Şamaxı şəhərində yerləşən tarixi Şaxəndan qəbiristanlığının sufi irsi ilk dəfə kompleks elmi-tədqiqat əsasında araşdırılıb. Tədqiqat nəticəsində qəbiristanlığın memarlıq quruluşu, qəbirüstü abidələrin bədii tərtibatı və epiqrafik materialları əsasında onun Şirvanın sufi ənənəsi və orta əsrlər İslam dəfn mədəniyyətinin mühüm mərkəzlərindən biri olduğu müəyyən edilib.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırma 2025-ci il çöl tədqiqatlarına əsaslanır. Tədqiqat çərçivəsində Şaxəndan türbəsi və onun ətrafındakı nekropolun memarlıq xüsusiyyətləri, qəbirüstü daşların ornamentləri, simvolik kompozisiyaları və kitabələri sənədləşdirilib. GPS xəritələşdirməsi, yüksəkkeyfiyyətli fotoçəkiliş, petroqrafik analiz, həmçinin ərəb, fars və türk dillərində olan kitabələrin transliterasiyası əsasında dəfn abidələrinin elmi tipologiyası hazırlanıb.
Elmi araşdırma göstərir ki, Şaxəndan qəbiristanlığındakı dəfn abidələri Şirvanın sufi ənənəsi ilə sıx bağlıdır. Qəbirüstü daşlarda əks olunan günəş şüaları, nilufər çiçəyi, sərv ağacı, stilizə olunmuş mehrablar, “Səlcuq zənciri” ornamentləri, kitab və rəhal təsvirləri, eləcə də digər dekorativ elementlər vahid sufi simvolik proqramının tərkib hissəsi kimi qiymətləndirilir. Tədqiqat müəlliflərinin qənaətinə görə, bu simvollar İlahi Nur, mənəvi kamilləşmə, zikr, mistik bilik və vəfat etmiş şəxsin metafizik statusu ilə bağlı dini-fəlsəfi təsəvvürləri əks etdirir. Araşdırma zamanı türbənin daxilində qiblə istiqamətindən fərqlənən iki dəfnin müəyyən olunması da diqqətçəkən nəticələrdən biridir. Alimlər bunu dəfn ənənələrinin tarixi dəyişməsi və ya daha qədim dəfn planının mövcudluğu ilə əlaqələndirirlər. Nekropolun cənub hissəsində XVIII əsrin sonu – XX əsrin əvvəllərinə aid epiqrafik materialların aşkar olunması isə qəbiristanlığın uzun müddət fasiləsiz istifadə edildiyini və zaman keçdikcə sufi dəfn ənənəsinin tədricən transformasiyaya uğradığını göstərir.
Tədqiqatın nəticələrinə əsasən, sonrakı dövrlərdə sufi dəfnlərinə xas xüsusiyyətlər zəifləsə də, qəbirüstü abidələrin memarlıq formaları və bədii elementləri sadələşdirilmiş şəkildə qorunub saxlanılıb. Bununla yanaşı, sovet dövründə sufi mistik simvolikasının böyük hissəsi ilkin dini məzmununu itirərək dekorativ elementlərə çevrilib. Araşdırma Şaxəndan qəbiristanlığını memarlıq, ornamentika və epiqrafik irsin vəhdətdə sufi kosmologiyasını, kollektiv yaddaşı və Azərbaycanın regional islam dəfn mədəniyyətinin xüsusiyyətlərini əks etdirən çoxqatlı sakral kompleks kimi dəyərləndirməyə imkan verir. Tədqiqatın nəticələri ölkənin zəngin dini-mədəni irsinin öyrənilməsi, qorunması və beynəlxalq elmi dövriyyəyə daxil edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
