Xədicə (ə) Hz.Mühəmmədlə (s) ailə qurmazdan əvvəl ərdə olmuşdurmu?
(Birinci hissə)
Həzrət Xədicə (ə) ilə bağlı bəzi mövzularda alim və tədqiqatçıların fikirləri fərqlənir.
Bu mövzulardan biri də Xədicənin (ə) Həzrət Mühəmməd Peyğəmbərdən (s) qabaq bir nəfərlə ailə qurması, onun vəfatından sonra yenə ərə getməsi, ikinci əri də dünyasını dəyişdikdən sonra dul halda Peyğəmbərin (s) nikahına daxil olması barədə məlumatın düzgünlük dərəcəsidir.
Demək olar ki, bütün sünni mənbələri və şiə mənbələrinin çox hissəsi bu mövqeyi dəstəkləyir. Lakin əsasən, şiə məzhəbinə mənsub olan bəzi alimlər məşhur fikrə qarşı çıxmış, Xədicənin (ə) Peyğəmbərlə (s) izdivaca kimi bakirə olduğunu, Həzrət Fatimədən (s) savayı Peyğəmbərin (s) qızı kimi tanınan digər üç qızın əslində Xədicənin (ə) bacısı Halənin qızları olduğunu söyləmişlər və birinci nəzəriyyəni İslama düşmən olan qüvvələrin uydurması adlandırmışlar. Xüsusilə, son zamanlar bu mübahisələr daha da kəskinləşmişdir.
Xədicə (ə) əslində öz bacısının uşaqlarını saxlayırmış?
Alternativ nəzəriyyəyə əsasən, Həzrət Xədicənin (ə) Halə adlı bacısı var imiş. Halə Bəni-Məxzum qəbiləsindən bir nəfərə ərə getmiş, ondan qızı olmuş, qızına öz adını (Halə) qoymuşdu.
Əri öldükən sonra Xədicənin (ə) bacısı ikinci dəfə Bəni-Təmimdən olan başqa biri ilə ailə qurmuş, bu dəfə Hind adlı oğul dünyaya gətirmişdi. İkinci həyat yoldaşı da vəfat etdikdən sonra Halə övladları ilə birlikdə Xədicənin (ə) evinə köçüb onun himayəsi altında yaşamağa başlayır. Halə dünyasını dəyişəndən sonra Xədicə (ə) onun uşaqlarına öz doğma övladı kimi baxırmış. Peyğəmbər (s) Xədicə (ə) ilə evləndikdən sonra onları övladlığa götürür.
Bəzi müəlliflər iddia edirlər ki, Halənin ikinci ərinin (Bəni-Təmim qəbiləsindən olan kişinin) əvvəlki arvadından iki qızı da var imiş və Halə ilə evlənəndən sonra bu qızları da yanında saxlayırmış. Qızların adı Zeynəb və Rüqəyyə idi. Əri öldükdən sonra Halə üç qızı (Halə, Zeynəb və Rüqəyyəni) özüylə götürüb bacısının evinə köçür, Hindi isə atasının qəbiləsi tərbiyə etməyə başlayır.
Bu nəzəriyyənin əsas sübutları
Əsrimizin görkəmli şiə tarixçilərindən olan Seyyid Cəfər Amili “əl-Səhih min siyrət əl-Nəbiyy əl-əzəm” adlı fundamental əsərinin ikinci cildində (səh. 121-126) mövzu barədə kifayət qədər geniş bəhs açmışdır.
Müəllif Həzrət Xədicənin (ə) Peyğəmbərə (s) ərə getməzdən əvvəl bakirə və ərsiz olması fikrini müdafiə edir və öz fikrini əsaslandırmaq üçün ortaya bəzi sübutlar qoyur. Ən əsas sübutları və onların əks-arqumentlərini üç bənd üzrə ümumiləşdirmək olar:
Birinci iddia:
Xədicə (ə) kimi imkanlı bir qadının tanınmamış qəbilələrdən olan adamlara ərə getməsi qeyri-mümkün idi. Hicri IV (miladi X) əsrdə yaşamış şiə alimlərindən Əbül-Qasim Kufi “əl-İstiğasə” kitabında yazır:
Bütün şiə və sünni aimləri etiraf edirlər ki, ərəblərin ən varlı və şərəfli şəxsləri Həzrət Xədicəyə (ə) elçi düşmüş, amma onun tərəfindən rədd edilmişdilər. Bəs necə ola bilər ki, Xədicə (ə) bu cür sərfəli elçilikləri rədd edib tanınmayan adamlara ərə gedib?
