Ata öz qızını, qızın razılığını almadan, özünün məsləhət bildiyi adama ərə verə bilərmi?

Bu məsələyə İslam alimlərinin münasibəti birmənalı deyildir. Belə ki, klassik əhli-sünnə məzhəblərinə görə, atanın öz qızını öz məsləhət bildiyi adama ərə verməsi icazəlidir; bu zaman qızın razılığının alınması vacib deyil. Lakin ata öz qızını fiziki cəhətdən qüsurlu, yaxud cinsi baxımdan xəstə insana, eləcə də fasiq (davamlı olaraq günah edən) şəxsə ərə verə bilməz, bu halda qız həmin kəbini qəbul etməmək və pozmaq ixtiyarına sahibdir. Bununla belə, əhli-sünnə məzhəbində kəbin zamanı qızın razılığının alınması sünnət sayılır.
Cəfəri məzhəbinə görə, hər bir halda kəbin zamanı qızın razılığının alınması vacibdir. Ata, öz qızınını istəyinin əksinə olaraq onu ərə verə bilməz. Qızın narazılığı ilə kəsilən kəbin etibarsızdır. Bu hökmün sübutlarından biri Peyğəmbərin (s) davranışıdır. Həzrət Fatiməyə (ə) elçi gələn zaman hər dəfə Peyğəmbər (s) onun razılığını soruşur, Həzrət Fatimə (ə) etiraz etdiyi üçün Peyğəmbər (s) də elçiləri rədd edirdi. Həzrət Əlinin (ə) evlilik təklifi qarşısında Həzrət Fatimə (ə) etiraz etmədi və razılıq əlaməti olaraq susdu, ona görə də Peyğəmbər (s) onların kəbinini kəsərək bu izdivacı qəbul etdi.