İslam tarixiMəqalələr

Muxtar Səqəfi kim olub?

(Birinci hissə)

İslam tarixi boyunca ən çox mübahisələrə səbəb olan, üzərinə iftiralar atılan, adı haqsız yerə mənfi şəkildə hallandırılan şəxsiyyətlərdən biri də Muxtardır. Bunun səbəbini başa düşmək çətin deyil.

Muxtar İmam Hüseynin (ə) qatillərini bir-bir tutub qətlə yetirmiş, Əməvi xilafəti üçün ciddi təhlükə yaratmış, üstəlik, Zübeyrilər nəsli ilə də düşmən olmuşdur. Buna görə də Muxtarın adını unutdurmaq, yaddaşlardan silmək, xidmətlərinə kölgə salmaq üçün Əməvilər xeyli çalışmış və müəyyən qədər öz məqsədlərinə nail olmuşlar.
Bu məqalədə Muxtarın şəxsiyyəti barədə qısa məlumat verilir. Məqalənin ikinci bölümündə Muxtarın adı ilə bağlanan, guya onun tərəfindən yaradıldığı iddia edilən, əslində isə nəinki Muxtarla əlaqəsi olmayan, hətta uydurma və qondarma bir mövzu olan keysaniyyə cərəyanından söhbət açılır.

Muxtar şiə məzhəbinin tarixində mühüm yer tutan şəxsiyyətlərdən biridir. Muxtar ibn Əbu Übeyd ibn Məsud Səqəfi hicrətin birinci ilində anadan olmuşdur. Əsli Taifdəndir. Atası Əbu Übeyd səhabələrdən olub, ikinci xəlifə Ömər ibn Xəttabın hakimiyyətinin əvvəllərində ailəsi ilə birlikdə Mədinəyə gəlmiş, İraqın fəthində iştirak etmiş və hicrətin 13-cü ilində (miladi 634-cü il) oğlu Cəbrlə birlikdə şəhid olmuşdu.

Bundan sonra Muxtar əmisi Səid ibn Məsudun himayəsi altında yaşamağa başladı. Səid ibn Məsud Həzrət Əlinin (ə) tərəfindən Mədain valisi təyin edilmişdi. Muxtar kiçik yaşlarından Əhli-beytin məhəbbəti ilə böyümüşdü. İmam Əli (ə) tərəfindən ona “keysan” (zirək, diribaş) ləqəbinin verildiyini yazırlar.

İmam Əli ibn Əbu Talibin (ə) zamanında Muxtar Kufədə yaşayırdı. O həzrətin şəhadətindən sonra Bəsrədə məskunlaşdı, sonra yenə Kufəyə qayıtdı.

İmam Hüseynin (ə) elçisi Müslim ibn Əqil Kufədə məhz Muxtarın evində qalırdı. Müslimin qiyamından azacıq əvvəl Kufədəki əksər Əhli-beyt tərəfdarları kimi Muxtar da həbs edildi. Buna görə də o, Müslimin qiyamında və Kərbəla faciəsində iştirak edə bilmədi.

İmam Hüseynin (ə) şəhadəti bütün Əhli-beyt tərəfdarları kimi Muxtarın qəlbində də təlatüm yaratdı. İmamın intiqamını almaq istəyi onun varlığına hakim kəsildi. Kufə valisi Übeydullah ibn Ziyad Muxtarı qətlə yetirmək istəyirdi. Lakin Muxtarın bacısı öz həyat yoldaşı Abdullah ibn Ömərdən xahiş etdi ki, qardaşının barəsində Yezidin qarşısında vəsatət qaldırsın. Abdullah ibn Ömərin xahişi ilə Yezid Muxtarın azad olunması barədə fərman verdi.
Bu arada Abdullah ibn Zübeyr Əməvilər xilafətini bürümüş böhrandan faydalanaraq özünü xəlifə elan etdi. Məkkə və Mədinənin ardınca İraq da Abdullah ibn Zübeyrə tabe oldu. Artıq Kufəni onun göndərdiyi vali idarə edirdi. Keçmişdə Əməvilərə xidmət etmiş bir çoxları indi Abdullah ibn Zübeyrə qoşulmuşdular.

