Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin nə zaman İslamı qəbul etməsi məsələsinə şiə və sünni məzhəblərinin münasibətləri fərqlidir. Əhli-sünnə məzhəbinə görə, Abbas Məkkə dönəmində iman gətirməmiş, yalnız Bədr savaşından sonra İslamı qəbul etmişdi. Bədr savaşında Abbasın müşriklər tərəfində iştirak etdiyini bu fikrin sübutu kimi göstərirlər.
Şiə inancına görə isə Abbas İslamın ilk dövrlərində iman gətirmiş, amma Peyğəmbəri daha yaxşı qorumaq üçün müsəlman olduğunu gizlətmişdi. Onun Əqəbə beyətində iştirak etməsi və Peyğəmbərin tərəfindən vəkil kimi danışması da buna sübut ola bilər.
Abbasın həyat yoldaşı Ümmül-Fəzl ilk müsəlman qadınlardan idi. Peyğəmbərin onu Abbasın nikahında saxlaması da Abbasın imanına bir sübutdur.
Peyğəmbərin həyatıın son günlərində Abbas onun yanında olmuş, oğulları Fəzl, Qüsəm və həmçinin Əli ibn Əbu Taliblə (ə) bərabər Peyğəmbərin cənazəsinə qüsl verib kəfənləmiş, dəfn etmişdi.