Cavabı:
Həzrət Xədicənin (ə) Bəni-Məxzum və Bəni-Təmim qəbiləsindən olan şəxslərlə ailə qurmasına nəzəri cəhətdən aşağıdakı səbəblər üzündən etiraz edə bilərik:
– Ya o adamlar tanınmamış qəbilədən olmalı idilər ki, bu izdivac Xədicəyə (ə) əskiklik sayılaydı.
– Ya kasıb olmalı idilər ki, Xədicə (ə) kimi imkanlı qadının onlara ərə getməsi cahil ərəblər tərəfindən pis qarşılanaydı.
– Və ya da o şəxslər iman və əxlaq baxımından alçaq mərtəbədə olmalı idilər ki, bu izdivac üzündən Xədicəyə (ə) tənə etmək mümkün olaydı.
1. Əgər söhbət onların tanınmamış, zəif qəbilələrdən olmasından gedirsə, bu, belə deyil.
Hər iki qəbilə kifayət qədər tanınırdı, Qüreyş qədər şərəfli olmasalar da, qəbilələr içində öz yerləri vardı.
2. Hətta bu qəbilələr və ya həmin şəxslər tanınmamış olsalar belə, bu, əslində eyib sayılırmı?
Ola bilər ki, o zamankı cahiliyyə ərəblərinin gözündə eyib sayılırdı, amma Xədicə (ə) kimi zəkalı qadın bu cür düşünə bilməzdi. Məgər gələcək həyat yoldaşını millətinə, cəmiyyətdəki çəkisinə, şan-şöhrətinə görə seçmək düzgün addımdırmı? Məsumlarımızın həyat yoldaşlarının bəziləri məhz tanınmamış, çoxlarının yuxarıdan-aşağı baxdığı şəxslər olmuşlar. Peyğəmbər (s) kasıb, dul, qohumları tərəfindən atılmış, bəzən isə hətta döyüşdə əsir alınmış qadınlarla ailə qururdu. İmam Sadiqin (ə) həyat yoldaşı və İmam Kazimın (a) anası ərəblərin yuxarıdan-aşağı baxdığı bərbər qəbiləsindən idi. Amma İmam Sadiq (ə) o qadına “müsəffat” (saf, təmiz qızıl) ləqəbi vermişdi…
3. Əgər söhbət Xədicənin (ə) birinci və ikinci həyat yoldaşlarının kasıb olmalarından gedirsə, bunu iddia etməyə hansı əsasımız var?
Axı Həzrət Xədicə (ə) haqqında yazılan kitablarda deyilir ki, o, öz var-dövlətini atasından və iki ərindən irs almışdı. Deməli, bu şəxslər o qədər də kasıb olmamışlar. Əgər kasıb olsalar belə, bu, eyib və nöqsandırmı? Xədicə (ə) kimi zəkalı bir qadının öz gələcək ərinə var-dövlətə görə qiymət verməməsi niyə qəribə görünür?
4. Əgər söhbət onların imanından gedirsə, bu iki nəfərin iman və əxlaq baxımından aşağı səviyyədə olmasını hansı əsasla iddia edə bilərik? Bu barədə sübutumuz varmı?
İkinci iddia:
Həzrət Xədicə (ə) İslam Peyğəmbərinə (s) ərə getmək qərarını verəndə rəfiqələri onu danlayıb demişdilər ki, sən o cür varlı və şan-şöhrətli elçilərə yox dedin ki, indi yetim Mühəmmədə (s) razılıq verəsən? Bu halda necə ola bilər ki, Xədicə (ə) əvvəlki iki nəfərlə ailə qurmuş olsun?
Cavabı:
Kim iddia edə bilər ki, Həzrət Xədicə (ə) Bəni-Məxzum və Bəni-Təmim qəbilələrindən olan adamlara ərə gedəndə də camaat ona eyni töhməti vurmurdu?
