Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Rusiyanın Kazan şəhərində keçirilən İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) 21-ci Baş Assambleya iclasında iştirak edib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, toplantı çərçivəsində Qlobal Halal Keyfiyyət İnfrastrukturunun inkişafı və təkmilləşdirilməsi, eləcə də halal standartlaşdırma sahəsində digər aktual məsələlər nəzərdən keçirilib.
Həmçinin SMIIC-in Baş katibinin hesabatı, standartlaşdırma, metrologiya və akkreditasiya üzrə şuraların hesabatları dinlənilib, SMIIC tərəfindən həyata keçirilən layihələr müzakirə olunub.
Bundan əlavə, toplantı zamanı “Standartlaşdırma İdarəetmə Şurasının seminarı”, o cümlədən “OIC/SMIIC standartları və Qlobal Halal Keyfiyyət İnfrastrukturu üzrə üzvün təcrübəsi” mövzularında tematik sessiyalar təşkil edilib.
