İslam tarixiMəqalələr

Siffeyn savaşı

(Birinci hissə)

Hicri təqvimlə səfər ayı İslam tarixində mühüm hadisələrdən sayılan Siffeyn savaşının ildönümü kimi qəbul edilir.

Hicri təqvimlə 1403 il əvvəl Siffeyn savaşı məlum nəticə ilə başa çatmış və növbəti hadisələrə yol açılmışdı.
Bu savaşın əhəmiyyətini nəzərə alaraq, onun barəsində məlumat verməyi qərara aldıq.

Siffeyn döyüşü Həzrət Əli ibn Əbu Talibin (ə) tərəfdarları ilə Müaviyə ibn Əbu Süfyanın tərəfdarları arasında baş vermiş, on minlərlə müsəlmanın qətli ilə nəticələnmiş böyük bir savaş, hətta belə demək mümkünsə, müharibədir.
Həzrət Əli (ə) xəlifə seçildikdən sonra Müaviyə ona beyət etmədi. Xilafət torpaqlarının böyük əksəriyyəti İmama tabe idi, Müaviyənin əlində yalnız Şam vilayəti qalmışdı. Buna görə də Müaviyə Həzrət Əliyə (ə) qarşı açıq müxalifətdən çəkinirdi.

İmam qasid vasitəsilə Müaviyəyə xəbər göndərib onu qeydsiz-şərtsiz olaraq beyətə çağırdı, əks halda məsələnin müharibə yolu ilə həll ediləcəyini bildirdi. Müaviyə hiylə işlədib İmama cavab verməyi uzun müddət təxirə saldı. Bu müddət ərzində o, mahir siyasətçi kimi tanınan Əmr ibn Ası öz tərəfinə çəkdi, Misir valiliyini vəd etməklə, Əliyə (ə) qarşı mübarizədə onunla müttəfiq oldu. Əmrin məsləhətləri sayəsində o, Şam daxilindəki problemlərini həll etdi, hərbi və siyasi gücünü nizama saldı. Müaviyə xalq içində hörməti olan bəzi qəbilə başçılarını, qocaman səhabələri aldadıb özünə yaxınlaşdırdı.

Bu adamlar Müaviyənin əmri ilə Şamı qarış-qarış gəzib camaatı Əli ibn Əbu Talibin (ə) əleyhinə qızışdırdılar. Onlar Osman ibn Affanı qətlə yetirmiş şəxslərin guya Əli (ə) tərəfindən gizlədildiyini söyləyirdilər. Şamlılar da bu yalana inanıb Əliyə (ə) qarşı mübarizədə Müaviyəni dəstəkləyəcəklərini bildirdilər. Qısa müddət ərzində Müaviyə bütün Şam əhalisindən beyət aldı. Öz qüvvəsinə arxayın olduqdan sonra isə İmam Əliyə (ə) cavab məktubu göndərib Osmanın qatillərini təhvil verməyincə ona beyət etmək fikrində olmadığını elan etdi.

Müaviyənin cavabı yubatmasının səbəblərindən biri də Cəməl savaşının nəticələrini gözləməsi idi. Cəməl savaşı İmam Əlinin (ə) parlaq qələbəsi ilə başa çatdıqdan sonra Müaviyə yalnız öz qüvvəsinə arxalanmalı olduğunu anladı və güc topladıqdan sonra öz məqsədini elan etdi.

İmam Əli (ə) xəlifə seçilən kimi dərhal Müaviyə ilə bağlı problemi həll etmək istəyirdi.

Lakin Müaviyənin beyəti gecikdirməsi və Cəməl döyüşünün başlanması buna mane oldu. Cəməl döyüşündən dərhal sonra da Şam üzərinə yerimək planı baş tutmadı. Həzrət Əli (ə) Bəsrədən Kufəyə qayıtmağa və burada Müaviyənin cavabını gözləməyə məcbur oldu. Müaviyə cavabı yubandırdığı üçün İmam Əli (ə) hərbi əməliyyata başlamaq əmrini verə bilmirdi. Artıq təşəbbüs əldən verilmişdi. Müaviyə bütün gücünü toplamış və müharibəyə hazır vəziyyətə gəlmişdi.
Həzrət Əli (ə) Kufə və Bəsrə əhalisindən ibarət qoşun toplayıb onları Şam istiqamətində yolladı. Özü hicri 36-cı il şəvval ayının 5-də (miladi 657-ci il) ordunun əsas hissəsinin başında hərəkətə keçdi.

