İslam tarixiMəqalələr

Əmir Teymur: məzhəb müdafiəçisi yoxsa hiyləgər siyasətçi?

(Birinci hissə)

Sirr deyil ki, hər zaman fatehlər öz işğalçı yürüş və talanlarına haqq qazandırmaq üçün din və məzhəb amilindən istifadə etmişlər.

İstər Səlcuqlar və Qəznəvilər zamanında, istər Teymurləngin dövründə, istərsə də Osmanlı-Səfəvi müharibələrində bu tendensiyanın izini aşkar şəkildə görürük. Tarix boyunca bəzi qüvvələr öz siyasi məqsədlərinə çatmaq üçün müsəlman qanını tökməkdən nəinki utanmamış, hətta buna dini don geyindirməyə çalışmışlar. Eynilə indi olduğu kimi…

Şəxsiyyəti ən çox mübahisə doğuran fatehlərdən biri də Teymurdur. Teymurləng barədə aparılan müzakirələrdə ən çox ziddiyyət doğuran məqamlardan biri isə onun məzhəbi mənsubiyyəti və İslam məzhəblərinə münasibətidir. Belə ki, alimlərin böyük bir qismi etibarlı dəlillərə əsaslanaraq, Əmir Teymurun hənəfi məzhəbində olduğunu qeyd etmişlər. Salnamələr məlumat verir ki, Teymurləng öz müşaviri olan hənəfi alimi Əbdülcabbar Xarəzminin arxasında camaat namazı qılırdı. Buna baxmayaraq, bəziləri onu şiə saymaqda davam edirlər. Hətta Teymurləngin sünni olduğunu etiraf edənlər arasında da onun şiə məzhəbinə və bu məzhəbin ardıcıllarına münasibəti barədə fikir ayrılıqları vardır.

Bütün sentimental duyğuları, subyektiv önyarğıları kənara qoyaraq, Teymurləngin həyatından bəhs edən salnamələrin işığında mövzuya aydınlıq gətirməyə çalışacağıq.

Teymurun şiə məzhəbinə və şiələrə münasibətinin ən parlaq təzahürü onun Xorasanda hakimiyyətdə olan şiə əqidəli Sərbedar dövləti ilə rəftarında görünür. Teymur birinci dəfə Xorasana yürüş edərkən vasitəçilər Sərbedarları təslim olmağa inandıra bilmişdilər və məsələ qan-qadasız həll olmuşdu. Lakin iki ildən sonra Xorasanda Teymurun əleyhinə qiyam qalxır və Sərbedarlar müstəqil olduqlarını elan edirlər. Bundan qəzəblənən Teymur onları cəzalandırmaq üçün şəxsən qoşunun başına keçib Xorasana üz tutur.

Tarixi mənbələr məlumat verir ki, Teymurləng 1383-cü ildə Sərbedarların paytaxtı Səbzəvar şəhərini ələ keçirib iki min nəfər şiə əqidəli dinc şəhər sakinini diri-diri divarların arasında hördürdü (Şərəfəddin Əli Yəzdi. Zəfərnamə (rusca tərcümə), səh. 103).

Digər tarixi mənbədə Teymurun ikinci yürüş zamanı Səbzəvar əhalisini necə amansızlıqla cəzalandırması daha artıq dəqiqliklə təsvir edilir.

Fransız tədqiqtaçısı Marsel Briyon tərəfindən tarixi sənədlər əsasında tərtib edilmiş “Mənəm Teymuri-cahangüşa” salnaməsində xəbər verilir ki, Sərbedar qoşununu məğlub edib Səbzə-var şəhərini ələ keçirəndən sonra Teymurləng əhalinin əmlakını qarət etmək barədə fərman verir. Şəhər böyüklərindən olan Şeyx Hüsaməddin fatehin hüzuruna gələrək ondan xahiş edir ki, əhalinin qarət olunması və uşaqlarla qadınların əsir aparılması barədə öz fərmanını ləğv etsin.

