İslam suallarda

Namazda bədənin və ya paltarın üzərində hansı ölçüdə qanın olmasına icazə verilir?

Şəriətə görə namaz qılan şəxsin bədənində və libasında üst-üstə bir dirhəm ölçüsünə qədər qan və ya qan ləkəsi varsa, namaz qılması icazəlidir. Yəni qana bulaşmış yerlərin sayı birdən artıq olsa da, ümumi sahəsi bir dirhəmi aşmasa, ziyanı yoxdur. Bir dirhəm deyərkən əlin baş barmağının uc bükümünün səthi nəzərdə tutulur. Bədəndə və ya libasda insanın özünün yaxud başqa şəxsin yarasından, çibanından çıxan qan, eləcə də əti halal olan heyvanın qanı bu ölçünü aşmazsa, namaz üçün onu yumağa ehtiyac yoxdur. Amma bu qan (və ya ləkəsi) nəcasət sayılır, murdar olmaqda qalır. Diqqət yetirmək lazımdır ki, kənardan rütubət dəyməklə, eləcə də yayılmaqla qanın sahəsi bir dirhəm ölçüsünü aşmamalıdır. İkinci diqqət yetirilməli məsələ icazə verilən qanın yara və ya çiban qanı olmasıdır. Qadının heyz, istihazə və nifas qanı, it və ya donuzun, leş olmuş (şəriətə uyğun kəsilməmiş) heyvanın, əti haram olan hər heyvanın, kafirin (əhli-kitabdan başqa) qanı bura aid deyil, bunlar namaz qılanın bədənində və libasında iynə ucu qədər də olmamalıdır. Həmçinin icazə verilən qanın üzərinə bircə damçı başqa nəcasət (məsələn, şərab ya sidik) tökülsə, onu mütləq yuyub pak etmək, sonra namaz qılmaq tələb edilir.

Daha çox göstər
Back to top button