Müaviyə də nəhəng Şam qoşununu hərəkətə gətirdi. Şərqi Suriyada, Fəratın sağ sahilində, indki Rəqqə şəhərindən şərqdə yerləşən Siffeyn məntəqəsində tərəflər düşərgə qurdu. Əvvəlcə Müaviyənin ordusu əlverişli mövqe tutmuşdu, Fərat çayı onların əlində idi. Müaviyə Fəratın sahilində güclü mühafizə dəstəsi yerləşdirməklə, qarşı tərəfin sudan istifadə etməsinə maneçilik törədirdi. İmamın əsgərləri susuzluqdan əziyyət çəkməyə başladılar. Belə bir şəraitdə İmam əvvəlcə Müaviyəyə xəbər göndərib su yolunu azad etməsini istədi.

Müaviyə bu təklifə rədd cavabı verəndə həzrətin əmri ilə əsgərlər ildırım sürəti ilə həmlə edib çay kənarındakı düşmən gözətçilərini geri oturtdular. İndi vəziyyət əksinə dəyişmişdi. Fərat çayı haqq qoşununun əlində idi, Müaviyənin tərəfdarları isə susuz səhrada yerləşmişdilər. Lakin Əli (ə) alicənablıq göstərib düşmənin sudan istifadə etməsinə maneçilik törətmədi. Şam ordusunun da suya yaxınlaşmasına icazə verildi.

Bir neçə ay ərzində tərəflər arasında ciddi döyüş əməliyyatları baş vermədi.

Ara-sıra xırda savaşlar qopur, sonra nisbi sakitlik yaranırdı. Müaviyə bu müddət ərzində də özünü hiyləgər siyasətçi kimi göstərdi. İmamın ordusu Fürat çayının sahilindəki çökəklik yerdə düşərgə salmışdı. Müaviyyə bu mövqeni ələ keçirmək üçün şayiə yaydı ki, Fəratın suyunu onların üzərinə yönəltmək fikrindədir. İmam Əli (ə) şayiədən xəbər tutanda bunun qeyri-mümkün olduğunu əsgərlərə başa saldı. Lakin döyüşçülər qorxu içində idilər. Onlar tələsik düşərgəni tərk edib yüksəklikdə mövqe tutdular. Həmin an Müaviyə öz ordusunu hərəkətə gətirib, keçmiş mövqeyi ələ keçirdi. Yalnız bu zaman İmamın əsgərləri aldandıqlarını başa düşdülər. Onlar bir daha hücum edib əvvəlki yerə qayıtdılar, Müaviyənin qoşunu yenə çay sahilindən uzaq düşdü.

Hicri 36-cı ilin zilhiccə ayında (mladi 657-ci ilin may-iyun ayları) hərbi əməliyyatlar qızışdı. İmamın göstərişi ilə Malik Əştər, Qeys ibn Səd, Hücr ibn Ədiyy, Əbu Əyyub Ənsari, Üveys Qərəni, Muhəmməd ibn Əbu Bəkr, Xüzeymə ibn Sabit Züş-şəhadəteyn kimi bacarıqlı sərkərdələr döyüş meydanına çıxdılar. Üstünlük İmamın tərəfinə keçmək üzrə idi. Hicri 37-ci ilin mühərrəm ayında (miladi 657-ci ilin iyun-iyul ayları) hər iki tərəf haram ayın hörməti xatirinə döyüşü dayandırdı, danışıqlar başlandı. Lakin sülh danışıqlarının heç bir faydası olmadı.
Mühərrəm ayı bitdikdən sonra müharibə alovu təzə bir qüvvə ilə alışdı.