Teymurləng isə ona belə cavab verir: “Səbzəvar sakinləri müqavimət göstərdikləri üçün kafiri-hərbidirlər. Quran ayələrinin qəti hökmünə əsasən onların qadınları əsir edilməlidir”. Daha sonra Əmir Teymur ona müqavimət göstərənlərin aqibətini bildirmək və camaatda qorxu yaratmaq üçün öldürülənlərin kəlləsindən qüllə düzəltmək qərarına gəlir. Bu ideyanı gerçəkləşdirmək üçün o, dəhşətli bir yol seçir. Fərman verir ki, Səbzəvar camaatı öldü¬rülənlərin başlarını öz əlləri ilə bədəndən ayırıb bir yerə toplasın.

Şəhərin şərq və qərb qapıları qarşısında üst-üstə 90 min kəsik baş yığılır. Sonra hökmdar memarları ça¬ğırıb kəllələrdən qüllə düzəltməyi tapşırır və əmr verir ki, qüllələr möhkəm olsun deyə, başların arasını xırda daşlarla və əhənglə suvasınlar. Amma çöl tərəfdən qüllələrə əhəng vurmasınlar ki, dəhşətli mənzərə pozulmasın. Memarlar tikintiyə başlayırlar. Tezliklə kəsik başlardan ibarət iki hündür konus yaranır. Qüllələrin zirvəsinə çıraq da qoyurlar ki, uzaqdan yaxşı görünsün. (Mənəm Teymuri-cahangüşa, səh. 77-78; bu kitabda hadisənin gedişatı, qüllələrin konstruksiyası bütün dəqiqliyi və dəhşəti ilə ətraflı təsvir edilib).

Teymurun şiələrə münasibətini göstərən daha bir hadisə də maraq doğurur. Hökmdar o zamanlar Mərəşi soyundan olan şiə sülaləsi tərəfindən idarə edilən Mazandaran vilayətinə hücum çəkir.

Mərəşi dövlətinin başçısı Seyid Kəmaləddin qısa müqavimətdən sonra təslim olur. Teymurləng şiə əyanlarını hüzuruna gətirməyi əmr edir və görüş zamanı Seyid Kəmaləddinə deyir: “Mən sizin mal-mülkünüzü əlinizdən almaq üçün vilayətinizə gəlməmişəm. Bura ona görə gəlmişəm ki, sizin məzhəbiniz (əqidəniz) pisdir!” Seyid Kəmaləddin soruşur: “Ey əmir, bizim məzhəbimizin nəyi pisdir?” Teymur o zamanlar şiələr haqqında əhli-sünnədə formalaşmış fikri dilə gətirir: “Siz səhabələri söyürsünüz və rafizi məzhəbsiniz!” (Mir Seyid Zəhirəddin Mərəşi. Təbəristan, Ruyan və Mazandaranın tarixi, səh. 231). Teymurləngin bu sözündən görünür ki, o, Mazandaran vilayətinə hücumunu din pərdəsinə bürümək istəyirdi.

Maraqlıdır ki, Seyid Kəmaləddin Mərəşi fatehin bu sözlərindən zərrəcə qorxuya düşmür, nəinki öz əqidəsini gizlətmir, hətta ona belə cavab verir: “Biz öz ata-babalarımıza tabeyik. Əgər babamızın düşmənlərini söyürüksə, qəribə deyil. Ən qəribəsi budur ki, bu qədər günahla, qan tökməklə, müsəlmanların namusunu tapdayıb, əmlakını qarət etməklə… bərabər, başqalarına bu cür müraciət edirsən”.

