ibn Abdullah Ənsarinin atası idi).

46 ildən sonra Müaviyənin əmri ilə Ühüd ərazisində bulaq qazılarkən, şəhidlərin övladlarına tapşırdılar ki, cənazələri qəbirdən çıxarıb kənarda basdırsınlar. Qəbirləri açanda Əmr ibn Cəmuhla Abdullahın cəsədlərinin çürümədiyin gördülər. Rəvayətə görə, Əmr ibn Cəmuh canını tapşırarkən əlini yarasının üstünə qoyubmuş; onu elə bu vəziyyətdəcə dəfn etmişdilər. Əmrin cənazəsini yeni qəbirdə dəfn edəndə əlini yarasının üstündən götürdülər, bu zaman yaradan qan açıldı. Onun əlini yaranın üstünə qaytaranda qan kəsildi (Malik ibn Ənəs. Əl-Muvətta, “Kitabül-Cihad”, hədis 1104; İbn Əsir. Üsüdül-ğabə, cild 3, səh. 233; İbn Kəsir. Əl-Bidayətü vən-nihayə, cild 5, səh. 436-438; Əliəkbər Mehdipur. Əcsade-cavidan, səh. 48).

Həzrət Mühəmməd Peyğəmbər (s) Əmr ibn Cəmuhun fiziki qüsuruna baxmayaraq, onu öz nəslinin böyüyü elan etmişdi. İslamdan əvvəl Bəni-Sələmə soyunun başçısı xəsislikdə ad qazanmış Cədd ibn Qeys adlı münafiq idi. Peyğəmbərimiz (s): “Xəsislikdən böyük bəla varmı?” deyərək, Əmr ibn Cəmuhu onun yerinə Bəni-Sələmə nəslinin şeyxi təyin etmişdi (İbn Əbdil-birr. Əl-İstiab, 1-ci cild, səh. 163).

(Beşinci hissə)

Fiziki məhdudiyyətli məşhur səhabələr

2. Abdullah ibn Ümmi-Məktum

O, Həzrət Xədicənin dayısı oğlu idi. Məkkə dönə¬mində İslamı qəbul etmiş ilk müsəlmanlar¬dan sayılırdı. Körpə ikən gözləri tutulmuşdu, amma gur səsi vardı. Bilalla yanaşı müəzzinlik edirdi. Xüsusilə, ramazan ayında sübh azanını Abdullah ibn Ümmi-Məktum oxuyurdu. Buna görə də Peyğəmbər (s) səhabələrinə tapşırmışdı ki, Abdullahın azan səsini eşidincəyə kimi yeyib-içə bilərlər. Kor olduğu üçün savaşlara qatıla bilmirdi. Bunun əvəzində savaş müddətincə Peyğəmbər (s) onu Mədinədə öz canişini təyin edirdi. Bəzən də döyüş meydanının kənarında bir təpənin üstünə qalxıb uca səslə müsəlmanları hücuma həvəsləndirirdi. Vida həccində Peyğəmbərin (s) söylədiyi xütbəni uca səslə camaata elan edənlərdən biri də Abdullah idi.

Qurani-kərimin “Əbəsə” surəsi (80-ci surə) Abdullah ibn Ümmi-Məktum haqqında nazıl olmuşdur. Əhli-sünnə təfsirlərində deyilir ki, bir gün Abdullah ibn Məktum Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib xahiş edir ki, ona Quran ayələrini öyrətsin. Bu zaman Allahın Elçisi (s) bir dəstə adamla çox ciddi mövzuda vacib söhbət edirdi. Abdullah öz xahişini bir neçə dəfə təkrarlayır. Peyğəmbər (s) narahatçılıqla üzünü turşudur və etinasız halda o biri tərəfə dönür. Şiə təfsirlərində Abdullaha qarşı öz narahatçılığını bildirmiş şəxsin Peyğəmbər (s) deyil, səhabələrdən biri olduğu söylənilir.

