Bu gecə (martın 22-nə keçən gecə) ehtimal edilən ikinci Qədr gecəsidir

Ramazan ayının 20-dən 21-nə keçən gecə (bu il martın 22-nə keçən gecə) ehtimal olunan ikinci Qədr gecəsidir.
Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub və ola bilər ki, bu, məhz Ramazanın 20-dən 21-ə keçən gecəsidir.
Qədr gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında “Əhya gecələri” kimi də adlandırılır.
Ramazanın 20-dən 21-nə keçən gecə digər bir hadisə ilə də əlamətdardır. Hicri tarixi ilə 40-cı ildə müsəlmanların birinci imamı Əli ibn Əbutalib (ə) dünyasını dəyişib. Həzrət Əli (ə) birinci Qədr gecəsi məsciddə namaz qılarkən ibn Mülcəm tərəfindən qılınc zərbəsinə məruz qalıb, 2 gün sonra isə şəhid olub.
İmam Əli (ə) bəşər övladı olaraq yeganə şəxsdir ki, dünyaya Kəbədə gəlmiş, dünyasını isə Allah evində dəyişmişdir.
Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.