Teymur bəhanə gətirib söyləyir ki, mənim hüzurumda olan alimlər sizin əqidənizin xarab olduğunu mənə deyiblər! Seyid Kəmaləddin ona cavab verir: “Bəs niyə bu alimlər indiyə kimi sənə deməyiblər ki, “La ilahə illəllah, Mühəmmədun rəsulüllah” söyləyən insanların qanını tökmək, malını qarət etmək pis işdir? Əgər deyiblərsə, niyə onların həmin sözünə əməl etmədin, amma indi bizim haqqımızda söylədiklərinə əməl etdin?”
Teymur şiə hakiminin bu haqlı sözünə cavab tapa bilmir və işarə verir ki, onları çadırdan çıxarsınlar. Hökmdar əvvəlcə Mərəşilər soyunu edam etməyi düşünsə də, sonradan bəzi əyanların xahişi ilə fikrindən vaz keçir (yuxarıdakı mənbə, səh. 231-232).

Burada belə bir sual yaranır: Teymurləng həqiqətənmi yalnız məzhəbi təəssüb üzündən hərəkət edir və guya şiəliyin kökünü kəsib, əhli-sünnə məzhəbini bərqərar etməyə can atırdı?

Həqiqətənmi dünya şöhrətli fateh yalnız bu məqsədlə ömrünü at belində keçirirdi, müharibələrdə öz əsgərlərini qurban verirdi? Tarixə hətta səthi bir baxış da bunu söyləməyə əsas verir ki, Teymurləngin vəhşilikləri yalnız şiələrə deyil, ona müqavimət göstərən sünni əhaliyə və qeyri-müsəlmanlara da şamil olmuşdur. O, bütün qırğınları yal¬nız var-dövlət əldə etmək, ölkələri ələ keçirmək və dünyanın yeganə cahangiri kimi tanınmaq məqsədi ilə törədirdi. Bütün fa¬tehlər kimi o da heç zaman yalnız məzhəb məsələsinə bağlanmamış, öz hərbi əməliyyatlarını səmimiyyətlə din adı altında həyata keçirməmişdir.

Onun fəth etdiyi ölkələr, dağıtdığı şəhərlər arasında sünni məmləkətləri üstünlük təşkil etmiş, qırdığı insanlar arasında əhli-sünnə mənsubları şiələrdən daha çox olmuşdur. Elə yalnız əhli-sünnə məzhəbində olan Osmanlı dövləti ilə apardığı qanlı müharibəni xatırlamaq kifayət edər.

Teymurun sünni məzhəbli İsfahan əhalisi ilə davranışı da məşhurdur. 1387-ci ildə şəhəri ələ keçirəndən sonra hökmdar orada 3 min nəfərlik qarnizon yerləşdirib gedir.

İsfahan əhalisi qiyam qaldırıb əsgərləri öldürür. Teymur bu xəbərdən çox qəzəblənib İsfahana divan tutmaq əmrini verir. Orduya car çəkilir ki, hər kim şəhər əhalisindən birini öldürərərər başını kəsib gətirsə 20 dinar mükafat alacaq. Əsgərlər o qədər canfəşanlıq göstərirlər ki, Teymur bu yolla müflis olacağını anlayır və mükafatın məbləğini get-gedə azaldır. Hər kəsik başın qiyməti yarım dinara kimi azalır. Axırda ümumiyyətlə, hökmdar mükafat verməkdən imtina edir. Amma o zamana kimi artıq 70 min baş kəsilmişdi. Teymur bununla da kifayətlənmir, öz süvarilərinə əmr edir ki, atlarını valideynini itirmiş minlərlə yetim uşağın üstünə sürsünlər. Uşaqlar at ayaqlarının altında tapdanıb həlak olurlar…

