Orta əsrlərdə İmam Əlinin (ə) nəslindən olanlar əsasən iki təbəqəyə bölünür və müvafiq adlarla tanınırdılar. İmam Hüseynin (ə) xətti ilə gələnlərə “seyyid”, İmam Həsənin (ə) xətti ilə gələnlərə isə “şərif” (cəmi əşraf, şürəfa) deyirdilər. Bu, əsasən əhli-sünnə aləminə məxsus olan bölgüdür. Şiə dünyasında bir qayda olaraq bütün Peyğəmbər (s) sülaləsini “seyyid” çağırırlar. Seyyidlərin fərqlənmə nişanlarına gəlincə, daha çox yaşıl rəng onlara məxsus sayılmışdır. Müəyyən dövrlərdə hökmdarların fərmanı ilə yalnız seyyidlərə yaşıl əmmamə bağlamaq, yaşıl libas geyinmək icazə verilirdi. Tarixi mənbələr Harun ər-Rəşid zamanından başlayaraq seyyidlərin yaşıl libas və əmmamə geyindiklərini xəbər verir.
Bəzi tarixi şəxsiyyətlər qədim mənbələrdə hər iki ləqəblə xatırlanıb. Məsələn, “Nəhcül-bəlağə” kitabını toplamış alimi həm Seyyid Rəzi, həm də Şərif Rəzi adlandırıblar. Onun qardaşı, Ələmül-hüda ləqəbli görkəmli din alimi də bəzən Seyyid Mürtəza, bəzən Şərif Mürtəza kimi mənbələrdə təqdim edilib.
