Namazda qünut duası oxunan zaman əlləri qoşalaşdırıb ovucları sifət müqabilində üzüyuxarı şəkildə saxlamaq müstəhəbdir. Bunun səbəbini fərqli şəkillərdə izah edənlər var.
Bir fikrə görə, insan adətən bir kəsdən nəsə istəyəndə əllərini irəli uzadır. Dua edəndə də əllərimizi səmaya doğru yuxar qaldırmağımız buna iarədir. Qünut zamanı dua edərkən insan sanki yalnız Allahdan istədiyini göstərmək üçün əllərini səmaya doğru qaldırır və Allahın nemətlərini “tutmaq” üçün ovuclarını qoşalaşdırır.
Digər fikrə görə, qünut vəziyyətində insan sanki öz əməl dəftərini canlaşdırmış olur. Məlumdur ki, qiyamət günündə hər kəsin yaxşı və pis əməlləri yazılmış dəftər ona təqdim ediləcək, hər kəs bu dəftərdə öz əməllərini əyani şəkildə görəcək və ona hansı hökm kəsilməsinin səbəbini biləcək. Qünut zamanı da sanki ovuclarımızı qoşalaşdırıb kitab şəklinə salırıq və əməl dəftərimizə baxaraq Allahdan öz istəklərimizi diləyirik. Allahdan bunu istəyirik ki, duada dilədiklərimizi bizim əməl dəftərimizə yazsın, oradakı günahlarımızı bağışlasın.
