Müzdəlifə həcc mərasimində haciların getdiyi və Qurban bayramına keçən gecə qaldıqları məkanın adıdır. Məkkə şəhərindən cənub-şərqdə, Ərəfatla Mina arasında, Minadan təqribən 5 km. məsafədə yerləşir. Bura həm də Məşərül-həram deirlər. Qurani-Kərimdə də bu ərazi həmin adla adlandırılıb (Bəqərə, 198). Müzdəlifənin hüdudları Ərəfatın çıxışında yerləşən dar keçiddən sonra başlayır və Mühəssər vadisinə kimi davam edir.
Müzdəlifədə qalmaq (vəqfə etmək) həccin vacib əməllərindəndir. Hacılar zilhiccə ayının 9-da axşamçağı Ərəfatdan Müzdəlifəyə gəlir, gecəni burada keçirir və ertəsi gün Minaya yola düşürlər. Şeytanı simvolizə edən sütunlara (cəmərat) atılacaq xırda daşları da adətən, Müzdəlifədən toplayırlar.
