İslam tarixiMəqalələr

Müsəlmanlar Avropaya tam hakim olsaydılar…

(Birinci hissə)

Alternativ tarix

Tarixdə hər bir hadisə müəyyən qanunayğunluq əsasında baş verir. Bəziləri bunların bir qismini təsadüf saysalar da, əslində dünyada təsadüf adlı bir şey yoxdur.

Çünki hər şey öz axarında, öz ölçüsündə baş verir. Dini düşüncəyə görə, bu axarı yönəldən, bu ölçünü yaradan qüvvə isə Allahdır. Hər şey Onun hikməti və məsləhəti əsasında baş verir. İnsan bunların bir qisminin səbəbini və faydasını anlayır, bir qisminin isə yox. İnsan bu hadisələrin bir qismi ilə razılaşır, bir qismi ilə yox. Bundan qətiyyən asılı olmayaraq, tarix yenə ilahi hikmət əsasında öz axarı üzrə davam edir.

Lakin hər birimizi ixtiyarsız olaraq, bu kimi suallar düşündürür: Əgər filan hadisə o cür yox, başqa cür cərəyan etsəydi, necə olardı? Filan hadisə baş verməsəydi, nəticəsi nə olardı? Filan proses baş tutmasaydı, ardınca hansı sonluqları gətirərdi? İnsanın təxəyyülü sonsuzdur və hər cür ssenarilər düşünməyə, onları öz xəyalında inkişaf etdirməyə qadirdir. Və bu təxəyyülün sayəsində hətta tarix elmində xüsusi bir bölmə də yaranıb: alternativ tarix. Bu bölmə məhz tarixin keçmişdə baş vermiş istiqamətlər üzrə deyil, fərqli istiqamətlərdə inkişaf etmə ehtimallarını araşdırır, mümkün ssenariləri təklif edir.

Aşağıda alternativ tarix qismindən bir yazını ixtisarla diqqətinizə təqdim edirik. Bu yazı Kornuoll Universitetinin (Böyük Britaniya) tarix və klassik filologiya üzrə professoru Barri S.Straussun qələminə məxsusdur. Alim bu yazıda müsəlman fəthlərinin İspaniya hüdudlarından kənara yayılmasının qarşısını alan məşhur Puatye savaşının (732-ci il) fərqli ssenarisi və nəticələri barədə düşüncələrini bölüşür. Həqiqətən, maraqlıdır: Əgər VIII əsrdə Avropanın içərilərinə doğru müsəlman yürüşünün qarşısı alınmasaydı, dünya necə olardı?

Müsəlmanlar Avropaya necə daxil oldular?

Avropada erkən orta əsrlər dövrü iki hadisə ilə əlamətdardır. Əgər bu hadisələrin hər biri başqa cür cərəyan etsəydi, dünya hissediləcək tərzdə dəyişərdi.

Söhbət Qərbi Roma İmperiyasının süqutundan və müsəlman fütuhatından gedir. Əgər Roma Avropa üzərindəki ağalığını qoruyub saxlaya bilsəydi yaxud bu ağalıq müzəffər müsəlman imperiyasının əlinə keçsəydi, Avropa “zülmət əsrlər” (500-1000-ci illər) adlanan xaosa bürünməzdi…

Puatye yaxınlığında (732-ci il) franklar müsəlmanları məğlub etdilər. Döyüşün özü miqyasına görə Adrionopol savaşından (barbarlarla Roma İmperiyası arasında 378-ci ildə baş vermiş həlledici döyüşdən) daha kiçik idi. Amma onun psixoloji və siyasi nəticələri heç də yüngül olmadı. Birincisi, həmin gün o zamana kimi maneəsiz artmaqda olan müsəlman fütuhatına son qoyuldu. İkincisi, döyüşdə frank kralı Karl Martellin qələbəsi hakimiyyətdə baş verən sülalə dəyişikliyinə və hakimiyyətin Karl Martellin xələflərinin əlinə keçməsinə bəraət qazandırdı. Bir neçə onillikdən sonra Martellin nəvəsi, tarixə Böyük Karl (758-814) adı ilə düşmüş kral nəhəng dövləti idarə etməyə başladı. Bu dövlətin hüdudları daxilində gələcək Avropanın əsas cizgiləri müəyyən edildi.