Əgər bu barədə kitablarda məlumat yoxdursa, bu faktın ümumiyyətlə olmadığını söyləmək düzgün deyil. Bəlkə o zaman da Xədicəyə (ə) qarşı iradlar irəli sürülmüş, amma o, bunları cavabsız qoymuşdu? Göründüyü kimi, cahiliyyə qadınlarının düşüncəsi bundan irəli gedə bilmirdi. Onlar Xədicənin (ə) Mühəmməd (s) kimi birisinə də ərə getməsini əskiklik sayırdılar.
Amma Xədicə (ə) bu maneəni sındıra bildi. Elə isə, o, birinci və ikinci evliliklər zamanı da iradları qulaqardına vura bilməzdimi? Doğrudur, onun əvvəlki ərləri İslam Peyğəmbərinə (s) tay ola bilməzdi. Amma Xədicə (ə) o həzrətin gələcək missiyasından xəbərdar idimi? Axı Xədicə (ə) o həzrətin peyğəmbərliyə seçilməsini ilk vəhydən sonra, əmisi oölu Vərəqə ilə məsləhətləşmədən sonra öyrənmişdi. Hələ dini meyarları dərindən tanımayan bir qadının cahiliyyə dövründə dürüst və evliliyə layiq bildiyi şəxslərə ərə getməsi çoxmu qəbahətli işdir ki, bunu hər vasitə ilə inkar etməyə çalışaq?
(İkinci hissə)
Üçüncü iddia:
Həzrət Xədicənin (ə) bakirə olduğunu bəzi böyük alimlər təsdiq etmişlər. Məsələn, Bəlazuri, yuxarıda adı çəkilən Əbül-Qasim Kufi, məşhur şiə alimləri Seyyid Mürtəza Ələmül-hüda (“Şafi” kitabında) və Şeyxüt-taifə Tusi (“Təlxis” əsərində) bu fikri müdafiə etmişlər. Onların bu mövqedə olmalarını İbn Şəhraşub “Mənaqib” kitabında yazır.
Cavabı:
Həzrət Xədicənin (ə) İslam Peyğəmbərinə (ə) ərə getməzdən əvvəl iki dəfə ailə qurub dul qalması tarix elmində heç də nadir fərziyyə deyil, əksinə, çox geniş yayılmış bir mövqedir.
Demək olar ki, bütün əhli-sünnə yazarları və əksər şiə alimləri bu mövqedə olmuşlar. Əksinə, əks tərəfdə duranların sayı azlıq təşkil etmişdir. Ona görə də hər şeydən əvvəl bunu qeyd edək ki, Həzrət Xədicənin (ə) Peyğəmbərlə (s) izdivaca kimi bakirə olması fikri azlığa məxsusdur. Doğrudur, İbn Şəhraşub öz “Mənaqib”ində (1-ci cild, səh. 206) bir neçə alimin bu fikirdə olduğunu qeyd edir. Amma özü yenə də birinci nəzəriyyəni müdafiə edir. Yəni özündən əvvəl yaşamış məşhur cəfəri alimləri Seyyid Mürtəza və Şeyx Tusinin başqa fikri bölüşməsi İbn Şəhraşubun öz mövqeyində qalmasına mane olmamışdır. Bu faktın özü düşünməyə əsas verir ki, İbn Şəhraşub Xədicənin (ə) dul olması nəzəriyyəsinin kifayət qədər güclü olduğuna inanırdı, buna görə də Seyyid Mürtəzanın və Şeyx Tusinin baxışlarını bölüşməmişdir.
Bəzi tədqiqatçılar Əbül-Qasim Kufinin sözünə bu qədər əhəmiyyət verməklə, zənnimizcə, ifrata varırlar.
Həmin Əbül-Qasim Kufi barəsində son dövrün məşhur rical alimlərindən biri mərhum Əllamə Mühəmməd Təqi Şüştəri özünün “Qamus əl-rical” adlı fundamental kitabında ciddi tənqidlər səsləndirir (12-ci cild, səh. 246-247). Əllamə Şüştəri Əbül-Qasim Kufini “ağlı və dini (əqidəsi) xarab” adlandırır. Əqidəsinin xarab olmasına sübut kimi onun “müxəmməsə” məzhəbindən olduğunu göstərir. Müxəmməsə – ifrat şiə cərəyanlarından (ğülüvv) biridir. Bu əqidəyə görə, Allah-təala dünya işlərinin idarəsini beş müqəddəs nəfərin – Salman, Miqdad, Əbuzər, Əmmar və Əmr ibn Üməyyə Zümərinin ruhlarına həvalə edib. Əbül-Qasim Kufinin müxəmməsədən olduğunu bir çox böyük alimlər də təsdiq etmişlər.
