İslamın əsaslarıMəqalələr

Qəlbimizi mənəvi xəstəliklərdən qorumağın yolları

Həzrət Mühəmməd Peyğəmbərdən (s) soruşdular: «Allah haradadır: yerdə ya göydə?» Cavab verdi: «Allah öz mömin bəndələrinin qəlbindədir».

Hədisi-qüdsidə buyurulur: «Mən nə yerə, nə də səmaya sığaram. Yalnız mömin bəndəmin yumşaq və aram qəlbinə yerləşərəm».
(Mizanül-hikmə, III, 2601).

Ərəb dilində «qəlibə» feli hər hansı şeyi dəyişdirmək, tərsinə şəklə salmaq mənasını verir. Hətta şeir sahəsində «qəlb» adlı ədəbi üsul vardır ki, bir sözün hərflərinin yerini dəyişdirərək, ondan təzə söz yaradırlar. Məsələn, mərg-gərm, əsb-səba, səlah-hasil və s.

Həmçinin, bir şeyin mərkəzinə, məğzinə, əslinə də «qəlb» deyilir. Məsələn, «qəlbül-ceyş» – qoşunun mərkəzi hissəsi və s.

Könülə də «qəlb» deyilməsinin səbəbi budur ki, o, haldan-hala düşür, dəyişir. Novruz bayramı il təhvil olanda oxunan duada deyilir: «Ya müqəllibəl-qülubi vəl-əbsar». (Ey ürəkləri və gözləri haldan-hala salan).
Qurani-kərimdə «qəlb» kəlməsi və ondan törəyən sözlər təqribən 20 dəfə, «qülub» (cəm halda) kəlməsi və ondan törəyən sözlər isə 112 dəfə işlənib.

Qurani-kərimdə «qəlb» sözünün bir neçə mənası verilib:

– Ağıl və dərk. «Şübhəsiz, bu sözdə qəlbi olan şəxs üçün, yaxud söz eşitdiyi zaman qulaq asan kəs üçün ibrət vardır» (Qaf, 37).

– Ruh və can. «O zaman ki, gözlər hədəqəsindən çıxıb, qəlblər boğaza yetişmişdi» (Əhzab, 10).

– Hissiyyatların mərkəzi olan üzv. «Mən kafirlərin qəlblərinə qorxu salacağam» (Ənfal, 12). «Əgər sərt, qaba qəlbli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər» (Ali-Imran, 159).

Təfsir alimləri Quranda «qəlb» sözünün niyə müxtəlif mənalarda işlənməsini belə izah edirlər: Baş verən hər bir hadisə insan bədənində iki üzvə təsir edir. Düşüncəyə və analizə ehtiyacı olan hadisələr beynə ötürülür, orada saf-çürük edilir, qiymətləndirilir. Lakin hissiyyatla bağlı olan, qəzəb, qorxu, məhəbbət, nifrət, inciklik və s. yaradan hadisələr isə ürəyə təsir edir, orada müvafiq reaksiya yaradır (ya ürək sıxılır, ya şiddətlə döyünür, ya da rahatlaşır). Lakin bunların hamısı son mənada ruh üzərində təsir buraxır.

Yəni insan nə yalnız ağıl və təfəkkür, nə də yalnız hissiyyat və emosiya əsasında qərar qəbul edir. Insanın hərəkətlərinə və son qərar verməsinə hər iki amil təsir göstərir. Həm beyin, həm ürək, həm də onların məcmusu olan ruh bir-biri ilə çox sıx əlaqəli olduqları üçün, Qurani-kərimdə onların hər biri «qəlb» anlayışı ilə bərabər tutulur («Təfsiri-nümunə»dən).

QƏLB HANSI XÜSUSIYYƏTLƏRƏ MALIKDIR

Həzrət Mühəmməd Peyğəmbər (s):

«Allah qəlbi elə yaradıb ki, ona yaxşılıq edəni sevər, ona pislik edənə düşmən olar» (Tühəfül-üqul, səh. 36).

«Qəlb padşahdır və onun qoşunu var. Padşah salamat olsa, qoşunu da salamat olar. Padşah sıradan çıxsa, qoşunu da dağılıb sıradan çıxar» (Mizanül-hikmə, hədis 16911). Burada qəlbin qoşunu – sair bədən üzvləri deməkdir.

