Bərdədəki məşhur imamzadə kompleksində İmam Muhəmməd Baqirin (ə) oğlu İsmayılın dəfn edildiyi ehtimal edilir. O, Gəncədə sən edilmiş imamzadə İbrahimin qardaşıdır. Xalq inancına görə qardaşlar birlikdə Azərbaycana gəlib Bərdə hakimindən sığınacaq istəyiblər. Az sonra xəlifənin adamları onların burada olmasından xəbər tutur, Bərdə hakimindən icazəsiz imamzadə İsmayılı öldürürlər, qardaşı imamzadə İbrahim bundan sonra Gəncəyə sığınır.
Bərdə imamzadəsi iri sahəyə malik həyətin içində yerləşir. Soğanvari quruluşa malik günbəzi olan türbənin 4 minarəsi var. Minarələrdən ikisinin hündürlüyü 12 metr, digər ikisinin hündürlüyü 15 metrdir. Ziyarətgahın binası XIV əsrdə tikilmiş, XIX əsrdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən böyüdülüb təkmilləşdirilmişdir. Bərdə imamzadəsinin adı A.A.Bakıxanovun “Gülüstani-İrəm” kitabında da çəkilir.