İmam Əli ibn Əbu Talib (ə) öz qoşununun düzülüşünü qaydaya saldı. Qoşunun sağ cinahında Yəmən əsilli qəbilələr, sol cinahında isə Rəbiə qəbiləsinin qolları yerləşdirildi. Kufə və Bəsrə qüvvələri mərkəzdə qərar tutdu. Cinahlardakı süvari döyüşçülərə Əşəs ibn Qeyslə Abdullah ibn Abbas, piyadalara isə Süleyman ibn Sürədlə Haris ibn Mürrə başçı seçildilər. Əmmar ibn Yasir bütün qoşunun süvari bölümünün, Abdullah ibn Bədil Xüzai isə piyadaların sərkərdəsi təyin edildi. Döyüş bayrağı Səd ibn Əbu Vəqqasın qardaşı oğlu Haşim ibn Ütbə ibn Əbu Vəqqasa verildi. Hər qəbilə üçün bayraq hazırlandı; bayraqların sayı 26-ya çatmışdı…

(İkinci hissə)

Səfər ayının ilk həftəsində hər gün tərəflərdən məşhur bir şəxsiyyət bir dəstə döyüşçü ilə meydana çıxıb savaşırdı.

Birinci gün İmamın tərəfindən Malik Əştər, qarşı tərəfdən Həbib ibn Məsləmə döyüşdülər. İkinci gün haqq qoşunundan Haşim ibn Ütbə, Müaviyə qoşunundan isə Əbül-Əvər Səlmi döyüş meydanına çıxdılar. Üçüncü gün Əmmar ibn Yasirlə Əmr ibn Asın növbəsi gəlib-çatdı. Dördüncü gün Həzrət Əlinin (ə) oğlu Mühəmməd ibn Hənəfiyyə və Ömər ibn Xəttabın oğlu Übeydullah qarşılaşdılar.

Beşinci gün Həzrət Əlinin (ə) əmisi oğlu Abdullah ibn Abbas və Müaviyənin qardaşı oğlu Vəlid ibn Ütbə ibn Əbu Süfyan döyüş meydanında üz-üzə gəldilər. Altıncı gün Həzrət Əlinin (ə) sərkərdəsi Qeys ibn Səd Ənsari, qarşı tərəfdən İbn Zül-kila Himyəri döyüş meydanına qədəm basdılar. Yeddinci gün yenə Malik Əştərlə Həbib ibn Məsləmənin növbəsi yetişdi. Bu döyüşlərdə tərəflərin heç biri qəti qələbə qazanmırdı. Lakin bir qayda olaraq, yuxarıda adı çəkilən Müaviyə tərəfdarları İmam Əlini (ə) təmsil edən şəxslərlə təkbətək döyüşməkdən qorxub imtina edirdilər.

Səfər ayının 8-ci günündən başlayaraq İmam kiçik dəstələr halında döyüşməyi dayandırıb kütləvi hücum taktikasını seçdi. Artıq döyüşlər əvvəlki kimi günortaya qədər deyil, sübh tezdən gecəyarısına qədər davam edirdi.
İmamın sərkərdəsi Abdullah ibn Bədil Xüzai düşməni pərən-pərən salıb qoşunun içərisinə doğru irəliləyirdi. Onun məqsədi Müaviyənin çadırına çatıb onu öldürmək idi. Lakin Abdullah öz silahdaşlarından çox aralandığı üçün məqsədinə çatmadan şəhid oldu. İmam Əli (ə) sağ cinahda yaranmış qarışıqlığı aradan qaldırmağı Malik Əştərə tapşırdı. Malik qoşunun sağ cinahını səfərbər etdi. Məşhur səhabə Əbu Əyyub Ənsari də Müaviyənin çadırına kimi irəlilədi, amma nəticə qazanmadan qayıtmağa məcbur oldu.