Gələcək Fransa ilə Almaniyanın sərhədləri cızıldı, vassallıq sistemi yarandı, universitetlərin bünövrəsi sayılan yeparxiya məktəbləri meydana gəldi. Əgər Puatye savaşında ərəb sərkərdəsi həlak olmasaydı, yəqin ki, franklar məğlub olacaqdılar. Bu halda böyük frank imperiyasını yaradacaq sülalə hakimiyyətə gəlməyəcək, Böyük Karlın imperiyasının yerini isə müsəlman Fransası və hətta bəlkə də birləşmiş müsəlman Avropası tutacaqdı…

Hərb tarixində müsəlman məmləkətlərinin genişlənməsi qədər sürətli və uğurlu nümunələr o qədər də çox deyil. Mühəmmədin (s) vəfatından (632-ci il) sonra İslam ordusu cəmi bir nəslin ömrünə bəs edəcək müddət ərzində Yaxın Şərqdən bizanslıları qovub çıxardı və Konstantinopolu hədələməyə başladı.

711-ci ildə, Misirin və Şimali Afrikanın fəthindən sonra müsəlmanlar Cəbəlüttariq boğazından keçib İspaniyaya daxil oldular.

Onlar vaxtilə Adrionopol savaşında romalıları məğlub etmiş vestqotların varisləri tərəfindən qurulmuş xristian krallığına hücum etdilər. Vestqotlar darmadağın edildilər, onların kralı Roderix həlak oldu. On ildən də az vaxt ərzində Pireney yarımadasının əksər hissəsi fatehlərin əlinə keçdi və bundan sonra “Əndəlus” adlanmağa başladı. 720-ci ildə ərəblər Pireney dağlarını aşıb Septimaniyaya soxuldular…

Romalılar tərəfindən salınmış və mühüm strateji əhəmiyyət kəsb edən Narbonn şəhəri müsəlmanların əlinə keçdi. Lakin 721-ci ildə Tuluz yaxınlığında ərəblər məğlub oldular. Onların başçısı – Əndəlus əmiri həlak oldu. Yalnız sərkərdə Əbdürrəhman ərəbləri döyüş meydanından pərakəndə halda qaçmağa qoymadı. O, qarışıqlığı aradan qaldırdı, nizam-intizamı bərpa etdi və ordunun qalıqlarını Narbonna apardı. Tezliklə ərəblər hərbi əməliyyatları bərpa etdilər, Rona çayından şərqdə yerləşən torpaqları tutdular, Bordodan Liona kimi şəhərlərə hücum etdilər. Artıq 730-cu illərin əvvəlində Aralıq dənizinin Pireneylə Rona arasında Fransaya məxsus olan bütün sahili boyunca müsəlman qarnizonları yerləşirdi. Tuluz savaşında müsəlmanları çətin vəziyyətdən çıxarmış Əbdürrəhman 730-cu ildə hakimiyyətə gəldi.

732-ci ildə ərəb qoşununun əsas tərkib hissəsini təşkil edən bərbərlərin başçısı Munuza Qalliyanın sərhəddində kiçik, amma strateji mövqeyə malik bir ərazini ələ keçirdi.

O, hətta öz qonşusu Akvitaniya hersoqu Odo ilə saziş də imzaladı. Əbdürrəhman qəzəblənib onların üzərinə yürüşə çıxdı, Munuzanı tutub edam etdi. Sərkərdə bununla kifayətlənmədən dağları aşıb, Qaskoniya tərəfdən Qalliya torpaqlarına daxil oldu. Bəzi tarixçilərin fikrincə, Əbdürrəhmanın qoşunu 15 min nəfər döyüşçüdən ibarət idi. Qələbəni davam etdirərək, müsəlmanlar Puatyedən şimala doğru hərəkətə keçdilər. Görünür, onları yaxınlıqda yerləşən, franklarln milli ziyarətgahı sayılan Müqəddəs Turlu Martin məbədi cəlb edirdi. Orada dindarların ianələrindən ibarət böyük xəzinə vardı.

Tur isə Parisdən təxminən 200 mil məsafədə yerləşirdi. Amma müsəlmanlar buradan o tərəfə keçə bilmədilər. Tur və Puatye arasında, Musse yaxınlığındakı qədim yolun kənarında frank dövlətində təxminən baş nazir məqamına uyğun gələn moyordom vəzifəsini daşıyan Karl Pipinin başçılıq etdiyi qoşun onların qarşısını kəsdi. Karl həmin zamana kimi artıq məşhurlaşmışdı və təcrübəli sərkərdə sayılırdı. Əbdürrəhman da ondan geri qalmırdı. Ona görə də bu iki böyük sərkərdənin qarşılaşması möhtəşəm bir savaşın baş tutacağından xəbər verirdi.

732-ci ildə baş vermiş döyüşdə müsəlmanlar məğlub oldular, Əbdürrəhman öldürüldü. Sonralar kral olacaq Karl bu qələbəyə görə “Martell”, yəni “çəkic” ləqəbini qazandı. Müsəlmanlar isə bu hadisədən sonra daha şimala sarı üz tutmadılar.