Teymur, ona müqavimət göstərməyi heç zaman bağışlamamışdır. Onun hərb üsulu bu cür idi: Bir şəhəri mühasirəyə alanda birinci gün düşərgənin qarşısında yerə ağ bayraq sancardı. Mənası bu idi ki, əgər həmin gün şəhər təslim olsa, hamıya aman veriləcək və qırğın olmayacaq. Şəhər təslim olmurdusa, ertəsi gün həmin yerə qırmızı bayraq sancılardı. Mənası bu idi ki, bu gün şəhər təslim olsa, əhaliyə aman veriləcək, amma şəhər böyükləri cəzalandırılacaq. Bunun da faydası olmayanda üçüncü gün qara bayraq asardılar. Qara bayrağın mənası bu idi ki, artıq şəhərdə heç kimə aman verilməyəcək… Deyilənlərə görə, yalnız Herat şəhərindən başqa bütün hallarda Teymur bu ənənəyə sadiq qalmışdır. (Herat mühasirənin ikinci günündə – qırmızı bayraq asıldığı gün – ələ keçirilmiş və şəhərdə böyük qırğın törədilmişdi)…

Teymurləng hər hansı ölkəni fəth etmək üçün din və məzhəb amilini asanlıqla əlində bəhanə edə bilən bir şəxs idi. Bəhanə lazım olmayan zaman isə tolerant münasibət sərgiləyə də bilərdi.

Məsələn, Suriyaya yürüş edərkən yolüstü Rey şəhərinə gələn fateh orada dəfn edilmiş böyük cəfəri alimi Məhəmməd ibn Əli ibn Babüveyhin (Şeyx Səduqun atasının) məzarını ziya¬rət edir və ruhuna rəhmət diləyir. Ətrafdakıların onu heyrətlə müşahidə etdiklərini görəndə isə deyir: “Dünyanın bütün millətlərinin alimləri mənim yanımda hörmətə malikdirlər. Siz bilir¬siniz ki, mən bircə alimin də qanına əlimi boyamamı¬şam. Bu torpaqda yatan adam öz zəmanəsinin böyük alimlərin¬dən sayı¬lıb. Mən onun kitablarından ikisini oxumuşam. Hərçənd ki, şiə olduğuna görə öz kitablarında mənim qəbul etmədiyim bəzi şeylər yazıb. Amma bu məsələ onun elmi dəyərini əksiltmir” (Mənəm Teymuri-cahangüşa, səh. 348-349).

Çox maraqlıdır ki, Teymurləng İmam Əlinin (ə) dəfn edildiyi Nəcəf şəhərini, İmam Hüseynin (ə) məzarı yerləşən Kərbəlanı, Kazimiyyəyə bitişik olan Bağdadı, İmam Rzanın (ə) məzarı yerləşən Tusu fəth etsə də, bu müqəddəs zatların məzarlarını ziyarət etməsi barədə salnamələrdə məlumata rast gəlmirik.

“Mənəm Teymuri-cahangüşa” salnaməsində yazılıb ki, Teymur uzun illər böyük şair Firdovsinin qəbrini ziyarət etmək arzusunda olmuş, Xorasanı ələ keçirəndə şairin itib-batmaqda olan qəbrini ziyarət etmiş və məzar daşını təzələməyə göstəriş vermişdi. Müəllif bu zaman Firdovsinin guya rafizi (şiə) olduğuna görə müsəlman məzarlığında deyil, öz bağında dəfn oldunduğunu qeyd etməyi də unutmur. Lakin həmin kitabda Teymurun İmam Rzanı (ə) ziyarət etməsi barədə heç bir işarəyə rast gəlmirik. “Zəfərnamə” kitabında Teymurun Xorasan səfəri zamanı Əbu Müslimin məzarını ziyarət etməsi xatırlanır, amma burada da İmam Rzadan (ə) söhbət açılmır.

(İkinci hissə)

Teymur iki dəfə Bağdada yürüş etmişdi. Bu səfərlər zamanı o, İmam Əbu Hənifənin məzarına baş çəksə də, İraq torpağında dəfn olunmuş Əhli-beyt (ə) üzvlərinin qəbrini ziyarət etməmişdi.

