Sovet dövründə kəbinsiz evlənmiş şəxslərin övladları halalzadə hökmünü daşıyırlarmı?
Oxucu sual verir
İslam dininə görə, evliliklər dini kəbinlə qeydiyyata alınmalıdır. Kəbin nikahın halallıq şərtidir. Kəbinin vacib olduğunu bildiyi halda qəsdən kəbin kəsdirmədən evlənən, yaxud kəbinin batil olduğu hallarda naməhrəm qadınla (məsələn, talağı verilməmiş qadınla) əlaqədə olan şəxs zina etmiş sayılır. Bu hallarda doğulan uşaqlar da halalzadə hesab edilmir. Lakin bir kəs kəbinin vacib olduğunu bilmədiyinə görə kəbin kəsdirmədən evlənərsə, bu evliliyi zina saymaq doğru deyil. Bu cür evlilikdən doğulanlar da qeyri-qanuni sayılmır. El adətinə uyğun olaraq toy edib evlənən şəxslərin izdivacı halal hökmündədir. Belə ki, məsələn, sovet hakimiyyəti illərində el adətincə toy-nişan edib ailə quranların izdivacı qətiyyən zina sayılmaz. Amma hər bir halda, bu şəxslər kəbinin vacib olduğunu anlayan kimi dərhal kəbin kəsdirməli, bu işdə məsuliyyətsizliyə yol verməməlidirlər.