Dinimizə görə hər kəs yetkinlik yaşına çatdığı gündən ölümünə kimi gündəlik vacib namazlarını qılmalıdır. Namaz yeganə ibadət növüdür ki, heç bir bəhanə ilə kənara qoyula bilməz. Hətta ən ağır yataq xəstələri üçün də şəriətimiz namazın qılınma qaydasını müəyyən edib.
Hər hansı səbəb üzündən kimsə vacib namazlarının hamısını qılmayıbsa, o vəfat etdikdən sonra başqası bunları onun adından qəza edə bilər. Bunun nəticəsində mərhumun axirətdəki hesabı yüngülləşir.
Mərhumun qəza namazını istənilən şəxs qıla bilər. Bu, ilk növbədə onun böyük oğlunun öhdəsinə düşür. Başqa biri bunu edərsə, öhdəlik böyük oğulun boynundan götürülür.
Qəza namazlarını yad adama da müəyyən muzd müqabilində qıldırmaq olar. Bu zaman həmin şəxsin namaz hökmlərini kifayət qədər yaxşı bilməsi və namazı düzgün şəkildə qılması tələb edilir.
Mərhumun qəza namazlarının başqası tərəfindən qılınmasının icazəli olub-olmamasına münasibətdə müsəlman məzhəblərinin fikirləri fərqlidir.
