Səfəvi hökmdarlarının sarayında türk dili
(Birinci hissə)
Yaxud illərlə bizə təlqin edilmiş bir təhrif barədə o dövrün sənədləri əsasında açıqlama
Səfəvilər dövlətinə və onun banisi Şah İsmayıl Xətaiyə münasibət tarix boyunca birmənalı olmamışdır. Əslində, hər hansı dövlətə və dövlət basçısına birmənalı münasibət göstərilməsini gözləmək sadəlövhlükdür.
Lakin Şah İsmayıla və onun xələflərinə qarşı irəli sürülən iddiaların böyük əksəriyyəti bəzən kor təəssübə və düşmənçiliyə əsaslanır, həqiqətdən uzaqdır. Hər şeydən əvvəl, mövzuya giriş olaraq bunu deməliyik ki, Səfəvilər dövlətinin tariximizdə ifa etdiyi ən mühüm rol – Azərbaycan torpaqlarını vahid bir bayraq altında birləşdirməsi və bütöv Azərbaycan ərazisində Azərbaycan əsilli sülalə tərəfindən idarə olunan ilk mərkəzləşdirilmiş dövlətin yaradılması oldu. Raşidi xəlifələri zamanında müsəlmanlar tərəfindən bu yerlərin fəth edilməsindən keçən 900 ilə yaxın müddət ərzində Azərbaycan hələ vahid bir dövlət halında birləşməmişdi.
Səfəvilərin hakimiyyət başına gəldiyi ərəfədə Yaxın Şərq bir-biri ilə mübarizə aparan kiçik dövlətlər arasında bölünmüşdü. XVI əsrdə yaşamış salnaməçi Həsən bəy Rumlu özünün məşhur “Əhsən əl-təvarix” kiabında XVI əsrin əvvəllərində – Şah İsmayıl hərəkatının başlanğıc dövrlərində Yaxın Şərqdə mövcud olmuş irili-xırdalı dövlətlərin başçılarından söz açarkən, Şah İsmayıldan başqa daha 11 hakimi xatırladır: “Həmin il (yəni hicri 907 – miladi 1501-02-ci illərdə) İran vilayətində hər biri müstəqillik iddiası edən və “məndən başqası yoxdur” deyən bir neçə hakim vardı: Azərbaycanda İsgəndər şöhrətli xaqan (yəni Şah İsmayıl), İraqın əksər ərazisində Sultan Murad, Yəzddə Murad bəy Bayandır, Əbərquhda Rəis Mühəmməd Gireh, Simnan, Xar və Firuzkuhda Hüsen Kiya Çəlavi, İraqi-ərəbdə Barik bəy Pürnak, Diyarbəkrdə Qasim bəy, Kaşanda Mövlana Məsud Bigdili ilə birlikdə Qazı Mühəmməd, Xorasanda Sultan Hüseyn Mirzə (Bəyqara), Qəndəharda Əmir Zünnun, Bəlxdə Bədiüzzaman Mirzə (Bəyqaranın oğlu), Kirmanda Əbülfəth bəy Bayandır” (Həsən bəy Rumlu.
Əhsən əl-təvarix, (dr. Əbdülhəsən Nəvayinin redaktəsi ilə), Tehran, Babək nəşriyyatı, səh. 87). Nəzərə alaq ki, bu zamana kimi Şah İsmayıl ən böyük və güclü rəqiblərindən bir neçəsini – Azərbaycan hakimi Ağqoyunlu Əlvənd Mirzəni və Şirvanşah Fərrux Yasarı artıq məğlub etmişdi.. Adları çəkilən digər hökmdarların torpaqları, eləcə də, həmin torpaqlara yiyələnmiş sonrakı hakimlər (məsələn, Bəyqaranın dövlətini ələ keçirmiş Şeybanilər) Şah İsmayıl tərəfindən məğlub edilərək, bu ərazilərin hamısı Səfəvilər imperiyasının tərkibinə qatıldı. Hətta Gürcüstan və Ermənistan torpaqları da Səfəvilərə tabe idi. Bu mənada Səfəvilər dövləti bütöv Azərbaycan ərazisində Azərbaycan əsilli sülalə tərəfindən idarə olunan ilk mərkəzləşdirilmiş dövlət sayıla bilər.
Bu gün Səfəvilərə qarşı Azərbaycanda aparılan ideoloji təbliğatın əsas tərkib hissələrindən biri də budur ki, guya Səfəvilər zamanında türk dili getdikcə sıxışdırılmışdır.
Türk dili əvvəllər saray dili və ədəbi dil sayıldığı halda, guya sonralar bu üstünlükdən məhrum edildi, onun yerini fars dili tutdu. Guya Şah Abbas dövründən başlayaraq, Səfəvi hökmdarları türk dilinin nüfuzunun aşağı salınması istiqamətində ardıcıl siyasət yeridir, bu dili aşğılayırdılar. Guya XVII-XVIII əsrlərdə bütün Səfəvi imperiyasının ərazisində fars dili hökmran olmuş, şah və saray əyanları bu dildə danışmış, siyasi yazışmalar bu dildə aparılmış, bədii ədəbiyyat bu dildə inkişaf etmişdir.