Hər halda, yuxarıda adı çəkilən iki məşhur mənbədən bu aydın olur. İraq ərazisindəki müxtəlif peyğəmbər və övliya məzarlarını, eləcə də, Orta Asiyada Xoca Əhməd Yəsəvi kimi sufi şeyxlərinin qəbrini ehtiramla ziyarət etmiş Teymurləng nədənsə, Əhli-beyt (ə) imamlarının məzarına bu ehtiramı göstərmir, onları ziyarətə layiq bilmirdi.
Azərbaycan dilinə də tərcümə olunmuş “Əmir Teymurun tüzükləri (vəsiyyətləri)” adlı kitabda (səh. 95) hökmdarın İraq ərazisindəki müxtəlif ziyarətgahların fəaliyyətinə rövnəq verməsi və onlara vəqf ayırması xəbər verilir. Burada Nəcəfdə İmam Əlinin (ə), Kərbəlada İmam Hüseynin (ə), Bağdadda İmam Kazimlə Təqinin (ə), Tusda İmam Rzanın (ə), Mədaində Salmani-farsi kimi şiə müqəddəsləri ilə yanaşı, İmam Əbu Hənifənin, böyük sufi Əbdülqadir Gilaninin də məzarlarının adı çəkilir.

Amma əvvəla, adıçəkilən mənbə nə qədər etibarlı sayılır? Müəllifi məlum olmayan, orijinal nüsxəsi belə, günümüzə gəlib-çatmayan, yalnız təxminən 250 ildən sonra farscaya edilmiş tərcüməsi əsasında bizə məlum olan bir kitab Teymurun öz müasirləri tərəfindən yazılnış salnamələrlə müqayisə edilə bilərmi? İkincisi, hətta Teymurun həmin ziyarətgahlara vəqf ayırması barədə xəbərlər düzgün olsa belə, özü o torpaqlarda olduğu zaman başqa məzarları ziyarət etdiyi halda, Əhli-beyt (ə) müqəddəslərinin qəbirlərinə baş çəkməmişsə, bu vəqf fərmanlarının səmimi olduğunu düşünmək çətindir.

Yeri gəlmişkən, İraq ziyarətgahlarının təmir tarixçəsinə nəzər saldıqda, burada abadlıq işləri görən hökmdarların sırasında Əmir Teymurun adına rast gəlmirik.

Əksinə, Teymurun döyüşdüyü və məğlub etdiyi Sultan Əhməd Cəlairi bu ziyarətgahları təmir etdirmişdi. Əlbəttə, bunu da inkar etmək olmaz ki, Teymurun gəlini (Şahruxun arvadı) Gövhərşad bəyim Məşhəd şəhərində, İmam Rzanın (ə) hərəminin yanında möhtəşəm məscid tikdirmiş, hərəmdə bəzi təmir və genişləndirmə işləri aparmışdı. Lakin bu, Teymurun vəfatından sonra baş vermişdir (miladi 1418-ci il).

Əmir Teymurun yürüşlərindən bəhs edən, fatehdən azacıq sonra yaşamış Şərəfəddin Əli Yəzdinin qələmə aldığı “Zəfərnamə” salnaməsində yazılıb ki, Teymur Dəməşqi uzun mühasirədən sonra ələ keçirir, şəhər əhalisi üsyan qaldırsa da, üsyan yatırlır. Bir neçə gündən sonra hökmdar seyidləri, müdrik alimləri və Şamın dövlət adamlarını yanına çağırıb deyir: “Biz daim bunu eşitmişik ki, Mərvanilər Müqəddəs Şəhərin (Məkkənin) əhalisi ilə, o cümlədən, Allah Rəsulunun kürəkəni və əmisi oğlu ilə düşmənçilik etmişlər. Onlara qarşı əllərindən gələn hər işi gormüş, qətl və müharibələr törətmişlər. Bu cür sözləri biz bəyənmirik.

