Duanın müstəcab olması üçün nə etmək məsləhətdir?

Duanın müstəcab olmasının bəzi şərtləri dini kitablarda qeyd edilib. İnsan səmimi qəlbdən, ixlasla dua etməli, Allaha təvəkkül bəsləməli, yəni duasının cavabsız qalmayacağına inanmalı, duaya “Bismillahir-Rəhmanir-Rəhim”lə, Allaha həmd-səna, Peyğəmbərə və Əhli-beytinə salavatla başlamalı, haramlardan, günah fikirlərdən uzaq olmalıdır. Duadan qabaq hacət namazı qılmaq, ya da namazın qünutunda dua etmək xüsusi təsirə malikdir. İnsan Allahın əmr və qadağanlarina riayət etməli, Onun razılığını qazanmağa çalışmalıdır ki, duaları qəbul olsun. Əgər bir şəxs Allahın çağırışlarını qulaqardına vurur­sa, Allahın istəklərini cavabsız qoyursa, öz çağırış və istəklərinin Allah tərəfindən yerınə yetiriləcəyini necə gözləyə bilər? “Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər” (Bəqərə, 186).

Müqəddəslərimizin hədislərində bildırilir ki, dualar sübh azanı ilə Günəşin doğu­şu arasındakı müddətdə, günorta vaxtı (zöhr azanı deyilən vaxt), yağış yağan vaxt, gecə vaxtı daha çox müstəcab olur. Yenə hədis­lərdə buyurulur ki, zülmə məruz qalan və Allahdan imdad istəyən şəxsin duasını Allah-taala mütləq müstəcab edər.

↑
Exit mobile version