O cümlədən, Şeyx Tusi, Nəcaşi, Əllamə Hilli və başqaları Kufinin əvvəlcə düzgün şiə məzhəbində olduğunu, sonra əqidəsinin pozulduğunu qeyd etmişlər.
Hətta rical elmində belə bir qayda da var ki, Əbül-Qasim Kufinin kitablarındakı hər hansı məlumat onun düz yolu azmasından əvvələ aiddirsə, o məlumata etibar etmək olar; əks halda onun sözü kənara qoyulmalıdır. Əllamə Şüştəri həm də Kufinin savadını və ağlını şübhə altına qoyaraq bildirir ki, o, adıçəkilən kitabda Peyğəmbərin (s) Zeynəblə Rüqəyyəni Osman ibn Affana ərə verdiyini yazırdı; halbuki, Osmanın həyat yoldaşları Ümmi-Külsumla Rüqəyyə idi.
Bəlazuriyə gəlincə, məlum deyil ki, İbn Şəhraşub həmin fikri hansı əsasla Bəlazuriyə aid etmişdir. Bəlazurinin ən məşhur əsəri olan “əl-Ənsab əl-əşraf”da (1-ci cild, səh. 406-407) əksinə, Xədicənin (ə) Peyğəmbərdən (s) qabaq iki dəfə ərdə olub dul qalması aşkar şəkildə yazılıb. Beləliklə, bu fikrin Bəlazuriyə aid edilməsi yanlışdır. Seyyid Mürtəza ilə Şeyxüt-taifə Tusiyə gəlincə, onların da adı çəkilən kitablarında bu məsələyə işarə olunmayıb. (Qeyd edək ki, Tusinin “Təlxis” kitabı elə Seyyid Mürtəzanın “əl-Şafi” əsərinin şərhindən ibarətdir).
Beləliklə, məlum olur ki, İbn Şəhraşubun qeyd etdiyi 4 alimin kitabında ümumiyyətlə bu mətləbə toxunulmayıb, Kufinin isə fikirlərinə ehtiyatla yanaşmaq lazımdır.
Əks-arqumentlər daha güclüdür
(əqli sübutlar)
Bu iddialara cavab verdikdən sonra biz də qarşı tərəfə bu sualları ünvanlayırıq:
1. Həzrət Xədicənin (ə) Peyğəmbərə (s) ərə gələrkən 40 yaşında olduğunu əksər tarixçilər təsdiq etmişlər.
Bəzi müəlliflər isə onun nisbətən cavan olduğu qənaətindədirlər ki, bunların da əksəriyyəti 28 yaş üzərində durmuşlar. Elə isə, qızların kiçik yaşda ailə qurduğu Ərəbistan kimi bir mühitdə Xədicənin (ə) bu yaşa kimi ailə qurmamasının səbəbi nə idi? Həm fiziki, həm əqli, həm də iqtisadi baxımdan yetkin olan bir qadın niyə bu yaşa kimi ərə getməmişdi? Həzrət Xədicənin (ə) ətrafındakılar onun özündən aşağı təbəqəyə məxsus şəxslərə ərə getməsinə pis baxırdılarsa və Xədicə (ə) üçün ictimai rəy bu qədər mühüm idisə, bəs niyə həmin camaat onun heç kimi bəyənməyib evdə qalmasına etiraz etmir və təzyiq göstərmirdilər? Xədicə (ə) bu basqılara necə dözürdü? Əgər dözə bilirdisə, deməli, əvvəlki iki izdivaca görə ona qarşı yönələn basqılara da dözə bilərdi.
2. Həzrət Xədicə (ə) Peyğəmbərdən (s) qabaq heç kimlə ailə qurmamışsa, öz var-dövlətini haradan əldə etmişdi?
Sərmayəsi haradan idi? Deməli, bu var-dövlət atası Xüveyliddən ona qalmışdı. Elə isə, Xüveylid niyə o biri qızı Haləyə var-dövlət qoymamışdı? Niyə Haləyə də Xədicəyə çatdığı qədər sərvət çatmadı? Niyə Halə öz bacısına sığınmağa məcbur oldu?
