Qarşıdan gələn FİTR BAYRAMINIZ mübarək! Dünya ölkələri necə qeyd edir?

Əziz müsəlmanlar!
KİV-də verilmiş son xəbərlərə əsasən, mart ayının 30-u dünyanın bir sıra ölkələrində Fitr bayramı elan edilib. Bu ölkələr sırasına Türkiyə, Səudiyyə Ərəbistanı, Yəmən, Fələstin, Livan, körfəz ölkələri (Bəhreyn, Qatar, Küveyt, BƏƏ) daxildir. Bu ölkələrin ali ruhani qurumlarının qərarına görə, astronomik və dini şərtlər 30 martın bayram sayılmasına əsas verir.
Eyni zamanda həm astronomik hesabatlara, həm də əyani müşahidələrə əsasən hilalın bizim bölgədə nə teleskopla, nə də adi gözlə görünmədiyi aydın olmuşdur. Hilal Şimali Amerikanın şərq hissəsində və Mərkəzi Amerika ölkələrində teleskopla görünmüşdür. Buna əsaslanaraq şiə dünyasının böyük mərceyi-təqlidləri Ayətullahül-üzmalar Sistani və Xameneyinin rəyinə əsasən 30 mart bayram sayılmır və Fitr bayramı martın 31-nə təsadüf edir. Buna əsasən, İran, İraq və yaxın bölgələrdə şiə müsəlmanların əksəriyyəti martın 31-də bayramı qeyd edəcək.
Bundan əlavə Pakistan, Banqladeş, Oman, İndoneziya, Malaziya, Avstraliya, Hindistan, Bruney, Suriya, İordaniya, Misir, Tunis, Liviya, Qazaxıstan, Dağıstan kimi ölkələrdə də martın 31-i Fitr bayramı elan edilib.
Azərbaycanda martın 30-u və 31-i Fitr bayramı elan edilmişdir və həmin günlərdə məscidlərdə bayram namazları qılınacaq.
Qarşıdan gələn Fitr bayramı münasibətilə dünya müsəlmanlarını və o cümlədən Azərbaycan xalqını təbrik edirik.
Allah edilən duaları, tutulan orucları və qılınan namazları qəbul etsin.