İslam suallarda

Ricət hadisəsi dinin vacib məsələlərindəndirmi?

Ricət sözünün ərəb dilindən tərcüməsi qayıdış deməkdir. Əsasən, şiə məzhəbinə aid hədislərə görə, dünyanın sonuna yaxın Allahın əmri ilə bəzi İslam müqəddəsləri və onların düşmənləri dirilib bu həyata qayıdacaqlar. Müqəddəslər vaxtilə öz düşmənlərindən çəkdikləri zülm və əziyyətlərin intiqamını onlardan alacaqlar. Məsələn, İmam Hüseynlə (ə) Yezid və onun əlaltıları ricət hadisəsinin əsas fiqurlarından sayılır. Həzrət Hüseyn (ə) öz qatillərini məhv edəcək. Buna görə də ricət – qiyamətdən əvvəl ilahi ədalətin kiçik miqyasda təntənəsi kimi  qəbul edilir. Ricət hadisəsinin İmam Mehdinin (ə) zühurundan sonra baş verəcəyini yazırlar.

Cəfəri məzhəbinə aid kitablarda bəzi Quran ayələri də ricətin doğruluğuna sübut kimi gətirilir. Məsələn, Nəml, 83; Bəqərə, 55-56, 243, 259 və s.

Ricət barədə hədislər cəfəri məzhəbində o qədər çoxdur ki, hətta bəzi alimlər (o cümlədən Əllamə Məclisi) bu məsələdə bütün şiə üləmasının icma etdiyini əldə əsas tutaraq, ricəti şiə məzhəbinin əqıdə əsaslarından biri kimi təqdim etmişlər. Amma ricətə inanmayan şəxs şiəlikdən çıxmış sayılmır. Şiə alimlərinin arasında ricətin olacağı deyil, hansı şəkildə olacağı barədə bəzi fikir ayrılıqları vardır. Bəzi alimlər ricət zamanı şəxslərin adi bədəndə bu dünyaya qayıdacağına inanır, bəziləri isə onların axirət aləminə məxsus misali bədən adlanan metafizik qiyafədə olacaqlarını iddia edirlər.

Daha çox göstər
Back to top button