3. Əgər cahil ərəblər Xədicənin o iki nəfərlə ailə qurmasına əsil-nəsəb baxımından pis baxardılarsa, niyə bacısı Halənin bu addımına pis baxmadılar?
Məgər Xədicə ilə Halə eyni nəsildən, eyni atanın qızları deyildilərmi? Xədicə (ə) üçün əskik sayılan cəhət Halə üçün də əskik sayılmalı deyildimi?
4. Həzrət Mühəmməd Peyğəmbər (s) müharibədə əsir düşmüş və Xədicənin (ə) evində xidmətçilik etmiş Zeyd ibn Harisəni öz oğulluğu elan etsə də, onu “Mühəmmədin oğlu” çağırmağın əleyhinə çıxmış və Zeydi bioloji atasının adı ilə çağırmağı tapşırmışdı.
Elə isə niyə o həzrət, Xədicənin (ə) bacısı qızı kimi təqdim edilən Zeynəblə Rüqəyyənin öz qızı kimi qəbul edilməsinə qarşı çıxmırdı? Niyə Zeydlə bağlı hadisədə olduğu kimi elan etməmişdi ki, Zeynəblə Rüqəyyəni “Mühəmmədin qızı” yox, öz bioloji atasının qızı kimi çağırsınlar? Bu, yalnız bir halda mümkün ola bilərdi ki, bu qızlar ya Xədicənin (ə) Peyğəmbərdən (s) qabaqkı izdivacından doğulmuş olaydılar, ya da Peyğəmbərin (s) bioloji övladları olaydılar.
Quran ayəsi
Qurani-kərimin “Əhzab” surəsinin 59-cu ayəsində buyurulur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini örtsünlər.
Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” Ayədə cəm halda “bənatikə”, yəni “qızlarına” ifadəsi işlədilib. Deməli, Peyğəmbərin (s) bir deyil, (Fatimədən (ə) başqa) qızları da var imiş. Doğrudur, bəzi təfsirçilər bu ayəni “mübahilə” ayəsi ilə müqayisə edərək deyirlər ki, “mübahilə” ayəsində də cəm halda “qadınlarınız” buyurulduğu halda, yalnız Fatimeyi-Zəhradan (s) söhbət gedir. Lakin mübahilə olayı mübahisə doğurmayan bir məsələdir və orada Fatimə (ə) haqqında cəm halda danışıldığı qəti surətdə məlumdur.
Hədislər
Mötəbər şiə mənbələrindəki bir çox hədis və rəvayətlər həmin qızların əslində Xədicənin (ə) bacısı qızları deyildilər, onun Peyğəmbərlə (s) izdivacından doğulduqlarını bəyan edir.
Şeyx Əmin əl-İslam Təbrisi “İlam əl-vəra ”kitabında, beşinci babın birinci fəslində (1-ci cild, səh. 274-275) Həzrət Xədicənin (ə) iki dəfə ərdə olmasını və ərlərinin adlarını qeyd edir, Peyğəmbərlə (s) izdivacından isə 2 oğul və 4 qız dünyaya gətirdiyini yazır. Şeyx Küleyni “Üsuli-Kafi” əsərində “Hüccət” kitabının “Əbvab əl-tarix” bölümündə, birinci babda Həzrət Peyğəmbərin (s) Xədicə (ə) ilə izdivacından söz açaraq yazır: “İyirmidən artıq yaşı olanda Xədicə ilə evləndi, besətdən (peyğəmbərlikdən) qabaq Qasim, Rüqəyyə, Zeynəb və Ümmi-Külsum doğuldular…”
Şeyx Səduq “Xisal” kitabında (səh. 404-405) “Allah Rəsulunun yeddi övladı olub” babında İmam Cəfər Sadiqdən (ə) iki hədis verir. Bu hədislərdə Peyğəmbərin Həzrət Xədicə (ə) ilə idivacından Qasim və Tahir (Abdullah) adlı iki oğlu və yuxarıda adları çəkilən dörd qızı olduğu buyurulur. (O həzrətin yeddinci övladı Mariyeyi-qibtiyyədən olan İbrahim idi).
