Seyyid və şərif arasında nə fərq var?

Seyyid deyərkən Peyğəmbərin mənsub olduğu Bəni-Haşim nəslindən olan şəxslər nəzərdə tutulur. Bura Peyğəmbərin əmilərinin nəslindən olanlar və Peyğəmbərin öz zürriyyəsi daxildir. Peyğəmbərin əmisi Abbasın övladları, Həzrət Əlinin (ə) qardaşlarının nəsli, o Həzrətin Fatimədən (ə) başqa qadınlardan olan övladları və onların nəsli də seyyiddir. Xalq inancında seyyid deyərkən əsasən Peyğəmbərin İmam Həsən (ə) və İmam Hüseyn (ə) vasitəsilə davam etmiş nəsli başa düşülür. Xüsusilə, İmam Həsənin (ə), İmam Zeynülabidinin (ə) və İmam Kazimin (ə) nəslindən olanlar seyyidlər arasında üstünlük təşkil edir. Şiə dünyasında İmam Həsənlə (ə) İmam Hüseynin (ə) nəslindən olanlar arasında fərq qoyulmur, bunların hamısı seyyid adlandırılır. Amma əhli-sünnə dünyasında İmam Həsənin (ə) nəslindən olanları şərif, İmam Hüseynin (ə) nəslindən olanları seyyid adlandırmaq ənənəsi mövcuddur. Məsələn, məşhur alim qardaşlar, “Nəhcül-bəlağə”ni toplamış Seyyid Rəzi və qardaşı, görkəmli fəqih Seyyid Mürtəza əhli-sünnə aləmində daha çox Şərif Rəzi və Şərif Mürtəza kimi tanınırdılar. Əhli-sünnə ölkələrindəki ənənəyə əsasən şəriflər yaşıl, seyyidlər qara rəngə üstünlük verirlər. Şiə ənənəsində bu cür bölgü yox dərəcəsindədir.

↑
Exit mobile version