Müaviyə təşəbbüsün qarşı tərəfə keçdiyini görüncə, yenidən hiyləyə əl atdı. Onun qoşunundakı nüfuzlu şəxslər İmam Əlinin (ə) silahdaşlarını aldadıb öz tərəflərinə çəkməyə cəhd göstərdilər. Ömər ibn Xəttabın oğlu Übeydullah İmam Həsənlə (ə) görüşüb təklif etdi ki, atasından ayrılsın; bu halda onu xəlifə seçərlər. İmam Həsən (ə) Übeydullahın təklifini rədd etdi.

Əmr ibn As isə Abdullah ibn Abbasa təriflə dolu məktub yazıb ona öz yolundan dönməyi təklif etdi.

Lakin Abdullah ibn Abbas da onun təklifinə mənfi cavab verdi.

Siffeyn savaşında İmam Əli ibn Əbu Talib (ə) şəxsən döyüş meydanına çıxır və öz şücaəti ilə əsgərlərə nümunə göstərirdi. Müaviyə isə qulamı Hərisə öz zirehini geyindirib savaşa yollayırdı. Döyüşlərin birində Həris Əlini (ə) öldürə biləcəyini zənn edib o həzrətin üzərinə yürüdü. İmam bir zərbə ilə Hərisin həyatına son qoydu. Əli ibn Əbu Talib (ə) Müaviyəni təkbətək döyüşə çağırsa da, o, imtina edib savaş meydanına çıxmadı.

Siffeyn savaşında Əmr ibn As Malik Əştərlə qarşılaşdı, amma sifətindən yaralanıb qaçdı. Əmr ibn As İmam Əli ibn Əbu Taliblə (ə) də döyüş meydanında qarşı-qarşıya gəlmiş, lakin rüsvayçı bir hiylənin vasitəsilə özünü ölümdən qurtarmışdı.

Siffeyn savaşında Əmmar ibn Yasirin şəhid olması Şam qoşununun sıralarında təlatüm yaratdı.

Çünki vaxtilə Həzrət Mühəmməd Peyğəmbər (s) Əmmarın “azğın bir dəstə” tərəfindən qətlə yetiriləcəyini xəbər vermişdi. Vaxtilə Məscidi-nəbəvinin tikintisində Əmmar xüsusi səylə çalışır və ağır kərpicləri iki-iki daşıyırdı. Peyğəmbər onun alnının tərini silmiş və buyurmuşdu: “Vay Əmmar! Onu azğın bir dəstə öldürəcək. O (Əmmar), onları (azğın dəstəni) cənnətə dəvət edəcək, onlar isə onu cəhənnəmə sarı çağıracaqlar”. Əmmar isə Peyğəmbərə belə cavab vermişdi: “Fitnələrdən Allaha sığınıram”.

(Səhih əl-Buxari, hədis 447 və 2812;
Səhih Müslim, hədis 7320-7324;
Sünən əl-Tirmizi, hədis 3800;
Müstədrəki-Hakim, hədis 2709, 5724, 5726 və 5727;
Müsnədi-İbn Hənbəl, II, 161 və 164; IV, 197; VI, 289;
Müsnədi-Təyalisi, hədis 637, 1703, 2282 və 2316;
İbn əl-Əsir. Üsüd əl-ğabə, II, 143 və 217;
İbn Həcər Əsqəlani. Əl-İsabə, I, 125 və s. mənbələr).

Məscidi-nəbəvinin tikintisindən 35 il sonra Peyğəmbərin (s) Əmmar haqqında buyurduqları həyata keçdi.

Əmmar İmam Əlinin (ə) tərəfində Cəməl və Siffeyn savaşlarında fəal iştirak etmişdi. Bu zaman onun 90-dan artıq yaşı vardı. Siffeyndə Əmmar döyüş meydanına çıxdı, fədakarlıqla vuruşaraq şəhid oldu. Onun ölümü hər iki döyüşən tərəfin həyəcanına səbəb oldu. Peyğəmbərin məlum hədisini şəxsən o həzrətin dilindən eşidənlərin bir hissəsi hələ sağ idi. Sonrakı nəsil də bu hədisi səhabələrin ağzından yetərincə eşitmişdi. Ona görə də Əmmarın şəhadəti Müaviyə qoşununun “azğın dəstə” olmasına tutarlı sübut sayıldı. Şam ordusunun daxilində çaxnaşma və qarışıqlıq yarandı.

