Əvvəla, bunu qeyd edək ki, dinimiz ruzinin halallığına xüsusi diqqət yetirməyi tövsiyə edir. Halal ruzi təkcə maddi deyil, həm də mənəvi faydaya malikdir və insan əxlaqındakı mənfi cəhətlərin yayılmasına mane olur. Əksinə, haram ruzi əxlaqı pisləşdirir, müxtəlif maddi və mənəvi bəlalara yol açır.
Bank sektoru həssas sahə olduğu üçün, orada işləyərkən fəaliyyətin halal olmasına diqqət yetirmək vacibdir. Faiz (sələm) İslamda böyük günahlardandır və onunla hər hansı şəkildə məşğul olmaq haramdır. Ona görə də bankın bilavasitə faizlə bağlı fəaliyyətində iştirak etməkdən çəkinmək lazımdır. Bank müştərilərinə faizlə pul verilməsinin təşkili, qeydiyyatı, faizlə bağlı hər növ prosesdə iştirak etmək şəriət baxımından haramdır.
Bundan əlavə, bankın müştəriləri arasında şərab alveri kimi haram fəaliyyətlə məşğul olan müəssisələr və ya şəxslər varsa, onlarla da hər növ işgüzar əlaqə yaratmaq, onların bankla ünsiyyətində hər şəkildə iştirak etmək (məsələn, onlar üçün kredit qeydiyyatı aparmaq, onların səhmlərinin alış-satışına qatılmaq və s.) günah sayılır. Bankın bu cür bilavasitə haram fəaliyyət sahələrindən başqa sahələrdə çalışmaq və buna görə məvacib almaq icazəlidir.