Bu iddiaların əsassız olduğunu görmək üçün tamamilə bitərəf olan şəxslərin – Səfəvilər dövlətinə səfər etmiş Avropa səyyah və diplomatlarının xatirələrini oxumaq kifayət edər. Adam Oleari, Pyetra della Valle, Jan Batist Tavernye, Engelbert Kempfer, Jan Şarden, don Qarsiya de Silva Fiqerao, Cemelli Karreri, Sanson və başqalarının səfər xatirələrini vərəqləyərkən onilliklər boyunca Səfəvi sarayında və saray əyanlarının məişətində türk dilinin hakim olduğunu görürük.
Səfəvilər dövlətində türk dilinin mövqeyi barədə italyan diplomatı Petra della Vallenin xatirələri mühüm əhəmiyyət daşıyır. O, 18 dekabr 1617-ci il tarixində İsfahan şəhərindən öz dostu Mario Eskipanoya ünvanladığı məktubda yazırdı: “İranda adi və geniş yayılmış vəziyyət bundan ibarətdir ki, fars dilindən daha çox türk dilində danışırlar. Əslində türk dili saray əyanlarının və İranın dövlət xadimlərinin dilidir… Türkcə danışmağın səbəbi bu deyil ki, iranlılar onu fars dilindən daha yüksək qiymətləndirirlər. Səbəb budur ki, qoşun qızılbaşlardan və Şahın qulamlarından (xidmətçilərindən) ibarətdir.
Bunların birincisi kök etibarilə türkdür. İkinci dəstə isə müxtəlif millətlərə və qövmlərə mənsubdur; onlar öz aralarında türk mənşəli dillərdə danışırlar və fars dilində heç nə bilmirlər.
Nəinki yalnız onların sərkərdələri, sözləri anlaşılsın deyə, öz fərmanlarını türkcə verməli olurlar, həmçinin, vaxtının çoxunu əsgərlərlə birlikdə keçirən Şahın özünə də öz əmrlərini türkcə ifadə etmək daha rahatdır. Nəticədə, get-gedə türk dili elitanı təşkil edən əyanların, dövlət və ordu adamlarının dilinə çevrilmişdir…” (Petra della Vallenin səyahətnaməsi (farsca tərc. Şüaəddin Şifa), Tehran, 1370 şəmsi, səh. 72). Petra della Valle bu mövzunu 17 mart 1617-ci il tarixli məktubunda da oxşar formada qeyd etmişdir..
Nəzərə almalıyıq ki, səyyahın bu xatirələri 1587-1629-cu illər arasında hökmdarlıq etmiş I Şah Abbasın hakimiyyətinin təqribən 30-cu ilində qələmə alınmışdır. Beləliklə, guya Şah Abbas tərəfindən türk dilinin sıxışdırılması və sarayda fars dili ilə əvəz edilməsi barədə iddialar ciddi şübhə altına düşür. Saray yazışmalarının bir hissəsi fars dilində aparılsa da, danışıq dili kimi türk dili öz qüvvəsini qoruyub saxlamışdı.
Şah Abbasın zamanında Səfəvilər dövlətinə diplomatik səfər etmiş İspaniya elçisi don Qarsiya de Silva Fiqerao da şah sarayında baş vermiş bir məzəli əhvalatı təsvir edərkən, şahla əyanlar arasında söhbətin türk dilində getdiyini vurğulayır (Səfərnameye-don Qarsiya de Silva Fiqerao, səfire-İspaniya dər dərbare-Şah Abbase-əvvəl (farsca tərc. Qulamrza Səmii), Tehran, 1363, səh. 363).
(İkinci hissə)
Avropa səyyahlarının xatirələri əsasında
1637-ci ildə İsfahanda Səfəvi hökmdarı I Şah Səfi ilə görüşmüş alman səyyahı və diplomatı Adam Olearinin xatirələrində də Səfəvi sarayında türk dilinin yeri haqqında maraqlı məlumatlar mövcuddur.
A.Oleari “Qoldşin səfirliyinin Moskoviya və Persiyaya səfərinin müfəssəl təsviri” əsərində İsfahanda onların şərəfinə verilmiş ziyafətin təsvirinin sonunda yazır ki, saat yarımlıq ziyafət başa çatdıqdan və hamıya əllərini yumaq üçün ilıq su verildikdən sonra saray əyanı uca səslə söylədi: “Süfrə haqqına, Şah dövlətinə, qazılar qüvvətinə Allah deyəlim!” Bundan sonra hamı xorla dedi: “Allah! Allah!” Adam Olearinin səyahətnaməsində bu sözlər latın hərfləri ilə verilmişdir. Bu da həmin şüarın məhz yazıldığı şəkildə, türk dilində söyləndiyini sübut edir (A.Olearinin səyahətnaməsi, dördüncü kitab, 40-cı fəsil, səh. 659;
Səyyah yazır: “Xüsusilə, İsfahanda şahın xidmətində olanlar daha böyük həvəslə türk dilində danışırlar, onlardan nadir hallarda fars sözləri eşidərsən. Fars sarayında sevimli dil türk dili olduğu kimi, türk sarayında sevimli dil slavyan dili, Hindistan sarayında isə fars dilidir” (yux. mənbə, beşinci kitab, 23-cü fəsil, səh. 814;
XVII əsrin ikinci yarısında Şərqə səyahət etmiş və uzun müddət Səfəvi torpaqlarında, o cümlədən, İsfahanda yaşamış fransız səyyahı Jan Şarden öz xatirələrində yazırdı: “Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar.
