Füzulinin İmam Hüseynə (ə) sevgisini göstərən ən bariz nümunə, şübhəsiz ki, onun “Hədiqətüs-süəda” əsəridir. “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağçası”) Azərbaycan dilində növbələşən nəzm və nəsr fotmasında qələmə alınıb. 10 bab və xatimədən (sonluqdan) ibarət olan kitabın ilk 6 babında keçmiş peyğəmbərlərin, o cümlədən, Həzrət Mühəmməd Peyğəmbərin (s), daha sonra İmam Əlinin, Fatimeyi-Zəhranın və İmam Həsənin (ə) başına gələn müsibətlər təsvir edilir. Əsərin yarısından çoxu isə Aşura faciəsinə həsr olunub. Füzuli İmam Hüseynin (ə) və silahdaşlarının müsibətini parlaq, təsirli boyalarla əks etdirməyə nail olub.
Şair əsərin müqəddiməsində onun yazılma səbəbini izah edərək bildirir ki, Kərbəla müsibətindən bəhs edən kitablar ərəb və fars dilində olduğundan, sayları çox olan türk millətinin nümayəndələri bunları anlamaqdan məhrumdurlar. Füzuli özünə xitab edərək deyir: “Ey Kərbəla şahının nemət süfrəsinin yetirməsi olan Füzuli! Nola yeni bir üslub yaradıb, türkcə məqtəl yazasan ki, türkdilli fəsahət sahibləri bunu dinləməkdən faydalansınlar və məzmununu dərk etməkdə ərəblə əcəmdən ehtiyacsız olsunlar”.