«Allah sizin sifətinizə və mal-dövlətinizə baxmaz, qəlbinizə və əməllərinizə baxar» (Mizanül-hikmə, hədis 16917).
Həzrət Peyğəmbər (s) buyurub: «Hər bəndənin sifətində iki gözü var, bunlarla dünya hadisələrini seyr edir. Onun qəlbində də iki gözü olur ki, axirət məsələlərini bunlarla görər. Allah öz bəndəsinə yaxşılıq etmək istəsə, qəlbindəki iki gözü açar, bəndə Allahın ona vəd etdiyi qeyb məsələlərini görər, əlamətlərin əsasında qeybə iman gətirər» (Mizanül-hikmə, hədis 16942).

İmam Əli (ə):

«Qəlb fikrin kitabıdır» (Ğürərül-hikəm, hədis 1087).

«Xoş o kəsin halına ki, qəlbini fikr, dilini zikrlə məşğul edir» (hədis 5943).

«Qəlb pislikləri yadında saxlayıb kin tutar, amma ağıl bunları onun yadından çıxarar» (hədis 3433).

«Möminin dili qəlbinə tabe olar, münafiqin isə qəlbi dilinə» (Nəhcül-bəlağə, xütbə 175).

«Hər qəlbi olan ağıllı deyil, hər qulağı olan eşidən deyil, hər gözü olan görən deyil» (Nəhcül-bəlağə, xütbə 87).

«Qəlb də bədən kimi yorulur. Onu hikmətli kəlamlarla dincəldin» (Nəhcül-bəlağə, hikmət 89).

«Qəlblərin iqbalı (yüksəliş dövrü) və idbarı (üz çevirib getmək vaxtı) var. Iqbal dövründə onu nafilə (əlavə) ibadətlərlə yükləyin.

İdbar vaxtında isə yalnız fərizələrlə (vacib ibadətlərlə) kifayətlənin» (Nəhcül-bəlağə, hikmət 318). (Çox güman ki, burada Həzrət Əli (ə) insanın bioritmlərini nəzərdə tuturmuş. Tibb elmi də sübut edir ki, gün ərzində insanın əhval-ruhiyyəsi və daxili orqanlarının fəaliyyəti bəzən yüksək həddə çatır, bəzən isə çox passiv olur).
Imam Əli (ə) bir gün Kümeyl ibn Ziyadın əlindən tutub onu səhraya apardı və atəşin bir xütbə söylədi. Xütbənin lap əvvəlində Imam belə buyurdu: «Ey Kümeyl ibn Ziyad! Qəlblər qab kimidir. Onların ən yaxşısı ən çox tutumu olandır» (Nəhcül-bəlağə, hikmət 143).

İmam Cəfər Sadiq (ə):

«Dağları yerindən oynatmaq qəlbi hərəkətə gətirməkdən daha çətindir» (Mizanül-hikmə, hədis 17074).

«Bədən üçün qəlb – camaat üçün imam kimidir» (Iləlüş-şəraye, səh. 109).

«Qəlbin dörd halı var: yüksəliş, açılış (fəth), eniş və qapanma. Qəlb Allahı zikr etməklə yüksələr, Allahdan razı olmaqla açılar, Allahdan başqası ilə məşğul olmaqla enər, Allahdan qafil olmaqla qapanar» (Mizanül-hikmə, hədis 16928).

Həzrət Isa Peyğəmbər (ə):

«Qəlblərinizi təqva üçün məskən qərar verin; onları şəhvət üçün məskən etməyin!» (Tühəfül-üqul, səh. 393).

MÖMİNLƏRIN QƏLBI

Qurani-kərimdə və Islam müqəddəslərinin hədislərində möminlərin qəlbi üçün aşağıdakı xüsusiyyətlər sadalanır:
Onlar Allahın və Peyğəmbərin düşmənləri ilə dostluq etməzlər (hətta qohumları olsa belə) (Mücadələ, 22).

Allaha iman gətirənlərin qəlbi Allah tərəfindən hidayət olar (Təğabün, 11).

Möminlərin imanını artırmaq üçün Allah onların qəlbinə arxayınlıq verər (Fəth, 4).

Allahı xatırlayanda möminlərin qəlbi aram olar (Rəd, 28).