Ərəb dili camaatın din dili olduğu üçün möhtərəm sayılır” (Şardenin səyahətnaməsi (farsca tərc. İqbal Yəğmayi), Tehran, 1372-75 şəmsi, 3-cü cild, səh. 946-947).
Şarden, həmçinin, Səfəvilər sarayında dəbdə olan türk ləhcəsi ilə Osmanlı məmləkətində danışılan türk ləhcəsi arasında xeyli fərqlər olduğunu, hətta bu ləhcələrdə danışanların bir-birini çətin anladığını, İranda saray əyanlarının türk dilində danışdıqları halda, Hindistanda Moğol şahlarının sarayında isə fars dilinin geniş yayıldığını təəccüblə qeyd edir. Alman səyyahı Engelbert Kempfer də XVII əsrin 80-90-cı illərində Səfəvilər dövlətinə səfəri zamanı ölkə ərazisində türk dilinin böyük təsir dairəsinə malik olması faktı ilə qarşılaşmışdı. O, öz xatirələrində yazırdı: “…Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır.
Türk dili bütün şərq dillərindan asandır. Türkcənin danışıq tərzindəki vüqar və əzəmət onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır” (Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi: S. Əliyarlı), Bakı, 2007, səh. 169-170). Səyyahların xatirələrindən bəlli olur ki, Səfəvi şahları diplomatik nümayəndələri azərbaycan dilində “xoş gəldin” sözü ilə qarşılayırmışlar. İngilis səyyahı və taciri Antoni Cenkinson yazır ki, Şah Təhmasiblə ziyafət süfrəsi arxasında görüşü zamanı Şah onu azərbaycan dilində “xoş gəldin” sözü ilə salamlamışdı (yux. mənbə, səh. 201).
XVII əsrin birinci yarısında Şərqə səfər etmiş italyan səyyahı Petra della Valle də yazırdı ki, Şah Abbas onu qəbul edərkən türk dilini bilib-bilmədiyi barədə soruşmuş, müsbət cavab aldıqdan sonra “xoş gəldi, səfa gəldi” söyləmişdi (Petra della Vallenin səyahətnaməsi (farsca tərc. Şüaəddin Şifa), Tehran, 1370 şəmsi, səh. 184). Saray əyanları isə Şaha “qurban olum, başına dönüm” kimi ifadələrlə müraciət edirdilər.
Bu vəziyyət ən azından XVII əsrin sonlarına kimi davam etmişdir. 1694-cü ildə Səfəvilər dövlətini ziyarət etmiş italyan səyyahı Covanni Françesko Cemelli Karreri öz səyahətnaməsində qeyd edirdi ki, bu ölkədə əsasən 3 dil daha şox işlədilir: fars, türk və ərəb dilləri. Bundan əlavə, elat dili də kəndlilər arasında yayılıb (Səfərnameye-Cemelli Karreri (farsca tərc. Abbas Naxçıvani və Əbdülali Karəng), 1383 şəmsi, səh. 148).
Səyyah qeyd edir ki, fars dili söz ehtiyatı baxımından zəngin deyil. Ərəb dili alimlərin və elmin dilidir. İranın saray adamları isə türk dilində danışırlar.
Səfəvi sarayında hamının türk dilində danışması, xüsusilə, orduda bu dilin geniş yayılması barədə Avropa səyyahlarının yazdıqları əsassız deyil. Səfəvilər sülaləsi mənşə etibarilə türk idi. Onlar öz ana dillərini unutmamış, hakimiyyətə çatdıqdan sonra da özləri bu dildə ünsiyyət qurmaqla onu yaşatmış və öz əhatələrində də bu dilin hakim mövqeyini qoruyub saxlamışlar.
Nəzərə almalıyıq ki, Səfəvilər dövlətinin qurulmasında iştirak edən və Şah İsmayıla hərbi-siyasi dəstək verən tayfaların demək olar ki, hamısı türk mənşəli idi: Ustaclu, Şamlu, Təkəlu, Əfşar, Qacar, Rumlu, Baharlu, Xunuslu, Qaramanlu, Zülqədər, Bayat, Türkman, Varsaq və s. Bu tayfalar dövlətə sədaqətlərini dönə-dönə sübuta yetirmişdilər və buna görə də şahı hər yerdə müşayiət etmək şərəfinə sahib idilər. Səfəvi şahları öz sınaqdan çıxmış silahdaşlarına arxalanır və onları saraya cəlb edirdilər. Yüksək səviyyəli əyanların əksəriyyəti türk mənşəli tayfaların yetirməsi idi. Səfəvi ordusunun da əsas hissəsini bu tayfalar təşkil edirdi.
XVII əsrdə türkmən əsilli salnaməçi İsgəndər bəy Münşinin qələmə aldığı “Tarixe-aləmaraye-Abbasi” (Abbasın dünyanı bəzəyən tarixi) kitabında yazılıb ki, 1576-cı ildə, yəni I Şah Təhmasib vəfat edərkən ölkədə məsul vəzifələri tutan 114 əmir var idi.
Həmin kitabda bu 114 nəfərdən bir qisminin adı çəkilir. (Tarixe-aləmaraye-Abbasi (tərc. O.Əfəndiyev və N.Musalı), Bakı, 2009, səh. 252).
