İslam tarixiMəqalələr

Abdullah ibn Səba mifdirmi?

Şiəliyə qarşı irəli sürülən qərəzli iddialara görə, guya şiə məzhəbini Abdullah ibn Səba adlı şəxs yaratmışdır. Abdullah ibn Səbanın şəxsiyyəti barədə məlumatlar çox ziddiyyətlidir.

Əksər məlum mənbələr onun Yəmən əsilli yəhudi olduğunu xəbər verir. Anası həbəşistanlı zənci olduğu üçün, ona ibnüs-sövda (qara dərilinin oğlu) deyirdilər.

Abdullah ibn Səba haqqında məlumat verən mənbələrdə göstərilir ki, o, keçmiş peyğəmbərlərin həyatına istinad edərək, hər peyğəmbərin canişini olduğu və bu canişinin peyğəmbər tərəfindən konkret tanıdılıdığı ideyasını yaymağa başlayır. Bu ideyaya görə, Həzrət Mühəmməd Peyğəmbərin (s) də haqq canişini Əli ibn Əbu Talibdir (ə). Abdullah üçüncü xəlifə Osman ibn Affanın zamanında müsəlman olduğunu elan edir, öz fikirlərini yaymaq məqsədilə Şam, Kufə Bəsrə, Misir məntəqələrinə səfər edib hər yerdə özünə tərəfdar toplayır. Onun tərəfdarlarını “səbailər”, əqidə məktəbini isə “səbaiyyə” adlandırırlar. Səfərlərinin sonunda Abdullah Misirdə məskunlaşıb, camaatı Osman ibn Affanın əleyhinə qızışdırır. Daha sonra narazı qüvvələrlə birlikdə Mədinəyə gəlir və xəlifənin qətli ilə nəticələnmiş hadisələrdə fəal iştirak edir.

Bəzi tarix kitablarında qeyd edilir ki, Osmanın qətli, Cəməl savaşı Abdullah ibn Səbanın səyləri nəticəsində baş vermişdir. Hətta Abdullah Cəməl savaşından əvvəl tərəflərin sülhə razı olduğunu görüb qorxuya düşür ki, onlar birləşib Osmanın əsl qatillərini ələ keçirərlər (Abdullah ibn Səbanın özü də camaatı Osmann əleyhinə qızışdırdığı üçün bu qətlin əsas səbəbkarlarından biri sayılırdı). Buna görə də o, öz tərəfdarlarına hər iki tərəfin sıralarına qoşulmağı tapşırır. Səbailər hər iki tərəfin sıralarına soxulub təxribat yaradır və qarşı tərəfə ox atmaqla
döyüş alovunu qızışdırırlar.

Əli ibn Əbu Talibin (ə) xilafəti dövründə Abdullah ibn Səba Əlini (ə) tanrı, özünü isə peyğəmbər elan edir. İmam Əli (ə) Abdullahı mühakimə edib, əqidəsindən döndərməyə çalışır.

Lakin Abdullah və tərəfdarları öz fikirlərindən dönmürlər. Nəticədə, İmam Əlinin (ə) əmri ilə dərin bir quyu qazıyıb içində tonqal qalayır, Abdullahla tərəfdarlarını quyuya atıb yandırırlar. Bəzi rəvayətlərdə deyilir ki, yandırılanlar Abdullahın tərəfdarları idi; onun özü isə öldürülməmiş, Mədainə sürgün olunmuşdu.

Qəribədir ki, bir çox tarix kitablarında Əbuzər, Əmmar ibn Yasir, Malik Əştər, Mühəmməd ibn Əbu Bəkr, Səsəə ibn Suhan kimi parlaq şəxsiyyətlər səbaiyyə firqəsinin üzvü adlandırılıblar. Bunlar Abdullah ibn Səbanı təsdiq edən mənbələrin məlumatıdır.

Abdullah ibn Səbanın əslində həqiqətdən uzaq, xəyali bir obraz olduğunu görkəmli Misir alimi mərhum Taha Hüseyn “Böyük fitnə” kitabında qeyd etmişdir. Son onilliklərdə yaşamış cəfəri məzhəbli məşhur tədqiqatçı alim mərhum Əllamə Seyid Mürtəza Əsgəri “Abdullah ibn Səba əfsanəsi” adlı kitabında bu məsələyə aydınlıq gətirmişdir. Alim adıkeçən əsərdə sübuta yetirir ki, Abdullah ibn Səba adlı şəxsiyyətin və banisi hesab edildiyi səbaiyyə firqəsinin mövcudluğunun heç bir əsası yoxdur. Abdullah ibn Səba haqqında bütün mövcud rəvayətlər Təbəri tarixindən götürülüb. Təbəri isə bu rəvayətləri hicri 170-ci ildə (miladi 786-787-ci illərdə) vəfat etmiş Seyf ibn Ömər Təmimi Kufi adlı şəxsin dilindən rəvayət edib. Seyf ibn Ömər yalançı, iftiraçı, hadisələri dəyişdirib əksinə nəql edən ravi kimi tanınır.

Abdullah ibn Səba haqqında rəvayətlərdə onun əsil-nəsəb zənciri atasının adından o yana keçmir. O zamankı Ərəbistan şəraitində bu cür məşhur bir şəxsin əsil-nəsəbinin tanınmaması çox qəribədir.

Bu faktın özü Abdullah ibn Səbanın real tarixi şəxsiyyət olmasını ciddi şübhə altına qoyur. Bəzi mənbələrdə isə Abdullah ibn Səba ilə Abdullah ibn Vəhəb ibn Rasib adlı şəxs eyniləşdirilir. Abdullah ibn Vəhəb ibn Rasibin 12-ci nəsildən ulu əcdadının adı da Səba idi. Abdullah əvvəlcə Həzrət Əlinin (ə) tərəfdarı olmuş, Siffeyn savaşından sonra müxalifət cəbhəsinə keçmişdi. Xəvaric tayfası onu özünə xəlifə seçib beyət etdi. Abdullah ibn Vəhəb Nəhrivan savaşında öldürüldü. Göründüyü kimi, Abdullah ibn Səbanı onunla eyniləşdirməyin heç bir məntiqi əsası yoxdur. Çünki rəvayətlərdə Abdullah ibn Səbanın Əli ibn Əbu Talibə (ə) ifrat məhəbbət bəslədiyi və hətta onu tanrı hesab etdiyi bildirilir. Abdullah ibn Vəhəb isə Imam Əli (ə) ilə düşmən olmuş, onunla döyüşmüş və bu yolda hətta öz canını vermişdir.

Əllamə Əsgərinin gəldiyi qənaətə görə, Həzrət Əlinin (ə) tərəfdarlarına “səbaiyyə” deyilməsi ənənəsi Müaviyənin zamanında başlamışdır.

Əslində ərəblər Yəmən əsilli şəxsləri ulu əcdadları Səbanın adı ilə “səbəi” adlandırırdılar. Imam Əlinin (ə) tərəfdarları olan böyük şəxsiyyətlərin çoxusu da Cənubi Ərəbistan əsilli idi (Əmmar, Malik Əştər, Hücr ibn Ədiyy və b. Müaviyənin əsas dayağı isə əsasən, Şam əsilli şimali ərəb aristokratiyası idi). Müaviyənin əlaltıları Əhli-beyt tərəfdarlarını “səbəi” deyə çağırırdılar. Sonrakı dövrlərdə qərəzli məqsədlə “səbəi” ifadəsi “səbai” şəklinə salındı və Abdullah ibn Səba adlı xəyali şəxsiyyətlə süni formada əlaqələndirildi.

 

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button