Abdullah məşhur səhabə Züber ibn Avvamın oğlu idi. Cəməl savaşında atası Zübeyrlə eyni cəbhədə, İmam Əlinin (ə) əleyhinə vuruşmuşdu. Abdullah Əhli-beytə nifrət bəsləyirdi. Hətta Cəməl savaşında Zübeyr döyüşdən yayınmaq istədikdə, Abdullah onu danlamış və qorxaqlıqda təqsirləndirmişdi. İmam Əli (ə) Cəməl savaşından qabaq Zübeyrlə görüşəndə ona demişdi: “Biz səni Əbdülmüttəlib oğullarından hesab edirdik. Amma imansız oğlun Abdullah boya-başa çatandan sonra səninlə bizim aramızda ayrılıq saldı”.

Abdullah Məkkədə hakim olduğu dövrdə xütbələrdə İmam Əlinin (ə) ruhuna təhqir və söyüşlə dolu ifadələr işlədirmiş.

Onun Abdullah ibn Abbasla söhbət zamanı belə söylədiyini də rəvayət edirlər: “Qırx ildir ki, Əhli-beytə qarşı nifrəti ürəyimdə gizlədirdim” (Məsudi. Mürucüz-zəhəb, III, 80). Lakin o həm də mahir siyasətçi idi, öz məqsədinə çatmaq üçün ən müxtəlif üsullardan istifadə etməyi bacarırdı. Abdullah ibn Zübeyr Muxtarı da öz tərə-finə çəkməyə çalışırdı. Muxtar kimi möhkəm iradəli, bacarıqlı hərbçinin təcrübəsinə onun ehtiyacı vardı. Muxtar əvvəlcə onun tərəfinə keçmək fikrində idi; amma sonra Abdullahın qeyri-səmimi niyyətindən xəbərdar olub ondan uzaqlaşdı. İbn Zübeyrin təyin etdiyi Kufə valisi Muxtarı yenidən zindana saldı; amma o, bu dəfə də öz qaynının vəsatəti ilə həbsdən xilas oldu.

Muxtar artıq açıq silahlı çıxış üçün şəraitin yetişdiyini görüb hərəkətə başladı. Malik Əştərin oğlu İbrahim Muxtara qoşulduqdan sonra qiyamçıların qüvvəsi daha da artdı. Hicri 66-cı il rəbiül-axir ayında (miladi 685-ci il) Muxtar Kufədə qiyam qaldırdı. O, dörd prinsip əsasında camaatdan beyət alırdı: Allahın kitabına (Qurana) əsasən hökm vermək, Peyğəmbər sünnəsinə əməl etmək, İmam Hüseynin (ə) qatillərindən intiqam almaq və məzlumlara yardımçı olmaq. Muxtarın tərəfdarları Abdullah ibn Zübeyrin təyin etdiyi Kufə valisini şəhərdən qovdular.

(İkinci hissə)

Muxtarın qiyamında güc nisbəti tez-tez dəyişirdi. Belə ki, İbrahim ibn Malik Əştər qoşunun əksəriyyəti ilə şəhər ətrafındakı düşmən dəstələri ilə döyüşdüyü zaman Kufədəki müxalifət qüvvələri bir neçə dəfə Muxtarı mühasirəyə alıb çətin vəziyyətdə qoymuşdular. Hər dəfə İbrahimin Kufəyə qayıtması Muxtarı xilas etmişdi.

Əməvilərin Kufə valisi Übeydullah ibn Ziyad məğlubiyyətlə barışa bilmirdi. O, Kufəni geri almaq üçün böyük bir qoşunla şəhər üzərinə hücuma keçdi.