Tədqiqatçı-alim Z.Bayramlı mənbədə adları çəkilən əmirlərin sayını və mənşəyini araşdıraraq qeyd edir ki, “siyahıda göstərilən 114 nəfər əmirdən 84 nəfərin adı qeyd olunmuşdur ki, onlardan 72 nəfəri türk, 12 nəfəri isə talış, kürd, lurlardan ibarət olmuşdur” (Z.Bayramlı. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasinda türk qizilbaş əyanlarinin rolu, Bakı, 2015, səh. 63).
İsgəndər bəy Münşi öz əsərində (3-cü cild, səh. 1806-1810) I Şah Abbasın vəfatı zamanı (1628-ci il) vəzifə başında olmuş əmirlərin də natamam siyahısını verir. Müəllif qeyd edir ki, Şah Abbasın vəfatı zamanı əmirlərin sayı 92 idi. İsgəndər bəy Münşi onların adlarını iki siyahıda təqdim edir. Birinci siyahıda Qızılbaş tayfalarına və digər ellərə mənsub olan əmirlərin adları çəkilir. Müəllif onların sayının 71 nəfər olduğunu yazsa da, yalnız bir qisminin adını çəkir. Adları çəkilənlərdən 34-ü böyük Qızılbaş tayfalarının mənsublarıdır. Xorasan türkmanlarından və Qarabağdan olan əmirlər daxil olmaqla daha 20 nəfər türk mənşəli əmiri də bura əlavə etsək, siyahıda məlumat verilən türk əsilli əmirlərin sayı 54 olar. Bunlardan əlavə, həmin siyahıda 17 nəfər kürd, iki nəfər talış və üç nəfər əfqan əmirin də adları gözə çarpır. Beləliklə, siyahıda 92 əvəzinə cəmi 76 nəfər haqqında oxuyuruq ki, bunların da 54-ü türkdür (yux. mənbə, səh. 65).
Burada bir maraqlı məqama aydınlıq gətirmək istərdik. I Şah Abbasın zamanında qeyri-müsəlman millətlərdən (gürcü, çərkəz və s.) seçmə gənclər hərbi xidmətə qəbul edilirdilər.
Onlardan “qulam” adlı xüsusi hərbi bölümlər təşkil olunmuşdu. Qulamların içindən xüsusi bacarığa malik olanlar seçilərək, fərqli şəkildə tərbiyə edilir, sonralar bəzi el və oymaqlara əmir göndərilirdi. Hansı tayfalardan əmirliyə layiq şəxslər çıxmırdısa, ora kənardan (yəni qulamların içindən) əmir təyin edilirdi. Şah Abbasın bu tədbiri bir növ Osmanlı quruluşundakı yeniçəri təcrübəsinin İranda tətbiqi demək idi.
“Tarixe-aləmaraye-Abbasi”də vəzifəyə göndərilmiş qulamların sayının 21 olduğu göstərilir və onlardan 15-i haqqında konkret məlumat verilir. Qulamlar sair millətlərdən olsalar da, onların bəzilərinin adı türk mənşəli idi (İmamqulu xan, Səfiqulu sultan) və tarixi məlumatlardan bəlli olur ki, qulamlar fars dilində demək olar ki, danışmağı bacarmır və yalnız türk dilində ünsiyyət qururdular. Bunu italyan diplomatı Petra della Vallenin xatirələrində də oxuyuruq: “…Qoşun qızılbaşlardan və qulamlardan ibarətdir. Bunların birincisi kök etibarilə türkdür. İkinci dəstə isə müxtəlif millətlərə və qövmlərə mənsubdur; onlar öz aralarında türk mənşəli dillərdə danışırlar və fars dilində heç nə bilmirlər”. Deməli, I Şah Abbasın vəfatı zamanı vəzifədə olan daha 21 qulam da əslində türkdilli sayılırdılar.
Unutmaq olmaz ki, Səfəvilər imperiyası bircinsli milli tərkibə malik deyildi. Bu dövlətin rəiyyətləri sırasına türklərlə yanaşı, farslar, kürdlər, lurlar, talışlar, ərəblər, hətta qeyri-müsəlman xalqlar da daxil idi. Çoxmillətli, çoxdilli imperiyanın elitasında türklərin və türk dilinin böyük üstünlüklə təmsil edilməsi bu dilin hakim sülalə tərəfindən sevilməsinin və yüksək dəyərləndirilməsinin göstəricisidir.
(Üçüncü hissə)
Səfəvi şahları hansı dildə yazışırdılar?
Əvvəlki məqalələrdə Səfəvi sarayında şifahi danışıq dili kimi türk dilindən geniş və hətta belə demək mümkünsə, mütləq şəkildə istifadə olunduğu barədə tarixi mənbələrə istinadən məlumat verildi.
Məqalənin bu bölümündə isə Səfəvi sarayının diplomatik yazışmalarında türk dilinin rolu barədə izah veriləcək, bu problem o dövrün ümumi mənzərəsi konteкstində və Yaxın Şərq dövlətləri ilə müqayisəli şəkildə araşdırılacaq.
Səfəvi sarayında türk dilinin kifayət qədər yayılmış olduğunu ilk növbədə şahların xarici ölkə hökmdarlarına göndərdikləri məktublar təsdiq edir. Səfəvi şahları nəinki XVI, hətta XVII əsrdə də diplomatik yazışmalar zamanı türk dilindən istifadə edirdilər. Bu gün dünya muzeylərini və arxivləri bəzəyən bəzi məktub və sənədlər bunu əyani şəkildə sübuta yetirir. Səfəvi şahları öz ana dillərini o qədər çox sevirdilər ki, yalnız onların dilini başa düşən hökmdarlara deyil, Avropa krallarına da türk dilində məktub yazırdılar. Bu, onların öz doğma dillərinə nə qədər sevgi və dəyərlə yanaşdıqlarını isbat edir.