Abdullah ibn Ümmi-Məktum Qurani-Kərimi əzbər bilir və başqa müsəlmanlara da öyrədirdi. Hicrətin 15-ci ilində (miladi 636-cı il) müsəlmanlarla Sasani ordusu arasında baş vermiş Qadisiyyə savaşında Abdullah bayrağı əlində tutmuş halda yüksəkliyə qalxıb dini şüarlar söyləyir və əsgərləri hücuma səsləyirdi. Həmin savaşda şəhid olduğu rəvayət edilir. Başqa bir məlumata görə, Qadisiyyə səfərindən qayıdarkən yolda vəfat etmişdir.

3. Müaz ibn Cəbəl

Müaz Həzrət Mühəmməd Peyğəmbərin (s) tanınmış səhabələrindən biri olmuşdur. Mədinənin Xəzrəc qəbiləsinə mənsub idi. 18 yaşında İslama gəlmiş və ikinci Əqəbə beyətində iştirak etmişdi. O, Peyğəmbərin (s) Mədinəyə gəlişinə şərait yaradan şəxslərdən biri idi. Hicrətdən sonra baş vermiş bütün məşhür savaşlara qatılmış və döyüş meydanında şücaətlər göstərmişdi.

Müaz Qurani-Kərimi əzbər bilirdi, səhabələr içində böyük hörməti vardı. Vəfat etdikdən sonra da ikinci xəlifə Ömər ibn Xəttab onu ehtiramla yad edib deyirdi: “Əgər Müaz sağ olsaydı, onu özümə canişin təyin edərdim”. Müaz səxavətli insan idi, sərvətini ehtiyaclılara paylayırdı.

Hicrətin 9-cu ilində Peyğəmbər (s) onu Yəmənə qazı təyin etdi. Rəvayət edirlər ki, bu zaman Peyğəmbər (s) ondan soruşdu: “Orada necə qəzavət edəcəksən?” Müaz cavab verdi: “Allahın Kitabına (Qurana) əsasən qəzavət edəcəyəm”. Peyğəmbər (s) soruşdu: “Əgər Allahın Kitabında lazım olan hökmü tapmasan?” Müaz dedi: “Onda Allahın Rəsulunun sünnəsinə əsasən qəzavət edəcəyəm”. Peyğəmbər (s) yenə soruşdu: “Bəs sünnədə də lazım olanı tapma-san?” Müaz dedi: “Onda öz rəyimə əsasən ictihad edəcəyəm”. Peyğəmbər (s) bu cavablardan razı halda buyurdu: “Həmd olsun Allaha ki, Allah Rəsulunun elçisini (Müazı) lazım olan şəkildə davranmağa müvəffəq etdi”.

Peyğəmbər (s) yəmənlilərə ünvanladığı zəmanət məktubunda Müaz haqqında belə yazmışdı: “Öz adamlarımın arasından xeyirli olan birini sizə göndərirəm”.

Müaz Peyğəmbərin (s) vəfatına kimi Yəməndə qaldı, sonra Mədinəyə qayıtdı. Əbu Bəkrin xilafəti zamanı Şamın fəthinə göndərilən müsəlman qoşununun tərkibinə qatıldı. Sonra Şam vilayətində məskunlaşıb, camaata Qurani-Kərimi öyrətməyə başladı. Hicri 18-ci (miladi 639-cu) ildə İordaniya ərazisində taun xəstəliyindən vəfat etdiyini yazırlar.

Məşhur ədib Cahiz Müaz ibn Cəbəli ortopedik fiziki qüsuru olan şəxslərin sırasında qeyd etmişdir. İbn Qüteybə və İbn Səd kimi məşhur yazarlar da onun ayağında xəstəlik olduğunu vurğulamışlar. Bu xəstəliyin anadangəlmə deyil, sonradan yaranmış olduğunu ehtimal edirik. Çünki Müaz həm üzdən yaraşıqlı, həm də fiziki baxımdan güclü və ucaboylu şəxs olmuşdur. Yəməndə öz vəzifəsini icra edərkən, namazın təhiyyat (təşəhhüd) hissəsində ayaqlarını qatlaya bilmədiyi üçün qabağa uzadırdı. Hətta bəzi kitablarda ona iqtida edərək namaz qılan yəmənlilərin də ayaqlarını qabağa uzatdıqları, sonra Müaz tərəfindən bunun yanlış olduğununu onlara söyləndiyi yazılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Oxşar yazılar
Close
Back to top button