İmam Cəfər Sadiq (ə) buyurub: «Elə bir mömin bəndə yoxdur ki, qəlbində iki cür nur olmasın: qorxu nuru və ümid nuru. Bunların hər birini ayrı-ayrılıqda tərəzidə çəksən, bərabər gələrlər» (Üsulül-Kafi, Kitabül-imani vəl-küfr, bab 33, hədis 13). Burada Allahın cəzasından qorxmaq (xovf) və Allahın mərhəmətinə ümidvar olmaq (rəca) nəzərdə tutulur).

Həzrət Əli (ə) buyurub: «Pak bəndələrin qəlbi Allahın nəzər məkanıdır. Hər kim qəlbini paklaşdırsa, Allah onun qəlbinə nəzər salar» (Ğürərül-hikəm, hədis 6777).

Quranda möminlərin qəlbi iki əsas sifətlə xatırlanıb: qəlbi-səlim (sağlam qəlb) və qəlbi-münib (tövbəkar qəlb).

«O gün ki, nə mal-dövlət, nə də övlad fayda verməz. Yalnız sağlam qəlblə Allahın hüzuruna gələn kimsədən savayı» (Şüəra, 88-89).

«Cənnət o kəs üçündür ki, Rəbbini görmədən Ondan qorxur və tövbə-inabə edən qəlblə Onun hüzuruna gəlir» (Qaf, 33).

QƏLBI-SƏLIM HANSI QƏLBDIR?

Peyğəmbərdən (s) soruşdular: «Qəlbi-səlim nədir?» Cavab verdi: «Şəkkdən və nəfsin istəklərindən uzaq olan din, yalan və riyadan uzaq olan əməl» (Mizanül-hikmə, hədis 16929).

İmam Sadiq (ə) buyurub: «Qəlbi-səlim Allahla görüşən qəlbdir. Onda Allahdan savayı heç nə olmaz. Içində şirk və şəkk olan hər bir qəlb naqisdir» (Üsulül-Kafi, II, 16).

İmam Sadiq (ə) buyurub ki, qəlbi-səlim dünya məhəbbətindən salamat qalan qəlbdir (Nurüs-səqəleyn, IV, 58).
Həzrət Əli (ə) buyurub:

«Özün üçün istədiyini möminlər üçün istəməyincə qəlbin səlim olmaz» (Biharül-ənvar, 78, 8).

İmam Əli (ə): «Allah bir bəndəsini sevəndə ona sağlam qəlb və sarsılmaz əxlaq bəxş edər» (Ğürərül-hikəm, hədis 4112).

İmam Həsən (ə): «Qəlblərin ən sağlamı – şübhələrdən təmiz olan qəlbdir» (Tühəfül-üqul, 235).

KAFIRLƏRIN QƏLBI

Kafirlərin qəlbi aşağıdakı xüsusiyyətlərə malikdir:

– Qəlbləri kor olar (Həcc, 46).

– Allah onların qəlbinə möhür vurar (Bəqərə, 7 və s. ayələr).

– Onlar qəlbləri ilə anlamazlar (Əraf, 179).

– Kafirlərin qəlbi pas atar (Mütəffifin, 14).

İmam Baqir (ə) buyurub: «Elə bir mömin bəndə yoxdur ki, qəlbində ağ nöqtə olmasın. Əgər günah etsə, həmin ağ nöqtənin ortasında qara bir ləkə əmələ gələr. Əgər tövbə etsə, qara ləkə aradan qalxar. Yox, əgər günahına davam etsə, qara ləkə artıb ağı bürüyər.

Ağ nöqtə tamamilə qara ləkə ilə örtüləndə artıq həmin adam bir daha xeyr və səadətə sarı qayıda bilməz.

«Onların əməlləri qəlblərini paslandırıb» ayəsində Allahın demək istədiyi də elə budur» (Üsulül-Kafi, Kitabül-imani vəl-küfr, Günahlar babı, hədis 20).

– Kafirlərin qəlbi daş kimi sərt olar. Həzrət Əli (ə) buyurub: «Kafirin qəlbi daşdan da sərt olar» (Mizanül-hikmə, hədis 6996).

*************************************************************************************************************

QƏLBIN MƏRƏZLƏRI

Qəlbin də xəstəlikləri olur. Özü də bu xəstəliklər artıb-azala bilir: «Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar» (Bəqərə, 10).

Qurani-kərimdə qəlbin mərəzlərindən bir neçəsi sadalanıb: reyb (şübhə), şəkk, inkar, ğəflət, xətm (möhürlənmə), zeyğ və reyn (pas atma), qəsavət (bərkimə, daşlaşma), ğülzət (qatılaşma) və s.