Şah I Səfinin 1628-29-cu illərdə Avstriya ershersoqu II Ferdinanda ünvanladığı türkcə məktub Avstriyanın paytaxtı Vyana şəhərində qorunur. Faktiki olaraq sonuncu müstəqil Səfəvi şahı sayılan Sultan Hüseynin 1695-96-cı illərdə Saksoniya kürfürsti (gələcək kralı) və Varşava hersoqu I Fridrix Avqusta yazdığı məktub isə Almaniyanın Drezden şəhər arxivində mövcuddur. Hər iki məktub o zamankı saray etiketinə uyğun olaraq dəbdəbəli, şahanə ifadələrlə zəngindir. Əlbəttə, bu məktubların dilini təmiz danışıq türkcəsi kimi qəbul etmək olmaz, onların içində ərəb və fars mənşəli sözlər çoxdur. Hər iki məktub haqqında dr. Fekete Layoş İstanbul Universitetinin Türkiyyat Məcmuəsinin 1936-cı il tarixli 5-ci cildində 9 səhifəlik məqalə ilə çıxış etmiş, məktubların fotosurətini də məqalənin sonunda vermişdir.
Səfəvilər dövrünə aid aşkar olunmuş başqa rəsmi məktublar XVI-XVII əsrlərdə ölkədaxili və beynəlxalq yazışmalarda türk dilindən də istifadə edildiyini göstərir. Mövzu ilə bağlı mənbələrdə bir neçə sənədin adı çəkilir. Məsələn, Şah İsmayılın Musa Durğut oğlu adlı əmirə yazdığı türkcə məktub;
Zeynalabidin Əli Əbdi bəyin “Təkmilat əl-əxbar” əsərinin yazılması haqda I Təhmasibin fərmanı;
Səfəvi şahı II Abbasın Şirvan bəylərbəyi Hacı Məniçöhr xana məktubu (Azərbaycan tarixi üzrə qaynaqlar (tərtib edən S.Əliyarlı), Bakı, 2007, səh. 170-175);
Səfəvi şahı I Təhmasibin Osmanlı şahzadəsi II Səlimə məktubu (Tofiq Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi, Bakı, 2012, səh. 264);
Səfəvi şahı I Səfinin rus çarı Mixail Romanova məktubu (yux. mənbə, səh. 490).
Bunlardan əlavə də Səfəvilər dövrünə aid türk dilində yazılmış bir neçə rəsmi sənəd Azərbaycan alimləri tərəfindən aşkara çıxarılmışdır. Səfəvilər dövrünə aid rəsmi yazışmalardan danışarkən, Osmanlı sarayının yazışma təcrübəsi ilə müqayisələr aparmaq yerinə düşər. Bu mənada “Mecmua-yi münşeat-i Feridun bey” adlı XVI əsr mənbəsinə nəzər salmaq faydalıdır. (İstanbul, Takvimhane-yi Amire, hicri 1265-74-cü, miladi 1848-58-ci illər). “Mecmua-yi münşeat-i Feridun bey” və ya daha məşhur adı ilə desək, “Münşeatü-s selatin” orta əsrlərdə Osmanlı sultanlarının daxili və xarici yazışmalarını əhatə edən sənədlərin toplusudur. Burada Osmanlı sultanlarının qonşu hökmdarlara məktubları, onlara göndərilən namələr, sultanların öz vəliəhdləri və təbəələri ilə yazışmaları öz əksini tapıb. Namələrin (bəzi istisnalarla) orijinal mətnləri verilir. Adı çəkilən mənbəni vərəqləyərkən, zehinlərdə dolaşan bəzi suallara cavab tapmaq mümkün olur. Bu gün bir çoxları Səfəvi dövlətində rəsmi yazışmaların daha çox fars dilində aparılmasını irad tuturlar.
Yuxarıda qeyd etdiyimiz kimi, Səfəvilər sarayında danışıq dili kimi türk dili inkarolunmaz üstünlüyə mailk idi.
Lakin yazışmalarda (əsasən, ölkə xaricinə ünvanlanan rəsmi məktublarda) fars dilindən daha çox istifadə edilirdi.
Bunun səbəblərindən biri, şübhəsiz ki, Səfəvilər dövlətinin çoxmillətli və çoxdilli bir imperiya olması idi. Unutmaq olmaz ki, yalnız türklər (azərbaycanlılar) deyil, böyük say çəkisinə malik olan farslar, eləcə də, kürdlər, ərəblər, lurlar, əfqanlar, milli azlıqlar, qeyri-müsəlman millətlər bu imperiyanın təbəəsi idilər. Ölkənin paytaxtı Şah Abbasın zamanından başlayaraq farsların yaşadığı bölgəyə aid olan İsfahanda yerləşirdi. İsfahan həm coğrafi cəhətdən imperiyanın mərkəzi sayıla biləcək bir mövqeyə mailk idi, həm də buradan Səfəvilər dövlətinin “qaynar nöqtələrini” – Osmanlılarla və özbəklərlə döyüş cəbhəsini, eləcə də, okeana çıxış olaraq böyük əhəmiyyət daşıyan və buna görə də Avropa işğalçılarının, xüsusilə, portuqalların hücumuna məruz qalan Fars körfəzini nəzarət altında saxlamaq daha rahat idi.