Lakin İbrahim ibn Malik Əştərlə döyüşdə Əməvi qoşunu darmadağın edildi, Übeydullah ibn Ziyad öldürüldü. Onun kəsik başını Muxtarın hüzuruna gətirdilər, Muxtar da onu İmam Zeynül-abidinə (ə) göndərdi. Deyirlər ki, İmam Zeynül-abidin (ə) atasını qətlə yetirmiş şəxsin kəsik başını görəndə şükr səcdəsi etmiş və Muxtara xeyir-dua vermişdi.

Muxtar Kərbəla faciəsində əli olan hər kəsi tutub, törətdiyi cinayətin ağırlığına uyğun olaraq işgəncə ilə qətlə yetirirdi. Əlləri¬ni İmam Hüseynin (ə) və tərəfdarlarının qanına bulamış Ömər ibn Səd, Şümr ibn Zil-cövşən, Sinan ibn Ənəs, Xuli ibn Yezid Əsbəhi, Əmr ibn Həccac Zibeydi, Hərmələ ibn Kahil, Bəcdəl ibn Süleym, Mürrə ibn Münqiz, Həkim ibn Tüfeyl və başqaları Muxtarın əmri ilə öldürüldülər. Bununla da Muxtar öz vədinə sadiq qalıb, İmam Hüsey¬nin (ə) qatillərindən intiqam almış oldu.

Übeydullah ibn Ziyad qətlə yetirildikdən sonra Mosul, Bəsrə və Mədain şəhərləri də Muxtarın əlinə keçdi.
Abdullah ibn Zübeyr Muxtarın qələbə xəbərlərini eşidəndə Ərəbistan əhalisinin də onun tərəfinə keçə biləcəyindən narahat oldu. Məkkə və Mədinədə böyük nüfuz sahibi olan Mühəmməd ibn Hənəfiyyə, Abdullah ibn Abbas kimi Bəni-Haşim böyükləri camaatı Muxtarın ətrafına səsləyə bilərdilər. Abdullah ibn Zübeyr Bəni-Haşim seyidlərindən 17 nəfəri (yuxarıda adları çəkilən iki nəfər də daxil olmaqla) Məkkə ətrafındakı Arim dərəsində həbs etdirdi. Abdullah bu nüfuzlu insanların qarşısında tələb qoydu ki, ona beyət etsinlər; əgər bir neçə gün ərzində beyət etməsələr, onları tonqalda yandırmaqla hədələdi. Bu məqsədlə artıq Arim dərəsinə xeyli odun yığmışdılar. Muxtar bundan xəbər tutan kimi qəfil bir hücumla Bəni-Haşim əsirlərini azad etdi.

Abdullah ibn Zübeyr öz qardaşı Müsəbi Muxtarla döyüşə yolladı. Müsəb Bəsrə şəhərini ələ keçirib burada düşərgə qurdu. Kufədə Muxtardan narazı olan qüvvələr də Müsəbə qoşuldular. Kufə yaxınlığında baş vermiş gərgin döyüşdə Muxtarın qoşunu məğlub oldu. Muxtar bir neçə min tərəfdarı ilə Kufədəki Darül-imarəyə (valinin qəsrinə) çəkildi.

Uzun müddətli mühasirə nəticəsində Muxtarın tərəfdarlarının sayı get-gedə azalırdı. Onların bir hissəsi döyüşdə həlak olmuş, bir hissəsi də qaçmışdı.

Muxtar hər gün bir dəstə döyüşçü ilə darül-imarədən çıxıb vuruşur və yenə sığınacağa qayıdırdı. Hicri 67-ci il ramazan ayının 14-də (miladi 687-ci il) Muxtar döyüşdə şəhid oldu. Onun darül-imarədəki tərəfdarları savaşmaqdan imtina edib aman istədilər. Müsəb onlara aman verdi, amma sığınacaqdan çıxan kimi hamısını öldürməyi əmr etdi. Muxtarın həyat yoldaşını da öz ərini peyğəmbər saymaq ittihamı ilə yalandan təqsirləndirib öldürdülər.

