Həzrət Mühəmməd Peyğəmbərə (s) nazil olmuş son ayənin hansı olduğu barədə təfsir alimləri arasında fikir ayrılığı vardır. Bəziləri vida həcci zamanı – yəni Peyğəmbərin vəfatından təqribən 70 gün əvvəl Qədir-Xümdə nazil olmuş aşağıdakı ayəni ən sonda nazil olmuş vəhy sayırlar: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq Islamı bəyənib seçdim” (Maidə, 3). Əksər alimlər bu ayədən sonra halal və haram (şəriət) mövzusunda heç bir ayənin endirilmədiyini bildirmişlər.
Bəzi tədqiqatçılar isə “Bəqərə” surəsinin 281-ci ayəsini ən son nazil edilmiş ayə sayırlar: “Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (həqsız yerə) zülm olunmayacaqdır” (Bəqərə, 281).
Ən sonda nazil olmuş ayə barədə başqa nəzəriyyələr də mövcuddur.