(Dördüncü hissə)
Saray yazışmalarının daha çox fars dilində aparılmasının ikinci səbəbini isə o dövrün ictimai-siyasi, etik-mədəni mənzərəsində axtarmaq lazımdır.
Yuxarıda xatırlatdığımız “Münşeatü-s selatin”i vərəqlədikcə aydın olur ki, XIV-XV əsrlərdə müsəlman dövlətlərinin beynəlxalq yazışmalarında fars dilindən kifayət qədər çox istifadə edilmişdir. Hətta Osmanlı sultanları Orxan Qazı, Sultan I Murad, İldırım Bayezid, I Mehmet, II Murad, II Mehmet Fatih, II Bayezid zamanlarında (XIV-XV əsrlər) saray dəftərxanasında fars dili üstün mövqe tutmuşdur. Türk dili ölkədaxili yazışmalarda (şahzadələrə, bölgə əmirlərinə ünvanlanmış məktublarda) daha çox tətbiq edilirdi. XVI əsrin ilk onilliklərinə kimi Osmanlı sultanları ölkə xaricinə göndərdikləri məktublarda fars dilinə, ölkədaxili yazışmalarda isə türk dilinə üstünlük verirdilər. Lakin Sultan Süleyman Qanuninin hakimiyyətə gəlişindən sonra (1520-ci il) Osmanlı sultanlarının beynəlxalq yazışmalarında da türk dilinin təsiri ciddi surətdə artır.
“Münşeatü-s selatin”dəki yüzlərlə məktubdan aydın olur ki, XIV-XV əsrlərdə İslam dünyasının böyük bir hissəsində dövlət səviyyəsində yazışma dili məhz fars dili sayılırdı. Hətta Hindistan hökmdarları, Cəlairilər və Teymurilər də Osmanlı sultanlarına məktubu fars dilində yazırdılar. Teymurləngin İldırım Bayezidə 5 məktubundan 4-ü fars, biri ərəb dilindədir. Onun xələfləri Şahrux Mirzə, Uluğbəy və başqaları da Osmanlı sarayına fars dilində müraciət edirdilər. Anadolunun böyük bir hissəsində hökm sürən Qaramanoğulları mənşə etibarilə türk olsalar da, Osmanlı sarayına fars dilində məktub yazırdılar.
Ən maraqlısı isə budur ki, Azərbaycan torpaqlarında hakimiyyət sürən Qaraqoyunlu və Ağqoyunlu hökmdarları, Şirvanşahlar da Osmanlı sultanlarına məktubu fars dilində yazır və onlardan bu dildə cavab alırdılar. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Səfəvi şahlarının beynəlxalq yazışmalarda fars dilindən istifadə etmələri o dövrün reallığından doğan bir hadisə idi.
Burada Şah İsmayıl və Sultan Səlimin türkcə yazdıqları iki məktub misalında Səfəvi və Osmanlı sarayında işlədilən türkcənin üslub müqayisəsini vermək istərdik. Bu müqayisə nəticəsində Səfəvilərinmi yoxsa Osmanlılarınmı daha səlis və təmiz, fars-ərəb ibarələrindən uzaq türk dilində yazışma bacarığına malik olduğunu aydınlaşdıra bilərik. Müqayisə üçün Şah İsmayılın hicri 7 rəbiül-əvvəl 918-ci ildə (miladi 23 may 1512) Musa bəy Durğut oğluna göndərdiyi naməni və Sultan Səlim Yavuzun hicri 920-ci il cəmadiyül-əvvəl ayının axırlarında (miladi 1514-cü il iyul ayının axırları) Şah İsmayıla göndərdiyi üçüncü məktubu seçdik.
Şah İsmayılın məktubunda deyilir:
“Bismillahir-Rəhmanir-Rəhim.
Əbül-müzəffər İsmayıl Bahadur
Sözümüz
Əmiri-əzəmi-əkrəm Musa Durğut oğlı inayət və şəfqətimizə ümidvar oləndən sonra şöylə bilsün kim, iftixarül-əazim vəl-əyan Əhməd Ağa Qəramanlu ol tərəfə göndərdük və ol yerin ixtiyarliğin kəndüyə şəfqət etdük. Gərək kim müşarün-ileyh sözündən və məsləhətindən çıxməsün və mütabiət və yardım ona qılsun kim, inşaAllahi-Təala, hər nə kim etmək müradi və istəgi olsun, hasildür. Gündən-günə hər iş vaqe bulsa, Əhməd Ağa ittifaqi ilə dərgahi-müəllamizə bildürsünlər kim, hər növ buyuruğımız olsə, əməl etsün, gönlümüzü xoş tutub, mərhəmətimizə ümidvar olsun.
Təhrirən 7 rəbiül-əvvəl, sənə 918”.
