Dini rəvayətlərə görə Həzrət Adəm (ə) vəfat etdikdən sonra Məkkə yaxınlığındakı Əbu Qübeys dağının mağarasında dəfn edilmişdi. Sonralar həyat yoldaşı Həvva da vəfat edəndən sonra onun yanında basdırıldı. Daha sonra onların oğlu, növbəti peyğəmbər Həzrət Şeys (ə) də həmin yerdə torpağa tapşırıldı. Həzrət Nuh Peyğəmbərin (ə) zamanında baş vermiş tufandan qabaq o, iman gətirmiş bir neçə möminlə birlikdə gəmiyə minərək tufandan xilas oldu. Şiə hədislərinə görə bu zaman o, Həzrət Adəmin (ə) cənazəsi olan tabutu da özü ilə gəmiyə yükləmişdi. Tufan yatandan sonra Həzrət Nuh (ə) Adəmin (ə) cənazəsini indiki Nəcəf şəhərində, Həzrət Əlinin (ə) yerləşdiyi ərazidə dəfn etdi. Sonralar Həzrət Nuhun (ə) özünü də onun yanında torpağa tapşırdılar. Hazırda bu iki peyğəmbərin qəbrinin İmam Əlinin (ə) qəbrinin yanında olduğu deyilir. Qeyd edək ki, Nəcəfdə xeyli başqa peyğəmbərin də, o cümlədən Həzrət Hud (ə) və Salehin (ə) dəfn edildiyinə əqidə vardır.
Həzrət Adəm Peyğəmbərin (ə) qəbri harada yerləşir?
