İslam tarixiMəqalələr

İmam Zeynülabidinin (ə) həyatı

Dördüncü imamın adı – Əli, məşhur ləqəbləri Zeynül-abidin (ibadət edənlərin bəzəyi) və Səccaddır (çox səcdə edən). Başqa bir ləqəbi Züs-səfinatdır. Bu sözün tərcüməsi «səcdə üzvləri yerə dəyməkdən qabar olmuş şəxs» deməkdir. Çox ibadət etdiyinə görə müasirləri tərəfindən ona bu ləqəblər verilmişdi. Atası – üçüncü imam Hüseyn ibn Əli (ə), anası – sonuncu Sasani şahı III Yəzdgürdün müsəlmanlara əsir düşmüş qızı Şəhrbanu (və ya Şahzənan) idi.
İmam Zeynül-abidin (ə) hicri 38-ci il şəban ayının 5-də (miladi 659-cu il) Mədinədə doğulmuşdur. Aşura faciəsi zamanı 22 yaşı vardı, lakin xəstə olduğuna görə döyüşdə iştirak etməmişdi. Şiə mənbələrində imamət nəslinin kəsilməməsi üçün Allah tərəfindən Ona bu müvəqqəti xəstəliyin verildiyini yazırlar. Aşura hadisəsindən sonra əsir düşmüş qadın və uşaqlarla birlikdə əvvəlcə Kufəyə, oradan Şama (Diməşqə) aparılmışdı. O, həm yol boyunca, həm Kufə valisi Übeydullah ibn Ziyadın hüzurunda, həm də Yezidin Diməşqdəki sarayında atəşin xütbələr söyləyir, Kərbəla faciəsinin mahiyyətini insanlara açır, zalım Əməvi hökumətinin iç üzünü ifşa edirdi. Bir müddət Diməşqdə saxlandıqdan sonra Mədinəyə qaytarılmışdır.
Tədqiqatçı alimlərin fikrincə, Kərbəla hadisəsinin günümüzə kimi yaddaşlarda yaşamasının əsas səbəbkarları məhz İmam Zeynül-abidin (ə) və bibisi Zeynəb olmuşlar.
Imam Zeynül-abidin (ə) hakimiyyətə qarşı açıq mübarizədən çəkinir, dinc təbliğat yolu ilə Əhli-beyt məktəbini yaşadırdı. Onun təbliğat üsullarından biri Kərbəla şəhidlərinin matəminə həsr olunmuş təziyə məclisləri təşkil etmək idi. Bu məclislərdə Imam Hüseynin (ə) amal və məramı açıq şəkildə camaatın diqqətinə çatdırılırdı.
Imam Zeynül-abidin (ə) nə Muxtarın qiyamında, nə Abdullah ibn Zübeyrin mübarizəsində, nə də Mədinədə baş vermiş Hərrə hadisəsində iştirak etdi. Hətta mədinəlilər Abdullah ibn Hənzələnin başçılığı altında birləşib, Əməvi nəslinin nümayəndələrini şəhərdən qovanda Imam Zeynül-abidin (ə) müvəqqəti olaraq Mədinə kənarındakı mülkünə köçdü. Aralarındakı mənfi münasibətə baxmayaraq, Mərvan ibn Həkəm öz ailəsini qorumaq üçün Imam Zeynül-abidindən (ə) yardım istəyəndə o həzrət, Mərvanın ailə üzvlərini evində yerləşdirib öz himayəsi altına aldı.
Imam Zeynül-abidin (ə) ibadətdə, gözəl davranışda, ehsan, səxavət, doğruculluq kimi əxlaqi keyfiyyətlərdə öz müasirləri arasında ən yüksək məqamda dururdu. Şiə məzhəbinin rical kitablarında o həzrətdən dərs almış və hədis rəvayət etmiş yüzlərlə şəxsin adı çəkilir. Imam Zeynül-abidinin (ə) elm və əxlaq məktəbində tərbiyə alanların cərgəsində Səid ibn Cübeyr, Səid ibn Müseyyib, Əbu Həmzə Sümali, Cabir ibn Abdullah Ənsari, Imamın oğlu Zeydi-şəhid, görkəmli ərəb şairi Fərəzdəq və başqa məşhur şəxsiyyətlərin adına rast gəlirik.
Imam Zeynül-abidindən (ə) fiqh, əxlaq, tarix, dua mövzularına aid yüzlərlə hədis rəvayət edilmişdir. Səhifeyi-Səccadiyyə və Hüquq risaləsi də o həzrətə məxsusdur. «Əhli-beytin Zəburu» adlandırılan Səhifeyi-Səccadiyyə Allaha imanla dolu 54 duadan ibarətdir. Hüquq risaləsində isə hər bir müsəlmanın başqaları qarşısında daşıdığı vəzifə və hüquqlar əks olunmuşdur. Burada insanın Allah qarşısında, özü və bədən üzvləri, valideynləri və övladları, həyat yoldaşı və xidmətçiləri, qohum və qonşuları, dost və şərikləri üzərindəki haqqı ayrı-ayrılıqda bəyan edilir. Hökmdarla rəiyyətin, müəllimlə şagirdin, hətta borc verənlə borc alanın belə, qarşılıqlı vəzifələri unudulmamışdır. Hüquq risaləsi ən təsirli əxlaq dərsliklərindən biri olmaqla yanaşı, Imamın bu sahədəki elm və təcrübəsinin yüksək dərəcəsini göstərir.
Imam Zeynül-abidin (ə) Mədinənin yüzlərlə ehtiyaclı ailəsini maddi cəhətdən təmin edir, ehsan məclisləri keçirir, xüsusilə, ramazan ayında yüzlərlə adamın iştirak etdiyi iftar süfrələri açırdı. Çox zaman qul bazarından kölələri alır və azad edirdi. Xidmətçilərlə nümunəvi davrandığına və qısa bir müddətdən sonra onları azad etdiyinə görə, bəzən kölələr özləri ağalarından xahiş edirdilər ki, onları Imam Zeynül-abidinə (ə) satsınlar.
Həzrət Zeynül-abidinin (ə) imamlıq dövrü 34 il davam etmişdir. Hicri 95-ci il mühərrəm ayının 12-də yaxud 25-də (miladi 713-cü il) Mədinədə Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlikin əmri ilə zəhərlədilib şəhid olmuşdur. Məzarı Bəqi qəbristanlığında, Imam Həsənlə (ə) Imam Mühəmməd Baqirin (ə) məzarlarının arasında yerləşir. Imamların qəbri üzərindəki böyük türbə 1926-cı ilin aprelində Səudiyyə Ərəbistanı hökuməti tərəfindən dağıdılmışdır.

Daha çox göstər
Oxşar yazılar
Close
Back to top button