Məriz qəlb Allahdan qafil olar və rəhbərliyə layiq olmaz (Kəhf, 28), öz günahını əsaslandırmaq üçün bəhanə dalınca qaçar (Ali-Imran, 7), sərtləşib daşlaşar (Maidə, 13), pas atar (Mütəffifin, 14), məriz qəlbə Allah möhür vurar (Nisa, 155).

Həzrət Əli (ə) buyurub: «Kasıblıq bəladır. Bədən xəstəliyi bundan pisdir. Qəlbin mərəzi isə bundan daha pisdir. Mal-dövlətin çoxluğu nemətdir. Bədənin səhhəti bundan üstündür. Qəlbin təqvası isə bundan da üstündür» (Mizanül-hikmə, hədis 17011). «Qəlblər üçün günahdan daha pis bəla yoxdur» (Üsulül-Kafi, II, 275). «Kin-küdurət və düşmənçilikdən çəkinin. Çünki bunlar qardaş olan qəlbləri xəstələndirər və onlarda nifaq yaradar» (Üsulül-Kafi, II, 300).

İmam Musa Kazim (ə) buyurub: «Allah-təala Həzrət Davuda (ə) belə vəhy etdi: «Səhabələrinə tapşır ki, şəhvətə aludəlikdən əl çəksinlər. Çünki dünya şəhvəti onların qəlbini bürüyər və mənimlə onların arasında pərdə olar» (Tühəfül-üqul, səh. 397).

QƏLBIN MƏRƏZLƏRINƏ QARŞI DUA

«Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma! Bizə öz tərəfindən mərhəmət bəxş et, çünki Sən, həqiqətən, bəxşiş verənsən» (Ali-Imran, 8).

Həzrət Mühəmməd Peyğəmbər (ə) tez-tez belə dua edərdi: «Ey qəlbləri haldan-hala salan! Qəlbimi öz dinində möhkəm (sabit) et!» (Təfsiri-nümunə, II, 445).

Qəlbin xəstəliklərini aradan qaldırmağın və qəlbi qüvvətləndirməyin yolları barədə buyurulub:
Həzrət Mühəmməd Peyğəmbər (s): «Bəndənin qəlbi müstəqim (düz) olmayınca, imanı düzəlməz. Dili düzəlməyincə, qəlbi düzəlməz». «Dəmirə su dəyəndə paslandığı kimi, qəlblər də paslanır».

Soruşdular ki, bəs, onun cilası nədir? Cavab verdi: «Ölümü çox yada salmaq və Quran oxumaq» (Mizanül-hikmə, hədis 17049).

Bir nəfər qəlbinin bərkliyindən Peyğəmbərə şikayət etdi. Həzrət buyurdu: «Öz qəlbini yumşaltmaq istəyirsənsə, ehtiyacı olana yemək ver, yetimin başına sığal çək» (Mizanül-hikmə, hədis 17043).

İmam Əli (ə): «Allah heç kimə Quran qədər başqa bir şeylə moizə etməyib. Qəlbin Qurandan savayı cilası yoxdur» (Nəhcül-bəlağə, xütbə 175). «Qəlbin qüvvətlənməsinin kökü Allaha təvəkküldür» (Ğürərül-hikəm, hədis 3082). «Xeyr əhli ilə görüşmək qəlbi abad edər». «Mərifət əhli ilə görüşmək qəlbi abad edər». «Qəlbin abadlığı ağıl sahibləri ilə görüşməkdədir» (Mizanül-hikmə, III, 2615). «Qəlbi sağlam saxlamağın yolu – onu Allahın zikri ilə məşğul etməkdir» (Ğürərül-hikəm, hədis 3083).

«Şübhəsiz, Allahın əmrlərinə münasibətdə təqvalı olmaq – qəlbinizin dərdlərinin çarəsi, ürəyinizin korluğunun əlacı, bədəninizin xəstəliyinin şəfası, ruhunuzun çirkinliyinin təmizliyi, gözünüzün pərdəsinin cilasıdır» (Nəhcül-bəlağə, xütbə 197).