Muxtarın başını kəsib Abdullah ibn Zübeyr üçün göndərdilər, qollarını doğrayıb Kufə məscidinin divarından asdılar. Muxtarın məzarı Kufə məscidinin şərq tərəfində, Müslim ibn Əqilin qəbrinin yanında yerləşir.
Muxtarın şəxsiyyəti barədə şiə mənbələrindəki məlumatlar ziddiyyətlidir. Bəzi rəvayətlərdə onun imamət məsələsində fərqli mövqe tutduğu, Mühəmməd ibn Hənəfiyyəni imam və mehdi kimi qəbul etdiyi bildirilir. Lakin əksər hədislərdən məlum olur ki, şiə imamları Muxtar haqqında müsbət fikirdə olmuş və onun qiyamını razılıqla qarşılamışdılar. Bu hədisləri Əllamə Məclisi “Biharül-ənvar” kitabında qeyd etmişdir (Əllamə Məclisi. Biharül-ənvar, XLV, 342-390). Həmin hədislərin birində deyilir ki, İmam Mühəmməd Baqir (ə) camaatın Muxtar haqqında nalayiq sözlər danışdığını eşidəndə buyurmuşdur: “Muxtarı söyməyin. O bizim şəhidlərimizin qatillərini öldürdü, intiqamımızı aldı…”

(Üçüncü hissə)

Muxtar özündən məzhəb yaradıbmı?

Muxtarın şəxsiyyəti və həyatı barədə məlumat verdik və qeyd etdik ki, onun ruhuna atılan böhtanlardan biri də guya şiə məzhəbi daxilində ilk parçalanmanı – keysaniyyə məzhəbini yaratması iddiasıdır. Bu məqalədə keysaniyyə məzhəbi barədə həqiqətləri diqqətinizə çatdırırıq.

Keysaniyyə şiə məzhəbi daxilində ilk ciddi parçalanma nəticəsində yarandığı iddia edilən, əslində isə şiəliyə aidliyi şübhə altında olan məzhəbin adıdır.

Bu məzhəbin adını İmam Əli ibn Əbu Talibin (ə) nökəri Keysanla bağlayırlar. Başqa bir məlumata görə, “keysan” Muxtar Səqəfinin ləqəbi idi. “Zirək, fərasətli” mənasını bildirən bu ləqəbi guya İmam Əli ibn Əbu Talib (ə) körpə Muxtara veribmiş. Bəziləri “keysan” ləqəbinin Həzrət Əlinin (ə) oğlu Mühəmməd ibn Hənəfiyyə tərəfindən Muxtara verildiyini, bəziləri isə Muxtarın silahdaşlarından birinin bu adı daşıdığını söyləyirlər.

Göründüyü kimi, keysaniyyə cərəyanının mənşəyi barədə məlumatlar çox ziddiyyətlidir. Dini mənbələrdə keysaniləri bu cür xarakterizə edirlər: Onlar guya İmam Hüseyndən (ə) sonra Mühəmməd ibn Hənəfiyyənin imamlığını qəbul edirdilər. Keysaniyyə əqidəsində İmam Hüseynin (ə) intiqamını almaq uğrunda mübarizə aparmaq mühüm amil sayılırmış.

Onların əqidəsincə, Əli (ə) övladlarından hər kim zülmə qarşı mübarizə aparırsa və ya belə bir mübarizəni dəstəkləyirsə, həqiqi imam odur. İmam Zeynül-abidin (ə) Əməvi rejiminə qarşı silahlı qiyamdan imtina etdiyi üçün, keysanilər Mühəmməd Hənəfiyyəni imam kimi tanıyırmışlar; çünki o, Muxtarın hərəkatını dəstəkləmiş və ona xeyir-dua vermişdi. Hətta bəzi müəlliflərin fikrincə, keysanilər mehdinin Həzrət Mühəmməd Peyğəmbərin (s) nəslindən çıxacağı və Onunla eyni ada, eyni künyəyə malik olacağı barədə hədisi əsas tutaraq, Əbül-Qasim Mühəmməd ibn Hənəfiyyəni mehdi sayırmışlar. Onlar inanırmışlar ki, Mühəmməd ibn Hənəfiyyə ölməyib, Mədinə yaxınlığındakı Rəzva dağında gizlənib və öz zühur vaxtını gözləyir.