Bir çoxları Peyğəmbərin qabaqcadan xəbər verdiyi azğın dəstədə olmamaq üçün silahlarını yerə qoymağa hazırlaşırdılar. Müaviyə və Əmr ibn As vəziyyətdən xəbərdar olan kimi əsgərlərin arasında belə bir şayiə buraxdılar: “Narahat olmağa heç bir əsas yoxdur. Doğrudur, Həzrət Peyğəmbər Əmmar ibn Yasirin azğın dəstə tərəfindən öldürüləcəyini xəbər vermişdi. Amma Əmmarı biz öldürmədik. Əmmarı Əli ibn Əbu Talib öldürdü. O, Əmmarı özü ilə döyüş meydanına gətirdi. Əgər Əli Əmmarı döyüşdən uzaqlaşdırsaydı, bu böyük səhabə qətlə yetirilməzdi. Əmmarın qətlinin bütün məsuliyyəti Əlinin öhdəsinə düşür”. İmam Əli (ə) bu sözləri eşidəndə buyurdu: “Əgər Əmmarı mən öldürmüşəmsə, deməli, Həmzəni də kafirlərlə döyüşə göndərəndə Peyğəmbər öldürübmüş”.

(Üçüncü hissə)

Səfər ayının ortalarında Əli ibn Əbu Talib (ə) bir gecə şəxsən savaş meydanına çıxıb misli görünməmiş igildik göstərdi.

O, həmin gecə düşmənin çox sayda döyüşçüsünü məhv etdi. Bu gecə tarixdə “Hərir gecəsi” kimi tanınır. “Hərir” ərəb dilndən tərcümədə “it ulaması” deməkdir. İmam Əlinin (ə) zərbələri altında Müaviyənin qoşunu fəryad etdiyi üçün həmin gecəyə bu adı vermişdilər.

Döyüşün taleyi həll olmaq üzrə idi. Müaviyə vəziyyəti belə görəndə məsləhət üçün Əmr ibn Asa müraciət etdi. Əmr məsləhət gördü ki, əsgərlər Quran vərəqlərini nizələrin ucuna bərkidib döyüş meydanına çıxsınlar. Bununla onlar guya tərəflərin arasında Qurani-Kərimin hakim olmasını istədiklərini bildirdilər. Əlinin (ə) qoşununda olanların əksəriyyəti bu hiyləyə aldanıb, sülh danışıqlarına başlamağı tələb etdi. İmam Əli (ə) Müaviyə ilə Əmr ibn Asın əsl məqsədini onlara başa salmağa cəhd göstərsə də, nəticəsi olmadı. Əlinin (ə) tərəfindən döyüşənlər silahı yerə qoydular və mütləq danışıqlara başlamaq lazım olduğunu bildirdilər.

Hətta təhdid etdilər ki, əgər danışığa razı olmasa, ya İmamı öldürəcək, ya da Müaviyəyə təhvil verəcəklər. Həzrət çoxluğun rəyinə tabe olub son dəqiqəyə qədər döyüşü davam etdirməkdə olan Malik Əştəri geri çağırmağa məcbur oldu.
Beləliklə, hicri 37-ci il səfər ayının 17-də (miladi 657–ci ilin avqust ayı) Siffeyn savaşı hər iki tərəfin nümayəndələrinin müzakirə üçün görüşməsi şərti ilə dayandırıldı. Hər tərəfdən bir hakim təyin edildi. Həzrət Əlinin (ə) etirazına rəğmən, onun tərəfindən Əbu Musa Əşəri, Müaviyə tərəfdən isə Əmr ibn As həkəm seçildi. Həkəmlərin iclasını ramazan ayına təyin etdilər. Bu hadisə tarixə “həkəmeyn”, yəni iki hakim hadisəsi kimi daxil oldu.