Həzrət Əli (ə) Imam Həsənə (ə) vəsiyyətnaməsində yazırdı: «Qəlbini moizə ilə dirilt, zahidliklə öldür, yəqinlə qüvvətləndir, hikmətlə nurlandır, ölümü xatırlamaqla qəlbini zəlil et, faniliyi xatırlamaqla qəlbini qəm-qüssədən xilas et, dünyanın faciələrini ona göstərməklə bəsirətini artır. Fələyin hücumlarından qəlbini çəkindir. Gecə və gündüzün dəyişməsindən onu qorxut. Keçmişdəkilərin əhvalatından onu xəbərdar et, səndən əvvəl yaşayanların başına gələnləri ona xatırlat!» (Nəhcül-bəlağə, 31-ci məktub).

İmam Zeynülabidinin (ə) dualarının birində buyurulur: «Qəlbimin pasını yalnız Sənin əfv və mərhəmətin təmizləyə bilər» (Mizanül-hikmə, hədis 17059).

İmam Sadiq (ə): «Möminin gücü qəlbindədir. Məgər görməmisənmi zəif bədənli bir şəxs gecələr oyaq qalıb ibadət edir, gündüzlər oruc tutur?» (Şeyx Səduq. Mən la yəhzürühül-fəqih, III, 560, hədis 4924).

QƏLBI NƏ ÖLDÜRƏR?

İmam Əli (ə): «Hər kimin vərə’si (günahdan çəkinməyi) az olsa, qəlbi ölər; hər kimin qəlbi ölsə, özü cəhənnəmə düşər» (Nəhcül-bəlağə, hikmət 349).

Həzrət Mühəmməd Peyğəmbər (s) Əbuzərə belə nəsihət verirdi: «Çox gülmə! Çox gülmək qəlbi öldürər» (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 335).

Həzrət Mühəmməd Peyğəmbər (s):

«Üç şey qəlbi öldürər: alçaq və əsil-nəcabətsiz adamlarla durub-oturmaq, varlılarla durub-oturmaq, qadınlarla çox söhbət etmək»/ (Mizanül-hikmə, hədis 17025). «Dörd şey qəlbi öldürər: Günah üstündən günah etmək; qadınlarla çox danışmaq; axmaq insanın sözünə qulaq asmaq – o danışar-danışar, amma bu söhbət heç bir xeyirli işlə nəticələnməz; bir də, ölülərlə durub-oturmaq». Soruşdular ki, ölü kimdir? Həzrət buyurdu: «Qudurğan sərvətli» (Mizanül-hikmə, hədis 17023).

QƏLBI NƏ DIRILDƏR?

İmam Həsən (ə): «Təfəkkür bəsirətli qəlbi dirildər» (Mizanül-hikmə, hədis 17030).

İsa Məsih (ə): «Allah ölü qəlbləri hikmət nuru ilə dirildər; necə ki, torpağı yağış damcıları ilə dirildir» (Biharül-ənvar, X, 204).

İmam Əli (ə): «Fəzilət sahibləri ilə dostluq etmək qəlbin diriliyidir» (Ğürərül-hikəm, hədis 9769).
Həzrət Mühəmməd Peyğəmbər (s): «Allah-təala buyurub: «Bəndələrimin elmi müzakirə aparması onların ölü qəlblərinin dirilməsi deməkdir; bu şərtlə ki, məqsədləri mən olum» (Üsulül-Kafi, Kitabü fəzlül-elm, bab 9, hədis 6).

QƏLBI NƏ SƏRTLƏŞDIRƏR?

İsa Məsih (ə): «Heyvan minilməyəndə və işə öyrədilməyəndə qudurğanlıq edir, tabe olmur və xasiyyətini dəyişir. Qəlb də belədir. Ölümü yada salmaqla qəlbi riqqətə gətirməyəndə, ibadətlə onu əziyyətə salmayanda qəlb sərtləşir və qəlizləşir» (Tühəfül-üqul, səh. 506).

Həzrət Mühəmməd Peyğəmbər (s): «Ibadəti tərk etmək qəlbi sərtləşdirər. Zikri tərk etmək ruhu öldürər» (Mizanül-hikmə, hədis 17005).

İmam Əli (ə): «Sərvətin çoxluğu dini korlayar, qəlbi sərtləşdirər» (Mizanül-hikmə, hədis 17007).

İmam Əli (ə): «Qanların tökülməsinin səbəbi yalnız qəlblərin sərtləşməsidir. Qəlblərin sərtləşməsinin səbəbi isə yalnız günahların çoxalmasıdır» (Şeyx Səduq. Iləlüş-şəraye, səh. 81).

islam.az

Daha çox göstər
Back to top button