Məşhur şiə mənbələrindən olan “Qürb əl-isnad” kitabında İmam Cəfər Sadiqdən (ə) belə bir hədis verilib: “Allahı Rəsulunun Xədicədən Qasim, Tahir, Ümmi-Külsum, Rüqəyyə, Fatimə və Zeynəb adlı övladları doğuldu…” (Əbül-Abbas Himyəri. Qürb əl-isnad, səh. 9, hədis 29).
Alimlərin rəyi
Həzrət Xədicənin (ə) keçmiş həyat yoldaşları barədə bir çox məşhur şiə aliminin əsərlərində məlumata rast gəlirik.
Məsələn, hədis elmində dəqiq və dərin görüşləri ilə seçilən, “siqət əl-mühəddisin”, yəni “hədis alimlərinin inanılmışı” ləqəbli Şeyx Abbas Qumi “Müntəha-l-amal” kitabında bunu açıq şəkildə qeyd etmişdir (səh. 59-60).
Şiə şəxsiyyətlərin həyatı barədə ən müfəssəl ensiklopedik mənbələrdən sayılan “Əyan əl-şiə” kitabında Seyyid Mühsin Əmin yuxarıda adı çəkilən Əbül-Qasim Kufinin “əl-İstiğasə” kitabında yazılanları uzun-uzadı nəql etdikdən sonra bu nəzəriyyəyə açıq-aşkar şübhə ilə yanaşdığını göstərir.
Məsələ bundadır ki, şiə mənbələrində məşhur olan, Həzrət Mühəmməd Peyğəmbərin (s) şəklü-şəmayilindən (zahiri görünüş və davranışından) bəhs edən geniş hədisin sənədində deyilir ki, İmam Həsən buyurdu: “Dayım Hind ibn Əbu Halədən istədim ki, Allahın Rəsulunu mənim üçün təsvir etsin”. Şəmayil hədisi bir çox mənbələrdə, o cümlədən, Şeyx Təbrisinin “Məkarim əl-əxlaq” kitabının əvvəlində nəql edilib. İmamın buyurduğu Hind – Peyğəmbərin (s) oğulluğudur. Yuxarıda yazdığımız kimi Hind Xədicənin (ə) ya da bacısı Halənin oğlu idi, atası vəfat etdikdən sonra onun qəbiləsində tərbiyə alıb böyümüşdü.
İmam Həsənin (ə) onu “dayım” adlandırması göstərir ki, Hind həqiqətən, Peyğəmbərin (s) oğulluğu və İmamın (ə) ögey dayısı sayılırmış.
Amma Hind Peyğəmbərin (s) evində böyüməmişdi ki, bu səbəbdən onu o həzrətin oğulluğu adlandırsınlar. Fərz edək ki, Zeynəb və Rüqəyyə həqiqətən Xədicənin (ə) deyil, bacısının qızları idilər və sadəcə, Peyğəmbərin (s) evində böyüdükləri üçün o həzrətin qızı sayılırdılar. Bəs Peyğəmbərin (s) evindən kənarda tərbiyə almış Hindi hansı əsasla o həzrətin oğulluğu sayırmışlar? Bu, yalnız o zaman mümkün ola bilərdi ki, Hind həqiqətən Xədicənin (ə) keçmiş ərindən doğulmuş olaydı. Bu halda o, istər Peyğəmbərin (s) evində, istərsə də kənarda böyüsəydi, o həzrətin oğulluğu kimi qəbul edilə bilərdi. Çünki bioloji anası o həzrətin həyat yoldaşı idi.
Həzrət Xədicənin (ə) iki dəfə ərdə olub dul qalmasını əsrimizin ən böyük alimlərindən ikisi də təsdiq edir. Tarix, rical və əqaid elmləri üzrə ixtisaslaşmış Ayətullah Cəfər Sübhani “Füruğe-əbədiyyət” adlı kitabında bu məsələni aşkar şəkildə qeyd edir (1-ci cild, səh. 198). “Füruğe-vəlayət” Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatıdan bəhs edən ən sanballı kitablardan biri sayılır və müəllif onu yazarkın çoxlu mənbələrdən istifadə etmişdir. İkinci məşhur alim isə tarixçi Rəsuli Məhəllatidir.
O, “Analitik İslam tarixi” kitabının ikinci cildində (səh. 33-38) bu mövzuda bəhs açır, müxalif tərəfin sübutlarını gətirir, sonra onları tutarlı əks-arqumentlərlə rədd edir.