(İkinci hissə)

Alternativ tarix

Müsəlmanların qarşısı alınmasaydı, dünya hansı istiqamətdə inkişaf edərdi? Böyük tarixçi Eduard Hibbon Puatye döyüşünü “bütün dünyanın tarixini dəyişdirmiş hadisə” adlandırmışdır.

O, “Roma imperiyasının süqutu və məhvi” adlı maqistr dissertasiyasında ərəblərin qələbə çalacağı ehtimalı zamanı alına biləcək nəticələr barədə yazırdı: “Cəbəlüttariq qayalarından Luara düzənliyinə çatmaq üçün müsəlmanlara min mildən bir az artıq qələbə marşı keçmək lazım gəldi. Daha bir belə cışrayış ərəbləri Polşanın və Şotlandiyanın sərhədlərinə gətirib çıxaracaqdı. Reyn çayı Nil və Fərat kimi gəmiçilik üçün yararlıdır. Ərəb donanması hətta döyüşsüz Temza çayının axarlarına yaxınlaşa bilərdi. O halda bəlkə də indi Oksfordda Quran tədris olunur, təfsirçilər isə sünnət olunmuş ingilislərə Mühəmmədin (s) vəhyinin həqiqətini və müqəddəsliyini öyrədirdilər…”
Doğrudan da, əgər müsəlmanlar franklara qalib gəlib Puatye döyüşünü udsaydılar, vəziyyət necə olardı? Əgər bu savaşda Karl öz döyüşçülərinin böyük hissəsi ilə birlikdə həlak olsaydı, nə baş verərdi?

732-ci il yürüşünün əvvəlində müsəlmanlar irimiqyaslı fəth haqqında düşünməsəydilər belə, böyük xristian ordusuna qalib gəlib, onların başçısını öldürdükdən sonra yəqin ki, evə dönməzdilər. Unutmaq olmaz ki, 711-ci ildə İspaniyaya yürüş də kişik basqın kimi başlamış, amma uğur qazanaraq qələbə səfərinə çevrilmişdi. Əbdürrəhmanın əsgərləri qələbə çalsaydılar, yəqin ki, Turu ələ keçirəcək, hətta daha da ruhlanaraq, Orlean və ya Paris üzərinə yürüyəcəkdilər.

Bu arada, hələ Martell ləqəbini qazanmadan həlak olan Karlın ölümü onunu varislərin hakimiyyət uğurunda çəkişməyə sürükləyəcəkdi.

Bu çəkişmənin qalibi hər kim olacaqdısa – istər Karloman, istərsə də Gödək Pipin – eyni zamanda frizlər, burqundlar, provansallar və müsəlmanlarla mübarizə aparmalı olacaqdı. Amma qalib şöhrəti qazanmadan və qələbə ilə ruhlanmış orduya sahib olmadan bunu etmək şox çətin olardı. Elə isə, Karldan fərqli olaraq, onun varisi nə müsəlmanlardan Avinyonu geri ala (737-ci il), nə də onlara Berr çayı yaxınlığında qalib gələ biləcəkdi (738-ci il). Bu qələbələri qazanmadan, o, həmçinin, Pipindən fərqli olaraq, 752-759-cu illər arasında müsəlmanları Septimaniyadan uzaqlaşdırıb, Pieney dağlarının arxasına qova da bilməyəcəkdi. Arxada, cənubi Qalliyada müsəlman torpaqlarının olması Karl Pipinin varisi Böyük Karla da imkan verməyəcəkdi ki, Almaniya və İtaliyaya yürüşlər etsin (elə bu yürüşlər onu “böyük” etmişdi)…

Müsəlmanlar zəifləmiş frank krallığından qorxmadan, qarış-qarış torpaqları alaraq, La-manş boğazını keçib, Hibbonun dediyi kimi, ayparalı bayrağı Oksford üzərinə yüksəldə bilərdilər. Cəbəlüttariqdən Skandinaviyaya, İrlandlyadan Vislaya kimi uzanacaq Qərbi Avropa müsəlman dövləti hansı xüsusiyyətlərə sahib ola bilərdi? Xristianlıq hakim din statusunu itirərərək, öz ardıcıllarının sayını durmadan itirən dini azlıq inancına çevrilərdi. Hətta bu azlıq da müsəlman İspaniyasında olduğu kimi, ərəb dilini və ənənələrini mənimsəyəcəkdi. Müsəlman İspaniyasında əhalinin İslama kütləvi gəlişinin qarşısını yalnız rekonkista hərəkatı ala bilmişdi. Şübhəsiz, Mühəmmədin (s) ardıcıllarının siyasi ağalığı şəraitində onların dini Şimali Afrikada və Yaxın Şərqdəki kimi tezliklə avropalıların əksəriyyəti tərəfindən qəbul ediləcəkdi.

