Vüsal Qasımlı: İslam maliyyəsinin həcmi 6,5 trilyon dollara çatıb

Hazırda dünyada İslam maliyyəsinin həcmi 6,5 trilyon dollara çatıb (2026-cı ilin rəqəmlərinə görə) və təkcə bu il artımın 10 faizə qədər olması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 3-cü İslam Maliyyə Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2030-cu ilədək qlobal İslam maliyyəsinin həcminin 10 trilyon dolları ötəcəyi proqnozlaşdırılır: “Sektorun əsas istiqamətini İslam bankçılığı təşkil edir. Belə ki, ümumi portfelin 70 faizdən çoxu, təxminən 4,5 trilyon dolları bu sahənin payına düşür. Bununla yanaşı, İslam maliyyəsinin digər alətləri də inkişaf edir. Təkafül sığortasının həcmi artıq 1 trilyon dolları ötüb, İslam fondlarının aktivləri isə 300 milyard dollardan çox qiymətləndirilir. Sukuk da qlobal İslam maliyyəsi portfelində mühüm yer tutur”.

V.Qasımlı bildirib ki, İslam maliyyəsinin coğrafiyası getdikcə genişlənir: “Körfəz ölkələri qlobal İslam maliyyəsinin yarıdan çoxunu təşkil edir. İndoneziya və Malayziya isə bu sahənin əsas mərkəzləri sırasında yer alır. Digər müsəlman ölkələri ilə yanaşı, İslam maliyyəsi müsəlman əhalinin üstünlük təşkil etmədiyi ölkələrdə də yayılır. Londonun maliyyə mərkəzindən Nyu-York Fond Birjasınadək müxtəlif platformalarda bu sahəyə maraq artır”.

İslam maliyyəsinin sürətli inkişafını müasir qlobal trendlərlə əlaqələndirən V.Qasımlı qeyd edib ki, ESG prinsipləri və yaşıl iqtisadiyyat istiqamətləri bu maliyyə modelinin əsas prinsipləri ilə uzlaşır. Onun sözlərinə görə, risklərin bölüşdürülməsi, şəffaflıq, inklüzivlik və ədalət İslam maliyyəsinin təməl prinsipləridir.

O, həmçinin süni intellekt inqilabının və maliyyə texnologiyalarının inkişafının İslam maliyyəsi üçün yeni imkanlar yaratdığını vurğulayıb. Deyib ki, xüsusilə proseslərin izlənilməsi, şəffaflığın artırılması, blokçeyn texnologiyalarının tətbiqi və maliyyə xidmətlərinin daha geniş əhali qrupları üçün əlçatan olması bu sahədə əhəmiyyətli rol oynayır.

V.Qasımlının sözlərinə görə, tokenizasiya texnologiyası investisiya imkanlarının genişlənməsinə də şərait yaradır: “Bu texnologiya vasitəsilə sukuk emissiyalarına daha kiçik məbləğlərlə investisiya qoymaq mümkün ola bilər. Beləliklə, hətta məhdud yığımları olan şəxslər də İslam maliyyə alətlərinə çıxış əldə edə bilərlər”.

↑
Exit mobile version