Çünki onlar (yəni Məkkə əhalisi və Əhli-beyt) müsəlmanların ən yaxşısı olmuş, cahiliyyə zülmətindən çıxıb İslam nuruna qovuşmuşdular. Bəs niyə onlar (Əməvilər) Müqəddəs Şəhərin əhalisi ilə düşmənçilik etmişlər? Yetər, indi bizə həqiqət aydın oldu…” Bundan sonra Teymur əmr verir ki, əsgərlər Dəməşqi qarət etsinlər. Bir neçə gün ərzində şəhər dəhşətli şəkildə talan edilir, yanğın başlayır, hətta məşhur Əməvilər məscidi məhv olmaq təhlükəsi qarşısında qalır (Zəfərnamə, səh. 278).

“Mənəm Teymuri-cahangüşa” kitabında da Teymurun Dəməşq əhalisindən intiqam almasının səbəbi kimi dəməşqlilərin Kərbəla əsirlərinə zülm etmiş Əməvi və Mərvani soyuna rəğbət bəsləmələri göstərilir. Həqiqətən, tarixdən məlumdur ki, Dəməşq əhalisi burada uzun müddət hakimiyyət sürmüş Əməvi soyuna sevgi bəsləyir, Əhli-beytə qısqanslıqla yanaşırdı. Bu mənada Teymurun iddiası inandırıcı görünə bilər. Lakin şəhərin yağmalanması əmrinin bundan dərhal sonra verilməsi belə təsəvvür yaradır ki, dəməşqlilərin Əməvilərə sevgisi Teymur üçün sadəcə bir bəhanə idi.

Hökmdar öz əsgərlərinə vəd etdiyi qənimətə haqq qazandırmaq üçün bu manevri etmişdi. (Həmin kitabda Teymurun Dəməşq camaatından necə biabırçı şəkildə intiqam alması ətraflı təsvir edilib).

“Zəfərnamə”də yazılıb ki, Teymur Dəməşqi ələ keçirəndən sonra Peyğəmbərin (s) həyat yoldaşları Ümmi-Sələmə ilə Ümmi-Həbibənin, səhabə Bilali-həbəşinin məzarlarını ziyarət edir. Şiə tarixlərinin bəzisində guya Teymurun Dəməşqdə İmam Hüseynin (ə) qızı Səkinənin məqbərəsini təmir etdirməsi, əksinə, Yezidin qəbrini dağıtması yazılıb. Hətta Cənubi Azərbaycanın böyük növhə şairi Molla Hüseyn Dəxil Səkinənin məzarına Teymurləngin xitabını nəzmə çəkmişdir (Necə qan ağlamasın daş bu gün. Mərsiyələr, sinəzənlər, qəsidələr, səh. 38). Lakin o dövrün iki məşhur salnaməsində – “Mənəm Teymuri-cahangüşa” və “Zəfərnamə” əsərlərində bu barədə danışılmır.
Tarixi məlumatlardan aydın olur ki, Teymurləng müasiri olduğu seyidlərə dərin ehtiram göstərirmiş. Bu ehtiramı Teymurləngin Əhli-beytə (ə) məhəbbəti ilə də izah edənlər var.

Bir məsələni unutmaq olmaz ki, seyidlər Teymurləng üçün siyasi güc idilər. Hökmdar onların elmi-dini və ictimai-siyasi nüfuzundan faydalanırdı. Xüsusilə, hərbi yürüşlər zamanı seyidlər Teymurləngin köməyinə çatırdılar. Bir şəhərə hücum etməzdən qabaq Teymurləng adətən nüfuzlu seyidləri yerli hakimlərin yanına danışıq üçün göndərirdi. Seyidlər hakimləri və əhalini təslim olmağa çağırır, silahı yerə qoymağa razı salırdılar.

Burada bir haşiyə çıxaraq qeyd edirik ki, Teymur hətta öz soykökünü seyidlərə bağlamaqla özünə müqəddəslik qazandırmaq da istəmişdir.