Bundan əlavə, xristianlıq okean arxasına yayılmayacaqdı. Əgər 1492-ci ildə Avropa gəmiləri Atlantik okeanını o biri tərəfinə yola düşsəydi belə, onların yelkənini xaç deyil, aypara bəzəyəcəkdi.

Müsəlmanlar Əməvilər zamanında Aralıq dənizində ticaəti öz əllərində saxlayır, Hind okeanına portuqalların gəlişinə kimi nəzarət edirdilər. Bizim araşdırdığımız ehtimal halında onlar yəqin ki, böyük həvəslə Yeni Dünyanı (Amerikanı) öyrənməyə və məskunlaşdırmağa başlayacaqdılar. Amerikanın yerli əhalisi müsəlman olacaq, bu gün İslam yeganə ümumdünya dininə çevriləcəkdi.

Unutmaq olmaz ki, müsəlman İspaniyası (Əndəlus) Roma imperiyası zamanından bəri Avropada mövcud olmuş mədəni baxımdan ən yüksək inkişaflı dövlət olub. Əndəlusun X əsri sülh və rifah, şəhərlərin artımı, memarlıq sahəsində şah əsərlərin yaradılması, elm, incəsənət və maarifin parlaq inkişafı dövrü kimi tarixə düşmüşdür. Şimali Avropanın şəhərləri İspaniya şəhərləri ilə müqayisədə xırda kəndləri xatırladırdı. İspaniyalı tacirlər hər yerə yol tapır, İspaniyanın müsəlman filosofları isə klassik yunan irsi barədə Qərb salnaməçilərindən qat-qat çox bilirdilər.
Müsəlman hakimiyyətnin Pireney dağlarından şimala yayılması orta əsrlər Avropasını tamam başqa şəklə sala bilərdi. Axı müsəlmanlar hara ayaq basırdılarsa – istər Şimali Afrika olsun, istər İspaniya, istərsə də Yaxın Şərq – obrazlı ifadə ilə desək, oranı qızıla tuturdular. Müsəlman hakimlərin himayəsi altında ticarət genişlənir, əkin yerləri becərilir, irimiqyaslı suvarma və tikinti işləri aparılırdı.

Müsəlman Avropası qəyiyyən geridə qalmış olmazdı. İlk ərəb fatehləri Bizans və İran mədəniyyəti ilə tanış olan kimi, necə deyərlər, bu mədəniyyətlərə ilk baxışdan aşıq oldular.

Sonralar onlar qədəm basdıqları hər yerə özləri ilə birlikdə o zamankı dünya sivilizasiyasının ali nailiyyətlərini də aparırdılar. Müsəlman İngiltərəsi, Fransası və Almaniyası başdan-başa yalnız məscid və qəsrlərlə deyil, saraylarla, hamamlarla, fəvarələrlə və bağlarla da örtülərdi. X əsdə Paris bəlkə də ikinci Kordovaya çevrilər, onun məhəllələrində qədim dünyanın bütün dilləri səslənərdi. Parisi qızıla tutulmuş, mərmər sütunlu, hind boyaları ilə çəkilmiş ornamentlərlə bəzəkli saraylar zinətləndirə bilərdi. Əgər Aaxen Böyük Karlın deyil, xəlifənin iqamətgah olsaydı, orada ağır, qalın divarlı proto-roman üslublu kilsələr deyil, sanki havada “uçan” minarələrə malik məscidlər yerləşərdi.

Uyğun dəyişiklik mənəvi aləmdə də sezilərdi. Çünki ərəblər maariflənmənin, xüsusilə də, fəlsəfə və poeziyanın vurğunu kimi tanınırdılar.

Şimali Avropa alimləri Platon və Aristotelin əsərləri ilə əslində olduğu kimi XII əsrdə deyil, X əsrdə tanış olardılar. Vəhşi saqalar əvəzinə, şairlər Bağdad sarayında oxunmağa layiq olan zərif şeirlər qoşardılar. Təəccüblü deyil ki, Anatol Frans kimi zərif ruh sahibi mədəniyyətin tənəzzülünə və barbarların zəfərinə yol açmış Puatye döyüşünün nəticələrinə təəssüf edirdi…

(Yazıda Kornuoll Universitetinin (Böyük Britaniya) tarix və klassik filologiya üzrə professoru Barri S.Straussun məqaləsindən istifadə edilmişdir)

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button