İslam dünyasıXəbərlər

Səudiyyə Ərəbistanında irimiqyaslı arxeoloji tədqiqatlara start verilib

Səudiyyə Ərəbistanının əl-Ula Kral Komissiyası əl-Ula və Xeybər regionlarında 2026–2027-ci illər üzrə arxeoloji tədqiqatlara start verib.

AZƏRTAC Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadla xəbər verir ki, proqram Şimal-Qərbi Ərəbistanın tarixi-mədəni irsinin qorunması, yeni arxeoloji faktların aşkarlanması və milli mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Tədqiqatlar qədim yaşayış məskənlərini, ərəb dövlətlərinin tarixini, miqrasiya və həcc marşrutlarını, yazılı abidələri, eləcə də qədim icmaların gündəlik həyatını əhatə edəcək.

Əl-Hicr ərazisində qədim insan məskunlaşması, bitki və heyvan qalıqları araşdırılacaq. Dadan bölgəsində dəfn və yaşayış məkanlarının öyrənilməsi üzrə tədqiqatların ikinci mərhələsi həyata keçiriləcək. Xeybərdə isə Neolit dövrü, İslam dövrünün tarixi və insanlarla vahə mühiti arasındakı əlaqə diqqət mərkəzində olacaq.

Əl-Ulada indiyədək sənədləşdirilmiş 25 mindən çox kitabənin araşdırılması regionun tarixi və mədəni əlaqələrinin öyrənilməsinə töhfə verəcək.

Tədqiqatların əsas məqsədi regionun irsini qorumaq, elmi bilikləri genişləndirmək və əl-Ula ilə Xeybərin beynəlxalq arxeoloji tədqiqat mərkəzləri kimi inkişafını dəstəkləməkdir. Təşəbbüs Səudiyyə Ərəbistanının “2030-cu ilədək Vizyon” strategiyasının hədəflərinə də uyğundur.

Daha çox göstər
Back to top button