Fərqli mənbələrdə İmam Əlinin adından sonra (ə), (əs), (r), (rə), (k) kimi ifadələr görürük. Bunların mənası nədir?

Müqəddəs şəxslərin adlarını çəkdikdə və ya yazdıqda onlara ehtiramı ifadə edən bəzi sözləri söyləmək ənənəyə çevrilib. Hətta hədislərdə Peyğəmbərin adı çəkldikdən sonra salavat söyləmək müstəhəb buyurulub. İmam Əlinin də adı deyildikdə və yazıldıqda müsəlmanlar öz ehtiramlarını ifadə edən sözlərdən istifadə edirlər. Əsasən, şiə və əhli-sünnə mənbələrində bu ifadələr fərqli olur. Belə ki, şiə kitablarında İmam Əlinin adından sonra adətən “əleyhissalam” (ona salam olsun) sözünü ifadə edən (ə) və ya (əs) işarələri qoyulur. Əhli-sünnə mənbələrində bunu “rəziyallahu ənh” (Allah ondan razı olsun) ifadəsinin qısa variantı olan (r) və ya (rə) ilə əvəz edirlər. Bir çox mənbələrdə isə İmam Əlini ehtiram məqsədilə “kərrəmallahu vəchəh” (Allah onun çöhrəsini kəramətli (bərəkətli, nurlu) etsin) ifadəsini bildirən (k) işarəsi ilə xatırlayırlar. Bunların hamısı Həzrət Əliyə ehtiramın fərqli formalarını göstərən əlamətlərdir.