Sultan Səlimin Şah İsmayıla üçüncü məktubu isə bu cür başlayır:
“İsmayıl bahadur, əsləhallahü şənuhu. Misali-lazimül-əmsal vasil olicəq məlum olə ki, hətki-pərdeyi-İslam və hədəmi-şəriəti-Seyyidül-ənam etməyə (əleyhis-səlatü vəs-səlam) qiyami-tam göstərdigin həddi-təvatürə yetişüb nöqteyi-tinəti-məzərrət-nihadini ki mərkəzi-daireyi-fitnəvü fəsaddır, səfheyi-xütteyi-ruzigardən əzfari-xəncərü tiği-abdarlə həkk eyləmək kaffeyi-müsliminə ümumən və səlatini-ülul-əmr və xəvaqini-zülqədərə xüsusən cümleyi-vacibatdən iydügünə əimmə və üləma kəssərəllahü əmsalihim ila yövmil-cəza bi-isrihim fətva verüb, ana binaən məhzən ehyayi-mərasimi-dini-Mühəmmədi və iqaməti-namusi-şərayei-Əhmədi icla içün ləşkəri-bişümari-xəsm-şikar ilə sənin qəsdinə biladi-şərqə təvəccöhi-humayun göstərüb, məzmuni-şərifində şahlıq cəhətindən təhti-təsərrüfündə olan nəvahi və ərazi səadəti-zülli-zəlili-rəyəti-fəth-ayatimlə müstəsəd olicəq, ər isən meydanə gələsən…”
Göründüyü kimi, təxminən eyni dövrün məhsulu olmalarına baxmayaraq, Şah İsmayılın məktubu daha anlaşıqlı, səlis və təmiz türkcədə qələmə alınmışdır. (Şah İsmayılın şeirləri də bu cür saf dilə malikdir). Lakin Sultan Səlimin məktubunda ərəb-fars ibarələri qat-qat çoxdur, məktubun dili ağır, cümlələri uzundur. Bu yazı üslubu sonralar (XVI əsrin ikinci yarısından başlayaraq) diplomatik yazışmalarda rast gəlinəcək etiket qaydalarına daha çox yaxındır.
(Beşinci hissə)
Səfəvilər dövründə türkdilli ədəbiyyat
XV-XVI əsrlərdə türk dövlətlərində türk dilində (fars dili ilə yanaşı) gözəl şeir nümunələri yaradılırdı. O zamanlar nəinki xalq içində, hətta sarayda da türkdilli ədəbiyyat kifayət qədər geniş yayılmışdı.
Hökmdarlar və vəzirlər belə, türkcə şeir yazır, hətta bu dildə divan yaradırdılar. Xorasanda Əmir Hüseyn Bayqaranın vəziri qüdrətli şair Əlişir Nəvai, daha sonralar Şeybani xanları (o cümlədən, Mühəmməd Şeybani, Übeyd xan) cığatay dilində yazırdılar. Böyük Moğollar imperiyasının banisi Babur şah da türkcə gözəl şeir və nəsr nümunələri yaradırdı. Qaraqoyunlu dövlətinin güclü hökmdarı Cahanşahın “Həqiqi” təxəllüsü ilə türkcə divanı vardır.
Osmanlı sultanlarından da bir çoxu şair olmuşdur. XV-XVI əsrlərdə hakimiyyət sürmüş Osmanlı sultanlarının əksəriyyətinin şeir divanları vardır. Uluslararası Türkmen-Türk Üniversitesi, Türk Dili ve Edebiyatı Bölümü, Öğretim Görevlisi Şadi Aydın “Farsca divan sahibi Osmanlı sultanları və divanlarının nushaları” adlı məqalədə farsca divanı olan Osmanlı sultan və şahzadələri barədə məlumat verərək, Sultan II Mehmet Fatihin, Sultan Süleyman Qanuninin (təxəllüsü Mühübbi), Sultan III Muradın (təxəllüsü Muradi), şahzadələr Cəm Sultanın (təxəllüsü Cəm) və Bayezidin (təxəllüsü Şahi) farsca ilə yanaşı, türkcə də divan sahibi olduqlarını yazır. Bəzi təzkirələrdə bunlardan əlavə Sultan II Bayezidin (təxəllüsü Ədli), Sultan II Səlimin (təxəllüsü Səlim), şahzadə Mustafanın (təxəllüsü Müxlisi), Sultan III Muradın (təxəllüsü Murad) türkcə bütöv və natamam şeirləri xatırlanır.
Maraqlıdır ki, Sultan Səlim Yavuz şeir təbinə malik olsa da, türkcə az şeir demiş, əsasən fars dilində yaratmışdır. Onun fars dilində divanı vardır.
Sultan Səlimin yaradıcılığından danışan digər tədqiqatçılar da onun türkcə deyil, farsca yazdığını qeyd etmişlər. Şadi Aydın Sultan Səlim haqqında danışarkən, onun farsca və türkcə şeirlər yazdığını bildirsə də, əsərləri sırasında yalnız farsca divanının adını çəkir və 16 fərqli nüsxəsi haqqında məlumat verir (baxmayaraq ki, eyni məqalədə başqa Osmanlı sultanlarının türk dilində də divanı olduğunu qeyd edir).
Adnan Menderes Universiteti, Fənn-Ədəbiyyat fakültəsi, Türk dili və ədəbiyyatı bölümü üzrə mütəxəssis Hasan Gültekin “Yavuz Sultan Səlimin farsca beytləri ilə tərcümələri” məqaləsində məsələyə daha da aydınlıq gətirərək, Sultanın niyə türkcə yox, farsca şeir deməyə üstünlük verdiyini izah edir: “Divanını türkcə deyil, farsca şeirlər söyləyərək tərtib etməsi onun fərqli cəhətidir. Rəvayətə görə, Şah İsmayılın “Xətai” təxəllüsü ilə türkcə şeirlər söyləyərək, türk millətinin hökmdarlığına təkbaşına yiyələnmək istəməsi qarşısında Yavuz Sultan Səlim də türkcə və farsca danışan bölgə xalqının tək hökmdarı olduğunu təsdiqləmək məqsədi ilə farsca şeirlər söyləmişdir” (Turkish Studies, International Periodical For The Languages, Literature and History of Turkish or Turkic. Volume 10/8 Spring 2015, p. 1217-1246).