Hiyləgər Əmr ibn As rəqibi ilə görüşərək onu razı saldı ki, onların hər ikisi təmsil etdikləri liderlərin xilafətə layiq olmadıqlarını söyləsinlər və xəlifənin camaat tərəfindən seçilməsinə şərait yaratsınlar.

Əbu Musa Əşəri bu təklifə aldanaraq, hamının gözü qarşısında barmağından üzüyünü çıxarıb söylədi: “Mən barmağımdan bu üzüyü çıxardığım kimi, Əlini (ə) və Müaviyəni hakimiyyətdən uzaqlaşdırıram”. Onun ardınca çıxış edən Əmr ibn As belə söylədi: “Əbu Musa Əlini (ə) hakimiyyətdən uzaqlaşdırdı, mən də bununla razıyam və Əlini (ə) xəlifəlikdən uzaq elan edirəm”. Sonra Əmr ibn As əlindəki üzüyü o biri barmağına taxıb dedi: “Amma bu üzüyü barmağıma taxdığım kimi, Müaviyəni hakimiyyətə gətirirəm”.

Bu hadisə hicri 37-ci ilin ramazan ayında (miladi 658-ci ilin fevralı) Şam (Diməşq) ilə Mədinə arasında yerləşən Dumət əl-Cəndəl məntəqəsində baş vermişdir (hal-hazırda bu yerlər Səudiyyə Ərəbistanının şimal-qərbindəki Cövf əyalətinə daxildir). Tərəflərin hər birindən 400 nəfər məşhur səhabə və qəbilə böyüyü həkəmlərin mübahisəsini izləmiş və şahidlik etmişdilər.

Həkəmeyn hadisəsinin nəticəsi Əli ibn Əbu Talibin (ə) bu məsələdə tam düzgün mövqe tutduğunu göstərdi. O, əvvəldən məsələnin həkəmeyn vasitəsilə həll edilməsinin tərəfdarı deyildi və bunun bir hiylə olduğunu başa düşürdü. Həm də Əbu Musa Əşərinin bu məsuliyyətli işə uyğun olmadığını gözəl bilirdi. Lakin onun dar düşüncəli tərəfdarlarının istəyi nəticəsində bu olay baş verdi.

Həkəmeyn hadisəsi Müaviyənin hakimiyyəti ələ keçirmək imkanlarını daha da artırdı. Müaviyə bunu əsas tutaraq, öz xilafət iddiasına legitim don geydirməyə başladı. Həmçinin, bu hadisələr xəvaric cərəyanın yaranmasına səbəb oldu. Belə ki, bundan sonra İmam Əlinin (ə) silahdaşlarının bir hissəsi aldandıqlarını görərək, onu həkəmeynə razı olmaqda günahlandırdılar. Onlar nə Əlinin (ə), nə də Müaviyənin hakimiyyətə layiq olmadıqları fikrini şuar kimi irəli sürüb, hər iki liderə qarşı müxalifət mövqeyinə keçdilər…

Siffeyn müharibəsi fasilələrlə 100 gündən artıq davam etmişdir.

Bu müharibəyə 175 min müsəlman cəlb edildi (Əlinin (ə) tərəfindən 90 min, Müaviyənin tərəfindən 85 min nəfər). Müharibə Əlinin (ə) tərəfindən təqribən 25 min, Müaviyənin tərəfindən isə 45 min nəfərin qətli ilə nəticələndi. Əmmar ibn Yasir, Üveys Qərəni, Haşim ibn Ütbə, Züş-şəhadəteyn Xüzeymə ibn Sabit kimi böyük şəxsiyyətlər döyüş meydanında şəhid oldular (bunların hamısı İmam Əlinin (ə) tərəfində idi).

Siffeyn savaşı hicri 212-ci ildə (miladi 827-828-ci illər) vəfat etmiş Nəsr ibn Müzahim Minqərinin “Vəqət əl-Siffeyn” kitabında ətraflı təsvir edilmişdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button