Fatehin öz sağlığında onun nəslinin bir tərəfdən Çingiz-xana, digər tərəfdən İmam Əli ibn Əbutalibə (ə) bağlanması haqqında rəvayətlər uydurulmuşdu. Əhli-beytə (ə) bağlanan nəsil şəcərəsi daha çox əfsanəvi və qondarma təsiri bağışlayır. Teymurun Səmərqənddəki böyük nefrit qəbir daşının üzərində onun soykökü barədə əfsanəvi rəvayət də qeyd edilib. Orada yazılıb ki, Teymurun ulu nənələrindən biri Alankuva adlı qadın imiş. Guya bir nur qapı dəliyindən Alankuvanın yanına girib gözəl insan qiyafəsi alır. Məlum olur ki, bu, Əli ibn Əbutalibin (ə) övladlarından biridir. Həmin gözəl simalı insandan Alankuvanın oğlu olur və guya Teymurləng də bu nəsildən törəyib (Castin Marotsi. Tamerlan – dünya fatehi, səh. 430).

Teymurləng öz dövrünün böyük sufi seyidlərindən olan Seyid Bərəkəyə xüsusi ehtiram bəsləyir və onu özünə mürşid bilirdi. Seyid Bərəkə ən çətin anlarda Teymura mənəvi dayaq olmuşdu. Teymur vəsiyyət etmişdi ki, Seyid Bərəkə vəfat etdikdən sonra onun cəsədinin qalıqlarını Səmərqəndə gətirib hökmdar üçün hazırlanmış məqəbərədə torpağa tapşırsınlar. Teymurun özünü də öz vəsiyyətinə əsasən, Seyid Bərəkənin məzarının ayaq tərəfində dəfn etdilər.

Teymurləngin hörmətinə layiq görülən seyidlərdən biri də Səfəvilər soyunun banisi Şeyx Səfinin nəvəsi Şeyx Əli Siyahpuş idi.

Yeddinci imam Musa Kazimin (ə) nəslindən gələn, Şah İsmayılın babasının babası olan Şeyx Əli Siyahpuş Ərdəbildəki xanəgahda məskunlaşmışdı. Teymurləng Osmanlı sultanı İldırım Bayezidi məğlub etdikdən sonra çoxlu qənimətlə geri qayıdır. O, adəti üzrə Rum (indiki Türkiyə) ərazisindən xeyli insanı da əsir tutub özü ilə gətirirdi. Ümumiyyətlə, Teymurləng ələ keçirdiyi yerlərin əhalisi içindən sağlam, gənc insanları, xüsusilə də, sənətkarları seçib Səmərqəndə aparmağı xoşlayırdı. Səmərqənd və Buxara şəhərlərində tikilmiş möhtəşəm memarlıq abidələri bu işçi qüvvəsinin hesabına ərsəyə gəlmişdi.

Yolüstü Ərdəbilə baş çəkən Teymurləng orada Şeyx Əli Siyahpuşla görüşmək istədiyini bildirir. Söhbət zamanı Şeyxə bir neçə sual verib qənaətbəxş cavab aldıqdan sonra Teymur təklif edir ki, ondan nə istəyirsə desin. Şeyx Əli fatehdən xahiş edir ki, Rum elindən əsir tutub gətirdiyi cavanları ona bağışlasın. Teymur ələ keçirilən əsirlərin arasında həm də qeyri-müsəlman xristianların olduğunu söyləyir və bunların Şeyxin nəyinə lazım olması ilə maraqlanır. (Əsirlərin arasında Osmanlıların Avropa yürüşləri nəticəsində əsir aldıqları və ya girov kimi göndərilən cavanlar üstünlük təşkil edirdilər). Şeyx Əli cavab verir ki, onlar xristian olsalar da, insandırlar.

Teymur Şeyxin xahişini yerinə yetirib əsirləri ona bağışlayır. Həmin rumlu əsirlər Şeyx Əli tərəfindən azad edilib indiki İran ərazisində məskunlaşırlar.