Səfəvi hökmdarları saray ünsiyyətində türk dilinə üstünlük verdikləri kimi ədəbi fəaliyyətdə də bu dilin dəyərini qoruyub-saxlamağa çalışırdılar.
Şah İsmayılın “Xətai” təxəllüsü ilə yazdığı gözəl qəzəllər, dördlüklər, “Dəhnamə” poeması, “Nəsihətnamə” məsnəvisi ədəbiyyat tariximizin şah əsərləri sayılır. Onun oğlu I Təhmasib də şeir təbinə malik idi və “Bəhrami” təxəllüsünü daşıyırdı. Şah Təhmasibin fars dili ilə yanaşı, türk dilində də yazdığını məşhur ədəbiyyatşünas Fuad Köprülü təsdiq etmişdir. Şah Təhmasibin Sultan Süleyman Qanuni ilə türkcə müşairəsi (şeirləşməsi, deyişməsi) də mənbələrdə öz əksini tapır (bax: dr. Mehmet Nuri Çinarcı. Sefevi sarayında türkçe şiir yazan bir şehzade, Türkiye Sosyal Araştırmalar dergisi, il 19, sayı 3, səh. 168-169). Səfəvi şahlarından II Şah Abbas “Sani” təxəllüsü ilə türkcə şeirlər demişdir. Bunu XVII əsr təzkirələrinə istinadən Fuad Köprülü, Məhəmmədəli Tərbiyət (“Danişməndane-Azərbaycan” kitabında) kimi ünlü tədqiqatçılar da təsdiq etmişlər. I Şah Abbasın da ana dilində bəzi şeirləri qalmışdır. (bax: XVII əsr Azərbaycan lirikası (antologiya), Bakı, 2008, səh. 118). Səfəvi şahzadəsi İbrahim Mirzə (Şah İsmayılın nəvəsi) də türkcə xalq ədəbiyyatı ruhunda şeirlər qoşmuşdur.
Azərbaycanda Səfəvilərə kimi türkdilli ədəbiyyat ənənəsi formalaşmışdı. İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Yusif Məddah, Qasim Ənvar, Hamidi, Əhməd Təbrizi, Xətai Təbrizi, Qul Əli, Suli Fəqih, Mustafa Zərir, İmadəddin Nəsimi, Cahan şah Həqiqi, Xəlili, Hidayət və başqaları azərbaycan türkcəsində dəyərli sənət əsərləri yaratmışdılar. Şah İsmayılın müasirləri Həbibi, Kişvəri, Gülşəni, Bəsiri, Füzuli, Həqiri də azərbaycan dilində yazırdılar. Şah İsmayıl Xətainin sarayında məliküş-şüəra (şairlərin başçısı) vəzifəsi Azərbaycan şairi Həbibiyə məxsus idi. Sarayda Süruri, Tüfeyli, Qasimi, Şahi kimi şairlər böyük hörmət sahibi idilər. Sonrakı dövrlərdə ya bütünlükdə, ya da qismən azərbaycan dilində yazmış şairlərin sırasında Fədai, Yusif bəy Ustaclu, Təbrizli Xəlifə, Fəzli, Həqiri, Rəhməti, Ruhi, Əmani, Məczub Təbrizi, Qövsi Təbrizi, Saib Təbrizi, Vəhid Qəzvini, Vaiz Qəzvini, Əbdürrəzzaq Nəşə və başqalarının adını çəkə bilərik. Şah Süleyman və Şah Sultan Hüseyn zamanında Səfəvi sarayında Mirzə Möhsün Təsir Təbrizi məliküş-şüəra idi.
Sarayda böyük nüfuza malik olan bəzi azərbaycanlı əyanların şeir təbi də vardı, onlar ədəbiyyat, rəssamlıq, biblioqrafiya kimi sahələrdə fəaliyyət göstərirdilər.
Məsələn, II Şah Abbasın və Şah Süleymanın baş vəziri Məhəmməd Tahir Vəhid Qəzvini, II Şah Abbasın sarayında xidmət edən Tərzi Əfşar, Şah Süleymanın katibi Məlik bəy Avçı, Şah Abbasın, sonralar isə Moğol şahlarının həkimi Məsihi, Səfəvi sarayının kitabxanaçısı Sadiq bəy Əfşar, Şah Səfi, II Şah Abbas və Şah Süleymanın dövründə sarayda məsul vəzifələr tutmuş Murtuzaqulu sultan Şamlu (Zəfər) həm də öz qələmlərini şeir sahəsində uğurla sınamış və türkcə gözəl şeirlər yazmışlar.
Saraydan kənarda, vilayətlərdə yüksək vəzifədə çalışan bəzi əyanların da şeir təbi vardı. Məsələn: Təbriz şeyxülislamı Mirzə Saleh Təbrizi, Qum darğası və Gəncə-Qarabağ bəylərbəyi Müsahib Gəncəvi, Məşhəd valisi və Herat bəylərbəyi Səfiqulu bəy Şamlu (Səfi), şeyxülislam Mövzi Əhəri və başqaları.