“Zındıq” sözünün mənası nədir?

Bu söz “dinsiz, kafir” sözünün sinonimi kimi işlədilir. Mənşəyi barədə fikirlər müxtəlifdir. Əksəriyyət bu sözün fars mənşəli olduğunu qəbul etsə də, fars dilində hansı kökdən törədiyi barədə nəzəriyyələr fərqlidir. Daha geniş yayılmış fikrə əsasən, “zəndi” (yəni zərdüştilərin müqəddəs kitabı “Avesta”nın şərhi olan “Zənd” kitabına inanan adam) sözünün ərəbləşdirilmiş variantıdır. Bununla belə, əksəriyyətin rəyinə görə, zərdüştilər zındıq sayılmırlar. Çünki onlar da vaxtilə bir peyğəmbərin ümməti olmuş, amma sonra haqq yolundan azıb öz müqəddəs kitablarını təhrif etmişlər. Həm də zərdüştilikdə hər nə qədər çoxtanrıçılıq əlamətləri olsa da, Hörmüzd baş tanrı sayılır, Əhrimən ona tabedir və dünyanın axırında Hörmüzd Əhriməni məhv edəcək. Buna görə də, klassik müsəlman alimlərinin düşüncəsinə görə, zındıq – iki tanrıya inanan dualist əqidəli adama deyilir. Mani və Məzdək dinlərinə inananlar bura aiddir.
Daha geniş anlamda Allaha, peyğəmbərlərə, axirətə inanmayan, Quranı və sünnəni inkar edən şəxsə zındıq deyirlər. Bəzi müsəlman alimlər dini təəssübkeşlik üzündən öz kitablarında hətta başqa məzhəbin ardıcıllarını zındıq adlandırmaqdan da çəkinməyiblər.