Deyilənlərə görə, gələcəkdə Şah İsmayıl hərəkatında mühüm yer tutan Rumlu tayfası onların törəmələri olmuşdur. Beləliklə, Teymur özü də bilmədən Səfəvi hərəkatına öz töhfəsini vermiş olur. Məlumdur ki, Teymurləng təsəvvüfə rəğbət bəsləmiş, sufi şeyxlərinə ehtiram göstərmişdir. Hətta Teymur özünü sufi şeyxlərindən Şeyx Zeynəddin Tayibadinin müridi hesab edirdi. Buna görə də bəziləri Əmir Teymurun Əhli-beytə (ə) sevgini öz şeyxindən əxz etdiyini bildirirlər və buna aşağıdakı sübutu gətirirlər:

Teymurun zamanında Mavəraünnəhrdə (Orta Asiyada iki çay arasında) nasibi icması yaşayırmış. Nasibilər İmam Əliyə (ə) kin bəsləyir, hətta onun ruhunu təhqir etməkdən çəkinmirdilər. Onların əqidəsi bu idi ki, hər kəsin qəlbində bir zərrə boyda da olsa, Əliyə (ə) nifrət olmalıdır. Çünki guya Əli (ə) Osmanın qətlini sifariş etmiş və qatilləri gizlətmişdir! Nsibilər Əmir Teymura məktub yazıb onu da öz əqidələrinə dəvət edirlər. Hökmdardan xahiş edirlər ki, hakimiyyəti altında olan şəhərlərin məscidlərində Əliyə (ə) lənət oxunmasına əmr versin.

Teymur məktubu oxuyub deyir: “Mənim pirim və mürşidim Şeyx Zeynəddin Tayibadidir. Onun göstərişi olmadan heç nə deyə bilmərəm”.

Əmir Teymur nasibilərin məktubunu Şeyxə göndərib ondan cavab istəyir. Bir müddətdən sonra Şeyxdən cavab gəlir. Tayibadi həmin məktubun arxasına özünün yazdığı bu rübaini əlavə etmişdi:

Gər an ke bövöd fövqe-səma mənzile-to,

Vəz-Kövsər əgər sereştə başəd gele-to,

Gər mehre-Əli nəbaşəd əndər dele-to,

Miskin tovü səyhaye-bihasile-to.

Tərcüməsi:

Əgər səmadan yuxarıda mənzil etsən də,

Əgər yaradıldığın gil cənnətdəki Kövsər bulağı ilə qarışsa da,

Qəlbində Əlinin sevgisi yoxdursa –

Özün miskin, əməllərin isə faydasızdır.

(Abbas Əzizi. İmam Əlinin müsibətlərindən 400 dastan – “Nəfais əl-əxbar” kitabından nəql edilir).
Deyirlər ki, Əmir Teymur Şeyxin cavabını oxuyandan sonra həmin nasibi qövmü cəzalandırır.
Mövzuya yekun vuraraq bunu söyləyə bilərik:

Obyektiv tarixi araşdırmalar bunu göstərir ki, Teymur şiə deyildi, əksinə, özünü əhli-sünnə məzhəbinin mənsubu kimi nümayiş etdirirdi.

Onun müəyyən zaman kəsimlərində şiəliyə və şiələrə müsbət və ya mənfi münasibət bəsləməsi də məzhəbi amildən daha çox, siyasi səbəbə əsaslanırdı.

Şiə məmləkətlərini ələ keçirmək lazım gələndə o, özünü əhli-sünnə əqidəsinin müdafiəçisi və “rafizilərə” qarşı “müqəddəs” müharibənin icraçısı kimi göstərirdi. Əksinə, sünnilər yaşayan əraziləri fəth etmək istəyərkən, özünü Əhli-beyt (ə) tərəfdarı və şiələrin dostu kimi qələmə verirdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button