Son tədqiqatlar bunu göstərir ki, keysaniyyə cərəyanının Mühəmməd ibn Hənəfiyyəyə və Muxtara aidliyi heç bir ciddi sübuta dayaqlanmır. Belə ki, bu cərəyan haqqında ilk məlumatlar həmin iki nəfərin vəfatından xeyli sonrakı dövrə aiddir. Böyük ehtimala görə, Mühəmməd ibn Hənəfiyyə nə özü imamlıq və mehdilik iddiası etmiş, nə də Muxtar onu bu cür tanımışdır. Bu iddia sonralar şiə məzhəbini nüfuzdan salmaq, onun köklərini qeyri-ciddi mənbələrə bağlamaq və bu məzhəbin hörmətli şəxslərini ləkələmək məqsədilə uydurulmuşdur.

Mühəmməd ibn Hənəfiyyənin vəfatından (miladi 700-cü il) sonra özünü keysaniyyə kimi təqdim edən qrup onun oğlu Əbu Haşim Abdullahın imamlığını təbliğ etməyə başladı.

Əbu Haşim elmi səviyyəsinə və ictimai mövqeyinə görə öz müasirləri arasında fərqlənirdi. Məhz buna görə də Əməvi xəlifələri onu daim nəzarət altında saxlayır, hər bir addımını izləyirdilər. Əbu Haşimin oğlu olmadığına görə, ondan sonra keysaniyyə imamının kim olacağı sual altında idi. Belə bir şəraitdə Peyğəmbərin əmisi Abbasın nəvəsi Əli ibn Abdullah onunla sıx rabitə yaratmağa başladı. Əli çox da aktiv siyasi fəaliyyətdə deyildi, əsasən, zöhd və ibadət əhli kimi tanınmışdı. Əməvilərlə aşkar müxalifət etmədiyi üçün hakimiyyət də ona dəyib-dolaşmırdı. Əlini yaxınları ilə birlikdə Şam bölgəsindəki Hümeymə məntəqəsində məskun etmişdilər.

Hicri 98-ci ildə (miladi 716-717-ci illər) Əməvi xəlifəsi Süleyman ibn Əbdülməlik Əbu Haşimi hiylə ilə aradan götürmək qərarına gəldi. Ona icazə verildi ki, nəzarət altında saxlandığı Suriyadan çıxıb Hicaza qayıtsın. Lakin elə yoldaca xəlifənin cəsusları Əbu Haşimə zəhərli süd içirtdilər. Əbu Haşim son nəfəsində yolunun üstündə olan Hümeymədə Əli ibn Abdullahla və onun oğlu Mühəmmədlə (ilk Abbasi xəlifəsi Əbül-Abbas Səffahın atası ilə) görüşdü. Bu görüş sonralar belə bir fikrin yaranmasına səbəb oldu ki, guya Əbu Haşim keysaniyyə imamlığını Mühəmmədə ötürmüş və ona xeyir-dua vermişdir.

Böyük ehtimala görə, keysaniyyə cərəyanının mənşəyi barədə əfsanənin arxasında Abbasilər dururlar. Abbasilər keysaniyyə məzhəbini uydurub şiəliyə bağlamaqla öz hakimiyyətlərinə dini don geyindirdilər.

Bununla onlar həm şiə ideologiyasındakı imamət konsepsiyasına alternativ bir imamət modeli hazırlamış oldular, həm də xəyali keysaniyyə imamlığı bəhanəsi altında daha artıq arxayınlıqla öz hakimiyyət iddialarını irəli sürdülər.
Keysaniyyə cərəyanı cəmi bir neçə əsr mövcud olmuş, sonra isə fikir və siyasət səhnəsindən tamamilə silinmişdir. Artıq Şeyx Müfidin (vəfatı hicri 413 – miladi 1022-ci il) zamanında bu cərəyan yox olmuşdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button